 |
Gündəm
QARABAĞ DANIŞIQLARINDA MÜƏMMALI FƏALLAŞMA 2010-03-10 Sərkisyan Parisə, Nalbəndyan Moskvaya getdi; prezidentlər Fransada görüşə bilər
|
Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların növbəti mərhələsi təkcə Rusiyanın deyil, Minsk Qrupunun digər həmsədri Fransanın da vasitəçiliyi altında baş tuta bilər. Belə ki, Rusiya prezidenti Dmitri Medvedyev ötən həftə Parisə səfəri zamanı prezident Nikolya Sarkozi ilə Qarabağa dair birgə vasitəçilik səylərini müzakirə edib. Bu müzakirələrdən dərhal sonra Rusiya xarici işlər nazirinin müavini, XİN-də Qarabağ məsələsini kurasiya edən Qriqori Karasin Bakıya səfər edib. Ardınca Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya gedib və orada Minsk Qrupunun həmsədrləri, habelə Sarkozinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb. Dünən isə Ermənistan prezidenti Serj Sərkisyan Parisə üçgünlük səfərə yola düşüb. Erməni mənbələrinin xəbərlərinə görə, onun səfərində başlıca məqsədlərdən biri Qarabağ münaqişəsinə dair danışıqlar aparmaqdır. Səfər zamanı Sərkisyanın prezident Sarkozi, Senatın rəhbəri və digər rəsmi şəxslərlə danışıqları planlaşdırılır. Erməni mənbələri Sərkisyanın bu günlərdə Rusiyaya da səfərinin gözlənildiyi haqda xəbər yayıblar. Digər mənbə isə prezident Medvedyevin məzuniyyətini keçirdiyi Soçidən İrəvana səfər edəcəyinin istisna olmadığını xəbər verib. Lakin Medvedyev dünən məzuniyyətini başa vuraraq Moskvaya qayıdıb və bu ehtimal aradan qalxıb. Ona görə də erməni mənbələri Sərkisyanın Parisdən sonra Moskvaya baş çəkəcəyinin daha ağlabatan olduğunu təsdiq ediblər. Moskvadakı mənbələr də təsdiq edib ki, yaxın günlərdə Sərkisyan Qarabağ məsələsi ilə bağlı Rusiyaya işgüzar səfər edə bilər.
O da məlum olub ki, bir gün əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Moskvaya qəfil səfər edib. Xəbərə görə, Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbəndyan Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iki ölkə rəsmisi arasında martın 8-də işgüzar və konstruktiv şəraitdə baş tutan görüş zamanı tərəflər əsas diqqəti Dağlıq Qarabağ prosesinin davam etdirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparmağa ayırıblar. Məlumatda qeyd olunur ki, görüş zamanı həmçinin Rusiya-Ermənistan tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən beynəlxalq və regional problemlər müzakirə olunub. Xəbər verildiyi kimi, tərəflər prezidentlərin yanvar ayında baş tutan Soçi danışıqlarında razılaşdırıldığı kimi, Madrid prinsiplərinin yenilənmiş variantına dair mövqelərini formalaşdıraraq həmsədrlərə təqdim ediblər. Bu proses gecikmə ilə baş tutub. Vasitəçi diplomatlar tərəflərin mövqelərini təhlil etdikdən sonra martın sonlarında regiona səfər edərək prezidentlərin növbəti görüşünü hazırlamaq üçün danışıqlar aparacaqlar. Rəsmi Bakı bəyan edir ki, Madrid prinsiplərinin yeni variantını bəzi məqamlar çıxılmaqla ümumən qəbul edir. Erməni tərəfinin bu sənədə dair mövqeyi o qədər də aydın deyil. Ancaq məlumdur ki, erməni tərəfi özündə Dağlıq Qarabağın yekun statusunun səsvermədə müəyyən edilməsini əks etdirən bu sənədi dəstəkləyir. Yenilənmiş variantda yeniliklərin nədən ibarət olduğu məlum deyil. Danışıqlar isə xeyli vaxtdır Rusiyanın vasitəçiliyi altında aparılıb və prezidentlərin görüşləri Kremlin nəzarətində baş tutub. Lakin son durum bunu deməyə əsas verir ki, Rusiyanın təkbaşına vasitəçiliyi gözlənilən nəticəni verməyib və Moskva Minsk Qrupunun digər həmsədrini birgə səylərə çağırıb. Fransa Rusiyadan sonra Ermənistana ən yaxın dövlətdir, eyni zamanda Rusiyanın Avropadakı əsas tərəfdaşı və geosiyasi müttəfiqidir. Amerika-Avropa geosiyasi nüfuz çəkişməsində tərəflərdən biri kimi Fransa ənənəvi olaraq ABŞ-ın maraqları olan bölgələrə nüfuz edə bilmək üçün Rusiya ilə əlbir hərəkət edib. Qafqaz da belə bölgələrdən biridir və burada ABŞ-ın maraqları ilə Fransanın, onun lider statusunda olduğu Avropanın maraqları bir çox hallarda üst-üstə düşmür. Bu məqam Rusiyanın Qarabağ danışıqlarının bu mərhələsində Fransa ilə əlbir hərəkət etmək qərarının təsadüfi olmadığını göstərir. İstisna deyil ki, Medvedyevlə Sarkozi danışıqların yeni mərhələsini təşkil etmək üçün hansısa ortaq təşəbbüs və ya təklif irəli sürüblər, bu üzdən onların görüşündən dərhal sonra İrəvan və Bakı ilə təmaslara ehtiyac yaranıb. Ehtimal olunur ki, prezidentlərin növbəti görüşü də Paris və Moskvanın birgə təşəbbüsü sonunda Fransada baş tutacaq. Başqa məlumata görə, dünən ATƏT Parlament Assambleyasının prezidenti Joao Soaresin də Cənubi Qafqaz ölkələrinə səfəri başlayıb. Qurumun Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin də daxil olduğu nümayəndə heyəti əvvəl Gürcüstanda, sonra Ermənistanda olacaq. Azərbaycana isə ATƏT rəsmiləri martın 13-də gələcəklər. Bakı görüşlərində Azərbaycanın ATƏT-dəki fəaliyyəti, regiondakı münaqişələr və digər vacib problemlər müzakirə olunacaq. Səfər martın 16-da başa çatacaq. Q.Lenmarker Tiflisdən ANS-ə açıqlamasında deyib ki, onun qənaətinə görə, artıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb. Onun sözlərinə görə, problemin həlli üçün artıq baza mövcuddur: “Biz buradakı görüşlərdən sonra İrəvana və Bakıya səfər edəcəyik, hər iki ölkənin prezidentləri də daxil olmaqla, çox vacib görüşlər keçirəcəyik. Düşünürəm ki, artıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı gəlib çatıb. Məncə, Minsk Qrupunun fəaliyyəti o deməkdir ki, bu problemin həlli üçün artıq baza mövcuddur. Amma burada hər iki ölkə başçısını və dövləti razı salacaq həll yolunun tapılması vacibdir. Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün daha önəmlidir”. Siyasət şöbəsi 3032 dəfə baxılıb
|
[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR ARXIV
|