13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“BU DÜYÜN ÇÖZÜLMƏKLƏ YOX, KƏSİLMƏKLƏ HƏLL EDİLMƏLİDİR”

2010-09-04

Pənah Hüseyn: “Müsavatı və AXCP-ni ümumiyyətlə siyasətdən, parlamentdən kənarda qoymaq xəttinin tərəfdarları hakimiyyətdə kifayət qədərdir”
Fuad Qəhrəmanlı: “AXCP ilə Müsavata parlamentdə yer verilməyəcək fikrini təbliğati baxımdan səsləndirmək ziyanlıdır”

“AXCP-Müsavat danışıqlarının sonu necə olacaq? Birlik olacaqmı?” İndi bu sual siyasətlə maraqlanan hər kəsi düşündürür. Cəmiyyətin də müəyyən kəsimi İsa Qəmbərlə Əli Kərimli arasında davam edən, həm də bitmək bilməyən danışıqlara diqqət kəsilib. Bunları nəzərə alaraq, mövzunu prosesdə birbaşa və ya bilavasitə iştirak edənlərlə müzakirə etməyə qərar verdik. Müsavat deputat qrupunun üzvü Pənah Hüseynlə AXCP sədrinin müavini Fuad Qəhrəmanlını “Yeni Müsavat”ın redaksiyasında bir araya gətirdik. Tərəflər parlament seçkiləri ilə bağlı ölkədə yaranmış ictimai-siyasi duruma, partiyaların yaratdığı bloklara, namizədlərin şanslarına, Müsavat-AXCP seçki blokunun yaranması prosesinə dair polemika açdılar. Həmin polemikanın üçüncü-sonuncu hissəsini təqdim edirik.

(əvvəli ötən sayımızda)

Pənah Hüseyn:
- ...Hakimiyyət son bələdiyyə seçkilərində tətbiq elədiyi üsuldan istifadə edəcək. Bunun ilkin siqnalları da YAP tərəfindən açıqca elan olunub. Elan ediblər ki, YAP-ın siyahısından kənarda hansısa YAP üzvü müstəqil olaraq namizədliyini irəli sürəcəksə, həmin şəxs cəzalandırılacaq. Eyni xəbərdarlıq və taktika ötən il bələdiyyə seçkilərində də baş vermişdi. Hakimiyyət bu seçkilərdə 2005-ci il parlament seçkilərindən tamamilə fərqli taktika tətbiq edəcək. 2005-ci ildə iqtidarın tətbiq etdiyi taktika özünü doğrultmadı. Bütün qeyri-bərabər şəraitə baxmayaraq, YAP təxminən “Azadlıq” bloku qədər səs ala bildi. Həmin seçkilərin nəticəsində formalaşdırılan parlament də xeyli dərəcədə hakimiyyətin ümidlərini doğrultmadı. O baxımdan bu il kifayət qədər maliyyə resursları olmayan və yaxud populyar olmayan namizədlərin irəli sürülməsi gözlənilir.

Rauf Arifoğlu:
- Hansı formada populyar olmayan?

P.Hüseyn:
- Yəni əhali tərəfindən geniş şəkildə tanınmayan. Milli Məclisdə, Prezident Administrasiyasında və digər dövlət strukturlarında təcrübə toplamış, savadlı gənclərin deputatlığa namizədliyinin irəli sürülməsi gözlənilir. Yəni onların hər hansı bir tanınmış müxalifət nümayəndəsi ilə və yaxud konkret bölgədə əhali içərisində populyar olan namizədlə mübarizə aparmaq imkanı belə yoxdur.

R.Arifoğlu:
- Bəs onların namizədliyi hansı məntiqlə irəli sürülür?

