13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“İLHAM ƏLİYEV OBAMAYA ZƏNG ETMƏLİDİR”

2010-03-12

Türk-Erməni Biznes Şurasının həmsədri Kaan Soyak Vaşinqtondan “Yeni Müsavat”a zəng etdi: “Durum çox ciddi, Azərbaycan soyqırım layihəsinə qarşı Türkiyəyə yardım etsin”

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün fəallıq göstərən iş adamı, 90-cı illərin əvvəllərində qurulan Türk-Erməni Biznes Şurasının türkiyəli həmsədri Kaan Soyak barədə bir neçə dəfə yazmışdıq. Qeyd edək ki, Türkiyə qaynaqlarının bir çoxunda Soyak milliyyətcə erməni olaraq göstərilir. O hazırda ABŞ, Türkiyə və Rusiyada biznes fəaliyyətləri ilə məşğuldur, beynəlxalq nəqliyyat şirkətinin sahibidir və paralel olaraq Ermənistanla dolayısı biznes əlaqələri yaradır.

Soyakın Amerika xüsusi xidmət orqanlarının adamı olduğu barədə də Türkiyədə şayiələr var. Ankara-İrəvan danışıqlarının bütün mərhələlərində bu iş adamı fəal rol alıb və Sürix protokollarının həyata keçirilməsi üçün biznes çevrələrində lobbi fəaliyyətləri həyata keçirib. Onun ABŞ-dakı erməni lobbisi ilə sıx əlaqələri var. ABŞ Konqresində erməni layihəsinə dair səsvermədən sonra Soyak Türkiyə mətbuatına müsahibəsində demişdi ki, artıq Ankara Qarabağ şərtini bir kənara qoyub protokolları parlamentdən keçirməlidir. Çünki Qarabağ məsələsinin həlli Rusiyadan asılıdır, Moskva isə yaxın zamanlarda bu məsələnin həllində maraqlı deyil.
Dünən Soyak Vaşinqtondan redaksiyamıza telefon açıb “soyqırım” layihəsi və Sürix protokolları ətrafında yaranmış durumla bağlı fikirlərini Azərbaycan ictimaiyyətinə çatdırmaq istədiyini dedi. Onunla müsahibəni təqdim edirik:
 
Xahiş edirəm əvvəlcə Azərbaycan ictimaiyyətinə  çatdırın ki, erməni deyiləm. Ankarada doğulmuşam, Türkiyədə kimin əsl erməni, kimin təmiz türk olduğunu müəyyən  etmək çətindir. Ancaq əslimdə, soykökümdə erməni yoxdur. Anam Selaniklidir, atam çərkəzdir. Mənim barəmdə “erməni əsilli iş adamı” deyimi yanlışdır.

- Sizin etnik mənsubiyyətiniz haqda dediklərinizi çatdırarıq, amma bildiyimiz qədər Türkiyə-Ermənistan protokollarının Qarabağ şərtinə bağlanmadan ratifikasiyasına çalışanlardan birisiniz. Bu mövqeyinizi necə əsaslandıra bilərsiniz?

- Gəlin ondan başlayaq ki, Türkiyə indi soyqırım layihəsi üzündən çox ciddi təzyiqlərlə üz-üzədir. Mən şəxsən şahidi oldum ki, Konqresdəki son səsvermə ərəfəsində Türkiyənin Vaşinqtondakı səfiri, Amerikadakı türk dərnəkləri nə dərəcədə gərgin işləyirdi. Bu layihə üzündən bir ay gecələri yatmayanlar oldu. Erməni lobbisi ABŞ-da çox güclüdür, ancaq amerikalılar mənimlə söhbətlərində deyirdilər ki, əgər Türkiyə Ermənistan protokollarını vaxtında parlamentdən keçirsəydi, işlər bu nöqtəyə gəlib çıxmazdı.

- Deməli, bu məsələnin Türkiyəyə qarşı təzyiq elementi kimi istifadə edildiyini təsdiqləyirlər. O zaman nədən Türkiyə bu təzyiqlərə boyun əyib Qarabağ məsələsi həllini tapmadan protokolları parlamentdən keçirməlidir?

- Türkiyə bu soyqırım təhdidlərindən birdəfəlik qurtulmalıdır. Artıq bu məsələ Amerikada bir çoxları üçün gəlirli biznesə dönüb. Hər il Amerikadakı yəhudi lobbisi soyqırım məsələsində Türkiyəni dəstəkləməklə yaxşıca pul qazanır. Mən “Türkiyə Qarabağ məsələsində Azərbaycanı yalnız buraxsın” demirəm, amma gəlin görək ölkəniz bu soyqırım məsələsində Türkiyəyə hansı dəstəyi verdi? Azərbaycan Konqresdəki son səsvermə zamanı Türkiyənin yanında yer almalı , neft lobbisini işə salıb Amerikanın iri neft şirkətləri ilə təmasa keçib onları ayağa qaldırmalı idi. Necə ki, Türkiyə Amerikanın iri silah şirkətlərini ayağa qaldırdı. Hətta soyqırım layihəsini əngəlləmək üçün pul xərcləməli idi, Azərbaycan dövləti bu işdən pul qazanmaqda maraqlı olan yəhudi qurumlarına pul verib onların dəstəyini təmin edə bilərdi. Ancaq bunların heç biri olmadı və Türkiyə yalnız qaldı.

