12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

MTN PROKURORLUĞUN BAĞLADIĞI CİNAYƏTİ AÇDI

2010-09-02

“Yeni Müsavat”ın xəbər verdiyi olayın sirr pərdəsi qalxdı
Tərtərdə döyüş postuna hücum edən maskalıkar vəhhabilərmiş; Respublika Hərbi Prokurorluğu 2008-ci ilin dekabrında baş verən bu cinayətlə bağlı istintaqa xitam veribmiş

Milli Təhlükəsizlik Nazirliyi (MTN) cəbhə xəttinin Tərtər istiqamətində 2008-ci ilin dekabrında baş verən və xəbəri ilk dəfə “Yeni Müsavat” tərəfindən yayılan şok hadisənin üstünü açıb. MTN-in dünən yaydığı rəsmi açıqlamada deyilir ki, həmin vaxt ordumuzun Tərtər rayonu ərazisində dislokasiya olunmuş N saylı hərbi hissəsinin döyüş postuna hücum edərək 1 əsgəri öldürən, digərini yaralayan naməlum silahlı qrup “Sumqayıt camaatı” adlı silahlı radikal dini qruplaşmanın üzvləridir. Onların posta basqın etməkdə məqsədi silah-sursat ələ keçirmək olub.

Bu hadisə barədə uzun müddət məxfi saxlanılan xəbər ilk dəfə onun baş verməsindən bir neçə ay sonra qəzetimizə məlum olmuşdu. Orada deyilirdi ki, Tərtər rayonunun Qapanlı kəndi ərazisində yerləşən N saylı hərbi hissənin ermənilərlə üzə-üzə olan postuna hücum etmiş 4 naməlum silahlı şəxs 1 əsgərimizi öldürüb, 1 kiçik çavuşu isə yaralayıb. Bu barədə redaksiyanı bilgiləndirən mənbənin sözlərinə görə, 2008-ci il dekabrın 27-nə keçən gecə idmançı görkəmli, xüsusi hərbi geyimli, üzü maskalı 4 nəfər postumuza qəfil hücum edib. Bu vaxt postda olan 7 əsgər və bir kiçik çavuş yatırmış. Əsgərlərin silahlarını götürən qrup üzvləri hərbçilərimizi yuxudan oyadaraq onların əl-qolunu bağlayıb. Bir-biri ilə Azərbaycan dilində səlis danışan silahlılar hərbçilərimizi sorğu-suala tutub.
Onlardan biri əsgərin ona diqqətlə baxdığını görüb və yaxınlaşaraq onu tanıyıb-tanımadığını soruşub. Əsgərin “tanıdım” cavabından sonra həmin əsgəri və kiçik çavuşu daldanacaqdan çıxaran silahlılar hərbçilərimizə məxsus 2 “Kalaşnikov” avtomatını və bir snayper silahını götürərək Tərtər rayonu istiqamətinə aparıblar. Onlar rayon mərkəzinin yaxınlığında əsgəri öldürüb. Kiçik çavuş qaçıb canını qurtarmaq istəyəndə isə ona da atəş açılıb. Çavuşun öldüyünü güman edən silahlılar ərazidən uzaqlaşıb. Hadisədən bir neçə saat sonra postu dəyişməyə gələn hərbçilərimiz oradakı əsgərləri əl-qolu bağlı vəziyyətdə görüb.
Bundan sonra həyəcan siqnalı verilib və postdan naməlum istiqamətə aparılan əsgərlə çavuşun axtarışlarına başlanılıb. Əsgərin meyiti dərhal tapılıb, çavuşu isə huşsuz vəziyyətdə bulublar. Ölkə rəhbərliyi bu hadisə ilə bağlı bilgiləndiriləndən sonra MTN, Hərbi Əks-Kəşfiyyat İdarəsi və Hərbi Prokurorluq əməkdaşlarından ibarət xüsusi əməliyyat-istintaq qrupu yaradılıb. Məlumata görə, naməlum qrup tərəfindən öldürülən əsgər 19 yaşlı Üzeyir Elşad oğlu Xaşayev, yaralanan kiçik çavuş isə İslam Hüseyib oğlu Hüseyibov olublar. Hər iki hərbçinin Zaqatala Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı bildirilirdi.
MTN-in yaydığı məlumatda bu hadisənin təfərrüatları qəzetimizin yazdıqları ilə demək olar ki, eynidir. Məlum olub ki, yaralanan əsgərin adı və familiyası qəzetimizdə bir qədər yanlış gedib. MTN-in məlumatına görə, 2008-ci il dekabrın 26-da saat 03:25 dəqiqədə Müdafiə Nazirliyinin Tərtər rayonundakı N saylı hərbi hissəsinin kəşfiyyat tağımının əsgəri Xaşayev Üzeyir Elşad oğlunun qəsdən öldürülməsi, həmin tağımın kiçik çavuşu Şeyubov İslam Şeyub oğluna odlu silahla güllə yarası xəsarəti yetirilməsi və hərbi hissəyə məxsus odlu silahların talanması faktına görə Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilib. Göstərilən cinayətləri törətmiş şəxslər müəyyən edilmədiyindən cinayət işinin istintaqı 06 yanvar, 2010-cu il tarixdə dayandırılıb.
MTN-in əməliyyat tədbirləri nəticəsində zərərsizləşdirilmiş “Sumqayıt camaatı” adlı silahlı birləşmənin 30-dan artıq üzvü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 17 iyun, 2010-cu il tarixli hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həmin silahlı birləşmənin üzvlərinin əməlləri üzrə cinayət işinin materiallarından Pakistanda tutularaq Azərbaycana gətirilmiş Mehdiyev Samir İlqar oğlu, təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində axtarış elan edilmiş Misirxanov Azər Allahverdi oğlu və qeyriləri barədə ayrıca icraata cinayət işi ayrılıb. Bu cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, “Abdulla” ləqəbli A.Misirxanov və öldüklərinə görə barələrindəki cinayət işinin icraatına xitam verilmiş “Abdulməcid” ləqəbli İlqar Mollaçiyev və “Həmzət” ləqəbli Telman Abdullayev birlikdə Azərbaycanda yaratdıqları “Sumqayıt camaatı” adlı silahlı birləşmənin tərkibində “Sahil camaatı” adlı daha bir silahlı qrup mövcud olub.
