22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

“ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

2011-11-17

Doktor Cavad Heyəti: “İran şahı ilə Stalin türk düşmənliyi məsələsində eyni mövqedə olublar”
“Təbrizdə ermənilərin yaşadığı “Ermənistan” adlı məhəllə var. Yağış yağanda onlar eşiyə çıxmazdılar, çünki xalq onları murdar bilərdilər”

İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq” dərgisinin təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru Cavad Heyət Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının qonağı olub. Görüşdə mətbuatın bir qrup qadın nümayəndələrinin suallarını cavablandıran Cavad Heyətlə müsahibəni oxuculara təqdim edirik.

- Cavad bəy, bu yaxınlarda “Türk dünyasının mədəni inteqrasiyası: Ortaq türk əlifbası və ortaq türk ədəbi dili” mövzusunda konfransda çox maraqlı təkliflər səsləndi. Ortaq türk dili əlifbasının yaradılmasına sizin də münasibətinizi bilmək istərdik?

- Məncə bu, çox vacib məsələdir. Bunun  üçün isə iki yol var: ya bütün dünya türkləri bir türkcəni qəbul etməlidir, ya da dillərini yavaş-yavaş elə şəklə salmalıdırlar ki, anlaşıqlı olsun. Mən osmanlı türkcəsini öz türkcəmizdən daha yaxşı bilirəm. Bu bir az Türkiyədə təhsil almağımla, bir az da xanımımın türk olması ilə bağlıdır. Amma bir həqiqət də var ki, Türkiyə özü-öz dilindən uzaqlaşır. Sizin türkcəyə rus sözləri, bizdəkinə isə fars sözləri qarışıb, amma mənim “Varlıq”da işlətdiyim türkcə nisbətən təmiz türkcədi. Sizin yazı dilinizdən yazıram, amma rus sözlərini ordan çıxardıram.

- “Varlıq” dərgisinin hazırkı fəaliyyəti nə yerdədir?

- “Varlıq” 33 ildir müntəzəm şəkildə çap olunur. Şah zamanında bizim ana dilimizdə Azərbaycan türkcəsində jurnal çıxartmağa icazə verilmirdi. İslam inqilabından sonra bizə nisbi dil azadlığı verildi. İranda ana dilində məktəb olmadığı üçün Tehranda çap olunan “Varlıq” o vəzifəni də öhdəsinə götürür. İlk əvvəl hər ay, sonra iki, sonra isə üç ayda bir dərgini çıxartdıq. Dərginin nəşr olunma araları artdıqca həcmləri də artdı. Amma “Varlıq” fədakarlıq nəticəsində çıxır. Bir gün Əbülfəz Elçibəy zamanında Dilbər xanım (Tehranda Azərbaycan səfirliyində çalışırdı) mənə üç yüz tümən pul gətirdi. Dedi ki, bunu Azərbaycan səfiri Nəsib Nəsibzadə yardım üçün verdi, mən minnətdarlığımı bildirib, qəbul etmədim. Bir dəfə burda Yazıçılar İttifaqında yığıncaq keçiriləndə Əbülfəz Elçibəy də orda imiş, Səbri Təbrizi çıxışında deyib ki, siz sözdə yardım edirsiniz. Əbülfəz bəy yardım etmək istədiklərini, amma mənim onu qəbul etmədiyimi anladıb. Biz indiyədək heç bir yerdən kömək almamışıq.

- Cərrah kimi xidmətləriniz haqda çox eşitmişik. Sonra türkçülüyə meyliniz nədən irəli gəldi?

- Mən liseyi bitirdikdən sonra tibb fakültəsinə qəbul oldum. Və üçüncü sinfə qədər orda oxudum. Sonra mən İrandan Türkiyəyə oxumağa gedən 100 nəfərin içərisində İstanbula getdim. O zaman Fransaya getmək şansım da var idi. Bu fikrimi atama deyəndə mənə bu sözləri dedi “Oğlum, mən səni Bakıya göndərmək istəyirdim, amma aramızda dəmir pərdə var. Mən səni İstanbula göndərirəm ki, tibb elmiylə yanaşı dilimizi, ədəbiyyatımızı, tariximizi də öyrənəsən”. Yanılmadı, mən bütün bunları Türkiyədə öyrəndim. Anladım ki, biz nə qədər alim olsaq da Türk dünyasına qarşı cahilik. Çünki bizim tarixdə, xüsusilə pəhləvilərin  zamanındakı tarixdə türklər yarımvəhşi xalq kimi qələmə verilirdi.

