 |
Gündəm
“ÜÇ AYDAN SONRA CAVAB VERMƏLİ OLACAQSINIZ” 2010-09-03 “AXCP ilə Müsavat birləşərək rejimə qarşı daha səmərəli mübarizə apara bilər”
|
“AXCP-Müsavat danışıqlarının sonu necə olacaq? Birlik olacaqmı?” İndi bu sual siyasətlə maraqlanan hər kəsi düşündürür. Cəmiyyətin də müəyyən kəsimi İsa Qəmbərlə Əli Kərimli arasında davam edən, həm də bitmək bilməyən danışıqlara diqqət kəsilib. Bunları nəzərə alaraq, mövzunu prosesdə birbaşa və ya bilavasitə iştirak edənlərlə müzakirə etməyə qərar verdik. Müsavat deputat qrupunun üzvü Pənah Hüseynlə AXCP sədrinin müavini Fuad Qəhrəmanlını “Yeni Müsavat”ın redaksiyasında bir araya gətirdik. Tərəflər parlament seçkiləri ilə bağlı ölkədə yaranmış ictimai-siyasi duruma, partiyaların yaratdığı bloklara, namizədlərin şanslarına, Müsavat-AXCP seçki blokunun yaranması prosesinə dair polemika açdılar. Həmin polemikanın ikinci hissəsini təqdim edirik. (əvvəli ötən sayımızda)
Pənah Hüseyn: “Namizəd olduğum dairədən Müsavatla AXCP-nin namizədi kim olur-olsun, seçicilər mənə səs verəcək”
Pənah Hüseyn:
- ....Bu birlikdə iki amil var. Təşkilatların-Müsavatla AXCP-nin birliyi; amma bundan da daha çox maraqlı olan məsələ İsa Qəmbərin və Əli Kərimlinin birliyi məsələsidir. Yəni bu iki amil üst-üstə düşməyən məsələlərdir. Fuad bəyin dediklərində belə bir fikirlər oldu ki, iqtidarın siyasətindən narazı olan bütün elektorat yalnız bu iki partiyanın siyahısındakı namizədlərə səs verəcək. Mən bu fikirlə qətiyyən razı deyiləm. Məsələn, mən başqa bir siyahıda deputatlığa namizədəm. Demokratiya Uğrunda İttifaqın siyahısında seçkiyə gedirəm. İnanıram ki, protest elektoratı da, indiki hakimiyyətin siyasətinə alternativ görmək istəyən seçicilərin əksəriyyəti də mənə səs verəcək. Mənim namizəd olduğum dairədən Müsavatla AXCP-nin namizədi kim olur-olsun, qeyd etdiyimi seçicilər mənə səs verəcək. O cümlədən bizim siyahıya daxil olan ən azı 10-15 nəfərin adını çəkə bilərəm ki, onların ala biləcəyi səs heç də Müsavat-AXCP seçki blokunun namizədlərininkindən az olmayacaq. Nəzərə almaq lazımdır ki, digər seçki blokları da vardır. Məsələn, Fuad Qəhrəmanlı 2005-ci ildə “Azadlıq” seçki blokunun namizədi idi. Aqil Səmədbəyli isə “Azadlıq” blokunun namizədi deyildi. Ancaq eyni dairədə Fuad bəydən çox səs aldı. Halbuki Fuad bəy, siz ən güclü seçki blokunun namizədiydiniz. Yəni bu cür məqamları yaddan çıxararaq həqiqətən bu gün real müxalifəti təmsil eləmək imkanına malik olan və buna istər təşkilati, istər siyasi, istərsə də mənəvi cəhətdən gücü çatan təşkilatlar olaraq əgər AXCP və Müsavat özünü digər qüvvələrdən təcrid edəcəksə, məncə, bu seçki blokunda marginallaşma hallarını müşahidə edəcəyik. Hətta ala biləcəyi səslər də xeyli dərəcədə azalacaq. Siz başqa cür düşünə bilərsiniz, Fuad bəy. Amma bu taktikaya görə blokun rəhbərliyinin təxminən üç aydan sonra cavab verməsi lazım gələcək. Bunu hər yerdə qeyd edirəm ki, siyasi qərarları qəbul edən şəxslər, məsələn, AXCP-də onlardan biri sizsiniz,-verdikləri qərarların nəticələrinə görə cavab verməli olduqlarını öncədən nəzərə almalıdırlar. Mən bilirəm ki, bu məsələdə Müsavatla AXCP-nin yanaşmasında fərqlər var.