- Azərbaycan Konqresdəki səsverməyə  ən yüksək səviyyədə münasibət  bildirib, prezident Əliyev ertəsi günü Türkiyə prezidenti Abdullah Gülə telefon açıb öz etirazını çatdırıb...

- Bunlardan xəbərim var, ancaq etiraz etmək yetərli deyil axı. İş görmək, dəstək vermək, pul xərcləmək lazım idi. Hətta mən deyərdim ki, prezident İlham Əliyev Barak Obamaya telefon açıb soyqırım məsələsinin Konqresə çıxarılmasına qarşı olduğunu bilavasitə onun nəzərinə çatdırmalıdır. İndi Türkiyə hökumətində, parlamentində Azərbaycanın onları tək qoyduğu haqda danışırlar, mən bu söhbətlərin getdiyini bilirəm, mətbuata açıqlanmasa da inciklik var.

- Sizcə, Əliyev Obama ilə istənilən vaxt telefon əlaqəsi yarada bilər?

- Ən azından buna cəhd etmək olar. Türkiyə ictimaiyyətində bu faktın özü belə böyük dəstək kimi qəbul ediləcək. Yəni görəcəklər ki, Azərbaycan  bu məsələdə onların yanındadır və əlindən gələni edir. Axı Türkiyə Azərbaycana görə bu protokolları parlamentdən keçirmir və nəticədə soyqırım təzyiqləri ilə üzləşir...

- Sizin erməni diasporu ilə yaxın əlaqələriniz var. Nə dərəcədə əminsiniz ki, Türkiyə bu dəfə də geri çəkilib protokolları parlamentdən keçirsə ermənilər “soyqırım” təhdidlərini dayandıracaq? Kim təminat verəcək ki, ermənilər daha da şirnikib Türkiyədən yeni güzəştlər tələb etməyəcək? Məsələn, ərazi tələbi irəli sürməyəcək?

- Bəli, mən erməni diasporu ilə sıx təmasdayam. Amerikadakı erməni diasporu protokollar məsələsində bölünüb, haradasa 60 faiz protokolları dəstəkləyir. Sərkisyan protokollar imzalanmazdan əvvəl Amerikaya gələndə erməni diasporu ilə çox çətin görüş keçirdiyinin şahidi oldum. Sonda daşnakları çıxmaqla, lobbinin 60 faizə yaxını protokollara dəstək verdi. Mən inanıram ki, Türkiyə bu protokolları ratifikasiya etsə və sərhədlərini açsa ermənilərin əlindən çox güclü arqumenti alacaqlar. Eyni zamanda, ABŞ administrasiyası üçün də soyqırımın tanınmasını önləmək üçün imkanlar açılacaq.

- Bəs elədirsə, o zaman Ermənistan Konstitusiya Məhkəməsi niyə protokolları baş-ayaq çevirdi? Göstərdi ki, protokollar “soyqırım”ın tanınması və Türkiyədən torpaq tələbi məsələsində Ermənistanın siyasətini dəyişə bilməz?

- Haqlısınız, Ermənistan Konstitusiya Məhkəməsinin bu qərarı axmaqlıqdır. Mən ermənilərə dedim ki, bu nə qərardır? Onlara çatdırdım ki, Türkiyə böyük dövlətdir, Konstitusiya Məhkəməsi filan tanımaz, deyər ki, protokollar keçərlidir, icra et, çünki onun altında Nalbəndyan adlı adamın imzası dayanır. Amma onu da nəzərə almaq lazımdır ki, Sərkisyanın da durumu yaxşı deyil, protokollarla bağlı ona ciddi təzyiqlər var. Görünür, Konstitusiya Məhkəməsi bu təzyiqləri azaltmaq üçün belə qərar çıxarıb.

- Bəs, Amerikadakı erməni diasporu Qarabağ məsələsində nə fikirdədir? Yəqin onlar həmişəki kimi eyni vaxtda hər şeyi qamarlamaq iştahındadır, həm “soyqırımı” tanıdıb Türkiyədən təzminat tələb etmək, həm Ermənistanla sərhədlərin açılmasına nail olmaq, həm də Qarabağı işğal altında saxlamaq. Elədir?

- Qarabağ məsələsinin açarı Rusiyanın əlindədir. Rusiya istəməsə bu məsələ həll oluna bilməz. Ermənistan adlı müstəqil dövlət mövcud deyil, bu ölkə təxminən Rusiyanın Kalininqrad əyaləti durumundadır. Ermənistanda hər şey Rusiyanın əlindədir. Mən iki il əvvəl İrəvana getmişdim, qar yağırdı. Ermənilər dedilər ki, bu yağan rus qarıdır. Mən təəccübləndim təbii ki, bu necə olur? Onlar izah etdilər ki, Ermənistanda hər şey Moskvanın əlində olduğu üçün yəqin qarı da Rusiya yağdırır... Durum belədir. Mən ruslarla da danışıram. Onlar deyirlər ki, Moskva Abxaziya və Cənubi Osetiya məsələsinin tam həllinə nail olmadan Qarabağa diqqət ayırmayacaq. Amerikadakı erməni diasporu da yaxşı başa düşür ki, Qarabağ heç vaxt erməni torpağı olmayacaq, bu mümkün deyil. Beynəlxalq hüquq normaları var, dövlətlərin ərazi bütövlüyü prinsipi var. Mən də onlara deyirəm ki, Qarabağın erməni torpağına çevrilməsi mümkün deyil.

