 |
Gündəm
DÖVLƏT DEPARTAMENTİNİN HESABATINA FƏRQLİ MÜNASİBƏT 2010-03-14 Müxalifət hesabatda qeyd olunanları reallıq, hakimiyyət isə qərəz və təzyiq sayır
|
Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamenti (DD) 2009-cu il üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabat yayıb. Hesabatda Azərbaycanda insan haqları və demokratiya sahəsində vəziyyətin ağır olduğu konkret faktlarla sübut olunur. Müxalifət hesab edir ki, hesabat reallığı əks etdirir. Müsavat Partiyası başqanının müavini, deputat Arzu Səmədbəyli deyir ki, hakimiyyətdən demokratiya və insan haqları məsələsində tələb edilən islahatlar yerinə yetirilmir, əksinə, vəziyyət getdikcə pisləşir. Ona görə də bu hesabat bir qədər də sərt olub: “Bu hesabat əvvəlki hesabatlardan daha sərtdir. Məncə, orada yazılanlar reallığı əks etdirir. Azərbaycanda insan haqları, demokratiya məsələləri çox pis vəziyyətdədir. Hesabat da faktlara əsaslanır. Jurnalistlər həbs edilib məhkəmələrə verilir, döyülür, sərbəst toplaşmaq azadlığına qadağa qoyulub, müxalifətə kütləvi aksiya keçirməyə imkan verilmir, insanların mülkiyyət hüququ pozulur, məhkəmələr azad deyil, sifarişli hökmlər çıxarılır. Bunlar hesabatda əksini tapıb”. A.Səmədbəyli hesab edir ki, hakimiyyət DD-ni qərəzdə suçlamaq əvəzinə insan haqları sahəsindəki problemlərin həllinə çalışmalıdır: “Oturub düşünməlidirlər, elə addımlar atılmalıdır ki, insan haqları sahəsində müsbətə doğru ciddi dəyişiklik olsun”.
KXCP sədri Mirmahmud Mirəlioğlu hesabatda qeyd olunanların reallığı əks etdirdiyini bildirir. O deyir ki, bu vəziyyətin yaranmasında ABŞ-ın da payı var: “Elə məhz buna görə də hakimiyyət ABŞ-ı qərəzli olmaqda ittiham edir. Əslində dolayısı ilə haqlı olaraq bu ittihamı irəli sürürlər. Yəqin, bu dəfə ABŞ-la alver alınmayıb deyə bu vəziyyət yaranıb. Bu hakimiyyətin indiyə qədər keçirdiyi bütün saxta seçkilərin nəticələrini Amerika tanıyır, demokratiya yolunda addım sayır. Deməli, Azərbaycanda insan haqları, demokratiya sahəsində nə qədər qanun pozuntusu varsa, ABŞ-ın da bunda iştirakı var. Özlərinin şərait yaratdıqları vəziyyəti indi hesabatlarına daxil edib tənqid edirlər”.
