13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ƏLİ HƏSƏNOV GÜNDƏMİN ƏN AKTUAL SUALLARINI CAVABLANDIRDI

2010-03-13

“Azərbaycanın müstəqil siyasəti bəzi dövlətləri qane etmir”
Əli Həsənov: “Bütövlükdə İlham Əliyev hakimiyyətə gələnə qədər ona məxsus olan biznes strukturları, obyektlər prezident olandan sonra dondurulmayıb ki...”
“İlham Əliyevin ailəsinin gəlirləri tək maaşı ilə formalaşmır”

Üç gün əvvəl 50 yaşını tamamlayan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla bir çox ciddi məsələləri əhatə edən bu dəfəki müsahibədə ilk suallarımız elə yubileyi ilə bağlı oldu. Bildirdi ki, yığcam yubiley tədbiri keçirməklə kifayətlənib:

- Ən yaxın dostlarım, tələbə yoldaşlarımla, məni əhatə edən bir qrup yaxın insanlarla və eyni zamanda Yeni Azərbaycan Partiyasını təmsil edən bir qrup parlament üzvləri, YAP-ın icra katibliyi ilə birgə bir yüngül toplantı keçirtdik.

- Yubiley günü verdiyiniz müsahibədə müxalifətdən təbrik almadığınızı bildirmişdiniz. Sonrakı günlərdə təbrik gəldimi?

- Yox.

- Bu, sizdə təəssüf hissi doğurdumu? Ötən illərdəki fəaliyyətinizi götür-qoy etmək imkanınız olub yəqin. Hesab eləmirsiniz ki, bu münasibət həmin fəaliyyətlə bağlıdır?

- Düşünmürəm. Əminəm ki, bəzi vicdanlı insanlar məni təbrik etmək istərdi. Amma Azərbaycan siyasi palitrasının müəyyən özünəməxsus oyun qaydaları var. Bunu nəzərə alaraq çoxları bu təbrikdən çəkindilər. Amma mən 50 illik ömrümdə elə bir həyat yaşamışam ki, hesab edirəm, hamı mənim dostum ola bilməz. Xüsusən siyasi marağına toxunduğum insanlar var. Mənim xidmət elədiyim siyasi komandanın rəqibləri, oppanentləri var. Əlbəttə, mən heç vaxt siyasəti düşmənçilik səviyyəsinə qaldıran insan deyiləm. Amma opponentlikdə, rəqiblikdə prinsiplərimdən bir qarış, bir santım da geri çəkilən insan deyiləm. Ona görə də əlbəttə, mənim müvəffəqiyyətimə sevinməyən insanların sayının kifayət qədər olduğunu bilirəm. Xüsusən də siyasətlə məşğul olan düşərgədə. Amma mən bu 50 illik yubileyimdə fəaliyyətimlə bağlı əsl qiymətimi ölkənin başçısından, Azərbaycanın seçilmiş prezidentindən almışam və bu, mənim üçün demək olar ki, hər şey deməkdir.

- Amma yəqin ki, siz də zamanıda yubiley yaşlarını qeyd edən müxalifətçilərə telefon açmayıbsınız deyə, qarşılıqlı münasibətlə üzləşibsiniz...

- Mümkündür. Dediyim kimi, Azərbaycanın siyasi palitrasında bəzi oyun qaydaları var ki, buna əməl edilməlidir.

- Adətən Türkiyə siyasətini və siyasətçilərini nümunə gətirirlər ki, bu ölkədə siyasətlə xeyir-şər məsələlərinə fərqli yanaşılır. Yəni əks cəbhənin siyasətçilərini vaxtaşırı bir arada görmək olur. Azərbaycanda bu ənənənin əsasını qoymaq mümkün deyilmi?

