 |
Gündəm
MEDVEDYEV SİLAH-SURSATLA GƏLDİ 2010-09-03 Rusiya prezidentinin səfəri barədə yeni sensasion təfərrüat Rusiya Azərbaycana milyardlarla dollarlıq hərbi texnika təklif edir
|
Dünən axşam Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya səfəri başlayıb. Onun təyyarəsi axşam saatlarında Bakıya birbaşa Moskvadan deyil, Saratovdan uçub. Prezident Saratovda Rusiya Dövlət Şurasının iclasını keçirib, şəhəri gəzərək əhali ilə görüşüb, mağazalara baş çəkərək Rusiyada son vaxtlar yaranan qarabaşaq qıtlığı ilə bağlı açıqlamalar verib. Medvedyevin Bakıya səfər proqramı isə onun köməkçisi Sergey Prixodko tərəfindən açıqlanıb. O deyib ki, səfər çərçivəsində ikitərəfli ticari-iqtisadi əməkdaşlıq, eləcə də Xəzərdə tərəflərin qarşılıqlı əlaqələri məsələlərini müzakirə ediləcək. Prixodkonun sözlərinə görə, səfər zamanı dövlət sərhədi ilə bağlı müqavilə, eləcə də transsərhəd Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi ilə bağlı saziş imzalanacaq. Prixodko bildirib ki, Azərbaycan Rusiyanın dövlət sərhədi haqqında müqavilə bağladığı ilk ölkə olacaq. O, bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələsinə də xüsusi diqqət ayrılacaq. 2009-cu ildə Rusiya və Azərbaycan arasında mal dövriyyəsi 1,78 milyard dollar olub. Beynəlxalq məsələlərə gəldikdə isə Rusiya prezidentinin köməkçisi deyib ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xəzərdə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. “Qazprom” yenidən iki dəfə çox qaz alacaq
Prixodko Medvedyevin Bakıya səfər proqramının Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etməklə başlayacağını bildirib. O məlumat verib ki, səfərin birinci günü axşam Rusiyanın dövlət başçısının şərəfinə şam yeməyi veriləcək. Rəsmi danışıqlar isə bu günə nəzərdə tutulub. Azərbaycan və Rusiya prezidentləri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə danışıqlar aparacaqlar. Danışıqlar sənədlərin imzalanması ilə başa çatacaq. Medvedyev Bakı Dövlət Universitetində də olacaq. Ona bu ali təhsil müəssisəsinin fəxri doktoru diplomu təqdim ediləcək. Rusiya prezidentini səfərdə baş nazirin müavini Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, bəzi regionların, o cümlədən Dağıstan və İnquşetiyanın rəhbərləri, iş adamları, o cümlədən “Qazprom”un başçısı Aleksey Miller müşayiət edəcək. Millerin Bakıda ARDNŞ prezidenti Rövnəq Abdullayevlə Rusiyaya qaz satışının yenidən artırılmasına dair danışıqlar aparacağı gözlənilir. İlkin olaraq “Qazprom” bu il Azərbaycandan 0,5 milyard kubmetr qaz almağı nəzərdə tuturdu, lakin sonradan şirkətlər bu həcmi iki dəfə artırmaq barədə razılıq əldə ediblər. 2010-cu ildə Rusiya Azərbaycandan bir milyard kubmetr qaz alacaq. 2011-ci ildə isə alqı həcmi iki dəfə artırılaraq, 2 milyard kubmetr təşkil edəcək.
