 |
KİVDF layihələri
AĞDAMDA KƏNDLİLƏRİ ERMƏNİ GÜLLƏSİNDƏN QORUYAN MÜHAFİZƏ DİVARI 2012-02-16 BBC-nin Azərbaycan xidməti təmas xəttindən reportaj hazırlayıb; Mülki sakinləri erməni güllələrindən qorumaq üçün çəkilən 700 metrlik divar erməni səngərləri ilə üzbəüz kəndlərdə təhlükələri qismən azaldıb
|
BBC radiosu Ermənistan və Azərbaycan qoşunları arasında təmas xəttinin Ağdam rayonu ərazisindən keçən hissəsindən reportaj hazırlayıb. Orada deyilir ki, 2011-ci il martın 8-də Ağdam rayonunun Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovun erməni snayperinin gülləsindən qətlə yetirilməsi təmas xəttində mühafizə divarının tikintisinə zərurət yaradıb. Bədəlov erməni işğalı altındakı Şıxlar kəndi istiqamətində açılan atəş nəticəsində həlak olub. Bu hadisədən sonra Orta Qərvənd və Şıxlar arasında 700 metr uzunluğunda mühafizə divarı ucaldılıb. Bədəlovun ailə üzvlərinin yaşadığı ev də təmas xəttinin yaxınlığında yerləşir. Tikinti işləri ötən ilin oktyabrında başlanıb, dekabr ayında yekunlaşıb. Orta Qərvənd kəndi ilə həmsərhəd olan Şıxlar və ondan sonrakı Baş Qərvənd kəndi erməni silahlı qüvvələrinin nəzarəti altındadır. Şıxlar kəndi ilə Orta Qərvəndi 400-450 metrlik məsafə ayırır. Müharibədən öncə iki kənd arasındakı ərazidə pambıq tarlası, üzümçülük, qarğıdalı təsərrüfatı yerləşirdi. 1999-cu ilin yay aylarında Farizin babası Arif Bədəlov evin pilləkənində oturan yerdə güllə ilə sağ ayağından yaralanmışdı. 4-5 aylıq intensiv müalicədən sonra sağaldığını deyən Arif kişi növbəti təhlükələrdən sığortalanmaq üçün evin xarici görünüşündə bir sıra dəyişiklik etdiyini deyir. Bundan sonra evin qapısı və pilləkəni işğal altında olan ərazi tərəfdən tam əks istiqamətə dəyişdirilib. Mühafizə divarlarının tikintisi isə Ərazilərin Yenidən Qurulması və Bərpası Agentliyinin sifarişi ilə həyata keçirilib. Agentliyin əməliyyatlar üzrə meneceri Əhməd Əhmədov bildirib ki, divarlar cəbhə və təmas xəttində yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin olunması məqsədilə çəkilib. Onun sözlərinə görə, paralel olaraq Tərtərin Qapanlı (145 metr), Goranboyun Tapqaraqoyunlu (750 metr) kəndlərindəki yaşayış evlərinin qarşısında mühafizə divarları inşa olunub. Agentlik rəsmisi bu divarların müvəqqəti xarakter daşıdığını deyir. Bədəlovun dayısı Gündüz Səmədovun sözlərinə görə, bu istinad divarı xeyli təhlükənin qarşısını alıb, insan həyatını xilas edib. “Bu hasar olmasaydı, indi sizinlə rahat dayanıb söhbət edə bilməzdik” deyə, o bildirir. Başqa bir sakin Zakir Əliyev deyir ki, əvvəllər açıq şəraitdə burada dayanmaq 100 faiz ölüm demək idi. Çəkilmiş hasarlar əhalini evlərinin qarşısında qorusa da, kəndin başqa bir istiqamətində yerləşən təsərrüfat sahələrində olan təhlükədən qorumur. Kəndlilərin sözlərinə görə, onları pulemyotlardan atəşə tuturlar. Ağdamın Orta Qərvənd kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Amma bu ərazilər birbaşa atəş hədəfində yerləşir. Digər bir problem də su ilə bağlıdır. Belə ki, su mənbələri relyefə uyğun olaraq yüksəklik ərazilərdə yerləşir və bu torpaqlar da erməni ordusunun nəzarətində olduğundan suyun qarşısı tez-tez kəsilir. Digər kənd sakini Qardaşxan Zeynalovun da evi birbaşa erməni əsgərlərinin mövqeyi istiqamətində yerləşir. O da, divardan öncə xeyli təhlükənin olduğunu deyir. “Evdən bayıra çıxa bilmirdik, həyətdə işləmək qeyri-mümkün idi. İndi bu divar köməyimizə çatır”. Çıraqlı kənd sakini Xosrov Şükürovun evi ilə erməni postu arasındakı məsafə 100-150 metrdir. Ev ikimərtəbəli olduğundan, mühafizə divarı yuxarı mərtəbəni qoruya bilmir. İkinci mərtəbənin divarlarında, damında çoxsaylı güllə yerləri var. Elə buna görə də evin iki pəncərəsi və qapısı daşla hörülüb. Evin bir darvazası işğal altında olan Şıxlar kəndi istiqamətindədir. Onun üstündə çoxsaylı iri və ortaçaplı mərmi izləri aydın nəzərə çarpır. Hazırda bu darvaza mühafizə divarının arxasında qalıb. Güllələrdən deşik-deşik olmuş evin damından həyətə düşən günəş şüaları da müharibənin fəsadlarını ev sahibinə xatırladır. Xosrov Şükürov kənddə tanınmış adamdır. Yerli sakinlər deyir ki, əgər o, kəndi tərk etsə, hər kəs onun ardınca Çıraqlıdan çıxacaq. Çünki əhalini kəndə qayıtmağa o təhrik edib. “Burada ən qorxulu yerdə mənim evim yerləşir, amma qayıtdım. Ağır şəraitə baxmayaraq, harasa getmək fikrim yoxdur”. Evinin damını bərpa etmək üçün Ərazilərin Yenidən Qurulması və Bərpası Agentliyi ona şifer verib. Xosrov kişi isə ikinci mərtəbənin damına çıxıb bərpa işlərini aparmağın mümkün olmadığını deyir. “Gözləyirik ki, yaz gəlsin, ağaclar çiçəklənsin. O zaman heç olmasa, snayper təhlükəsindən qorunmaq olar”. F.MƏMMƏDOV 1284 dəfə baxılıb
|
[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR [19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI” [18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA [17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR [15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR [14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR [13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR [11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ [10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ [08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR [07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA [07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ [06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR” [05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR” [05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR [04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...” [02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ [02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR [01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB [01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR ARXIV
|