P.Hüseyn:
Pənah Hüseyn- Yeni tipli parlament formalaşdırmaq modeli müzakirə edilib və mən bilən qəbul da olunub. Tam idarə olunan stabil bir parlament kadrosunun formalaşdırılması nəzərdə tutulur. Əslində bütün bunların tezislər formasında əsasları Ramiz Mehdiyevin məqalələrində açıq ifadə olunub. Yəni bu məsələlər o dərəcədə də gizli deyil. O baxımdan da mən bu il çox ciddi anti-demokratik seçkinin keçiriləcəyi qənaətindəyəm. Eyni zamanda seçkinin müddətinin, təşviqat formalarının məhdudlaşdırılması qeyd etdiyim planın tərkib hissəsidir. Ona görə də belə bir şəraitdə fövqəladə əhəmiyyətli olan məsələ müxalifətin həqiqətən populyar olan şəxslərin namizədliyini irəli sürməsidir. Çünki sadəcə tanınmamış namizədlərin özlərini təqdim edib tanıtması üçün vaxt yoxdur. Təşviqat dövrü, imkanları o dərəcədə məhdudlaşdırılıb ki, tanınmayan namizədlər üçün çox çətin ola bilər. Müxalifət bu faktoru nəzərə almalıdır. Məndə olan informasiyaya görə, YAP seçki kampaniyasının ikinci, hətta üçüncü on günlüyündə siyahısını açıqlayacaq. Müxalifət bu məsələni də nəzərə almalıdır. Milli demokratik düşərgəni və onun əsas üç-dörd təşkilatlarından ikisi olan Müsavatı və AXCP-ni ümumiyyətlə siyasətdən, parlamentdən kənarda qoymaq xəttinin tərəfdarları da hakimiyyətdə kifayət qədərdir. Namizədlərin irəli sürülməsində hakimiyyətin belə bir planının ola biləcəyini nəzərə almaq lazımdır. Müxtəlif söz-söhbətlər eşidilir ki, bu və ya digər real müxalifət partiyasına hansısa sayda mandat ayrılması nəzərdə tutulub. Bu, absurd və xeyli dərəcədə əsası olmayan ötürülmüş informasiyalardır. Bir şeyi nəzərə almaq lazımdır ki, nə üçün indiyə qədər siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsini özündə əks etdirən qanun qəbul edilmədi. Halbuki, bu məsələ son iki il yarımda bir neçə dəfə ciddi şəkildə gündəmə gəlmişdi. Məsələni ona görə, reallaşdırmadılar ki, hazırkı parlamentdə Müsavat Partiyasının formal olaraq 6 üzvü var. Müsavatın maliyyələşməməsi üçün məsələni hazırkı parlamentin dövründə reallaşdırmadılar. Hakimiyyətin müxalifəti kənarda qoymaq oyununu, hakimiyyətin bu diqtəsini seçkidə pozmaq lazımdır. Hakimiyyətin qarşısında onun həll etməli olduğu sualları qoymaq lazımdır. Hakimiyyətin bizim qarşımıza qoyduğu sualları həll etməklə məşğul olmalı olsaq uduzmuş vəziyyətdə qala bilərik. Mənim debat başlayandan bəri bloklaşma ilə bağlı fikirlərimin əsasında bu durur. Biz bunu edə bilərikmi? Mən hesab edirəm ki, bəli, edə bilərik. Mümkün qədər geniş çevrəli ittifaqın yaradılması ilə edə bilərik. Biz hakimiyyətin planını pozmalıyıq. Bunun üçün də çox geniş və mütəşəkkil şəkildə müqavimət gücünü ortalığa qoymağa ehtiyac vardır. Müsavat Partiyası ilə AXCP-nin danışıqlarının nə ilə nəticələnəcəyi, birliyin hansı formada təqdim edilməsindən çox şey asılı olacaq. Ona görə də birliyin baş tutmasında birinci növbədə maraqlı olmalı olan təşkilatlar həmin partiyalardır. Məndə əlbəttə ki, danışıqların gedişatı haqqında məlumatlar vardır. Ən azı Müsavat deputat qrupunun üzvüyəm və Müsavatın seçkili orqanlarının iclaslarına iştirak etmək hüququm var. Son dövrdə də bəzilərində iştirak etmişəm. Kifayət qədər hərtərəfli məlumatlarım olmamış deyil. Hesab edirəm ki, narahat olmağa müəyyən əsaslar qalmaqdadır. Sürətlə bu məsələni həll etmək lazımdır. İsa bəy mənə xeyli iradlar tutur bəzən mətbuatda səsləndirdiyim fikirlərə görə. Amma hesab edirəm ki, İsa Qəmbər və Əli Kərimlinin öz üzərlərinə düşən siyasi iradələrini ortalığa qoyması olduqca vacibdir. Bu düyünü çözməklə yox, kəsməklə həll eləsinlər.

Fuad Qəhrəmanlı:
- Pənah bəy, Siz təbliğati baxımdan neytral müşahidəçi ekspert deyilsiniz. Siyasi marağı olan siyasətçisiniz. Real müxalifətə - AXCP ilə Müsavata parlamentdə yer verilməyəcək fikrini təbliğati baxımdan səsləndirmək hesab edirəm ki, ziyanlıdır. Bayaq siz dediniz ki...