- Mümkündür. Mən düşünürəm ki, Türkiyə siyasi palitrasındakı bu davranış qaydaları müəyyən mənada Azərbaycana nümunə ola bilər. Mənim yadıma gəlir, 98-ci ildə prezident seçkilərindən sonra ümummilli liderimiz belə bir addım atmaq istədi. Mehmanxanalardan birində keçirilən tədbirdə indiki kimi yadımdadır, müxalifəti təmsil edən iki partiya liderinə yaxınlaşdı, onlarla salamlaşdı və dedi ki, müxalifətçilik eləmək olar, amma müxalifətçilik düşmənçilik səviyyəsinə qalxmamalıdır. Bu, əslində əl uzatmaq idi. Təəssüflər olsun ki, ümummilli liderimizin Azərbaycanda bir siyasi mədəniyyət formalaşdırmaq, siyasi mübarizənin də bir çərçivədə aparılması ilə bağlı ortaya qoyduğu prinsiplər sonrakı müddətdə bəzi kənar basqıların, o cümlədən Azərbaycanın siyasi palitrasındakı bəzi digər müxalifət partiyalarının basqıları ilə normal qiymətini almadı. Bilirsiniz, Azərbaycanda sözün həqiqi mənasında siyasəti düşmənçilik səviyyəsinə qaldırmaq istəyən insanlar var. Təəssüf olsun ki, cəmiyyətdəki bu siyasi barış, siyasətin müəyyən çərçivələrdə hörmətlə, əfəndi səviyyəsində aparılması çoxlarını qane etmir.

- Bəzən belə fikirlər səslənir ki, Azərbaycan cəmiyyətində barışın əldə olunması xaricdəki müəyyən qüvvələrə sərfəli deyil. Çünki əks təqdirdə onların burda torpaq iddiaları, digər məsələlərlə bağlı maraqları təmin olunmaz. Bu yanaşmanı bölüşmək olarmı?

- Yüz faiz bölüşürəm. Sözün həqiqi mənasında Azərbaycan cəmiyyətinin birliyi, o cümlədən siyasi birliyi onun xarici siyasətinin əlavə gücü, resursudur və xarici siyasətinin təsirlilik əmsalının artması deməkdir. Həmçinin xaricdə bütün respublikanın, dövlətin və millətin adından danışmaq imkanlarının artması deməkdir. Bu da həm daxildə, həm xaricdə bəzi qüvvələri, xüsusən anti-Azərbaycan qüvvələri qane etmir.

- Novruz bayramı ərəfəsində küsülülərin də barışması ənənəsi var. Bu mənada düşərgələr arasında barışa nail olmaq, ölkənin Qarabağ məsələsi kimi ciddi probemini müzakirə etmək üçün bir araya gəlmək mümkün deyilmi? Vaxtaşırı mətbuat ölkə başçısının bu istiqamətdə addım atacağından yazır. İdeya şəklində də olsa, belə bir məsələ varmı?

- Bu gün cəmiyyətdə ciddi qarşıdurma meyli yoxdur. Ona görə də bu gün hansısa ciddi aksiyanı keçirilməsinə, xüsusi bir kampaniya aparılmasına da ehtiyac yoxdur. Dağlıq Qarabağ məsələsinin həlledici məqama gəldiyi zaman yadınızdadırsa, ümummilli liderimiz parlamentdə xüsusi bir müzakirə açdı və cəmiyyətin bütün siyasi, ictimai palitrasi, institutlar bura qoşuldu. Əgər gələcəkdə Dağlıq Qarabağla bağlı taleyüklü bir addım atılacaqsa, mən əminəm ki, bu sahədə məsləhətləşmələr olaracaq. Amma hazırda Azərbaycan cəmiyyətində bir sabitlik mövcuddur. Partiyalar və ictimai təşkilatlar arasında bir əməkdaşlıq mühiti var. Əlbəttə rəqabət, opponentlik mövcuddur və bu, belə də olmalıdır. Ona görə də mən düşünürəm ki, bu gün bu mövzu aktual deyil.

- Türkiyə ilə paralel Azərbaycana da təzyiqlərin gizli formada davam etdiyi barədə məlumatlar necə, doğrudurmu?

