 |
Gündəm
ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANI TƏNQİD EDƏN BƏYANAT YAYDI 2010-03-12 Azay Quliyev: “Amerika bu cür hesabatlarla Azərbaycan və Türkiyədən müəyyən güzəştlər qoparmaq istəyir”
|
ABŞ Dövlət Departamenti 2009-cu il üçün Azərbaycanda İnsan Haqlarının vəziyyətinə dair hesabat yayıb. Hesabata görə, 2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin referendumu və bələdiyyə seçkilərində vətəndaşların öz hakimiyyətlərini dinc şəkildə dəyişmək hüququ məhdudlaşdırılıb: “Konstitusiyaya dəyişikliklərlə bağlı referendum ərəfəsində fikir və toplaşmaq azadlıqları ciddi şəkildə məhdudlaşdırılıb. Referendum əleyhinə təbliğat aparan müxalifət qrupları təzyiqlərlə üzləşdiklərini bildiriblər”. Hesabatda deyilir ki, Konstitusiyaya dəyişiklik təklifləri arasında bir nəfərin istədiyi qədər prezident seçilməsinə şərait yaradılması ilə bağlı müddəa var idi. Dövlət Departamenti məsələ ilə əlaqədar Avropa Şurası Venesiya Komissiyasının rəyini xatırladır və qeyd edir ki, demokratik ənənələrin tam oturuşmadığı ölkələrdə prezidentlik limitinin olması vacibdir. Dövlət Departamenti hesab edir ki, hakimiyyət müxalifət partiyalarının yalnız şəhərin mərkəzindən xeyli uzaq yerlərdə kütləvi aksiya keçirməsinə icazə versə də, hakim Yeni Azərbaycan Partiyasına şəhərin mərkəzi meydanı verilib. Polis Bakıda gül bayramına qarşı çıxan 50-dən çox gənci saxlayıb. 10 may 2009 Il ərzində Bakıda İsrail səfirliyi, Milli Teleradio Şurası, Milli Məclis və başqa binalar qarşısında etiraz aksiyaları keçirmək cəhdlərinin qarşısı alınıb. Polis aksiya iştirakçılarını zor tətbiq etməklə dağıdıb, bəzilərini saxlayıb. Hesabatda bildirilir ki, qanunlar mətbuat üzərində senzuranı qadağan edir. Amma praktikada hökumət tez-tez bu söz azadlığına hörmətsizlik nümayiş etdirir. Ötən il ərzində hökumət media azadlığını məhdudlaşdırmaq üçün yeni addımlar atıb: “Müxalifət partiyaları öz qəzetlərini çap etməyə və hüquq müdafiəçiləri öz işlərini görməyə davam edə bilsələr də və buna görə repressiyaya məruz qalmaq qorxusu keçirməsələr də, hökumət bəzi hallarda məmurları və hökumətin addımlarını tənqid edənləri cəzalandırıb. Konstitusiyaya edilən dəyişikliklərə görə, şəxsin icazəsi olmadan onun fotosunu və videosunu çəkmək olmaz. Hökumət həm də qanuna mətbu orqanlarını bağlamaq imkanlarını daha da asanlaşdıran əlavə edib. Hökumət həm hökumətyönlü, həm də müxalifət qəzetlərinə (55 mətbu orqanına) büdcədən yardım edib. Amma bəzi şərhçilər bu proqramı hakimiyyətin onsuz da nəzarətdə olan mətbuatı bir az da zərərsizləşdirmək cəhdi kimi qiymətləndiriblər. Hakimiyyəti