 |
KİVDF layihələri
QATİLLƏR VƏ QULDURLAR ORDUSU 2012-01-29 Ermənistan Silahlı Qüvvələri dünən 20 illiyini qeyd etdi; “qalib ordu”nun əsl mahiyyətini elə onun sıralarında döyüşmüş ermənilər açırlar
|
Dünən Ermənistanda silahlı qüvvələrin yaranmasının 20 illiyi qeyd olunub. Bu münasibətlə prezident Serj Sərkisyan, müdafiə naziri Seyran Ohanyan “qalib ordu”ya təbrik mesajları yayıblar. “Biz xatırlayırıq ki, bu işə hər patronun hesabını apara-apara başlamışıq. Bu gün isə silahlanmanın ciddi səviyyəsinə malikik. Metr-metr səngərlər qazmışıq, yüzlərlə kilometr hərbi istehkamlar qurmuşuq, hərbçilər üçün minlərlə mənzil tikmişik, hərbi-sənaye kompleksi yaratmışıq. Bizim ötən il keçirdiyimiz hərbi parad və 1994-cü ildən bu yana mövcud olan atəşkəs Ermənistan ordusunun 20 il ərzində xalqın qarşısında verdiyi ən yaxşı hesabatdır” - deyə işğalçı ölkənin başçısı bildirib. S.Ohanyan da erməni ordusunun “şücaətlərindən”, Qarabağ müharibəsində “qalib gəlməsindən” danışıb. Lakin Ermənistan silahlı qüvvələrinin əsl mahiyyətini və onun bugünkü durumunu da elə vaxtilə bu ordunun sıralarında yer alanlar açır. Silahlı qüvvələrin 20 illiyi ilə bağlı Qarabağ müharibəsi zamanı ermənilərin əlahiddə “Şuşa” batalyonuna komandirlik etmiş, hazırda “Sardarapat” adlı ictimai hərəkatının təşəbbüs qrupunun üzvü olan Jirayir Səfilyan deyib ki, erməni ordusu dedikdə oliqarx-generalların başçılıq etdiyi cinayətkar qruplaşma nəzərdə tutmaq lazımdır. J.Səfilyanın sözlərinə görə, erməni ordusunun guya regionda lider olduğu barədə deyilənlər gülüncdür. “Oliqarx-generalların idarə etdiyi erməni ordusundan ”regionda liderliyi" yalnız dəlilər gözləyə bilər. 1999-cu il, oktyabrın 27-də Ermənistan parlamentinin divarları arasında baş vermiş faciəyə qədər ordunu xalq arasında “bespredelşiklər” kimi tanınan adamlar idarə edirdi. Hansı ki, bu adamlar üçün heç bir qanun mövcud deyildi. Oktyabrın 27-dən sonra situasiya dəyişdi, ancaq yaxşı tərəfə yox. “Bespredelşiklərin” yerini istisnasız olaraq hakimiyyətin maraqlarını qoruyan generallar və komandirlər tutdular. Beləliklə də poqonlu, mundirli oliqarxlar meydana gəldi" - deyə Səfilyan bildirib. Keçmiş batalyon komandiri deyib ki, bu şərtlər altında erməni ordusunu vətəni müdafiə etmək üçün yox, mövcud rejimi qorumaq üçün saxlayırlar. Səfilyan ordunu rejimə xidmət edən “xəstə qurum” adlandırıb. Keçmiş batalyon komandiri deyib ki, hakimiyyətin erməni ordusunun guya Cənubi Qafqazda ən döyüş qabiliyyətli ordu olduğu haqda dedikləri boşboğazlıqdır. Səfilyan Ermənistanın real gücə malik ordusu olan Türkiyə ilə qonşu olduğunu xatırladıb. O deyib ki, ölkənin hərbi doktrinasında Türkiyə təhlükəsinə qarşı necə hərəkət etmək lazım olduğu barədə bir kəlmə də deyilmir: “Bizim hakimiyyət Rusiya, Türkiyə kimi ölkələrə münasibətdə qul düşüncəsi ilə hərəkət edir. Belə vəziyyətdə silahlı qüvvələrin inkişafı haqda danışmaq mümkün deyil”. “Epress.am” erməni saytı isə Ermənistan ordusunun yubileyini bu cür başlıqlı xəbərlər təqdim edir: “Özünü güllələdi”, “İntihar etdi”, “Şikəst edildi”: Erməni ordusu -20 il". Sayt xatırladır ki, erməni ordusunun 20 illiyi ərəfəsində, ötən il ərzində övladları orduda ölən valideynlər, onların yaxınları İrəvanda prezident iqamətgahı, hökumət binası qarşısında müntəzəm olaraq etiraz aksiyaları keçiriblər. Bu aksiyalarda “Qatillər!”, “Canilər!”, “Serjik qatildir!” kimi şüarlar səslənib. Vətəndaş cəmiyyəti fəalları, əsgər valideynləri prezident S.Sərkisyana, müdafiə naziri Seyran Ohanyana bu yazılı sualı göndəriblər: “Bizə izah edin, Ermənistan vətəndaşları hansı qanuni əsaslarla Dağlıq Qarabağa