Hakimiyyət təmsilçiləri isə hesabatın qərəzli olduğunu bəyan edir. Onlar iddia edir ki, DD-nin hesabatı ölkəmizə təzyiq vasitələrindəndir. Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova deyir ki, DD ənənəsinə sadiq qalaraq qərəzli sənəd hazırlayıb: “Bu, hüquqi islahatlar həyata keçirən, demokratik təsisatların fəaliyyətini inkişaf etdirən müstəqil, suveren dövlət haqda qərəzli hesabatdır. ABŞ uzun illərdir 160 ölkə haqda hesabat açıqlayır. Bu hesabatların çoxunda ayrı-ayrı ölkələrə yanaşma fərqlidir. Dövlətlərə yanaşmada ikili standartlar tətbiq olunur. Hesabatda Azərbaycandakı inkişafa, dövlət-vətəndaş münasibətlərindəki yüksəlişə qərəzli yanaşılıb. Əvvəllər olduğu kimi yenə də sənəddə bir müsbət məqam da yoxdur, ancaq tənqid, təhrif və iftiralar var”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də hesabatla razılaşmır: “Dövlət Departamenti son illər ardı-arası kəsilmədən Azərbaycanla bağlı qeyri-dəqiq məlumatlar verir, hesabatlarında ziddiyyətli məlumatlardan istifadə edir. Bir neçə gün əvvəl də belə məlumat vermişdi ki, Azərbaycanda tələbələrin 30 faizə yaxını narkomandır. Bu, adi riyazi hesablamalara da uyğun olmayan rəqəmdir. Konkret 2008-ci il prezident seçkiləri haqda deyilənlər də başdan-ayağa yanlış fikirdir. Hamı bilir ki, 2008-ci ildə hazırkı prezident cənab İlham Əliyev demokratik seçkidə böyük üstünlüklə qalib gəlib. O ki qaldı referenduma, mən bilmirəm, referendum nə vaxtdan insanlara hakimiyyəti dəyişməyə şərait yaradıb. 2009-cu il referendumunda da söhbət hakimiyyətin dəyişməsindən, kiminsə hakimiyyətə gətirilməsindən getmirdi”. A.Quliyev DD-nin həbsxanalardakı vəziyyətlə bağlı qeyd etdiklərini də düzgün yanaşma saymır: “Hansı ölkədə həbsxanada ölüm halı olmur ki? Bizdə də təəssüf ki, bir neçə fakt olub. Amma bunu bütövlükdə ölkədə məhbusların hüquqlarının pozulması ilə bağlamaq, yumşaq desək, ədalətsizlikdir. Dövlət Departamenti niyə diqqət yetirmir ki, Azərbaycan məhz penitensiar xidmətə ictimai nəzarət modeli baxımından xüsusilə Avropada tanınmış təcrübəyə malikdir? Niyə demir ki, məhz hökumətin, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bu gün penitensiar xidmətdə tanınmış hüquq müdafiəçilərindən ibarət ictimai nəzarət komitəsi fəaliyyət göstərir?” Deputat hesab edir ki, parlament seçkiləri ərəfəsində DD-nin bu cür hesabat yayması xoş niyyət daşımır. Burada Azərbaycana açıq-aşkar təzyiq elementi var: “Buna çox üzülürəm. Bu gün ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində qondarma ”erməni soyqırımı" barədə qətnamənin gündəliyə çıxarılması nə xarakter daşıyırsa, Azərbaycanla bağlı bu cür yanlış məlumatların verilməsi, olmayan məsələlərin dilə gətirilməsi də özündə həmin xarakteri ehtiva edir. Şübhəsiz ki, bu cür hesabat və basqılarla həm Azərbaycandan, həm də Türkiyədən müəyyən güzəştlərə nail olmaq istəyirlər. Amma hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir. Azərbaycanın əsas fəaliyyəti onun milli maraqlarının qorunması, Qarabağ məsələsində az da olsa güzəştə yol verilməməsi, ərazi bütövlüyümüzün bərpa olunmasına yönəlmiş siyasətdir. Kimsə düşünürsə bu istiqamətdə hansısa təzyiqlərlə nəyəsə nail olmaq olar, bu, düzgün yol deyil. Kimsə demokratiya və ədalət axtarışındadırsa, qoy Ermənistanı işğalçı dövlət kimi ifşa etsin, Azərbaycanın ərazilərinin boşaldılmasında konkret və səmimi mövqe nümayiş etdirsin".
YAP-çı deputat Aydın Mirzəzadə isə DD-nin belə hesabat hazırlamasında bu ölkənin Azərbaycandakı səfirliyinin də rolunun olduğunu düşünür: “Sanki bu ölkənin səfirliyi Azərbaycanda işləmir. Hesabatda həm də radikal müxalifətdə olan bir partiyanın şüarlarının əsas kimi götürüldüyü hiss edilir. Obyektivlik, məsələni hərtərəfli öyrənmək, real vəziyyətin dəyərləndirilməsi qətiyyən hiss edilmir. Belə təəssürat yaranır ki, hesabat qərəzlidir, rənglər məqsədli şəkildə tündləşdirilib və Azərbaycan çox geridə qalmış, hətta demokratiya sözünün özünün yasaq edildiyi bir ölkə kimi təqdim olunur”. Etibar SEYİDAĞA 676 dəfə baxılıb
|
[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? ARXIV
|