|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Şəxsən mən Şuşaya ikinci dəfə getmərəm. Bəlkə kimsə gedər, mənim üçün çox ağırdır. Biz məğlubiyyət altındayıq, ora hansı üzlə gedək?” Bu sözlər Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyliyə məxsusdur. Bir neçə gün əvvəlki müsahibəsində Qarabağ mədəniyyətinin yox olma təhlükəsi ilə üz-üzə qalmasından, ölkə teleməkanında şou-proqramların at oynatdığı halda qəhrəmanların unudulmasından, Şuşa həsrətindən yana-yana danışan şuşalı ziyalı ilə xalq diplomatiyası ideyasının perspektivindən tutmuş Qarabağın xilas formullarına, yağı tapdağında olan Şuşanın qışınadək çox şeylərdən danışdıq. - Fərhad bəy, doğrudanmı bu şərtlər altında bir daha Şuşaya getməyəcəksiniz? - Əslində Şuşaya birinci dəfə getmək də çox ağır idi. Amma o vaxt getmək lazım idi. İkinci dəfə getməyimizi isə lazımsız sayıram. Gəl görək hansı statusla ora gedirik. Biz ikinci dəfə ora niyə gedirik, nəyə baxmağa? Proqram olsaydı ki, məsələn, hansı yerdə məktəb, ya evlər tikəcəyimizə baxacağıq, o, başqa məsələ idi. Yaxud heç olmasa aydın olmalı idi ki, orda nədən danışacağıq. Düzdür, biz bir yerdə yaşamalıyıq. Ancaq bunu hansısa neytral yerdə müzakirə etməliyik. Çünki orda onlar (söhbət boyu erməniləri belə adlandırır-E.P.) “ev sahibi” olur, mən də yazıq qonaq kimi gəlirəm və bu adamlarla diskussiya aparıram. Axı bu düzgün deyil. - Bir müsahibənizdə demişdiniz ki, ziyalıların ikinci səfərində Polad Bülbüloğlu Xankəndində xoşagəlməz hadisə ilə üzləşdiyi üçün ora bir daha getməyəcəyini deyibmiş. Bu məsələ sirli qaldı: nə baş vermişdi ki? - Yerli camaat çox aqressiv imiş. Heç Polad mənə də ətraflı danışmadı. Amma belə başa düşdüm ki, onları qəbul edən şəxslər özlərini pis aparıb, yəni qonaqlara hörmətlə yanaşmayıblar. Birinci dəfə onlar çalışırdı ki, hər şey yaxşı səviyyədə olsun. İkinci dəfə gedəndə isə Bako Saakyan özünü başqa cür aparıb. Əvvəlki adam ondan bir az mədəni idi. Saakyanın isə tərbiyə məsələsində deyəsən, problemləri var və bizimkiləri yaxşı qəbul etməyiblər. Buna görə də Polad dedi ki, üçüncü dəfə getməyəcəyəm. - Bununla belə sonrakı vaxtlarda da qarşılıqlı səfərlərin davam etdirilməsi, görüşlərin keçirilməsinin faydasından danışıldı... - Soçi bəyanatında da görüşməyin lazım olmasını yazıblar. Biz də deyirik. Mən də deyirəm ki, gəl görüşək. Ancaq Azərbaycan və erməni icması görüşməlidir. Onlar bizi tanımaq istəmir. Deyirlər ki, Azərbaycan icması yoxdur. Necə yoxdur? O boyda camaatı qovmusunuz, deyirsiniz yoxuq. İstəyirsiniz icma deməyin, onda Qarabağın azərbaycanlıları deyin. Berlində bu varianta da razı olduq, ona da gəlmədilər. Dedilər sözünüz varsa, gedin yerli rejimlə, Saakyanla danışın, bizdə icma yox, əhalidir. Onlar bu formulu qəbul etmək istəmir. Bizsə deyirik icma var, öz qurultayını keçirib, Rəyasət Heyətini formalaşdırıb. Bu icma Berlin Senatında, bundestaqda iclaslar aparır. Ona görə də istəyirik ki, lap onlar gəlməsə də gedib Avropa ölkələrində özümüzü göstərək, kim olduğumuzu, niyə gəldiyimizi deyək. Bu, öz mövqeyimizi açıqlamaq üçün imkandır. - Bir vaxtlar Azərbaycan icmasının fəaliyyəti tənqid olunmuşdu, ötən il isə quruma hətta maliyyə ayrıldı. Qarabağın erməni icması 20-dən artıq ölkədə nümayəndəliyini yaradıb. Azərbaycan bu kimi işlərdə niyə geri qalır? - O, bizim böyük səhvimizdir. Bu işi hələ 15 il qabaq başlamalı idik, çox gecikdik. Etiraf