P.Hüseyn:
- Əksinə, çox vacibdir.

F.Qəhrəmanlı:
Fuad Qəhrəmanlı- İnsanların hamısının beyninə, düşüncəsinə tam sirayət etmək imkanımız yoxdur. Onu da deyim ki, Pənah bəy, müxalifətə 5-6 yer veriləcək fikrinin ortaya atılması da eyni dərəcədə zərərlidir. Söhbət ondan gedir ki, hakimiyyətdə müxtəlif yanaşmalar ola bilər və bu iqtidar real müxalifəti heç zaman parlamentdə görmək istəməz. Bunu hamı bilir. Amma seçki kampaniyası ərəfəsində bu fikri ictimai rəyə təlqin etmək doğru deyildir.

R.Arifoğlu:
- Seçki, siyahı çəkişməsinin çox neqativ tərəfləri var. Amma bir pozitiv tərəfi ondan ibarətdir ki, siyasi mühitdə özünüzün aranızda belə rəy yaranıb ki, sanki bu siyahıda adımız olsa məsələ həllini tapıb; mandat cibindədir. Ancaq düşünəndə ki, hələ proses var, seçki var, hakimiyyətin maneçilikləri, YAP-çı iddiaçılar var və sairə, onda ortaya xeyli problemlər çıxır. Ortaya çıxan problemlərdən biri də maliyyə məsələsidir...

F.Qəhrəmanlı:
- İcazənizlə mən bayaqkı fikrimi yekunlaşdırım. Sonra maliyyə vəziyyəti haqda fikirlərimi bildirərəm. Biz seçki prosesinə qatılmağa hakimiyyətin mərhəməti müqabilində mandat almaq kimi baxmırıq. Bizim yanaşmamız belədir ki, başlanan proses rejimə qarşı olan qüvvələrin mübarizəsinin yeni mərhələsinin başlanmasıdır. Bu mübarizə prosesində qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri odur ki, maksimum çox dairələrdə namizədlərimizin qələbəsinin tanınmasına nail olaq...

P.Hüseyn müdaxilə edir:
- Üzr istəyirəm, bu, mühüm məsələdir, bildirməliyəm. Yalnız AXCP-nin və Müsavatın namizədiyəm deməklə çox səs almaq mümkün deyildir, baxmayaraq ki, bu da bir avantajdır. Bu seçkidə daha bir neçə bloklar var, partiyalar, tanınmış namizədlər var. Bunları nəzərə almamaq doğru yanaşma deyil.

F.Qəhrəmanlı:
- Danışıqlarda bizim səsləndirdiyimiz model budur ki, güclü namizədlər...

P.Hüseyn müdaxilə edir:
- Bu, İsa bəyin təklif etdiyi modeldir.

F.Qəhrəmanlı:
- Yox, icazə verin fikrimi yekunlaşdırım...

P.Hüseyn:
- İsa Qəmbər bir ildir bu modeli təklif edir.

F.Qəhrəmanlı:
- Bunlar fərqlidir. Mənim yanaşmam fərqlidir. İsa bəy deyir ki, güclü namizədləri müəyyənləşdirib onların namizədliyini müdafiə edək. Bizim yanaşmamız isə odur ki, güclü namizədlərin pariteti prinsipi olmalıdır. Burada fərq nədən ibarətdir onu izah etmək istəyirəm...

P.Hüseyn yenə müdaxilə edir:
- Bu prinsip ondan ibarətdir ki, AXCP məsələn, 42-ci dairədə Mirmahmud Mirəlioğluna qarşı bizim hörmətli Əbülfəz bəyin (AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı nəzərdə tutulur - E.S.) namizədliyini irəli sürür.

F.Qəhrəmanlı:
- Eyni prinsiplə tutaq ki, Həsən Kərimovun 29 saylı dairədə vahid namizəd kimi qəbul olunmamasını da izah eləmək mənim üçün çətindir. Bunun izahı ümumiyyətlə çətindir. Əvvəlki fikrimə qayıdıram. Güclü namizəd modeli ortaya qoyulanda bu gedib ixtilaflara yol açır və biz sübut eləməli oluruq ki, kimdir güclü namizəd. Və bu zaman hər partiya subyektiv yanaşır və öz namizədinin daha güclü olduğunu əsaslandırmaq istəyir...

