|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Özü demişkən, yayın üçüncü ayının son günündə dünyaya gələn Arif Əliyev 50 yaşını tamamladı. Ayrı-ayrı mətbuat orqanlarında, jurnalist həmkarlarının, siyasi çevrələrin təmsilçilərinin “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədrinə ünvanlanmış, ürəkdən yazıldığı aydın sezilən təbrikləri oxuduq. Deyir ki, bu təbrikləri eşitmək çox xoş idi. Amma yarızarafat-yarıgerçək bir qeydini eləməyi də unutmur. - Nə edəsən ki, bu sözləri eşitmək üçün 50 il lazım gəldi. Hər bir adam üçün belə sözlər xoşdur. Səmimi deyildiyi hiss olunurdu. Səmimi sözlər çox qiymətli olur. Hərçənd deməzdim ki, tərifdən xoşlanan adamam. Amma çətin zamanlar olur ki, o zaman adam belə fikirlərə ehtiyac duyur. Bir də hesab edirsən ki, deməli, nə isə bir iz olub və bu, qaranlıq iz deyil. Elə məqamlar olub ki, insanlar onu yada salıb xoş sözlər deyir. Bu, hər kəs üçün xoşdur. - Amma deyəsən, yubiley tədbiri olmadı. - Yubiley tədbirini keçirtmək fikri qalır və yəqin ki, keçirəcəyik. Sadəcə, elə bir dövrdür ki, müəyyən işləri yekunlaşdırmaq üçün 20 günlük taym-aut, müəyyən bir zaman lazımdır. - Belə demək olarmı ki, 50-ci yaş qəfil, gözləmədiyiniz halda gəldi deyə, planlaşdırma apara bilməyibsiniz? - 50 yaş öz vaxtında gəldi. Yəqin sadəcə, mən fikrimi toplaya bilməmişdim ki, 50 yaş vaxtında gələcək. Ona görə də elə tədbirlər ortaya çıxdı, elə işlər düşdü ki, onları yekunlaşdırmaq lazım idi. Demək olmur ki, mənim yubileyim olduğu üçün bu işləri sonraya saxlayıram. Amma inşallah ayın sonunadək işlər yekunlaşmalıdır, eybi yox, bir aydan sonra qeyd edərik. Təki imkan olsun, Allah ömür versin. - Yəqin həyatınızda elə anlar olub ki, onları xatırlayanda mütəəssir olursunuz. Ömrün bu vədəsində vaxt tapıb düşüncələrə daldığınız anlar olmamış deyil. Ən çox nələr keçib fikrinizdən? - Düşünmək üçün heç də 50 il gözləmək lazım deyildi. Düşünürəmsə, deməli, yaşayıram. Düşünməyə çox tez-tez ehtiyac olur. Təəssüf ki, imkan az-az olur. Yəqin ki, hər bir jurnalistə aiddir ki, o, velosipedə bənzəyir, dayananda yıxılır. Ona görə də jurnalist daim hərəkətdə olmalıdır. Hər halda, 50 yaş bir mərhələdir və bu mərhələdə papağını qabağına qoyub düşünməli olursan. Kədərli anlar da, sevincli günlər də çox olub. Faktiki olaraq məndə belə bir təsəvvür var ki, zaman insan üçün çox qırılmazdır. Yəni 50, 49, 48, 47 şərtidir. Demək olmaz ki, sən 47-də nəyi isə tamam başqa cür, 50-də bir başqa cür hiss edirsən. Hisslər və qavrama qabiliyyəti bir o qədər də yaşdan asılı olmur. Bu, insanın keyfiyyətindən, yetkinlik mərhələsindən asılı olur. Hətta 27 yaşında həyatdan köçmüş insanların etdiklərinə baxanda elə bilirsən ki, bunlar 127 il yaşayıblar. 