edirik, özümüzü də tənqid edirik. Son zamanlar bir çox işlər var, “Eurovision”, festivallar və s. var. Səhərdən axşamacan televiziyalar şou proqramlar, əyləncələrlə doludur. Qarabağın bir az yaddan çıxmaq təhlükəsi var idi. Yaxşı ki, Almaniya və Fransada tədbirlər keçirdik. Xocalıdan olan ata-anasız uşaqlarımız var, musiqiçidirlər, bir müddət alman ailələrində yaşadılar. Biz yenə onları Almaniyaya aparırıq, 26 fevralda orda matəm konserti olacaq. Orda heykəl açmışıq. Yəni hər imkandan istifadə etmək lazımdır. Qarabağ, Xocalı soyqırımı barədə hər yerdə danışmalıyıq. Biz bir az tənbəl idik, məişət problemləri, toylar, yaslar, əyləncə proqramları hər gün bizi Qarabağdan bir az ayırırdı. Mənimçün bu, hər gün bir dərddir. Daim fikirləşirəm ki, daha nə edə bilərik. - Qarabağ məsələsi ilə bağlı əsərlərin az olması da faktdır. Əslində bu da böyük təbliğat vasitəsidir... - Bir arzum var ki, Xocalı soyqırımı ilə bağlı ya matəm musiqisi, ya dram əsəri olsun. Bunlar yoxdur. Olanlar da ya çox aşağı səviyyədədir, ucuz təbliğat vasitələrinə oxşayır. Bu da məni qane etmir. Yüksək bədii səviyyəli əsərlər olmalıdır. Biz Stalini tənqid edirik, amma II dünya müharibəsində ideologiyaya çox böyük pullar qoyulub. Nə qədər gözəl filmlər, musiqi əsərləri, ədəbi əsərlər çəkilib, romanlar yazılıb. Biz də Qarabağla bağlı bu işləri görməliyik. Qoy hər şey Qarabağ üçün olsun. Hər şeyi Qarabağla bağlamalıyıq. Xocalı ilə bağlı beynəlxalq müsabiqə elan etmək lazımdır. Qoy lap 100 min dollarlıq mükafat fondu olsun. Bəlkə hansısa məşhur yazıçı Xocalı haqda bir əsər yazacaq. Yəni formaları tapmaq lazımdır. Mən özümü də tənqid edirdim, özüm də passiv idim. Amma son zamanlar gedib-gəlmək çətin olsa da uşaqlarımızı İtaliyaya, ordan Fransaya, sonra Berlinə apardıq. İndi də Polad Bülbüloğlu çalışır ki, Rusiya Dövlət Dumasında yerli deputatlarla görüşək. Demirəm ki, bu, kömək edəcək. Hər halda icmanın adı çəkiləcək, Qarabağ həqiqətlərindən danışılacaq. Baxın, Rusiyada hər gün diskussiyalar gedir, mütləq bir erməni çıxış edir. Moskva azərbaycanlıları da passivdir. Bizlərdən bu diskussiyalarda bir Heydər Camalı görürəm. Təqsir bizdədir, passivik. - Professor Rafiq Əliyev qəzetimizə demişdi ki, Qarabağ probleminin həlli üçün beyin laboratoriyası lazımdır. Yalnız bu problemlə məşğul olan qurum yaradılmalıdır... - Bəli, tamamilə doğrudur. Çox gözəl fikirdir. Əlbəttə, Azərbaycanda nə qədər intellekt potensialı varsa, onu Qarabağ naminə səfərbər etmək lazımdır. - Azərbaycan bütün sahələrdə Ermənistandan üstün olduğu halda nədən dünya miqyasında təbliğat işlərində geri qalır və həqiqətlərini çatdıra bilmir? - Bu illər ərzində yığılan problemləri birdən-birə həll etmək mümkün deyil. Son zamanlar xaricdə çoxlu tədbirlər, sərgilər, konfranslar, konsertlər oldu. Yəni son iki ildə daha da fəal olmuşuq. Burda hamımız aktiv olmalıyıq. - Vaxtaşırı tənqid olunmasına baxmayaraq nə efirdə dəyişiklik oldu, nə də digər sahələrdə. Doğrudanmı hava limanından Bakının mərkəzinə qədər olan bir məsafədə Qarabağ itkisinə dair bir lövhə, ya əsgər şəkli vurmaq çox çətin işdir? Bunun kökünü nədə görürsünüz? - Təbii ki, bu işləri görmək lazımdır. Düzdür, gələn qonaqlarla qaçqınların görüşünü mütləq təşkil edirik. Amma təbliğat məsələsində şüarlar, plakatlar olmalıdır, sizinlə razıyam. Bütün vasitələrdən istifadə olunmalıdır. Çünki əhalidə o ab-hava hiss olunmur. Əyləncə ab-havası