tənqid edən bir sıra jurnalistlər təqiblərə və fiziki təzyiqlərə məruz qalıblar”. Hesabatda xatırladılır ki, yanvarın 1-də hökumət “Azadlıq”, “Amerikanın səsi”, BBC kimi xarici radiostansiyaları FM tezliyindən məhrum edib. Amerika Dövlət Departamentinin hesabatında bildirilir ki, hökumət bir neçə jurnalisti həbsdən azad etsə də, bəzi jurnalistlər hələ də həbsdə qalır. Hakimiyyət onların jurnalist fəaliyyəti ilə bağlı tutulmadıqlarını bildirsə də, beynəlxalq və yerli şərhçilər hesab edir ki, onlar hakimiyyəti tənqid etdikləri üçün həbsdədirlər. Hesabatda deyilir ki, iyulun 8-də bloggerlər Emin Milli və Adnan Hacızadə restoranda fiziki təzyiqə məruz qalsalar da, özləri davanı başlamaq ittihamı ilə polis tərəfindən həbs ediliblər, onlara hücum edənlər isə azadlığa buraxılıb: “Müşahidəçilər qeyd edirlər ki, hücum edənlər Milli və Hacızadədən xeyli cüssəli imişlər. Müşahidəçilər inanırlar ki, hakimiyyət təxribat yoluyla Milli və Hacızadəni İnternet vasitəsilə islahataların aparılmasının vacibliyini dinc formada ifadə etdikləri və hakimiyyət əleyhinə iddia edilən fəaliyyətlərinə görə cəzalandırmaq istəyib”". Hesabata görə, ölkədə azı 4 nəfər isgəncələrdən ölüb. Bu barədə QHT-lər məlumat verib: “Yanvarın 14-də Vaqif Süleymanov Biləsuvar rayonunda polis məntəqəsində dünyasını dəyişib. Mötəbər mənbələr onun döyülüb öldürüldüyünü deyir. Mayın 19-da Ədliyyə Nazirliyinin tibb müəssisəsində 70 yaşlı Toğrul Məmmədzadə vəfat edib. Nazirlik onun ölümünü intihar kimi təqdim etsə də, mötəbər mənbələr onun döyülərək öldürüldüyünü bildirir. İyunun 11-də Rüstəm Əliyev Lənkəranda polis məntəqəsində ölüb. Onu bir həftə əvvəl saxlamışdılar. Mötəbər mənbələrə əsasən onun özünü məntəqədə asması haqqında polisin dediklərini mümkünsüz saymaq olar və tibbi sübutlar onun döyülərək öldürüldüyünü göstərir. Avqustun 2-də Ağa Turabov Bakının Nərimanov rayonunda polis tərəfindən döyülüb. Bunun nəticəsində o, hadisə yerindəcə ürəyi dayanaraq ölüb. Hüquq-mühafizə orqanları bu ölümlərə görə məsuliyyət daşımayıb". Hesabatda deyilir ki, "erməni separatçıları Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin böyük hissəsinə və Azərbaycanın bölgə ətrafındakı 7 rayonuna nəzarət etməkdə davam edirlər". Qoşunların təmas xəttində baş verən atışmalar hər iki tərəfdən çoxlu ölümlərlə nəticələnib. Xarici İşlər Nazirliyi təmas xətti ətrafında 2 dinc sakinin ölümü haqqında da məlumat yayıb. Hökumət münaqişə nəticəsində 4133 nəfərin itkin düşdüyünü bildirir. Hesabata görə, hökumət qeydiyyata alınmayan bəzi müsəlman və xristian təşkilatlarının fəaliyyətinə məhdudiyyət qoyub.
Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Azadlıq” radiosuna açıqlamasında hesabatla razılaşmadığını bildirib. Onun sözlərinə görə, Dövlət Departamaneti son illər ardı-arası kəsilmədən Azərbaycanla bağlı qeyri-dəqiq məlumatlar verir, öz hesabatlarında çox ziddiyyətli məlumatlardan istifadə edir: “Bir neçə gün bundan əvvəl də belə bir məlumat vermişdi ki, Azərbaycanda tələbələrin 30 faizə yaxını narkomandır. Bu adi riyazi hesablamalara belə uyğun olmayan rəqəmdir. Konkret 2008-ci ilin prezident seçkiləri haqqında deyilənlər də başdan-ayağa yanlış fikirdir. Hamı bilir ki, 2008-ci ildə hazırkı prezident cənab İlham Əliyev çox böyük üstünlüklə demokratik bir seçkidə qalib gəlib. O ki qaldı, referenduma, mən bilmirəm, referendum nə vaxtdan insanlara hakimiyyəti dəyişməyə şərait yaradıb. 2009-cu ilin referendumunda da söhbət hakimiyyətin dəyişməsindən, kiminsə hakimiyyətə gətirilməsindən getmirdi. Orada yalnız Konstitusiyaya vacib dəyişikliklər oldu, xalq da bunu müdafiə etdi”. Həbsxanalarda vəziyyətə gəldikdə, Azay Quliyev hesab edir ki, bu sahədə qeyd edilənlər də vəziyyətə adekvat deyil: “Həbsxanada kimsə dünyasını dəyişibsə, bu normal həyatda da ola bilər. Mənim bildiyimə görə yalnız bir nəfər - Novruz Məmmədov dünyasını dəyişdi, o da xəstəliyi ilə bağlı idi. Ola bilər tibbi xidmətdə müəyyən çətinliklər olmuşdu, amma bu hər hansı şəxsə qarşı işgəncə xarakteri daşımamışdı. Dünyanın hansı ölkəsində həbsxanada ölüm halı olmur ki? Bizdə də təəssüf ki, bir neçə fakt olub. Amma bunu bütövlükdə ölkədə məhbusların hüquqlarının pozulması ilə bağlamaq yumşaq desək, ədalətsizlikdir. Niyə Dövlət Departamenti diqqət yetirmir ki, Azərbaycan məhz penitensiar xidmətə ictimai nəzarət modeli baxımından xüsusilə Avropa məkanında tanınmış təcrübəyə malikdir? Niyə qeyd etmir ki, məhz Azərbaycan hökumətinin, Ədliyyə Nazirliyinin birbaşa təşəbbüsü ilə bu gün penitensiar xidmətə tanınmış hüquq müdafiəçilərindən ibarət ictimai nəzarət komitəsi fəaliyyət göstərir?”. Millət vəkilinin fikrincə, 2010-cu ilin seçkiləri ərəfəsində belə bəyanatların səsələndirilməsi xoş niyyət daşımır: “Mən düşünürəm ki, burada Azərbaycana açıq-aşkar təzyiq elementi var. Və mən buna çox üzülürəm. Bu gün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı barədə qətnamənin gündəliyə çıxarılması nə xarakter daşıyırsa, Azərbaycanla bağlı bu cür yanlış məlumatların verilməsi, olmayan məsələlərin dilə gətirilməsi də həmin xarakteri özündə ehtiva edir. Şübhəsiz ki, bu cür hesbatalarla, bu cür basqılarla həm Azərbaycandan, həm də Türkiyədən müəyyən güzəştlərə nail olmaq istəyirlər. Amma hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir. Azərbaycanın əsas prioritet fəaliyyəti onun milli maraqlarının qorunması, Dağlıq Qarabağ məsələsində az da olsa, güzəştə yol verilməməsi, ərazi bütövlüyümüzün bərpa olunmasına yönəlmiş bir siyasətdir. Kimsə düşünürsə, bu istiqamətdə hansısa təzyiqlərlə nəyəsə nail olmaq olar, bu düzgün yol deyil. Kimsə demokratiya və ədalət axtarışındadırsa, qoy, Ermənistanı işğalçı dövlət kimi ifşa etsin, Azərbaycanın ərazilərinin boşaldılmasında konkret və səmimi bir mövqe nümayiş etdirsin”. Azay Quliyev təəssüfləndiyini bildirib ki Azərbaycanın strateji müttəfiqimiz olan ABŞ-ın bu sahədə son illlrədəki siyasəti həm ABŞ-ın milli marağına, həm də Azərbaycanla dostluğun və əməkdaşlığın ümumi ruhuna uyğun gəlmir. anspress.com 1582 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR ARXIV
|