hərbi xidmətə göndərilir?” Sayt onu da qeyd edir ki, ötən il orduda baş verən və ölümlə nəticələnən insidentlərin əksəriyyəti araşdırılmamış qalıb, bir çox hallarda əsgər ölümləri ictimaiyyətdən gizlədilib. Ermənistan parlamentinin müdafiə məsələləri komissiyasının rəhbəri Qrayr Karapetyan isə silahlı qüvvələr haqda belə deyir: “Bu vaxta qədər ordu qanunlarla yox, ancaq nazirin əmri, hökumətin qərarları, bir də ”dedovşina" ilə idarə olunur. Orduda oğru qanunları hökm sürür". “Lragir.am” saytı qeyd edir ki, uzun illərdən bəri ilk dəfə orduda il ərzində baş vermiş insidentlərin statistikası açıqlanıb. “İndiyədək bu statistikanı hərbi sirr kimi saxlayırdılar. Hərbi prokurorluq ötən illərə nisbətən ölümlə nəticələnən insidentlərin azaldığını bildirir, lakin insan haqları təşkilatları bu statistikanın həqiqəti əks etdirmədiyini, ölümlə nəticələnən insidentlərin bir çox hallarda gizlədildiyini bildirir” - deyə sayt qeyd edir. Beləliklə, ermənilərin özlərinin də təsdiq etdikləri kimi, oğru qanunları ilə idarə olunan, korrupsioner generalların və cinayətkarların başçılıq etdiyi işğalçı ordu 20 illiyini Azərbaycan torpaqlarında qeyd etməyə nail ola bilib. Sərkisyanın çıxışında deyildiyi kimi, Ermənistan Qarabağda 1994-cü ildən bəri atəşkəsin saxlanmasını özünün hərbi uğuru hesab edir. Düşmən ölkə bütün gücünü Qarabağda mövcud status-kvonu saxlamağa yönəldib. Lakin Ermənistan ordusunun qalib imici də hər gün əriyir, işğalçı ordu indi içəridən çürüyən, ayrı-ayrı oliqarxların maraqlarına xidmət edən xəstə və cinayətkar quruma çevrilib. 90-cı illərin əvvəllərində rus ordusunun dəstəyinə, xaricdən aldığı yardımlara baxmayaraq erməni işğalçı birləşmələrinin Qarabağda zəif silahlanmış Azərbaycan könüllü birləşmələri qarşısında necə qaçdığını da yaddan çıxarmaq lazım deyil. Ancaq Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan, göstərdikləri “qəhrəmanlıqlar” Xocalı, Qarabağlı və digər yaşayış məntəqələrində mülki azərbaycanlı əhalini qırmaqdan ibarət olan, Ohanyan kimi hərbi caninin rəhbərlik etdiyi, ali baş komandanı Xocalı qətliamında şəxsən iştirak edən Sərkisyan kimi prezident olan erməni ordusu hələ atəşkəsin saxlanması ilə lovğalana bilir... F.MƏMMƏDOV 4077 dəfə baxılıb
|
[22.02.2012] - QARABAĞDA MÜHARİBƏ BAŞLASA... [22.02.2012] - QARABAĞDAKI SEPARATÇI REJİMİN RƏHBƏRİNİ TOPA TUTURLAR [21.02.2012] - XOCALI KAMPANİYASI GENİŞLƏNİR [21.02.2012] - QARABAĞ MÜNAQİŞƏSİ AVROPANIN TƏHLÜKƏSİZLİYİNİ TƏHDİD EDİR [20.02.2012] - ERMƏNİLƏR BAKI-TİFLİS-QARS LAYİHƏSİNİN REALLAŞMASINDAN QORXUYA DÜŞÜB [20.02.2012] - DÜŞMƏN ÖLKƏ BAŞÇISINDAN ACI ETİRAF [19.02.2012] - “ŞUŞASIZ AĞDAMIN MƏNİM ÜÇÜN HEÇ BİR DƏYƏRİ YOXDUR” [18.02.2012] - BAKIDA DÖVLƏT QARABAĞ TARİXİ MUZEYİ BƏRPA OLUNSUNMU? [17.02.2012] - ERMƏNİ ORDUSUNDA İŞGƏNCƏLƏR DAVAM EDİR [17.02.2012] - RUSİYALI HƏMSƏDRDƏN “QARABAĞIN HƏLLİNİ GÖZLƏMƏYİN” MESAJI [16.02.2012] - İRANA QARŞI HÜCUM TƏHLÜKƏSİ ERMƏNİSTANDA TƏŞVİŞ YARADIB [16.02.2012] - AĞDAMDA KƏNDLİLƏRİ ERMƏNİ GÜLLƏSİNDƏN QORUYAN MÜHAFİZƏ DİVARI [12.02.2012] - “QARABAĞ MƏSƏLƏSİNDƏ YAXŞI MƏNADA BİR AZ HƏYASIZ OLMALIYIQ” [11.02.2012] - RUSİYALI HƏRBİ EKSPERTDƏN ERMƏNİSTANI MƏYUS EDƏCƏK ANALİZ [11.02.2012] - QARABAĞIN BAŞINDA YENİ MODEL OYUNU [09.02.2012] - QARABAĞDAN “İKİ QİYMƏT ALAN” AVROPA İTTİFAQI YENİ TƏŞƏBBÜSLƏR HAZIRLAYIB [08.02.2012] - NÜFUZLU ANALİTİK MƏRKƏZDƏN İŞĞALÇI ORDU HAQDA SENSASİON HESABAT [08.02.2012] - AZƏRBAYCANLI BLOGGERLƏR ERMƏNİLƏR HAQDA NƏ YAZIR? [06.02.2012] - ABŞ DÖVLƏT DEPARTAMENTİ ERMƏNİ VƏ AZƏRBAYCANLI JURNALİSTLƏRİ “BİRLƏŞDİRDİ” [05.02.2012] - İRANIN VURULMASI QARABAĞDA MÜHARİBƏ BAŞLADARMI?! ARXIV
|