bizi Qarabağ problemindən bir az uzaqlaşdırır. Bu, pisdir. Televiziyalara gəldikdə, görünür, maliyyə maraqları milli maraqlardan daha üstündür. Çox heyf. Yaxşı, reklam olsun, bu, pul gətirir, amma bəs proqramlar, onların bədii səviyyəsi? Şou-biznesdən o qədər danışmaq olar? Kim evlənir, kim boşanır kimi xırda, mənasız, lazımsız problemlər bizi ən böyük və çətin problemlərdən uzaqlaşdırır. Nə qədər tənqid edirik, biz də siz də, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məşhur məqaləsi var idi, görünür, kanallar bizdən qüvvətlidir. Senzura yox, onlar nə istəyirlər, edirlər. - Bəlkə ziyalıların, siyasətçilərin, ya ekspertlərin iştirakı ilə Qarabağla bağlı bir qurumun yaradılması təbliğat işində də nizamın yaradılmasına yardımçı ola bilərdi... - Niyə də yox? Bu, ümummilli problemdir. Burda iqtidar-müxalifət ola bilməz. Bu, bizim ən böyük dərdimizdir və burda hamının payı olmalıdır. Baxmayaraq ki, Akif Nağı bizi ən çox tənqid elədi, amma onun təşkilatının da öz yeri var. O da bu mübarizədə iştirak etməlidir. Burda sol və sağ yoxdur, yalnız bir istiqamət var - Qarabağ. Hər kəs bu problemlə öz imkanı daxilində məşğul olsaydı, vəziyyət indiki kimi olmazdı. Burda böyük bir ümummilli mübarizə olmalıdır. - Ziyalıların qrup halında cəbhəyə getməsi də orduda mənəvi-psixoloji durumu yaxşılaşdırardı... - Əlbəttə. Yaradıcılıq ittifaqları mütləq yığışmalı, belə səfərlər təşkil etməlidir. Müharibənin lap pis vaxtında biz Şelli kəndində uşaqlarla görüşə getmişdik. Rəhmətlik Famil Mehdi ilə getmişdik. Tarzən Ramiz Quliyev orda konsert verdi. Orda bizə güllə də atdılar. Əskiparaya, Goranboya getdik. Yenə getməliyik. Bu gün ən böyük qəhrəman əsgər, zabit, general olmalıdır. Necə ki, Türkiyədə Mehmetcik əsl qəhrəmandır, bizdə də elə olmalıdır. Hər şey, yaxşı ərzaq, yaxşı şərait əsgərlər üçün olmalıdır. Ondan sonra müharibəni başlamaq olar. Yoxsa biz burda kef çəkirik, uşaqlar orda qarın içində, səngərdə keşik çəkir. Belə olmaz axı. Heç tapşırıq lazım deyil, özümüz eləməliyik. Mənə heç kim demir ki, bunu elə, Qarabağdan olan uşaqları özüm tapıb xaricə apardım. Yetim uşaqlardır, apardıq İtaliyaya, heç olmasa könülləri açıldı. Avropalılar eqoistdir. Onları bu konflikt maraqlandırmır. Özləri də çətin durumla üz-üzədir. Biz də öz problemlərimizlə ora gedirik. Amma getmək, parlamentlərdə çıxış etmək lazımdır. Yaxşı mənada bir az həyasız olmalıyıq. Ermənilər 100 ildir həyasızlıq edir və indi də hər yerdə onları tanıyırlar. Biz bir az utancaq millətik, “yaxşı deyil, nə deyərlər” deyə düşünürük. Yox, aqressiv olmalıyıq. Həyasızlıqla da olsa ədalətli tələblərimizi irəli sürməli, qorxmamalıyıq. Nə olsun ki, Avropadır? Qarabağ problemini onlar üçün hər gün açmalıyıq. Almaniya Bundestaqının deputatı bir neçə sual verdi, əvvəl gülə-gülə baxırdı. Amma faktları dedikcə, sənədləri göstərdikcə baxdım ki, kişi tədricən dəyişdi. Başa düşdü ki, doğrudan da Xocalıda böyük bir faciə baş verib. Bu mənada Xocalı haqda böyük bir əsər ortaya qoyulmalıdır. Qoy Hollivudun böyük bir rejissoru gəlib bir əsər çəksin. Gürcüstan müharibəsindən üç il keçib. Saakaşvili rolunda məşhur Hollivud ulduzu Qarsia çəkilib. Deməzdim ki, böyük filmdir. Amma hər halda orda Hollivudun ulduzunun iştirakı böyük bir şeydir. Bu filmi Amerikada, Avropada göstərirlər. Belə işlərə mütləq vəsait buraxmaq lazımdır. - O gün internetdə yağı tapdağındakı Şuşanın qışından