33 yaşında böyük işlər görmüş, yaxud 44 yaşında başlayıb 50 yaşında artıq kumirə çevrilmiş adamlar var. Ona görə də əslində yaş məsələsi şərtidir. Əgər nəyisə demək üçün 50-ni gözləyiriksə, yəqin düzgün hərəkət eləmirik. Yaxud həyatın bir mərhələsinə yekun vurmaq və onu analiz etmək istəyirsənsə, bunun üçün 40-ı, 50-ni mütləq gözləmək lazım deyil. Bunlar şərtiliklərdir. Nədənsə insanlar şərtiliklərlə hərəkət etməyə öyrənib. Ancaq özündə qüvvə tapıb bu şərtiliyi aşmaq lazımdır. - “Bakı Mətbuat Klubu”, “Yeni Nəsil”, “Gün səhər” kimi uğurlu layihələriniz oldu və bunlar hər halda keçmiş sayıla bilər. 50-dən sonrakı mərhələnin layihələri barədə düşünübsünüzmü? - Prinsipcə, hə. Amma bu barədə düşünəndə onun 50-dən əvvəl, ya sonra olacağını planlaşdırmamışam. Çox şeylər var ki, onları həyata keçirmək mümkün olmayıb. Qarşıya qoyduğun hansısa bir məqsədi həyata keçirmək cəhdi davam edir. Tutaq ki, jurnalistikada görmək istədiyin mühit, prinsiplər 47-də reallaşsaydı daha yaxşı olardı. Siz bayaqkı layihələrin adını çəkəndə hər biri haqqında artıq baş vermiş və yarımçıq qalmış layihələr kimi danışdınız. Görünür, o layihələri başa vurmağa mənim gücüm çatmadı. Ömrün qalan hissəsində heç olmasa onları başa vurmaq mümkün olsa, bunu özüm üçün böyük bir iş hesab edərdim. Bundan başqa da planlar var. Məsələn, FRONTLAYN Diskussiya Klubunun yaradılması, elə “Press Klub”un nə vaxtsa bərpa olunması planı var. Yaxud hansı formada olur-olsun o zamanın, o dövrün, o mühitin yenidən yaşadılması cəhdləri var. Hansı formada baş verəcək, indi bunu deməyə çətinlik çəkirəm. Amma hər halda yəqin ki, cəhdlər davam edəcək. - Planlarınıza parlament seçkiləri ilə bağlı nələrsə daxil deyil ki? - Bir misal var ki, sən siyasətlə məşğul olmayanda siyasət səninlə məşğul olacaq. Adam seçki ilə məşğul olmayanda seçki onunla məşğul olmağa başlayır. Əgər seçkilərdə iştirakı nəzərdə tutursunuzsa, yox. Açığı, mən seçkilərdə iştirakımı təsəvvür eləmirəm. Ona görə yox ki, siyasətçi peşəsinin jurnalist peşəsindən aşağı olduğunu düşünürəm. Sadəcə, hər bir insanın öz xarakteri, yönümü, istəyi olur. Bu ampula mənim istəyimə, yönümümə və xarakterimə bir qədər uyğun deyil. Yəqin nələrsə məndə çatışmır ki, fəal siyasətçi, yaxud deputat kimi fəaliyyət göstərmək barədə düşünmürəm. Amma əlbəttə ki, hər bir seçki jurnalist üçün bir mərhələdir. Təəssüf ki, bu mərhələlər getdikcə öz dəyərini itirir. Təbii ki, bu, tək biz jurnalistlər üçün deyil. Cəmiyyət getdikcə seçkilərin ləzzətini, dadını, isti nəfəsini daha az duyur. Seçkidən-seçkiyə hər yerdə bir süstlük yaranır. O cümlədən mediada. - Hansısa partiya, yaxud blokun siyahısında seçkiyə qatılmaq dəvəti alıbsınızmı? - Deyəsən, artıq o dəvətlərdən beziblər. Ona görə bu dəfə hər