Kremldəki mənbə: “Gümrü bazasına dair məsələ danışıqlarda qaldırılmayacaq”
Qeyd edək ki, Rusiya prezidentinin Bakıya budəfəki səfəri daha çox Ermənistandakı Gümrü bazasına dair ötən ay imzalanmış yeni protokolun yaratdığı situasiyaya görə diqqət mərkəzindədir. Kremlin bu addımının Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək imkanlarını məhdudlaşdırmağa yönəldiyi barədə məlumatlar var. Rusiya-Ermənistan münasibətləri Medvedyevin səfəri ərəfəsində də Moskvada diqqət mərkəzində olub. Ermənistanın Moskvadakı səfiri Oleq Yesayan Rusiya XİN-ə çağırılıb və nazirliyin rəsmisi Qriqori Karasin onunla müzakirələr aparıb. Karasin Rusiya XİN-də Qarabağ danışıqlarını kurasiya edir. Rusiya mətbuatı və diplomatik və məlumatlı siyasi çevrələrə istinadən Medvedyevin Bakı səfərinin pərdəarxası ilə bağlı ilginc məlumatlar yayıb. Gazeta.ru bildirir ki, Medvedyev Azərbaycana Rusiyadan müasir hərbi texnika və silahların satışına dair milyardlarla dollarlıq sövdələşmələr təklif edəcək. Bununla belə, Rusiya Prezident Administrasiyasındakı mənbə sayta bildirib ki, Bakıdakı danışıqlar zamanı Gümrü bazasına dair protokol məsələsi qaldırılmayacaq. “Azərbaycan tərəfi bu protokolla bağlı xüsusi narazılıq ifadə etməyib. Onları qüvvələrin balansı narahat edir. Lakin bizim Azərbaycanla hərtərəfli hərbi-texniki əməkdaşlığımız var. Ermənistanla sadəcə sərhədlərin birgə mühafizəsinə dair bənd protokola əlavə olunub, hərbi-texniki əməkdaşlıq haqda yeni saziş bağlanmayıb. Və biz o protokolda demirik ki, Ermənistanı Azərbaycandan müdafiə edəcəyik” deyə, Kremldəki mənbə bildirib.
Ekspertə görə, səfər siyasi tarazlıq yaratmağa yönəlib
Rusiyadakı Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Aleksey Makarkin isə deyib ki, Medvedyevin səfəri Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin qüvvədə qaldığını göstərmək üçündür. “Bu, tipik siyasi balanslaşdırmadır. Bir tərəfdən, Rusiya Ermənistanı müdafiə edir və regionda yeni müharibəni əngəlləyən amil rolunu oynayır, digər tərəfdən, göstərir ki, Azərbaycana düşmən deyil və Qarabağa dair ümidsiz görünən sülh prosesində bundan sonra da vasitəçilik edəcək” deyə, ekspert bildirib. Kremldə də inkar etmirlər ki, Rusiya Ermənistanın və Azərbaycanın maraqlarını balanslaşdırmaq məcburiyyətindədir. Bununla belə, qeyd olunur ki, Medvedyevin Bakıya səfəri ilə bağlı razılıq İrəvana səfərdən xeyli əvvəl razılaşdırılmışdı. Saytın yazdığına görə, Rusiya prezidentinin administrasiyasında hesab edirlər ki, Azərbaycan üçün başlıca məsələ Gümrü bazası, eləcə də Ermənistanın özü deyil, Qarabağ münaqişəsinin nizamlanmasıdır. Kremldə Rusiyanın və digər beynəlxalq vasitəçilərin səyləri sayəsində münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasını və danışıqlar üçün formatın olmasını müsbət hesab edirlər. “Rusiyanın məqsədi indiki situasiyada elə etməkdir ki, bizə dost olan iki ölkə danışıqlar masası arxasında daha möhkəm otursunlar” deyə, Kremldəki mənbə bildirib. A.Makarkin isə hesab edir ki, Rusiya Ermənistanı silahlandırdıqca Bakının ərazi məsələsini hərbi yolla həll etmək cəhdi də güclənəcək. Bununla belə, ekspert hesab edir ki, Bakıdakı danışıqlarda Medvedyev İlham Əliyevə "S-300" zenit-raket komplekslərini təklif etməyəcək. Kremldə isə bu məsələ barədə şərh verməyiblər.
Raketlər, katerlər, tanklar, təyyarələr, xüsusi təyinatlı silahlar...