bəhs edən fotoşəkillər yayılmışdı... - (bir müddət susur) O fotolara baxmaq çox çətindir. Şuşada axırıncı dəfə qışda olmuşam, Vaqifin məqbərəsinin açılışında. Yayda orda çox olmuşam. Amma Şuşa qışda daha gözəldir, daha pakdır... - Necə bilirsiniz, nəhayət, qərar verilməli deyilmi? - İkinci yol müharibədir də. Dinc yolla nəticə olmasa, yalnız müharibə variantı qalır. - Azərbaycanın qüdrətindən, güclü ordusundan, Ermənistanın isə ac-yalavac durumda olmasından, ordusunun ağır vəziyyətindən çox danışıldığı bir məqamda da savaş qərarı verilmirsə, gözlənti nə ilə bağlıdır? - Orda bir tərəfdə rus ordusu dayanıb. Türkiyədən də qəti qərar almamışıq ki, bir şey olsa, biz də gələcəyik. Türkiyə də NATO çərçivəsində bu quruma tabedir. Deməli, Azərbaycan məsələni özü həll etməlidir. İran cənubda, Rusiya isə şimalda, Azərbaycan da tək qalır, ətrafda Türkiyədən başqa hamı düşmən. Müharibə başlayarkən yüz faiz əmin olmaq lazımdır ki, qələbə olacaq. Çünki Gürcüstan variantı göstərdi ki, əgər uduzsan, çox pis vəziyyət yaranacaq, hələ əlindəki torpaqları da səndən alırlar. Ona görə də min dəfə fikirləşmək, yüz faiz əmin olmaq, sonra müharibəyə başlamaq lazımdır. Müharibəyə hərtərəfli hazırlaşmaq lazımdır. II dünya müharibəsində təbliğat işi çox güclü idi. Ən gözəl rəssamlar, bəstəkarlar, şair və dramaturqlar bunun üzərində işləyirdi. Bu gün də həmin əsərlərə baxırsan, ya qulaq asırsan, deyirsən doğrudan da klassikadır. Bizdə də təbliğat məsələsində incəsənət xadimləri, jurnalistlər, icmanın özü sözünü deməlidir. Hamımız bir yerdə işləməliyik. Birinci sinifdən başlayaraq mütləq Qarabağ dərsi olmalıdır. Hər bir insan burda öz payını verməlidir. - Qarabağa dönüşlə bağlı ümidsizliyə qapılan vaxtınız olurmu? - Qətiyyən yox! Mən daim o arzu ilə yaşayıram ki, Allah qoysa, vəziyyət dəyişsə, Şuşada bir məktəb tikməliyəm. Özüm də gedib Şuşada yaşayaram. Çünki vaxtilə orda çox az olmuşuq. Rəhmətlik Süleyman Ələsgərov həmişə deyirdi ki, əşi, hara gedirsiniz Pribaltikaya, gəlin bura, cənnət burdadır. Biz o vaxt başa düşmürdük, Şuşanın qədrini bilmirdik. İndi-indi yana-yana deyirik ki, niyə mən orda çox az olmuşam, niyə yaşamamışam. Elşad PAŞASOY 1528 dəfə baxılıb
|
[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR [19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI” [18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA [17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR [15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR [14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR [13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR [11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ [10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ [08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR [07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA [07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ [06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR” [05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR” [05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR [04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...” [02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ [02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR [01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB [01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR |
| Yeni MÜSAVAT © 2008 |
|