Rauf Arifoğlu: - Hansı fərqlər var?
P.Hüseyn: - Müxalifətin daha geniş çevrəsinə münasibət məsələsində. İsa bəy Rəsulzadə-Elçibəy platformasında olan siyasi qüvvələrin birliyini təklif edib. Dəfələrlə bildirib ki, bu, yalnız AXCP və Müsavatdan ibarət deyil. Əlbəttə, zəruri olan sistemyaradıcı nüvə, mən də həmişə vurğulamışam ki, Müsavatla AXCP ola bilər. Diskussiyaya getmək istəmirəm; bu sırada başqa bir partiyanın da adını çəkərdim. Amma hər halda, Müsavatla AXCP-nin birliyi sistemyaradıcı nüvə rolunu oynaya bilər. Ona görə bu birliyə biz müsbət yanaşırıq. Lakin bu məsələdə ifrat dərəcədə digərlərini dışlama taktikası, təbliğatı gedəcəksə, şübhəsiz ki, buna əks reaksiya da olacaq. Elə ola bilər ki, biz real rəqibimiz olan iqtidar namizədlərini bir tərəfdə qoyaraq, müəyyən dairələrdə müxalifətdən olan namizədlərlə mübarizə aparmış olarıq...
R.Arifoğlu? - Proses ona doğru getmirmi?
P.Hüseyn:
- Fikrimi yekunlaşdırım, çünki bu çox mühüm məsələdir. İstəyirəm ki, Fuad bəy tərəfindən də bu məsələlərə aydınlıq gətirilsin. Çünki qeyd etdiyim məsələ çox məsuliyyətli məsələdir. Qəbul olunacaq qərarlar və seçiləcək xətt üçün ən azı üç aydan sonra hesabat vermək lazım gələcək. Həm öz təşkilatlarınız qarşısında, həm cəmiyyət və elektorat qarşısında cavab verməli olacaqsınız. Növbəti mərhələdə biz o dediyimiz zərərlərin fəsadlarını aradan qaldırmaq üçün addımlar atmalı olacağıq. İndi səslənən bir sıra fikirlər isə elə olmasın ki, həmin imkanları indidən şübhə altına almış olsun. Diqqəti buna cəlb etməyi olduqca vacib sayıram. Bloklaşmanı mümkün qədər tez qurtarmaq lazımdır. Biz gizlətmirik ki, burada bizim də maraqlarımız var.
R.Arifoğlu: - “Biz” deyərkən kimi nəzərdə tutursunuz?
P.Hüseyn: - Daxil olduğum siyahının maraqlarını nəzərdə tuturam. Yəqin ki, biz KXCP-nin siyahısı ilə seçkiyə qatılacağıq. Eyni zamanda orada, Rauf bəy, sizin də siyahıda olacaq 12 nəfərin namizədliyini irəli sürəcəyik. Bizdən olan 7 nəfərin də namizədliyi Müsavat Partiyasının siyahısında olacaq. Yəni bu cür hallar vardır. Bu məsələlərin AXCP rəhbərliyi tərəfindən nəzərə alınmasını istərdim.
