 |
Gündəm
ABŞ QARABAĞDA OLASI MÜHARİBƏDƏN NARAHATDIR 2010-09-09 Ağ Evdən göndərilən diplomatın missiyası üzə çıxdı Dövlət katibinin köməkçisi münaqişə tərəfləri ilə danışıqlar üçün öz təmsilçisini bölgəyə yollayıb; Tina Kaydenau Bakıdan sonra İrəvana gedəcək
|
Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının dalana dirənməsi və paralel olaraq cəbhə xəttində toqquşmaların şiddətlənməsi ABŞ-ı da ciddi narahat edib. Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Tina Kaydenau bu narahatlıqlarla bağlı təcili regiona ezam edilib. Xəbər verildiyi kimi, amerikalı diplomat Bakıya sentyabrın 7-də axşam gəlib. Dünən o, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək Qarabağa dair müzakirələr aparıb. ABŞ-ın Bakıdakı səfirliyindən bildirildiyinə görə, diplomatın gün ərzində mətbuat üçün açıqlaması nəzərdə tutulmurdu. Lakin gözlənilirdi ki, təmasların yekununda Kaydenau açıqlamalarla çıxış edəcək. Ermənistandakı ABŞ səfirliyindən isə Kaydenaunun həftənin sonunda İrəvanda olacağını açıqlayıblar. Onun prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyanla görüşləri nəzərdə tutulur. Məlumatda deyilirdi ki, səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətin müzakirəsidir. Bakıdakı diplomatik çevrələrdən məlum olub ki, Kaydenaunun Azərbaycan və Ermənistana ezam edilməsi cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərdir. Bildirilir ki, Dövlət Departamenti diplomatik kanallarla müntəzəm olaraq cəbhə xəttindəki vəziyyətlə bağlı hesabatlar alır. Belə hesabatlar həm ABŞ-ın İrəvandakı və Bakıdakı səfirlikləri, həm digər mənbələrdən əldə edilir. Eyni zamanda Amerika kəşfiyyatının bölgədəki rezidenturası da cəbhə xəttində vəziyyəti yaxından izləyir və Vaşinqtona hesabatlar göndərir. Bu cür hesabatlarda göstərilənlər heç də ictimaiyyətə KİV-lər vasitəsilə bəlli olan faktlarla üst-üstə düşməyə bilər. Şübhə yoxdur ki, ABŞ qurumları Qarabağ bölgəsində baş verənlər barədə daha müfəssəl məlumatlara malikdir və Vaşinqtonda narahatlığın kifayət qədər ciddi olması da bundan irəli gəlir. Yəni söhbət atəşkəs rejiminin epizodik olaraq bu və ya digər tərəfdən pozulmasından daha çox bölgədə yeni müharibənin yetişməsindən gedə bilər. Belə bir vaxtda dövlət katibinin köməkçisinin missiyası tərəfləri yeni müharibənin yolverilməzliyi barədə xəbərdar etməkdir. ABŞ hazırda Cənubi Qafqazda mövqelərini böyük ölçüdə əldən vermiş durumdadır. Rusiya regionda jandarm funksiyasını həyata keçirir və öz şərtlərini diktə edir. Vaşinqtonun Qafqaz siyasətinin əsas prioriteti olan Ermənistan-Türkiyə yaxınlaşması prosesi uğursuzluğa düçar olub. Rusiya bu prosesə də nəzarət edir və Ermənistanın Qərblə mümkün yaxınlaşması barədə nəzəriyyələri alt-üst edən addımlar atır. Belə görünür ki, ABŞ bölgədə mövqelərini əldən verməsi ilə barışıb və Rusiyaya xüsusi müqavimət göstərmək fikrində deyil. ABŞ Dövlət Departamenti Rusiyanın Ermənistandakı hərbi bazasının dislokasiya müddətini uzatmasına könülsüz reaksiya verdi və bunu “iki ölkənin daxili işi” adlandırmaqla kifayətləndi. Buna baxmayaraq, söhbət Qarabağda yeni müharibənin başlaması təhlükəsindən gedəndə ABŞ-ın tələsik hərəkətə keçməsi gözlənilən idi. Çünki söhbət ABŞ-ın regiondakı həyati əhəmiyyətli maraqlarına təhlükə yaradacaq hadisədən gedir. Birləşmiş Ştatlar Azərbaycandakı enerji maraqlarını və İranla həmsərhəd həssas bölgədə vəziyyətin nəzarət altından çıxmaq təhlükəsini nəzərə alaraq müharibəni əngəlləmək üçün bütün rıçaqlarını işə salmağa hazırdır. Bundan əvvəl də cəbhə xəttində vəziyyət gərginləşəndə və danışıqlar prosesində uğursuzluqlar yaşananda Vaşinqton müharibəni əngəlləmək üçün tərəflərə təzyiq edib. Belə təzyiqlər daha çox Azərbaycana edilir. Hətta diplomatik kanallarla Bakının nəzərinə çatdırılır ki, müharibə Azərbaycana hansı təhlükələr vəd edir. Cəbhə xəttində son gərginlik Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana və Azərbaycana səfərləri dövrünə təsadüf edir. Bəzi ekspertlərə görə, Rusiyanın təhlükəsizlik qarantiyasından arxayınlaşan ermənilər Azərbaycana güc nümayişi üçün cəbhədə vəziyyəti gərginləşdirirlər. Digərləri isə Rusiyanın razılığı (söhbət susmaq formasında razılıqdan gedə bilər) ilə Qarabağda lokal hərbi əməliyyatların başlaya biləcəyini gözləyir. Belə əməliyyatları tərəflərdən bu və ya digəri başlaya bilər. Yəni söhbət Rusiyanın təkcə Azərbaycana lokal əməliyyatlara başlamaqla cəbhə xəttini dəyişmək imkanı yaratmasından getmir. Ehtimal olunur ki, Rusiya lokal əməliyyatlara yaşıl işıq yandırmaqla tərəfləri mövcud sülh planını imzalamağa məcbur edə bilər. İstənilən halda Rusiyanın bölgədə olduqca riskli və hiyləgər oyun oynadığına şübhə yoxdur. Görünür, Vaşinqtonda da Rusiyanın Ermənistan və Azərbaycana yönələn siyasəti fonunda Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsini diqqətlə izləyirlər. Daha geniş planda Rusiya və ABŞ Qarabağda yeni müharibəyə imkan verməmək məsələsində ortaqdır, Vaşinqtonda Moskvanın planları və məqsədləri barədə tam məlumatlı deyillər. F.MƏMMƏDOV 3858 dəfə baxılıb
|
[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR ARXIV
|