13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

CƏBHƏDƏ ATIŞMALAR DAHA DA ŞİDDƏTLƏNİB

2010-09-08

Həmsədrlər bu gün döyüş bölgəsinə gedirlər; gərginliyin artması ATƏT-i də təşvişə salıb
BMT-də isə Qarabağ müzakirələrinin tarixi dəyişdi

Qarabağ cəbhəsində son günlər gərginliyin artması və ermənilərin Tərtər istiqamətində bir-birinin ardınca diversiya xarakterli həmlələri münaqişənin nizamlanması üçün vasitəçilik edənlərin narahatlığını artırıb. Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 6-da Bakıya səfərə gəlməzdən əvvəl münaqişə ətrafındakı vəziyyətlə bağlı bəyanatla çıxış edərək cəbhə xəttində “günahsız insanların həlak olması ilə nəticələnən insidentlərdən” narahatlıq ifadə ediblər. Həmçinin vasitəçilər bildiriblər ki, münaqişənin nizamlanması üçün vasitəçilik səylərini artıracaqlar.

Dünən həmsədrlər Robert Bradtke (ABŞ), Yuri Popov (Rusiya) və Bernar Fasye (Fransa) Bakıda xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşlər keçiriblər. Görüşlər zamanı münaqişənin həlli yollarına dair müzakirələr aparıldığı bildirilir. Xatırladaq ki, həmsədrlərin budəfəki missiyası Azərbaycanın işğal altındakı vəziyyətə dair hesabat hazırlamaqdır. Münaqişənin nizamlanmasına dair tərəflər arasında gedən danışıqlar isə dondurulmuş vəziyyətdədir. Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul etməyib, uzun müddət bu məsələyə cavab verməyi uzadıb, iyun ayında isə Rusiya tərəflərə bu prinsiplərin bir hissəsini imzalamağı, həlledici mahiyyət daşıyan qalan prinsipləri isə sonraya saxlamağı təklif edib. Ancaq rəsmi Bakı bu təklifi qəbul etməyib və beləliklə də Rusiyanın vasitəçilik səylərinə olan ümidlər də boşa çıxıb.
Əvvəlcə xəbər verilirdi ki, həmsədrlər Bakıda danışıqlar apardıqdan sonra İrəvana yollanacaqlar, oradan isə Dağlıq Qarabağa gələcəklər. Ancaq Azərbaycan Müdafiə Nazirliyindən açıqlanan məlumatdan bəlli olur ki, vasitəçilərin səfər qrafiki dəyişib. Məlumata görə, bu gün qoşunların təmas xəttində, Tərtər istiqamətində ATƏT sədrinin mandatı əsasında monitorinq keçiriləcək. Monitorinqdə Minsk Qrupu həmsədrlərinin də iştirakı nəzərdə tutulur. Oradan vasitəçi diplomatlar cəbhə xəttini keçərək Xankəndinə gedəcəklər. Elə bu gün həmsədrlər Xankəndində separatçı erməni rejiminin rəhbəri ilə görüşəcək, sabah isə İrəvana yollanacaqlar. Gözlənilir ki, həmsədrlər cəbhə xəttini keçdikdən sonra Ağdərə-Xankəndi yolu ilə hərəkət edəcəklər. Bu yol iki il əvvəl Azərbaycan və Ermənistandan olan bir qrup ziyalının “xalq diplomatiyası” çərçivəsində cəbhə xəttini keçərək Xankəndinə getməsi üçün istifadə edilmişdi.
Qoşunların təmas xəttində keçirilən monitorinqlər artıq heç bir əhəmiyyət kəsb etmir, çünki atəşkəs haqda razılaşma de-fakto mövcud deyil. Dünən cəbhədə yeni atışmalar haqda məlumatlar yayılıb. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun bir neçə istiqamətdən, o cümlədən Tərtər və Goranboy istiqamətlərindən mövqelərimizi atəşə tutduğunu xəbər verir. Ermənistan Müdafiə Nazirliyinin məlumatında da cəbhə xəttində intensiv atışmaların qeydə alındığı təsdiqlənir. Hər iki tərəf itkilərin olmadığını bildirir. Tərtər istiqamətində ermənilərin sonuncu həmləsi ATƏT-in keçirdiyi monitorinqlə eyni vaxta təsadüf etmişdi. Lakin təşkilatın indiki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik baş verənlərə qiymət vermək üçün mandatının olmadığını açıqlayıb. Belə görünür ki, Tərtər istiqamətində vəziyyətin xüsusilə ağır olması təmas xəttinin bu hissəsində yeni monitorinq keçirilməsinin əsas səbəbidir.