hansı dəvət almamışam. Amma həmişə ən müxtəlif tərəflərdən belə dəvətlər olurdu. Bu dəfə yox, deyəsən, məndən əllərini üzüblər. - Siz Elçibəy komandasının üzvü olmusunuz və şübhəsiz ki, vaxtilə birgə çalışdığınız insanların bugünkü fəaliyyətinə, partiyaların birləşdirilməsi, bloklaşma, yaxud yeni Xalq Cəbhəsinin yaradılması istiqamətində proseslərə biganə deyilsiniz. Ən azı bir jurnalist olaraq prosesləri müşahidə edərkən nə düşünürsünüz? - Mən jurnalistlikdən əvvəl bir vətəndaş olaraq bu proseslərlə maraqlanıram. Həmişə bu qənaətdə olmuşam ki, siyasi qüvvələrin parçalanması - özü də eyni yönümlü siyasi qüvvələrin - iki məsələdən xəbər verir. Birincisi, bu, ictimai şüurun zəifliyinin, fərdi keyfiyyətlər ətrafında mübarizənin getməsinin nəticəsidir. İkincisi, gələcək haqqında, millət haqqında məsuliyyətin kifayət qədər dərk olunmamasının nəticəsidir. Əgər hansısa mərhələdə bu birlik, toplaşmaq haqqında söhbətlər güclənirsə, mən bunu ancaq yetkinliyin səviyyəsi kimi qəbul edirəm. Görünür, insan elə qurulub ki, necə deyərlər, başı daşdan daşa dəyəndən sonra düzgün istiqamətləri tapmalı olur. Təəssüf ki, tarix çox zaman dərs vermir. İnsan səhvlərindən nəticələr çıxartmağa daha çox meyllidir. Hesab edirəm ki, gecikmiş də olsa, bu, mütləq və mütləq baş verəsi bir yoldur. Mən bunu təkcə siyasi səhnədə görmürəm. Elə medianın özündə artıq böyük parçalanma, dağınıqlıq, həddən artıq rəngarənglik, müxtəliflik ancaq və ancaq zəifliyə gətirib çıxaran məsələdir. İstər siyasi sahədə zəiflik olsun, istər hakimiyyətin, istərsə də medianın zəifliyi olsun, bunun ağrısını və nəticəsini həmişə cəmiyyət görür. Bu cür proseslər xroniki xəstəliklər yaradır ki, bəzən onun nəticəsini on illiklərlə aradan qaldırmaq mümkün olmur. Son dövrlər cəmiyyətdəki süstlük, bir apatiya məhz belə şeylərin təsiri altında formalaşır. Medianın, siyasi qüvvələrin parçalanması, bir-birinə qarşı dayanmasının nəticəsi ortadadır. Nə zamansa media da bundan yorulacaq və başa düşəcək ki, təmərküzləşmə, birləşmə yalnız inkişafa impuls verə bilən ən əsas elementlərdən biri olar. Balaca gölməçədə 50 dənə balaca qayıq üzər. Amma okeana çıxmaq istəyirsənsə, düşünməlisən ki, qayıqları birləşdirib bir dənə layner düzəltmək lazımdır. Biz bu gün sözün qüvvəsinin olmadığını, ictimai rəyə təsirin yoxluğundan danışırıq. Əlbəttə ki, sözün qüvvəsi olmayacaq. Əgər eyni düşüncənin, eyni istiqamətin daşıyıcısı olan 50 KİV mövcuddursa və balaca qayıqlar hərəsi bir gölməçədə üzürsə, əlbəttə, yüksək nəticələr olmayacaq. - Amma reallıq bundan ibarətdir ki, nəinki siyasi təşkilatlar, partiya rəhbərləri, həmçinin media təmsilçiləri arasında da münasibətlər ürəkaçan deyil, əvvəlki birlikdən əsər-əlamət qalmayıb. Nə baş verdi?