- Azərbaycana ilk gəlişinizi necə xatırlayırsınız?

- 1971-ci il idi. Moskvada Beynəlmiləl Cərrah Qurultayı keçirilirdi, məni də İran nümayəndəsi kimi dəvət etmişdilər. Sovetlər birliyinin İrandakı səfirliyinə getdim və onlara bildirdim ki, mən Bakı yolu gedirəm, amma onlar icazə vermədilər. Mən də Əmniyyət Müdirliyinin baş cərrahı idim, onlara söylədim, onlar dərhal mənə viza aldılar. Ehtiyatlı tərpənib anestizimi də yanıma aldım. Çünki bizim üçün sovet dünyası qorxulu idi. Sizləri bizə elə tanıtmışdılar ki, guya siz ruslaşmışsınız. Fikir verin, şahla Stalin türk düşmənliyində bərabər idi. Burda çox mehribanlıq gördüm. Tibb elmləri doktoru Nurəddin Rzayevlə tanış oldum. Ondan sonra ayağımız açıldı və müstəqillikdən sonra isə daha tez-tez gəldik. Prezident İlham ƏIliyev mənə ev verdi və məni bakılı elədi.

- Heydər Əliyevlə tanışlığınız nə zamandan başlayıb?

- Onu partiya zamanından tanıyırdım. Kommunist olsa da, hiss edirdim ki, ürəyi azərbaycanlıdır. 20 yanvar qırğınına etirazını eşidəndə ona sevgim çox artdı. Mən Tehranda olarkən  Kəlbəcərin işğal olunduğunu eşitdim, çox narahat oldum, Türkiyə səfirliyinə zəng elədim, dedim ki, ruslar ermənilərə yardım edir, bəs bizimkilərə kim yardım etsin? Səfir mənə təklif etdi, Süleyman Dəmirələ məktub yazım. Yazdım. Mətni təxmini belə idi : “Əcəba, Nuru Paşa, Əli İhsan Paşa, Ənvər Paşaların nəsli kurumuşmu? Sizin politik əlaqələriniz var, ordakı millətçilər neynir, ölmüşmü onlar? Mən bu anda Allahdan onlara qurtuluş və ya özümə ölüm istəyirəm”. Süleyman Dəmirəl məktubu oxuyub deyib ki, doktor bəyə söyləyin, biz əlimizdən gələni elədik, yenə də edəcəyik, amma dünya bizim qarşımızdadır. Bu məktubu Heydər Əliyev Bakıdan Nyu-Yorka gedərkən Bəxtiyar Vahabzadə təyyarədə ona oxuyub. Heydər Əliyev çox təsirlənib. Bakıya gələndə məni görüşə dəvət etdi. O vaxtdan dostlaşdıq.

- Eşitdiyimizə görə, şəxsi həkimi kimi Heydər Əliyevi tez-tez müayinə etmisiniz?

- Tez-tez yox, amma arada müayinə edirdim.

- Cavad bəy, İranın hökumətinin ermənipərəst mövqeyinə iran xalqının münasibəti necədir?

- İran xalqı elə sizlər kimi düşünür. Onlar ermənipərəst deyillər. Təbrizdə ermənilərin yaşadığı “Ermənistan” adlı məhəllə var. Yağış yağanda onlar eşiyə çıxmazdılar, çünki xalq onları murdar bilərdilər. Hökumətin siyasəti başqa, xalqın hissləri başqadır. Siyasət anasız-babasız bir şeydir.

- Bəs Urmiya gölünün qurudulması məsələsini necə qarşıladınız?

- Əlbəttə, mən də bir azərbaycanlı kimi çox narahatam və bundan əzab duyuram. Amma eşitdim ki, hökumət gölü köhnə halına qaytarmaq üçün büdcə ayırıb, amma bilmirəm bu büdcə bəs edəcəkmi?

- Dünya Azərbaycanlıları Konqresində mövcud olan qarşıdurma sizcə, hara aparacaq?

- Mən siyasətə qarışmadığım üçün bunlardan xəbərim yoxdur. Bilirəm ki, siyasətə girişsəm, gərək “Varlıq”ı bağlayım və İrana getməyim. Mənim atam İranda siyasətin öndə olan adamlarından olub. Ona görə də mən uşaqlıqdan siyasətin içində olmuşam. Şərqdə siyasətə girmək üçün ya siyasətin orqanı, ya da həbsə, edama, sürgünə hazır olmalısan.

Sevil ÜNAL

5498 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008