Fuad Qəhrəmanlı: “AXCP-nin müdafiə etdiyi namizədlər siyahısında ADP sədri Sərdar Cəlaloğlu və İlqar Məmmədov yer alır”
F.Qəhrəmanlı: - Pənah bəyin bu mövzuda həssaslığını başa düşürəm. Ancaq mənim debat başlayandan bəri demədiyim, ifadə etmədiyim fikri ifadə edib, ona münasibət bildirməsini başa düşmədim. AXCP ilə Müsavatın birliyinin yaradılması konsepsiyası digər siyasi qüvvələri dışlamaq, onların varlığını inkar etmək və ya onları siyasi sistemdən çıxdaş etmək demək deyil. Odur ki, məsələnin başqa istiqamətdə təqdim edilməsini qəbul eləmirəm. Qeyd etdiyim konsepsiyada söhbət protest elektoratını təmsil edən iki real qüvvəni bir araya gətirib avtoritarizmə qarşı mümkün qədər səmərəli mübarizə modelinin yaranmasından gedir. Burada biz bu iki qüvvədən kənarda hər hansı namizədin, siyasi strukturun rejimə qarşı mübarizə aparmasına və ya hansısa fəaliyyətlə məşğul olmasına kölgə salmaq, onların fəaliyyətini inkar etmək fikrində deyilik. Məsələn, Müsavat Partiyası AXCP ilə ittifaq yaradır, ancaq eyni zamanda DUİ ilə əməkdaşlıq edir. Biz Müsavatın DUİ ilə münasibətlərdə olmasına normal yanaşırıq. Dediyim odur ki, faktları təhrif edib yanlış nəticələr çıxarılmasın. AXCP-nin müdafiə etdiyi namizədlər siyahısında ADP sədri Sərdar Cəlaloğlu, İlqar Məmmədov yer alır. Görürsünüz ki, digər qüvvələrin də varlığını tanıyırıq və onları da mümkün qədər müdafiə edirik.
P.Hüseyn: - Bu, yeni xəbər oldu. Sərdar Cəlaloğlu AXCP-nin namizədləri siyahısındadır?
Fuad Qəhrəmanlı: “Sizin narahatlığınızı əsassız sayıram”
F.Qəhrəmanlı:
- Məsələ belədir ki, Sərdar bəyin namizəd olduğu dairədən AXCP namizəd irəli sürməyib. Biz AXCP ilə Müsavat Partiyasının yaratdığı seçki ittifaqını hakimiyyətə qarşı güc mərkəzi kimi təsəvvür edirik. Hər hansı namizədlərə, siyasi qüvvələrə qarşı təsəvvür etmirik. Cəmiyyətdə nüfuzu olan kənar namizədlərin də mümkün olduğu qədər müdafiə edilməsinə çalışırıq. Məsələn, biz Pənah bəy, sizi də müdafiə etməyi mümkün hesab edirik. Mübarizədə hər kəs öz töhfəsini verməlidir. Biz hesab edirik ki, AXCP ilə Müsavat birləşərək rejimə qarşı daha səmərəli mübarizə apara bilər. Digər qüvvələrdən kimlərsə də mübarizə aparırsa, onların da prosesdə iştirakını təqdir edirik və onlara da dəstək verməyə hazırıq. Ona görə sizin narahatlığınızı əsassız sayıram. Müsavat-AXCP birliyinin ölkədə perspektiv baxımından da siyasi qüvvələrin konsolidasiyasına gətirib çıxaracağını düşünürük. Prosesin gedişində digərlərinin bizə inteqrasiyası meydana çıxa bilər. Bu, qar topasının hərəkət etdikcə, böyüməsi effektini yaradar. Müsavat-AXCP birliyində nə siz, nə də başqa heç kim özünü inkarı görməməlidir. Seçim sizin özünüzün olur. İstəsəniz müstəqil Pənah Hüseyn kimi fəaliyyət göstərərsiniz, istərsəniz birliyə qatılmaqla gücə-güc qatmı olarsınız. Mən misal olaraq sizin adınızı çəkdim. AXCP ilə Müsavat Partiyasının birliyi Azərbaycanda demokratiyaya töhfə verəcək. Bu prosesdə istər bizimlə birgə, istər ayrılıqda iştirak etmək istəyən hər bir şəxsin, siyasi strukturun mənafeyinə xidmət edəcək.
P.Hüseyn: - Müsavatla AXCP arasındakı birlik məsələsində mən bilən aramızda fikir ayrılığı yoxdur. Ona görə də bunu müzakirəyə belə ehtiyac duymuram. Sadəcə olaraq, mən toxunduğum məqamlar bütövlükdə seçkinin taleyi ilə bağlıdır. Bunun bir səbəbi də onunla bağlıdır ki, ənənəvi olaraq biz 2000-ci ildən sonra Müsavat Partiyasının təşkil etdiyi bloklar, birliklər daxilində olmuşuq. Müsavat Partiyasının məsələyə yanaşması barədə daha çox bilgilərim var. Bu gün də daha çox reallıqlara adekvat olan kurs kimi məhz İsa Qəmbərin irəli sürdüyü kursu hesab edirəm. Sizin partiyanın bəzi şəxslərinin abstrakt şəkildə dəyərləndirdiyi, amma mənim fikrimcə, ümumi birləşdirici bir anlayış kimi Rəsulzadə-Elçibəy platformasında olan qüvvələrin birliyi ideyasını ən uğurlu format hesab edirəm. Bunu da mümkün sayıram ki, seçki bloku şəklində olmasa da, biz siyasi bloklaşma kimi bu ideyanı həyata keçirə bilərik. Resurslar hələ də tükənməyib. Mənim dediyim və istəyim belədir ki, elə olmasın ki, bu birləşmə daha böyük ayrılma ilə nəticələnsin.