P.Hüseyn opponentinin sözünü kəsir:
- Yox ey, elə şey var ki, sübuta ehtiyacı yoxdur. Məsələn, Rauf Arifoğlu...

F.Qəhrəmanlı dinləməyərək davam edir:
- Pənah bəy, mən fikrimi əsaslandırmaq istəyirəm. Fikrimi sona çatdırım, sonra nə istəyirsiniz deyin...

P.Hüseyn imkan vermir:
- Məsələn, uzağa getməyək, Rauf Arifoğlunun namizədliyi Müsavat Partiyası tərəfindən 25 saylı Nizami seçki dairəsindən irəli sürülür. İndi AXCP ilə Rauf bəyin yanaşmalarında fərqlər-filan ola bilər, amma hazırkı situasiyada AXCP-nin ona qarşı namizəd irəli sürməsinin izahı yoxdur. Hesab edirəm ki, Rauf Arifoğlunun istər...

R.Arifoğlu müdaxilə edir:
- Xahiş edirəm çəkişmələrinizə mənim adımı qatmayın.

P.Hüseyn davam edir:
 - Hesab edirəm ki, Rauf Arifoğlunun istər populyarlıq, istər təbliğat, istər maliyyə imkanları AXCP-nin irəli sürdüyü namizəddən az deyil. Sübuta ehtiyacı olmayan faktı nəzərə almamaq...

F.Qəhrəmanlı:
- Hər partiya sübut eləməyə çalışır ki, onun namizədi güclüdür. Deyək ki, Yevlaxdan 2005-ci ildə AXCP-nin namizədi Şəkər İsgəndərli çox yüksək səs qazanmışdı. Orada ondan nüfuzlu, şanslı namizəd yoxdur. Eyni vəziyyət Şəkər xanımla bağlı yaranıb. Müsavat Partiyası ilə onun vahid namizəd olmasını razılaşdıra bilmirik. Beləliklə, açıq görünür ki, hər kəs öz namizədinin güclü olduğunu sübut eləməyə çalışır və biz birlik axtardığımız yerdə gəlib ayrıcı məqamlara çıxırıq. Ona görə də biz təklif edirik ki, hər partiya güclü namizədlərinin siyahısını hazırlasın və güclü namizədlər paritet prinsipi ilə irəli sürülür. Bu, həm bərabərhüquqluluğu təmin edir, həm də hansısa partiyanın özünü diskomfortlu hiss etməsinə imkan vermir.
İndi isə gəlirəm Rauf bəyin məsələsinə, hələ başa çatmamış danışıqlarla bağlı, - Rauf bəyin dairəsi də müzakirə olunan dairələrdəndir - müzakirə olunmaqda olan dairələrlə haqqında qəti və birmənalı fikir bildirilməsinin tərəfdarı deyiləm.

R.Arifoğlu:
- Seçkini uğurlu aparmaq üçün insani resurslarla yanaşı, maddi resurslar da önəmlidir. Müsavat-AXCP tipli təşkilatlarda pul amili nə dərəcədə əhəmiyyət kəsb edir?

P.Hüseyn:
- Seçki kampaniyasında maliyyələşməni əsasən namizədlər həyata keçirməlidir. Ən azı minimal, məsələn, bir neçə min manat seçki fondu yarada bilməyən namizədin seçkiyə qatılması qeyri-ciddilikdir. Bizim əsas resursumuz siyasi resurs olacaq. Birinci məsələ bizim üçün maliyyə olmayacaq.

F.Qəhrəmanlı:
- AXCP ilə Müsavatın namizədlərinin maddi imkanları bərabərdir. Və maliyyə məsələsi çox ciddi problem olaraq qarşımızda dayanır. Çox aşağı resurslarla seçki kampaniyasına başlamağa məcburuq. Bu boşluğu fədakar üzvlərimizin və tərəfdarlarımızın seçki kampaniyasında təmənnasız fəaliyyəti ilə dolduracağıq. Əvvəlki seçkilərdə də belə olub.
Sonda hər iki tərəf Müsavat-AXCP seçki blokunun yaranacağına inandıqlarını bir daha vurğuladılar. Və Rauf Arifoğlu qonaqlara təşəkkür edərək debata yekun vurdu.

Hazırladı: Etibar SEYİDAĞA

2304 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008