13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ERMƏNİ DİVERSANTLARI TƏRTƏRDƏ HÜCUMA KEÇDİ

2010-09-02

Ordumuz düşmənlə döyüşlərdə şəhidlər verib; cəbhədə növbəti ciddi insident Rusiya prezidentinin Bakıya səfərinə bir gün qalmış baş verir
İlham Əliyev: “Münaqişənin istənilən yolla həlli Azərbaycanın öz daxili işidir və heç bir kənar qüvvə buna müdaxilə edə bilməz”

Azərbaycan Müdafiə Nazirliyi (MN) cəbhə xəttinin Tərtər istiqamətində avqustun 31-də baş verənlər barədə rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, avqustun 31-də saat 16:30-da Ermənistan ordusunun təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Hücumun qarşısı alınarkən şiddətli döyüş gedib. “Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub” - deyə məlumatda bildirilir. MN bildirir ki, döyüş zamanı ordumuz 2 şəhid verib. Həlak olan əsgərlərin adı da açıqlanıb: Əmirov Vüqar və Abdullayev Pərvin.

Xatırladaq ki, Tərtər döyüşləri barədə qəzetimiz ötən sayında hərbi qaynaqlara istinadən məlumat yayıb. Bu məlumat bir qədər fərqli idi və orada döyüşlərin avqustun 30-dan başladığı deyilirdi. Deyilirdi ki, əsgərlərimiz mövqelərimizə keçməyə cəhd edən 3 erməni əsgərini öldürüb. Ertəsi gün erməni ordusunun diversiya dəstəsi bu istiqamətdən mövqelərimizə hücuma keçməyə cəhd edib və bu zaman 2 əsgərimiz həlak olub.