F.Qəhrəmanlı:
- Biz AXCP olaraq Rəsulzadə-Elçibəy ideoloji sisteminə məxsus təşkilatıq. Eyni zamanda Müsavat Partiyası da buraya daxildir. Biz rejimə qarşı mümkün qədər geniş koalisiyanın yaradılmasını istəyirik. Bir tərəfdən isə ideoloji çərçivənin salındığı görünür. Bu gün kifayət qədər dostlarımız var ki, - məsələn, Erkin Qədirli və İlqar Məmmədov - onlar özlərini Rəsulzadə-Elçibəy ideoloji sisteminə aid hesab etmirlər. Həmçinin xaricdə təhsil alıb gəlmiş çoxlu gənclər var ki, onlar özlərini kosmopolit sayırlar. Bu adamlar rejimə qarşı ağıllı mübarizə aparırsa və cəmiyyətdə müəyyən dəstək qazanırlarsa, onları kənarda qoymağın anlamı yoxdur. Məsələyə praqmatik yanaşmaq lazımdır. Bu gün özünü Rəsulzadə-Elçibəy yolunun davamçısı elan edən şəxslər və siyasi təşkilatlar var ki, əslində bu rejimə xidmət edirlər. Belələrindənsə, Erkin Qədirli, İlqar Məmmədov kimi rejimə qarşı mübarizə aparanlarla birlikdə olmaq daha praqmatik və uğurludur. Müxalifətin özəyini Rəsulzadə-Elçibəy yolunda olan real müxalifət qüvvələri təşkil etməklə digərlərinin də varlığını qəbul edirik və onları qəbul etməyi bacarmalıyıq. Ona görə düşünürük ki, bizim nəzərdə tutduğumuz birlik modeli təkcə ideoloji çərçivə ilə məhdudlaşa bilməz. AXCP ilə Müsavatın bu gün əsasını qoyduğu birlik modeli sabah inkişaf edib şaxələnə və onun tərkibində solçu dünyagörüş də, liberal dəyərlərin daşıyıcıları da yer ala bilərlər. Biz cəmiyyətin bütün spektrlərini əhatə edən dəyər daşıyıcılarını bir araya gətirməyə məcburuq. Ona görə də hesab edirəm ki, “yalnız Rəsulzadə-Elçibəy yolunda olanlar bu birlikdə ola bilər” yanaşması doğru deyil.
Pənah Hüseyn: “İsa Qəmbərin “Rəsulzadə-Elçibəy yolu ilə gedən qüvvələrin birliyi” ideyasını daha düzgün hesab edirəm”
P.Hüseyn:
- Mən həmişə o qənaətdə olmuşam ki, müsavatçılıq və Müsavat adına iddia edən, bu adla çıxış eləyən qüvvələr bir ideoloji missiya daşıdıqlarını əgər bir kənara qoysalar, sadəcə bir seçki partiyası kimi çıxış etməyə başlasalar, o halda çox ciddi sapmalar olacaq. Necə ki, oldu. Açığı bu gün bizim yaşadığımız uğursuzluqların bir səbəbi də müəyyən dövrdə sadəcə “biz Qərb tipli seçki partiyası olmalıyıq” kimi bir ideoloji yanaşmadır. Bu, çox ciddi məsələdir. O baxımdan da Müsavat və AXCP-nin təşkilatlar olaraq da birliyi strateji birlik kimi nəzərdə tutulursa, yalnız 2010-cu il parlament seçkilrinə hədəflənən seçki ittifaqı deyilsə, heç şübhəsiz onun ideoloji formasının və cəmiyyətə təqdimatının da böyük əhəmiyyəti vardır. O baxımdan mən İsa Qəmbərin “Rəsulzadə-Elçibəy yolu ilə gedən qüvvələrin birliyi” ideyasını çox əhəmiyyətli hesab edirəm. Bu məsələni də indi çox inkişaf etdirmədən burda da dayanıram. O ki qaldı solçu, liberal və digər baxışlı kənar qüvvələrin bu birlikdə iştirakı məsələsinə, mən bunu zəruri hesab edirəm. Milli həmrəylik, milli təsanüd və mütərəqqi qüvvələrin birləşməsi məsələsi elə bunu ehtiva edir.