Cəbhə xəttində gərginliyin artmasından ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev də münasibət bildirib. Onun adından yayılan bəyanatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində son vaxtlar müşahidə olunan atəşkəs rejiminin pozulması hallarını kəskin şəkildə pisləyir. Bəyanatın mətnini Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. “Hər iki tərəfdən insan itkisinin artması ciddi narahatlıq doğurur” deyə, sənəddə bildirilir. ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, atəşkəs rejiminin pozulması halları Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesini qeyri-sabit edir, konstruktiv dialoqun fəallaşdırılması üçün imkanları məhdudlaşdırır. O, Minsk Qrupu həmsədrlərinin 6 sentyabr 2010-cu il tarixdə münaqişə tərəflərini təmkin nümayiş etdirmək, atəşkəs rejiminə ciddi əməl etmək və qarşılıqlı ictimai bəyanatlardan çəkinməklə bağlı çağırışlarını dəstəkləyir. “Minsk Qrupu həmsədrlərinin ATƏT-in Astanadakı sammitindən əvvəl cari ilin payızında Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı kompromis modulların axtarışının gücləndirilməsi üzrə planlaşdırdıqları tədbirlər, bu yubadılmış münaqişənin birbaşa iştirakçıları tərəfindən irəliləyişə nail olmaqda həqiqi marağın olması şərti ilə məhsuldar olacaq” deyə, Saudabayev bildirib.
Sergey LavrovDanışıqlar prosesini yaxından izləyən mənbələr hesab edirlər ki, indiki situasiya yaxın aylarda Azərbaycan və Ermənistan arasında prezidentlər arasında danışıqları mümkünsüz edir. Çünki danışıqlar prosesi faktiki olaraq pozulub və cəbhədə gərginlik artıb. Rusiya prezidentinin vasitəçiliyi ilə təşkil edilən üçtərəfli danışıqlar formatının da iflasa uğradığını demək olar. Çünki Rusiya Azərbaycan üçün qətiyyən məqbul olmayan, Ermənistana münaqişənin həllini qeyri-müəyyən müddətə uzatmaq imkanları yaradan təkliflə çıxış edir. Prezident Dmitri Medvedyevin Bakıya səfəri ərəfəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, rəsmi Moskva bu təklifdə israrlıdır. Lakin Azərbaycan tərəfi dərhal təklifin qəbuledilməz olduğunu açıqladı. Gözlənilir ki, sentyabrın üçüncü ongünlüyündə Nyu- Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyası zamanı həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşəcək. Zəif ehtimalla Nyu Yorkda xarici işlər nazirlərinin də görüşü mümkün ola bilər. Lakin müşahidəçilər belə hesab edir ki, danışıqlar prosesində yaranmış indiki vəziyyət hətta XİN başçılarının da görüşünün təşkilinə imkan vermir, yaxud bunu əhəmiyyətsiz edir.
BMT Baş Assambleyasında Qarabağa dair qətnamə layihəsinin səsə qoyulmasının da vaxtı dəyişib. Səsvermənin dünən olacağı açıqlanmışdı. Ancaq dünən məlum olub ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsinin BMT Baş Assambleyasının sessiyasında müzakirəsinin vaxtı dəyişib. BMT-nin saytında yerləşdirilən məlumata görə, sentyabrın 7-də keçirilməsi nəzərdə tutulan müzakirələr sentyabrın 9-da olacaq. Xatırladaq ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış situasiyaya tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir. Qeyd olunur ki, əhalinin qayıdışı insanlar arasında ünsiyyətin təşviqi və etimadın möhkəmlənməsi tədbirlərinə əlverişli şərait yaradacaq. Layihədə mədəniyyət və dini abidələrin mühafizəsinin təmin olunmasının, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi yönündə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanır. Sənəddə BMT strukturlarına Dağlıq Qarabağ münaqişəsi zonası və ətrafında beynəlxalq humanitar hüquq normaları və insan haqlarına dair beynəlxalq standartların təmin olunması məsələsini nəzərdən keçirmələri təklif olunur. Həmçinin münaqişə zonasına müvafiq təhqiqat apararaq hesabat hazırlanması məqsədilə çoxmillətli missiya göndərilməsi təklifi əksini tapıb. Layihədə BMT baş katibindən xahiş edilir ki, 65-ci sessiyaya bu qətnamənin həyata keçirilməsi haqqında ətraflı hesabat təqdim etsin. Rəsmi İrəvan bu layihə ilə bağlı narahatdır. Ermənistanda Azərbaycanın bu addımına cavab olaraq “DQR”-in tanınması layihəsi “İrs” müxalifət fraksiyası tərəfindən parlamentin gündəliyinə daxil edilib. Müzakirələrin sentyabrın 6-da, yaxud 7-də olacağı açıqlansa da, parlamentdəki hakim çoxluq bunu təxirə salıb.

F.MƏMMƏDOV

4818 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008