- Bəs o zaman Amerikadakı güclü erməni diasporunun Qarabağ məsələsində Ermənistanı konstruktiv mövqeyə çağırmasına kim mane olur? Əgər elədirsə ermənilər Qarabağın işğalına son versin, Türkiyə də sərhədlərini açsın. Yəni regionda  sülh yaransın...

- Türkiyənin Ermənistanla sərhədlərini bağlı saxlamasının Qarabağ məsələsində Azərbaycana xeyri dəymədi axı. Ona görə də Türkiyə sərhədləri açsa Qarabağ məsələsinə daha çox xeyri dəyər.

- Belə olan halda Ermənistanın işğal etdiyi ərazilərdə daha da möhkəmlənməyəcəyinə kim təminat verəcək? Axı siz erməniləri yaxşı tanıyırsınız. Türkiyə Qarabağ şərtindən geri çəkilib Azərbaycanı tək qoysa Azərbaycan da öz milli maraqlarını qorumaq üçün addım atmaqda, ərazilərini hərbi yolla qaytarmaqda haqlı olmayacaqmı? Yəni nəticədə sərhədlərin açılması regionda sülhə gətirməyəcək axı...

- Azərbaycan bunu çoxdan etməli idi. Nədən 15 ildir ərazilərinin işğal altında qalmasına dözür? Bu gün Türkiyənin bir kvadratmetr torpağı işğal olunsa dayanıb gözləyə bilərmi? Elə birinci mən özüm ilk təyyarə ilə savaşmaq üçün Ankaraya dönərəm. İndi Qafqazda durum çox mürəkkəbdir, bunu hamımız bilirik, ona görə də sülhə xidmət edən addımlara dəstək vermək lazımdır.

- Bəs hazırda erməni layihəsi ilə bağlı vəziyyət nə yerdədir. Xəbərlər var ki, Ağ Ev layihənin Nümayəndələr Palatasının ümumi yığıncağına çıxarılmaması üçün Konqres rəhbərliyi ilə anlaşıb...

- Təhlükə qalır, durum qəti deyil. Erməni lobbisi layihəni Konqresdən keçirmək üçün işləri sürətləndirib, çox fəal işləyirlər. Türkiyənin bu məsələdə Azərbaycanın dəstəyinə ehtiyacı var, biz burada ermənilərin fəaliyyətlərini önləməkdə çox çətinlik çəkirik. Mən uzun müddətdir erməni layihəsinə qarşı Türkiyə XİN-lə əlaqəli şəkildə lobbi fəaliyyətlərinə qatılıram, bilirəm ki, vəziyyət nə dərəcədə mürəkkəbdir. Bir daha xahiş edirəm bunu Azərbaycan ictimaiyyətinə çatdırasınız ki, Türkiyə dəstək gözləyir.

Nəhayət, söhbətin sonunda Kaan Soyak Bakının necə şəhər olduğunu soruşdu: “Bakıda heç olmamışam. Bir ara gəlmək istədim, ancaq ermənilər dedilər ki, getmə, ora çox təhlükəlidir”. Söhbətin əvvəlində erməni əsilli olmadığına bizi əmin etməyə çalışan Soyakın Bakıya gəlmək üçün ermənilərlə məsləhətləşməsini eşidəndə xeyli təəccübləndik: “Sayın Soyak, bir halda ki, erməni olmadığınızı deyirsiniz, o zaman Bakıya gəlməkdən niyə çəkinirsiniz? Yaxud Bakıya gəlmək üçün ermənilərin fikrini soruşmaq nəyə lazım, Türkiyə vətəndaşı olaraq istənilən vaxt Azərbaycana gəlməyinizdə nə əngəl var? O biri tərəfdən Bakı heç ermənilər üçün də təhlükəli deyil, rəsmi rəqəmlərə görə burada 30 min erməni yaşayır. Hansı ki, İrəvanda bir nəfər də azərbaycanlı qalmayıb, hamısı zorla qovulub”.
Türk-Erməni Biznes Şurasının həmsədri bu dəfə Bakıda 30 min erməninin yaşadığını eşidəndə xeyli təəccübləndi: “Doğrudanmı?! Aman Allah, bunu eşitmək çox təəccüblüdür” və pauza....Bütün bunlardan sonra Soyakla anlaşdıq ki, o hadisələrin mərkəzində olduğuna görə ən son məlumatları “Yeni Müsavat” a  çatdıracaq.

F.MƏMMƏDOV

4018 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008