R.Arifoğlu: - Bu məsələ ayrıca uzun diskussiya və mübahisə predmetidir. Lakin indi istəyirəm ki, bir qədər də hakimiyyətin seçki taktikasına, seçkilərdə maliyyə və birbaşa proseslə bağlı digər məsələlərə toxunaq. Tutaq ki, Müsavat-AXCP danışıqları uğurlu nəticələndi və vahid namizədlər siyahısı müəyyənləşdi, seçkilərə start verildi. Prosedurlar, hazırlıqlar nə şəkildə olacaq? Vahid seçki qərargahı layihəsi hazırdırmı? Hakimiyyətin namizədləri ilə bağlı ortada bir düşüncə varmı? Bilinirmi ki, seçilmək şansı yüksək olan liderlərə, tanınmışlara qarşı hakimiyyət hansı taktikanı irəli sürəcək? YAP-ın siyahısını gecikdirməsinə necə münasibət bəsləyirsiniz?
F.Qəhrəmanlı: - Bizim partiyanın seçki qərargahı fəaliyyət göstərir. Lakin seçki bloku yaranacağını nəzərə aldığımızdan seçki hazırlıqlarının blok miqyasında görüləcəyini planlaşdırmışıq. Hazırlıq işlərini də blok istiqamətində müəyyənləşdirmişik. Seçki ilə bağlı olan ideoloji-nəzəri hazırlıqlar yekunlaşmaq üzrədir. Artıq praktik fəaliyyət mərhələsini gözləyirik. Müsavat Partiyası ilə birgə vahid seçki qərargahı formalaşacaq. Blok elan olunan kimi bu məsələ asanlıqla həll ediləcək...
R.Arifoğlu: - Seçki qərargahının sədri kim olacaq?
F.Qəhrəmanlı: - Kimin sədr olması xüsusi önəm daşıyan məsələ deyil. Söhbət seçki ilə bağlı gündəlik işlərin görülməsindən gedir. Ona görə də bu işdə xüsusi iddiaların olacağını gözləmirəm. Ümumi razılıqla məsələ həllini tapacaq. Hakimiyyətin siyahısının gecikdirilməsi məsələsinə gəlincə, hakimiyyətin daxilindəki qruplar arasında konfrontasiya var. Bu vəziyyət vahid siyahını hazırlayıb cəmiyyətə təqdim etməyə mane olur. Hakimiyyətdəki iri qruplar vahid siyahı ilə bağlı konsensusa gələ bilmirlər. Ləngimə həm də onunla bağlı ola bilər ki, hakimiyyət müxalifətin namizədlərinin elan olunmasını gözləyir. O namizədlərə qarşı özünün həmin namizədlərə uyğun, rəqabət qabiliyyətli nümayəndələrini qoymaq istəyir. Ola bilsin ki, seçki saxtakarlığının əvvəlki miqyasdan az olmasını istəyirlər. Güclü namizədə qarşı zəif namizəd irəli sürüləndə bəllidir ki, daha total saxtakarlıqlara getməli olurlar. Dünənə qədər müxalifətin varlığını inkar edən hakimiyyət bu gün müxalifətin namizədlərinin müəyyənləşməsini gözləyir.
P.Hüseyn: - Məncə, hakimiyyət son bələdiyyə seçkilərində tətbiq etdiyi metoddan istifadə edəcək. Bunun ilkin siqnalları var...
(davamı növbəti sayımızda) Hazırladı: Etibar SEYİDAĞA 3294 dəfə baxılıb
|
[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR ARXIV
|