22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
KİVDF layihələri

RUSİYALI HƏMSƏDRDƏN “QARABAĞIN HƏLLİNİ GÖZLƏMƏYİN” MESAJI

2012-02-17

Beynəlxalq Böhran Qrupunun proqram direktoru Sabina Frayzer İqor Popovdan aldığı xəbəri “Twitter”də yaydı
Ermənilər Putinin hakimiyyət başına qayıtmaq perspektivlərindən məmnundur, Obamadan isə məyus olublar

Rusiyanın vasitəçiliyi ilə aparılan Qarabağ danışıqlarının yaxın perspektivdə heç bir nəticə verməyəcəyi və prosesin əslində status-kvonu saxlamağa hesablandığı növbəti dəfə təsdiqlənib. Qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun proqram direktoru, uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini yaxından izləyən və təhlil edən Sabina Frayzer dünən özünün “Twitter” sosial şəkəsindəki mikrobloqunda yazıb ki, münaqişənin yaxın perspektivdə həll olunmayacağına dair xəbər alıb.

Sabina Frayzer“Mən düşünmürəm ki, Qarabağ münaqişəsi tezliklə həllini tapacaq. Bu barədə mənə ATƏT-in Minsk Qrupundakı rusiyalı həmsədr İqor Popov deyib” deyə, Frayzer yazır. Beynəlxalq Böhran Qrupunun proqram direktoru növbəti “Twitter” bloqunda isə bu cür yazır: “Lakin Popovdan yaxşı xəbərlər də var: ən mühüm olanı odur ki, Ermənistan və Azərbaycan prezidentləri dostyana davranır...Soçidəki atmosfer gözəl idi”.
Soçidəki atmosfer dedikdə prezidentlər İlham Əliyev, Dmitri Medvedyev və Serj Sərkisyanın yanvarın 22-də Soçidə keçirilmiş görüşü nəzərdə tutulur. Xəbər verildiyi kimi, həmin görüşdə prezidentlər adından birgə bəyanat imzalanıb. Birgə bəyanata əsasən, tərəflər münaqişənin nizamlanmasının baza prinsipləri üzərində danışıqları intensivləşdirməyi qərarlaşdırıblar. Həmçinin münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaranmasına yönələn səyləri, bu çərçivədə erməni və azərbaycanlı ziyalılar, elm adamları və ictimai xadimlər arasında qarşılıqlı təmasları dəstəkləməyə qərar veriblər. Soçi görüşündə rəsmi hissədən əlavə qeyri-formal şəraitdə də ünsiyyət olub. Prezidentlər Krasnaya Polyana dağ xizək kurortunda xizək sürüblər və birgə nahar ediblər.
Səlahiyyət müddəti başa çatmaqda olan Rusiya prezidenti D.Medvedyevin təşkil etdiyi son Qarabağ sammitində münaqişənin nizamlanması istiqamətində hansısa ciddi irəliləyiş əldə edilmədiyini əslində həmin birgə bəyanat da təsdiq edirdi. Belə görünürdü ki, yaxın perspektivdə tərəflər münaqişənin nizamlanmasına dair baza prinsiplərini razılaşdırmağa ümid etmirlər və əsas diqqəti qarşılıqlı etimad tədbirlərinə yönəltməyi daha düzgün sayırlar. İndi isə rusiyalı həmsədr İqor Popov avropalı ekspertə Soçi görüşünün nəticələrinə əsasən, gəldiyi bədbin qənaət barədə məlumat ötürür. Onun S.Frayzerə ötürdüyü məlumatda ilginc görünən isə Soçi görüşü zamanı Azərbaycan və Ermənistan dövlət başçıları arasında münasibətlərin “dostyana” olması barədədir. Hansı ki, bu görüş zamanı çəkilmiş kadrlarda Əliyevlə Sərkisyan arasında münasibətlərin xeyli gərgin olduğu barədə qənaət yaranırdı. Xüsusən Sərkisyan Əliyevə əl uzadarkən sifətindəki murdar ifadəni sezmək çətin deyildi.
Həmin görüş ərəfəsində erməni mətbuatı belə xəbər yaymışdı ki, ötən il dekabrın sonlarında Moskvada keçirilən qeyri-formal MDB sammiti zamanı Əliyevlə Sərkisyan arasında əlbəyaxa çəkişmə olub. Belə ki, MDB-nin yubileyi münasibətilə hər üzv ölkədən bir diplomata mükafat verilərkən Sərkisyan Qarabağ məsələsi barədə müntəzəm olaraq təhrikedici açıqlamalarla çıxış edən xarici işlər nazirinin müavini Savarş Köçəryanın namizədliyini irəli sürüb. İ.Əliyev isə buna qarşı çıxaraq Sərkisyana sərt reaksiya göstərib. Tərəflər hətta döyüş vəziyyəti alaraq əlbəyaxa çəkişməyə hazır olduqlarını göstəriblər. Soçi görüşünə dair kadrlarda Sərkisyanın sifət ifadələrinə əsasən, bu insidentin baş verdiyi qənaəti güclənmiş olurdu. Ancaq indi rusiyalı həmsədr deyir ki, prezidentlər arasında atmosfer “gözəl” olub. Bu da Rusiyanı məmnun edə bilər. Çünki atmosfer yaxşıdırsa, deməli, Qarabağda yaxın perspektivdə müharibə də olmayacaq.