***

Seyran OhanyanCəbhə xəttində son bir neçə ayda baş vermiş ikinci ciddi insident barədə erməni KİV-i də məlumat yayır. Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib ki, Azərbaycanın yaydığı məlumat yalandır və diversiya əməliyyatını qarşı tərəf keçirməyə cəhd göstərib: “Azərbaycan avqustun 31-də növbəti diversiya-kəşfiyyat əməliyyatı həyata keçirib. Lakin ön postdakı qüvvələrimiz hücumu dəf edərək azərbaycanlıları itki verməyə və geri çəkilməyə məcbur ediblər”.
Separatçı “DQR”-in “Müdafiə Nazirliyi” də insidentlə bağlı yaydığı açıqlamada hücuma Azərbaycanın cəhd etdiyini, lakin itki verərək geri çəkildiyini bildirir. Bu açıqlamaya görə, ermənilər itki verməyib, cəmi bir əsgər yüngül yaralanıb. Yaralanan erməni əsgərinin adı, familiyası və rütbəsi də göstərilir. Daşnaklara bağlı voskanapart.info saytı isə Çaylı kəndi istiqamətində yerləşən erməni qüvvələrinin komandiri ilə müsahibəni yayıb. Komandirin adı-soyadı göstərilmir. O deyib ki, avqustun 31-də səhər saatlarında Azərbaycan ordusunun diversiya qrupunun irəlilədiyi haqda xəbər alıb və təxminən 13 nəfərlik dəstəni yaxına buraxaraq döyüşə giriblər. Erməni komandirin iddiasına görə, Azərbaycan tərəfi çoxsaylı itki verib, o, azı 7 nəfərin öldürüldüyünü bildirir. Erməni tərəfinin isə itki vermədiyi, cəmi bir sıravi əsgərin yüngül yaralandığını iddia edir.
İnsidentlə bağlı daha dəqiq məlumat ala bilmək üçün dünən Tərtər rayonundakı mənbələrlə əlaqə saxladıq. Məlum oldu ki, rayon əhalisinin cəbhə xəttində gedən döyüşlər barədə daha müfəssəl məlumatı var. Mənbə araşdırmadan sonra məlumat verdi ki, həqiqətən avqustun 31-də səhər ermənilərin diversiya qrupu Azərbaycan ordusunun mövqelərinə qəfil hücuma keçib. Şiddətli döyüş baş verib və ordumuz 2 şəhid verib. Həmin gün cəbhə xəttinin Tərtər istiqamətində, Qırmızıkənd yaxınlığında da döyüşlər gedib. Burada ordumuz daha 1 əsgər itirib. Həlak olanların hər üçünün cəsədi Tərtər rayon xəstəxanasının morquna aparılıb, sonra dəfn olunmaq üçün ailələrinə yola salınıb. Onlar dünən dəfn edilib. Həlak olan 3-cü əsgərimizin adını dəqiqləşdirə bilmədik. Mənbə erməni tərəfinin nə qədər itki verdiyi haqda məlumatının olmadığını da bildirdi.
news.az saytı isə Qarabağ üzrə müxbirinə istinadən xəbər verir ki, həmin gün döyüşlər fasilələrlə axşama qədər davam edib. Birinci döyüş saat 05:30-dan başlayıb və səhər saat 7-yə qədər çəkib. Sonra axşam saat 17-dən 18-dək və 21-dən gecə yarısına qədər yenidən atışmalar olub. Azərbaycan ordusunun cəbhənin bu istiqamətindəki N saylı hissəsinin zabiti sayta deyib ki, erməni bölmələri cəbhə xəttini yarmağa cəhd edib və layiqli cavab alaraq geri oturdulublar. “Ən ağır döyüş axşam saat 21-dən sonra başlayıb, bu zaman təkcə atıcı silahlardan yox, qumbaraatanlardan da istifadə edilib” - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Tərtərdə, Çaylı kəndi yaxınlığında iyun ayında - Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin Sankt-Peterburqda keçirilən danışıqlarından dərhal sonra da ciddi insident baş verib. O zaman Azərbaycan ordusunun bölmələri azı 5 erməni əsgərini məhv edib, döyüş zamanı 1 hərbçimiz - sonradan Milli Qəhrəman adına layiq görülən Mübariz İbrahimov şəhid olub və onun cəsədi erməni tərəfdə qalıb. O vaxt ermənilər hədələyirdi ki, Azərbaycan ordusunun bu diversiya əməliyyatının qisası alınacaq. Bu baxımdan düşmən qüvvələrinin avqustun 31-də Çaylı kəndi istiqamətində həyata keçirdiyi hücum cəhdi təsadüfi görünmür. Bu hücum üçün vaxt da təsadüfən seçilməyib. Hücum Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya səfəri ərəfəsində törədilib. Görünür, bununla erməni işğalçı qüvvələri Rusiyanın Ermənistandakı hərbi bazasına dair yeni müqavilədən sonra arxayınlaşdıqlarını nümayiş etdirmək istəyir.
Cəbhə xəttində atəşkəsə necə riayət edildiyini izləmək üçün müntəzəm monitorinqlər keçirən ATƏT də erməni qüvvələrinin son vaxtlar atəşkəsi hər gün pozması qarşısında acizdir. Maraqlıdır ki, ermənilərin son təxribatı ATƏT-in ermənilər tərəfdən keçirdiyi növbəti monitorinqdən az sonra baş verib. Döyüşlər gedən saatlarda ATƏT sədrinin şəxsi nümayəndəsi, monitorinqə başçılıq edən Anjey Kasprşik Xankəndində separatçı erməni rejiminin rəhbəri Bako Saakyanla görüşürdü. Ermənistan mətbuatının yaydığı xəbərə görə, dünən baş tutan görüşdə Ermənistan və Azərbaycanın təmas xəttindəki vəziyyət müzakirə olunub.
Son insident bir daha göstərir ki, Qarabağ cəbhəsində vəziyyət son dərəcədə kritikdir və müharibə istənilən vaxt başlaya bilər. Ermənilər hərbi xidmətə təzə çağırılan əsgərləri bütün cəbhə xətti boyu döyüş postlarından çıxararaq onların yerinə müqavilə ilə xidmət edən peşəkar əsgərləri, o cümlədən çoxu xaricdən gələn ermənilərdən ibarət muzdluları yerləşdirib. Həmçinin son aylar ermənilər bütün cəbhə boyu aqressivləşib və atəşkəsi intensiv şəkildə pozaraq o cümlədən dinc sakinləri, mülki obyektləri hədəf alırlar. Belə gərgin vəziyyət fonunda danışıqlar dalana dirənib. Rusiyanın son illər fəallaşan və bir çoxlarında münaqişənin həlli üçün imkanlar aça biləcəyinə dair ümidlər yaradan vasitəçilik səylərinin də əslində Ermənistana münaqişənin həllini uzatmaq üçün əlavə imkan yaratmağa yönəldiyi üzə çıxıb. Məlum olub ki, Rusiya münaqişənin nizamlanmasının baza prinsiplərindən razılaşdırılmış hesab edilən bir neçəsini imzalamağı, həlledici əhəmiyyət kəsb edən 3-4 məsələni isə sonraya saxlamağı nəzərdə tutan təklif verib. Bu təklif haqlı olaraq Azərbaycan tərəfindən rədd edilib. Ardınca Rusiya Gümrü bazasının dislokasiya müddətini uzatmaqla Azərbaycana mesaj verib ki, Qarabağda yeni hərbi əməliyyatlara imkan vermək niyyətində deyil.
Lakin Azərbaycan prezidenti İlham Əliyev D.Medvedyevin Bakıya səfəri ərəfəsində müsəlman ölkələrinin Bakıdakı səfirləri ilə görüşü zamanı Rusiyanın Qarabağın azad edilməsi əməliyyatına müdaxilə edə bilməyəcəyinə dair üstüörtülü mesaj verib: “Azərbaycan bütün maneələri aşaraq, öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır”.
Prezident Əliyev deyib ki, Qarabağ münaqişəsinin həll yolu Azərbaycanın daxili işidir. Münaqişənin ölkənin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll ediləcəyini vurğulayan dövlət başçısı beynəlxalq ictimaiyyəti Ermənistana qarşı təzyiqləri gücləndirməyə çağırıb: “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Beynəlxalq təşkilatlar da Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu, o deməkdir ki, münaqişənin istənilən yolla həlli Azərbaycanın öz daxili işidir və heç bir kənar qüvvə məsələyə müdaxilə edə bilməz”.

F.MƏMMƏDOV

6343 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008