“Sahil camaatı” adlı qrupun üzvləri - Məmmədov Ramin Ramiz oğlu, Məmmədov Əsgər Ramiz oğlu, Rəhimov Vüqar Ətraf oğlu, Məmmədov Yavər Ramiz oğlu, Camalov Elçin Zakir oğlu, Adilov Saleh Valeh oğlu, habelə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 17 iyun, 2010-cu il tarixli hökmü ilə “Sumqayıt camaatı” adlı silahlı birləşmənin cinayət işi üzrə məhkum edilmiş Druskar Elşən Davud oğlu, Həsənov Tural Məhəmməd oğlu və Qazıyev Elnur Fizuli oğlu hələ 2008-ci il dekabrın əvvəllərində odlu silah əldə etmək məqsədilə Tərtərdəki N saylı hərbi hissənin hərbi postuna silahlı basqın etmək barədə öz aralarında ümumi razılığa gəliblər. Bundan sonra 2008-ci il, dekabrın 26-da axşam saat 22:00 radələrində silahlı birləşmənin üzvləri - Əsgər Məmmədov, Ramin Məmmədov, Elşən Druskar, Tural Həsənov, Elnur Qazıyev və Saleh Adilov Elçin Camalovun idarə etdiyi “Toyota Prado”, Vüqar Rəhimov və Yavər Məmmədov isə sonuncunun idarə etdiyi “VAZ-2109" markalı maşınlarla Tərtər rayonuna yola düşüblər. Razılaşmaya görə, Yavər Məmmədovla Vüqar Rəhimov lazım olan anda dəstə üzvlərinə köməyə getmək üçün Yevlax rayonu ərazisində gözləyiblər. Əsgər Məmmədov, Ramin Məmmədov, Elşən Druskar, Tural Həsənov, Elnur Qazıyev və Saleh Adilov Elçin Camalovun idarə etdiyi ”Toyota Prado" ilə gecə saat 02:00 radələrində Tərtərin Qapanlı kəndinə gəliblər. Elçin Camalov maşını kəndin girəcəyində saxlayıb, digərləri isə qanunsuz olaraq zabit və əsgər rütbəli hərbi paltarlar geyiniblər, tapançalarla və soyuq silahlarla silahlanaraq döyüş postunda dayanmış əsgərlərin olduğu səngərə tərəf hərəkət ediblər. Əsgərlərin olduğu səngərə təxminən 5 metr qalmış Elşən Druskarla Tural Həsənov pusquda dayanıb, Əsgər Məmmədov, Ramin Məmmədov, Elnur Qazıyev və Saleh Adilov isə postun ərazisinə daxil olub. Posta çatanda orada olan əsgər onlardan parolu soruşub. Bir qədər əvvəl bu hərbi hissədə hərbi xidmət keçmiş Əsgər Məmmədov parolu söyləyib və hərbi hissədən yoxlayıcı olduqlarını bildirərək əsgərlərə yaxınlaşıblar.
Silahlı birləşmənin üzvləri guya postları yoxlamaq adı ilə həmin əsgərləri kənara apararaq düşmənlə üzbəüz səngərdə xidmət edən əsgərlərdən birini səsboğucusu olan tapançadan başına atəş açmaqla öldürüblər, digərinə isə güllə yarası xəsarəti yetiriblər. Sonra onlar hərbi hissəyə məxsus 1 ədəd “SVD” markalı snayper tüfəngini, bu silaha aid içində 30 ədəd patron olan 3 ədəd sandıqçanı, 2 ədəd “AKMS” markalı avtomat silahı və onlara aid içində 60 ədəd patron olan 2 ədəd sandıqçanı özləri ilə götürərək maşının dayandığı yerə qaçıblar. Hadisədən sonra silahlı birləşmənin üzvləri hərbi hissədən ələ keçirdikləri silahları Elçin Camalovun idarə etdiyi “Toyota Prado”da Bakıya gətirib və Vüqar Rəhimovun “Ümid” qəsəbəsindəki evinin arxasında gizlədiblər. Göstərilən cinayət faktları Əsgər Məmmədovun, Vüqar Rəhimovun, Yavər Məmmədovun, Elşən Druskarın, Tural Həsənovun, Elnur Qazıyevin və “Sahil camaatı”nın əmiri Fuad Druskarın etiraf ifadələri, ifadələrin yerində yoxlanılması və işin digər faktiki materialları ilə tam təsdiqini tapıb. Silahlı birləşmənin üzvü Ramin Məmmədov 2009-cu il iyulun 19-da gizli yolla İrana keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının qanuni tələblərinə məhəl qoymayaraq silahlı müqavimət göstərib, əsgərlərə atmaq istədiyi qumbaranın əlində partlaması nəticəsində ölüb. Keçirilmiş baxışlar nəticəsində hərbi hissədən talanan silah-sursat Vüqar Rəhimovun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, “Ümid” qəsəbəsi, 4-cü massiv, ev 18 ünvanda yerləşən evinin arxasında torpağın altında aşkar olunub. MTN bu cinayət əməli ilə bağlı istintaqı davam etdirir.

Siyasət şöbəsi

7319 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008