Gələn ay Rusiyada prezident seçkiləri olacaq və sensasiya baş verməsə, baş nazir Vladimir Putin yenidən hakimiyyət başına qayıdacaq. Onun seçki platforması yenə anti-Qərb mövqeyi və Rusiyanın keçmiş sovet respublikalarını daha çox təsir altında saxlamaq maraqları üzərində qurulub. Deməli, Putin hakimiyyət başına qayıdandan sonra da Qarabağ münaqişəsində Moskvanın nəzarətində qalmaqda davam edəcək. Ən azından “Stratfor” analitik mərkəzinin son hesabatında deyildiyi kimi, Ermənistanın Rusiyanı özünə “patron” seçməsi bu təsir rıçaqlarının qalmasına imkan yaradacaq. Digər tərəfdən, bu il hər üç həmsədr ölkədə, habelə Ermənistanda seçkilərdir. Ona görə də istər yerli, istər beynəlxalq ekspertlər Qarabağ danışıqlarından ən azı il yarım nəsə gözləmir. Elə S.Frayzer özü də bugünlərdə belə qənaətlə çıxış etmişdi. O deyib ki, qarşıdakı 18 ayda münaqişənin siyasi həlli istiqamətində heç bir addım gözləmir, çünki təkcə Azərbaycan və Ermənistanda deyil, həmçinin Qarabağ ətrafında müzakirələrdə iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ölkələrində - Rusiya, Fransa və ABŞ-da seçkilər keçiriləcək. Freyzerə görə, heç bir dövlət seçkilər zamanı siyasi hakimiyyətini Qarabağ məsələsi ilə müqayisədə risk altına qoymaz. S.Freyzer hesab edir ki, Qarabağ məsələsində əsaslı nailiyyət Azərbaycanda gələn ilin payızına nəzərdə tutulan prezident seçkilərindən əvvəl ola bilər. Çünki bu il ərzində Rusiya, Ermənistan, Fransa və ABŞ-da seçkilər nəzərdə tutulur. O düşünür ki, beş ölkədə keçiriləcək seçkilərə sərf edilən zaman ərzində azərbaycanlılar və ermənilər arasında əlaqələri gücləndirmək səyləri dəstəklənə bilərdi.
Ermənistan siyasi çevrələrində gedən müzakirələrə əsasən, Rusiyada Putinin yenidən hakimiyyət başına qayıtmaq perspektivləri İrəvanın maraqlarına uyğundur. Ermənistanda Medvedyevin Qarabağ vasitəçiliyi bəzi mərhələlərdə qəzəblə qarşılanmışdı və belə narahatlıqlar yaranırdı ki, Rusiya Azərbaycanla sərfəli qaz anlaşmalarının əvəzində münaqişənin Bakının xeyrinə həlli üçün İrəvana təzyiq göstərir. Həmçinin Medvedyevin prezidentliyi dövründə Azərbaycan Rusiyadan bir çox güclü silah sistemləri də alıb. İndi Ermənistanda gözləyirlər ki, Putin hakimiyyət başına qayıdanda Qarabağ münaqişəsinin tezliklə həllinə nail olmaq üçün İrəvana təzyiq etməyəcək. Erməni ekspertlərə görə, Putin Qarabağ münaqişəsi barədə Medvedyevdən daha təcrübəlidir və nəzərə alır ki, bu məsələni tezliklə həll etmək mümkün olmayacaq.
Amerikadakı prezident seçkilərində isə deyəsən, ermənilərin vəziyyəti yaxşı deyil. İkinci müddətə Ağ Evdə qalmaq şansları hələ yuxarı hesab edilən prezident Barak Obama erməni lobbisini məyus edərək gələn il üçün Ermənistana maliyyə yardımlarının 19 faiz azaldılmasını, işğal altındakı Dağlıq Qarabağa maliyyə yardımının isə ümumiyyətlə kəsilməsini təklif edib. Amerikadakı erməni təşkilatları Obamanın Konqresə göndərdiyi büdcə təklifindən məyusluqlarını gizlətmirlər. Amerika Erməni Milli Konqresinin icraçı direktoru Aram Ampryan deyib ki, Obama ermənilərə verdiyi vədlərin heç birini yerinə yetirmədi: “O, soyqırım barədə verdiyi sözü yerinə yetirmədiyi bəs etmirmiş kimi yardımları da azaldır. Biz Konqresdə büdcə müzakirələri zamanı Ermənistana yardımın artırılması, Dağlıq Qarabağa birbaşa yardımın bərpa edilməsi üçün bütün səyləri göstərəcəyik”. Beləliklə, Amerika erməniləri indi əsas ümidlərini respublikaçıların prezidentliyə namizədinin müəyyənləşməsinə bağlayıblar.

F.MƏMMƏDOV

2687 dəfə baxılıb

Xəbəri paylaş

[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR

[19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI”

[18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA

[17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR

[15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR

[14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR

[13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR

[11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ

[10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ

[08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR

[07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA

[07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ

[06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR”

[05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR”

[05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR

[04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...”

[02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ

[02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR

[01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB

[01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR

ARXIV

Yeni MÜSAVAT © 2008