 |
KİVDF layihələri
QARABAĞIN BAŞINDA YENİ MODEL OYUNU 2012-02-11 ATƏT sədri indi də İrlandiya modelindən danışır və bu təcrübənin sınaqdan keçirilməsi üçün xüsusi nümayəndə təyin edib
|
Dağlıq Qarabağ və keçmiş sovet respublikaları ərazisindəki digər həll edilməmiş münaqişələrin nizamlanmasında Şimali İrlandiya modelinin tətbiqi növbəti dəfə aktuallaşıb. Uzun müddətdir müxtəlif xarici ölkə ekspertləri, münaqişələr üzrə ixtisaslaşmış düşüncə mərkəzləri tərəfindən təklif edilən bu modeli bu dəfə İrlandiyanın özü sınaqdan keçirməyə hazırlaşır. Xəbər verildiyi kimi, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın baş nazirinin müavini, xarici işlər və ticarət naziri İmon Gilmor ABŞ-a səfəri zamanı BMT Təhlükəsizlik Şurasındakı çıxışında bu barədə danışıb. Beləliklə, ilk dəfədir İrlandiya modelinin Qarabağ münaqişəsində sınaqdan keçirilməsinə dair rəsmən cəhd edilir. Özü də ATƏT-ə sədrlik edən ölkə tərəfindən. “Bizim məqsədimiz ATƏT ərazisində münaqişələrin uzunmüddətli həlli işində öz təcrübəmizi sınaqdan keçirməkdir” deyə Gilmor bildirib. Sədr həmçinin əlavə edib ki, bu ilin aprel ayında Dublində məsələni maraqlı tərəflərlə müzakirə etmək niyyətindədir. “Ümid edirəm, xüsusilə Dağlıq Qarabağa münaqişəsinə yanaşmada sözügedən təcrübə yardımçı olacaq. Sizə yaxşı məlumdur ki, biz İrlandiyada həll olunmamış münaqişələrə malik olanların dərdinə şərik oluruq. Şimali İrlandiyada hər iki tərəfin liderləri danışıqlara getməyi və sülh naminə güzəşt etməyi cəsarətlə qərara aldılar. İrlandiya və Britaniya hökumətlərinin inadkarlığı, eləcə də beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-ın dəstəyi möhkəm nizamlanmaya gətirib çıxardı”, - deyə ATƏT sədri bildirib. ATƏT sədri səfəri zamanı ABŞ dövlət katibinin müavini Vilyam Börnslə görüşüb. Börns Dövlət Departamentində həm də Qarabağ münaqişəsinin nizamlanmasına dair Birləşmiş Ştatların siyasətini kurasiya edir. Daha sonra Vaşinqtonda BBC Azərbaycana açıqlamasında İmon Gilmor konkret olaraq Dağlıq Qarabağdan bəhs edərkən, Minsk Qrupunun fəaliyyətini dəstəkləməklə yanaşı, sülh prosesini şəxsi diqqətində saxlayacağını bildirib. O deyib ki, münaqişənin nizamlanmasına dair səyləri artırmaq üçün xüsusi nümayəndə təyin edib. “Bu məsələdə mənə müntəzəm olaraq yardım və məsləhət verməsi üçün səfir Padraiq Mörfini xüsusi nümayəndə olaraq təyin etmişəm. O, beynəlxalq oyunçularla yerində əməkdaşlıq etməklə yanaşı, həm Azərbaycan, həm də Ermənistanla yaxından təmasdadır”, - deyə ATƏT sədri bildirib. İrland əsilli nüfuzlu diplomat Padraiq Mörfi hələ sovetlər dövründə ölkəsini SSRİ-də, sonralar isə Almaniya və Asiyada təmsil edib. 2005-ci ildən o, diplomatik sistemdən kənarlaşmışdı. Bugünlərdə isə ATƏT sədri Murphynin namizədliyini Cənubi Qafqaz üzrə şəxsi nümayəndəsi vəzifəsinə irəli sürüb. Gilmor ümid edir ki, yeni xüsusi nümayəndənin fəaliyyəti və digər beynəlxalq vasitəçilik səyləri Azərbaycan və Ermənistanı münaqişənin uzunmüddətli həllinin tapılması işində həvəsləndirəcək. Hələlik rəsmi Bakı və İrəvanın münaqişənin nizamlanmasında İrlandiya təcrübəsinin tətbiqi barədə nə düşündükləri məlum deyil. Arayış üçün qeyd edək ki, Şimali İrlandiya münaqişəsi mərkəzi Britaniya hakimiyyəti ilə yerli ultra-sağ katoliklər və millətçilər arasında regionun statusuna dair yaranmış münaqişədir. Bu münaqişədə Britaniya hakimiyyətinə qarşı çıxan əsas qüvvə İrlandiya Respublika Ordusu olub. Münaqişə ərzində hər iki tərəfdən 3524 nəfər həlak olub, onlardan 1857-si mülki şəxslərdir. Hazırda münaqişə həll edilməmiş qalır, ancaq o, 1988-ci il aprelin 10-da imzalanmış Belfast razılaşması ilə formal olaraq başa çatmış hesab edilir. Həmin razılaşmaya əsasən İrlandiya Respublika Ordusu Britaniyaya qarşı silahlı hücumlara son qoyur. Belfast razılaşması 22 ay davam edən danışıqlar nəticəsində imzalanıb. Onun şərtlərinə əsasən qanunvericilik səlahiyyətlərinə malik olan Şimali İrlandiya Assambleyası yaradılır. Şimali İrlandiya hökuməti funksiyalarını yerinə yetirmək üçün 12 nazirdən ibarət kabinet formalaşdırılır. İrlandiya və Böyük Britaniya hakimiyyətləri ilə əməkdaşlıq üzrə komissiya qurulur. İrlandiya respublikasının Konstitusiyasına Şimali İrlandiyaya qarşı ərazi iddialarına dair düzəliş edilir. Şimali İrlandiyadakı silahlı qruplar tərk-silah olunur. Beləliklə, həm münaqişənin yaranması səbəbləri, həm onun forması ilə Dağlıq Qarabağ münaqişəsi arasında ciddi fərqlər mövcuddur. Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi təkcə bu regionda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə iddiaları nəticəsində yox, həm də Ermənistanın Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzü nəticəsində meydana gəlib. Nəticədə Dağlıq Qarabağla yanaşı ona bitişik olan və bölgənin inzibati hüdudlarından kənarda yerləşən 7 rayon işğal edilib. Bu ərazilərdə etnik təmizləmə aparılıb. Hazırda Şimali İrlandiya əhalisinin əksəriyyəti Böyük Britaniya krallığının tərkibindən çıxmağın əleyhinədir. Dağlıq Qarabağ erməniləri və Ermənistan isə bölgənin Azərbaycanın tərkibində qalmasının mümkünlüyünü uzun illərdir rədd edirlər. Belə olan təqdirdə Şimali İrlandiya münaqişəsinin nizamlanmasındakı hansı təcrübənin Qarabağa tətbiqi qeyri-müəyyən qalır. Ekspertlər səviyyəsində bu məsələ dəfələrlə müzakirəyə çıxarılıb. Əsas diqqət ona yönəlib ki, icmalararası dialoqun yaradılması, qarşılıqlı kompromislər, xalq diplomatiyasının elementlərinin geniş tətbiqi Qarabağda da sınaqdan keçirilə bilər. Lakin erməni tərəfi icmalararası dialoqa dair Bakının israrlı təşəbbüslərindən qaçır. Ermənistan işğal altındakı ərazilərin boşaldılması və Dağlıq Qarabağa aralıq statusun verilməsini nəzərdə tutan sülh təkliflərini qəbul etmir. Bu baxımdan Ermənistanda Şimali İrlandiya modelinin Qarabağa tətbiqi ideyası həmişə mənfi qarşılanır. Buna baxmayaraq, münaqişənin tarixi boyu ilk dəfə separatçı münaqişə təcrübəsini yaşamış ölkənin ATƏT-ə sədrliyi dövründə bu təcrübənin tətbiqi imkanlarına dair rəsmi təşəbbüs göstərməsi ən azından Qarabağ məsələsi ətrafında müzakirələrin genişlənməsinə təsir göstərə bilərdi. Əslində tərəflər arasında qarşılıqlı etimad yaratmağa hesablanmış ideyalarla təkcə ATƏT yox, Avropa İttifaqı da çıxış edir. Aİ-nin Bakıdakı səfiri Roland Kobiya bugünlərdə deyib ki, onların bəzi ideyaları var və münaqişə tərəfləri ilə müzakirə edirlər. Həmçinin Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Soçidə keçirilən son görüşdə imzalanmış birgə bəyanatda da qarşılıqlı etimada hesablanmış təmasların dəstəklənməsi məsələsi yer alırdı. F.MƏMMƏDOV 4314 dəfə baxılıb
|
[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR [19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI” [18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA [17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR [15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR [14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR [13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR [11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ [10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ [08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR [07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA [07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ [06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR” [05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR” [05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR [04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...” [02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ [02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR [01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB [01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR ARXIV
|