Lakin Dünya Silah Ticarəti Mərkəzinin direktoru İqor Korotçenko gazeta.ru-ya ya bildirir ki, Azərbaycana "S-300" raketlərinin satışına dair müqavilə barədə mətbuata sızdırılmış məlumat boş yerə deyil. Onun fikrincə, söhbət İrana satılması nəzərdə tutulan komplekslərdən gedir və Rusiya indi onları Azərbaycana satmaq qərarına gəlib. “Gümrü bazasına dair Ermənistanın təhlükəsizliyini qarantiya altına alan protokoldan sonra Rusiyanın Azərbaycana silah-sursat satmaq üçün əl-qolu açılıb, çünki indi bu İrəvanda qıcıq yaratmayacaq” deyə, o bildirib. Ekspert bildirir ki, onun məlumatlarına görə, Rusiya "S-300" komplekslərindən başqa Bakıya Hərbi Dəniz Qüvvələri üçün raket katerləri, xüsusi təyinatlı antiterror bölmələri üçün müasir avadanlıqlar və silahlar, Ukraynadan alınmış "MiQ-29" qırıcılarının modernləşdirilməsini təklif edəcək. Korotçenko deyib ki, Medvedyev bu hərbi-texniki əməkdaşlıq layihələri ilə bağlı Bakıda çərçivə anlaşması əldə edəcək. Onun reallaşmasını isə “Rosoboroneksport” həyata keçirəcək. Azərbaycanla münasibətlərin inkişafının ikinci mərhələsi isə “Qazprom”a daha çox qaz satılmasıdır. “Qazprom”dan Azərbaycanla qaz sövdələşməsinin detalları haqda danışmaq istəməyiblər, ancaq onu deyiblər ki, şirkət Azərbaycanın bütün ixrac qazını almaqda əvvəlki kimi maraqlıdır. Göründüyü kimi, Rusiya Cənubi Qafqazda kifayət qədər hiyləgər siyasət aparır. Bir tərəfdən Ermənistana hərbi təhlükəsizlik qarantiyası verir, bu ölkəni havayı, yaxud ucuz qiymətə müasir hərbi texnika ilə təchiz etməyi boynuna götürür və Qarabağda mümkün müharibə zamanı İrəvanın tərəfində olacağını nümayiş etdirir, o biri tərəfdən isə Azərbaycanı sakitləşdirmək üçün ona iri həcmdə silah-texnika təklif edir. Təbii ki, Ermənistana olduğu kimi, ucuz qiymətə deyil, bazar qiymətləri ilə. P.S. Günün sonunda yayılan məlumatlara görə, Medvedyevin təyyarəsi Bakıya saat 18 radələrində enib. Hava limanından qarşılanma mərasimindən sonra Rusiya dövlət başçısı Fəxri Xiyabanda Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin önünə əklil qoyub Azərbaycan və Rusiyanın dövlət himnləri səslənib. Daha sonra Dmitri Medvedyev Bakının mənzərəsini seyr edib. Fərhad MƏMMƏDOV 9701 dəfə baxılıb
|
[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR [10.02.2012] - AVROPA BİRLİYİNİN “EUROVİSİON” VİZASI İSTƏYİ [10.02.2012] - AĞLAYAN SİYASƏTÇİLƏR [10.02.2012] - AZƏRBAYCANLI YAZIÇI PUTİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ OLDU [10.02.2012] - TÜRKİYƏ ORDUSUNUN RƏHBƏRİNİN BAKIYA SƏFƏRİ BAŞA ÇATDI [10.02.2012] - ƏCNƏBİ ORDULARDAKI ZƏRİF “ÖLÜM MƏLƏKLƏRİ” [10.02.2012] - ““ŞAHDƏNİZ”DƏ BAŞ VERƏN HADİSƏ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI DEYİLDİ” [10.02.2012] - BAŞ NAZİRLƏ YAZIÇININ SÖZ DUELİ ARXIV
|