- Bəli, təzyiqlər var. Bəzi xarici dövlətləri, xarici qüvvələri Azərbaycanın müstəqil siyasəti qane etmir. Azərbaycanin bəzi dünya siyasət mərkəzlərində qurulan oyunlara qoşulmaması və onların oyunçusuna çevrilməməsi belələrini qane etmir. Dünya şahmat lövhəsi üzərində aparılan oyunda Azərbaycanın müəyyən mənada iştirak etməməsi bəzilərini qane etmir. Ona görə də sözsüz Azərbaycana təzyiqlər var. Azərbaycanı öz yolundan, müstəqil siyasətindən, müstəqil iradəsindən döndərmək istəkləri var. Sadəcə olaraq mən bunların təfsilatlarına varmaq istəmirəm. Çünki bu, daha çox açıq cəmiyyət üçün deyil, bu, dövlət idarəçiliyi və siyasətlə məşğul olan insanlar üçün spesifik bir sahədir.

- Bəs, Azərbaycan hakimiyyətinin bu təzyiqlərin qarşılığında hansısa planları varmı? Türkiyə kimi nəhəng dövlətlə müqayisədə kiçik bir ölkə olan Azərbaycanın bu təzyiqləri dəf etməsi real görümür...

- Əlbəttə çətindir. Amma Azərbaycan hakimiyyətinin, Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev dəfələrlə bəyan edib ki, mənim siyasətimin ali məqsədi Azərbaycan xalqının maraqları, mənafeləridir, Azərbaycan dövlətinin təhlükəsizlik maraqlarıdır, Azərbaycan dövlətinin davamlı yaşam maraqlarıdır. Bundan kənarda mən heç nəyə getməyəcəyəm və heç kim məni məcbur edə bilməz. Belə bir iradə ortaya qoyan prezidenti və siyasətçini başqa cür nə təhər dövlət siyasətindən və xalqın başından uzaqlaşdırmaq olar? Yalnız bu dövlətə hücum etmək, onu işğal etmək olar. Bu da müasir dünyada, düşünürəm ki, o qədər də asan məsələ deyil. Ona görə də İlham Əliyev iradəsində davam edir. Nə qədər gücümüz var Azərbaycan dövlətinin, millətinin yüksək səviyyədə təmsilçisi olub maraqlarından geri çəkilməyəcəyik.

- Yeri gəlmişkən, dövlət başçısı layiq bildiyi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni sizə təqdim etdimi?

- Yox hələ. Hələ, məncə, orden hazır deyil. Bu ordeni respublikada alan birinci adam mənəm. Ona görə də yəqin ki, orden hazır olandan sonra günlərin birində mən onu cənab prezidentin əlindən alacağam.

- Elə indicə məlumat yayılıb ki, Rusiya prezidenti də sizi mükafatlandırıb.

- Bəli, Rusiya prezidentinin sərəncamı ilə Rusiya-Azərbaycan arasındakı ictimai-siyasi əlaqələrin yaxşılaşdırılması və möhkəmləndirilməsindəki xidmətlərə görə mən Rusiya prezidentinin fəxri fərmanı ilə təltif olunmuşam.

- Rusiya tərəfindən təltif olunmağın narahatçılığını hiss eləmirsiniz ki? Adətən ABŞ, ya Avropa təsisatları, rəhbərlikləri tərəfindən verilən ödüllər daha üstün tutulur.