- Siz həm də jurnalistsiniz. Bu mənada nəsə yazmamağınız mümkün görünmür. Sirr deyilsə, nə üzərində işləyirsiniz? - Son dövrdə eyni zamanda bir kitab üçün materiallar toplamağa başladım. Bu, memuar da olmasa, hər halda, təcrübədən çıxış edərək yazılmış bir esse kimi nəzərdə tutulub. Mən xoşlamıram ki, yubileyi yaxınlaşanda jurnalist uzun illər ayrı-ayrı mətbuat orqanlarında çap olunmuş yazılarını toplayıb bir kitab buraxsın. Bunlar hamısı təbii ki, müəyyən yaşın, mərhələnin süzgəcindən keçməlidir. Bir bədii xarakterli əsər üzərində işləyirəm. Lap cavanlıq vaxtlarım yadıma düşür. O vaxtların təcrübəsini təkrar etmək istəyirəm. Bundan əlavə, bir müddət tərcümələrlə məşğul oldum, Iosif Şvartsın böyüklər üçün çox gözəl nağılları var, onları tərcümə etdim. Eyni zamanda Zeynal Məmmədli ilə bir yerdə media sahəsindən bəhs edən bir kitab hazırladıq, çapdan çıxdı. Ondan başqa da bəzi işlər var ki, üzərində çalışırıq. Ancaq deyim ki, mümkün qədər vaxt tapıb bəzi əsərləri ya yenidən oxumağa, ya da təzə çıxan əsərləri oxumağa çalışıram. - Söhbətlərimizdən birində demişdiniz ki, uzun müddət Bakıda ən çox xoşladığınız ünvan vaxtilə Kirovun heykəlinin olduğu yerə qalxan pilləkənin altı olub. Amma bir dəfə ordan Bakıya baxanda qorxubsunuz. Bakıya baxanda yenə qorxu hissləri keçirirsiniz, yoxsa daha öyrəncəlisiniz? - Burda söhbət bütövlükdə şəhərin xarakterinin, mühitinin dəyişməsindən gedir. Bir alman mütəxəssis var, Bakıya tez-tez səfər edir. Deyir həmişə aeroportdan Bakıya gələndə özümü gözlərinə torba taxılmış ata bənzədirəm. Yolların kənarında şəhərin bəzi eybəcərliklərini qonaqlardan gizlətmək üçün hasarlar çəkilib deyə. Bunu düzəldənlər düşünüblər ki, qonaqları aldadırlar, onlara çox gözəl, oyma daşlardan ibarət Bakını göstərirlər. Amma hamı başa düşür ki, nə baş verir. Bax, budur adamı qorxudan. Hamımız görürük ki, bu proses nəinki dayanmır, dərinləşir və hətta adiləşir. Ona görə də bu qorxu hissi nəinki keçməyib, təəssüf ki, artıq xarakterik bir hala keçib. - Mətbuat Şurasının sədri Əflatun Amaşovla münasibətlər deyəsən, hələ də bərpa olunmayıb. Yoxsa yubileyinizlə bağlı umu-küsü aradan qaldırılıb? - Mən bunu o dərəcədə mühüm məsələ hesab etmirəm ki, onun üzərində dayanmaq lazım gəlsin, yaxud başqa hallardan seçməyə ehtiyac olsun. Belə şeylər çox olur. Hər bir jurnalistin Mətbuat Şurasının rəhbəri ilə görüşməsi mühüm deyil. Mən düşünürdün ki, bu, ictimai məsələ olacaq. Amma təəssüf ki, çoxları bunu hələ də fərdi məsələ kimi qəbul edir. Problemin özü bundadır. Ancaq bu, mənim üçün ictimai məsələdir. Çoxları bunu fərdiləşdirmək istəyəndə acıyıram ki, onlar nə baş verdiyinin fərqində deyillər. Tutaq ki, 2008-ci ildən bəri, yaxud bu qurumun fəaliyyəti ilə bağlı nə dəyişdi? Mən hələ bir dəyişiklik görmürəm... Elşad PAŞASOY 2451 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR |
| Yeni MÜSAVAT © 2008 |
|