- Qətiyyən narahat deyiləm. Əlbəttə, mən Azərbaycanın strateji müttəfiqi olmaq istəyən və yaxud artıq o statusu qazanan hər bir ölkə ilə Azərbaycan dövlətinin əlaqələrinin - xüsusən mənim sahəm üzrə - ictimai-siyasi, mədəni, mətbuat, QHT-lər, partiyalar sahəsində və digər daxili siyasətdə iştirak edən resurslar arasında əlaqələrin yaxşılaşdırılmasının tərəfdarıyam. Buna çalışmışam, bundan sonra da çalışacağam. Azərbaycan üçün hal-hazırda beynəlxalq alımdə dörd əsas önəmli məkan var ki, biz həmişə o ölkələrə səfirlərimizi də təyin edəndə ən təcrübəli, o sahədə ən qabaqcıl hesab olunan namizədləri təyin edirik. Bunlardan biri Rusiya, biri Türkiyədir, biri ABŞ-dır, digəri qonşumuz İrandır və nəhayət, indi artıq vahid geosiyasi məkan kimi çıxış edən Avropa Birliyidir. Avropa Birliyinin də mərkəzi ölkələri var - Fransa, İngiltərə, Almaniya və İtaliya. Bu anlamda əlbəttə, bu ölkələrin hər birindən bir dövlət məmurunun nəsə bir mükafat, hansısa bir fəxri ad alması qürurvericidir. Bu mənada, Rusiyadan mükafat almağım mənə qətiyyən utanc gətirmir. Əksinə, qürur verir. Rusiya ilə Azərbaycanı illər bağlayır, uzunmüddətli böyük bir müştərək tarix bağlayır. Azərbaycan mədəniyyətinin, tarixinin, incəsənətinin, iqtisadiyyatının, siyasətinin inkişafı ilə SSRİ dövründə çox böyük uğurlar olub. Həmin dövrdə mən Rusiyanın ali məktəblərindən birini bitirmişəm. Rus dili vasitəsilə dünya elmi, o cümlədən dünya tarixi ilə tanış olmuşam. İndi həmin o qazandığım nailiyyətləri dövlətimə, millətimə tətbiq edirəm. Ona görə də mən o fikirlərin tərəfdarı deyiləm ki, kimsə Rusiyameylli, Türkiyəmeylli, Avropameylli, ya Amerikameyllidir. Siyasətçini bir dənə cizgi xarakterizə edir; millətini, dövlətini sevir, ya sevmir? Onun maraqlarını təmin edir, ya etmir? Onun maraqları uğrunda yeri gəlsə, istənilən mübarizəyə hazırdır, ya hazır deyil. Bunlar məni daha çox düşündürür.

- ABŞ Dövlət Departamentinin son hesabatını necə qarşıladınız?

- Hesabatla tanış deyiləm. “Azadlıq” radiosu o hesabatı yayıb, mətbuat da yəqin bundan istifadə edəcək. Ancaq “Azadlıq” radiosunun yaydığı bizim üçün məlumat mənbəyi deyil. Radio istədiyi şeyi istədiyi kimi yaya bilər. Departamentin məlumatı bizə daxil olandan, sənəd XİN-ə gələndən sonra buna münasibət bildirəcəyik.

- Bundan əvvəl Amerikanın “Washington Post” qəzeti Dubayda Azərbaycan prezidentinin ailə üzvlərinin adına olan mülklər barədə material yaydı. Müxalifət ölkə başlısından izahat istəyib və istefa tələb edib. Sizin fikriniz necədir?

- Müxalifət öz opponentlik işini görür. Əlbəttə, müxalifət hər bir məqamdan istifadə edir. İlham Əliyev onların opponentidir. Onlar İlham Əliyevin yerinə iddialıdırlar, prezident olmaq istəyirlər. Hər bir məqamdan istifadə edib, əlbəttə, ona hücum etmək, onu nüfuzdan salmaq onların belə desək, bilavasitə vəzifələri, işləridir. Amma “Washington Post” heç bir Amerika açmayıb. Hər bir insanın nəyəsə malik olması - əgər o, qanunlar çərçivəsində, Konstitusiya hüquqları çərçivəsində həyata keçirilibsə - normal haldır. Niyə Amerikada, yaxud digər ölkələrdə başqa insanlar hesab edir ki, İlham Əliyevin uşaqlarının, ailəsinin mülkü, onun yaxınlarının biznesi ola bilməz, onlar kommersiya ilə məşğul ola bilməzlər? Əgər belə adamı bir xalq prezident seçibsə, onun bütün tayfasını, ailə üzvlərini, qohumlarını məgər adi insan hüquqlarından məhrummu edəcəksiniz?

- Qəzet yazısında dövlət başçısının illik maaşının cəmi 228 min dollar olduğu xatırladılıb və bildirilib ki, bu maaşla 44 milyon dollara mülk almaq mümkünsüzdür...

- İlham Əliyevin ailəsinin gəlirləri tək maaşı ilə formalaşmır. Əvvəla, İlham Əliyev 94-cü ildə ARDNŞ-ə işə gələnə qədər böyük bizneslə məşğul olurdu. Bunu hamı bilir, onun tərcümeyi-halında da yazılıb. O, Moskvada da böyük bizneslə məşğul olub, Türkiyədə də. Bütövlükdə İlham Əliyev hakimiyyətə gələnə qədər ona məxsus olan biznes strukturları, biznes qurumları, obyektlər prezident olandan sonra dondurulmayıb ki. Bunların başında kimsə oturub işləyir və onun ailəsinə gəlir gətirir. Ona görə də İlham Əliyevin həddi-buluğa çatmış uşaqları da bizneslə məşğul ola bilər. Onun dövlət qulluğunda üzərinə məhdudiyyət qoyulmuş qohumları, yaxınları istisna olmaqla, başqaları da bu işlə məşğul ola bilər. İlham Əliyevin ailə üzvlərinə həmin bu qohumlardan kimsə obyekt də ala bilər. Onun ailə üzvlərinə hansısa qiymətli hədiyyə də eləyə bilər. Burda qeyri-adi heç nə yoxdur. Əgər bunu kimsə İlham Əliyevə qarşı kampaniyaya çevirmək istəyirsə, o, yanılır. Azərbaycan xalqı belə kampaniyaları dəstəkləməyib, dəstəkləməyəcək də. Ümumiyyətlə, Azərbaycan xalqının bir gözəl tarixi adət-ənənəsi var ki, özgənin pulunu saymazlar. Əgər o özgənin pulu müəyyən anlamda dövlətə, milətə xeyir gətirirsə və onun müəyyən qayğılarının həllinə yönəlirsə, bu, çox yaxşıdır.

- Belə bir ərəfədə BMT dünya ölkələrində aclıqla bağlı yaydığı hesabatında Azərbaycanın da adını çəkib. Hansı ki, indiyədək Azərbaycanın sürətli inkişafı ilə bağlı rəsmi səviyyədə çox fikirlər səslənib. Kifayət qədər ciddi qurumun mövqeyini necə dəyərləndirirsiniz?

- Mən BMT-nin o sənədinin də ciddi olduğuna və yaxud ciddi bir əsasla hazırlandığına şübhə edirəm. Bu sənədi də təəssüf ki, siyasi məqsədlər üçün ora-bura yozurlar. Azərbaycandakı bu gün ictimai, siyasi, sosial vəziyyət dünyanın çox inkişaf etmiş ölkələrindən qabaqdadır. Kimsə hesab edirsə ki, Azərbaycanda sözün həqiqi mənasında kasıblıq, yoxsulluq, ac-yalavaclıq ciddi bir ictimai səviyyə kəsb edir, bu, tamamilə yalandır. Əlbəttə, Azərbaycanda kasıb, yoxsul insanlar var və onların vəziyyətdən çıxarılmasına da xüsusən dövlət səviyyəsində qayğı var, bu işlər həyata keçirilir. Amma baxın, Azərbaycan 10 ildə hansı səviyyədən hansı səviyyəyə gəlib çıxıb. Azərbaycanda yoxsulların səviyyəsi hara düşüb, əhalinin maddi vəziyyətinin yaxşılaşması, pul gəlirlərinin artması və ümumi ölkənin inkişafı hara gəlib çıxıb. Bakı şəhərinə bu gün xarici bahalı maşınların əlindən çıxmaq olmur. Məgər bir belə maşın, 3-4 milyon maşın qəzetlərdə yazıldığı kimi, 3-5 faiz əhaliyəmi məxsusdur, insanların hər barmağı bir maşınmı sürür? Şəhərə bir baxın, görün... Təəssüflər olsun ki, belə şeylər anti-Azərbaycan kampaniyasına rəvac verən insanların işidir. Təəssüflər olsun ki, cəmiyyət daxilində də bəzi səbatsız insanlar bu kampaniyalara qoşulur, ona dəstək verirlər.

E.PAŞASOY

2641 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

ARXIV

Yeni MÜSAVAT © 2008