22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
KİVDF layihələri

“ŞUŞASIZ AĞDAMIN MƏNİM ÜÇÜN HEÇ BİR DƏYƏRİ YOXDUR”

2012-02-19

Aqil Abbas: “Əgər bir erməni “Ədalət”ə gəlib desə ki, mən Azərbaycan qanunlarına tabeyəm onu qəzetdə işə götürərəm”
“Mən təmas xəttini keçib gedəndən sonra Azərbaycan ordusu iki tərəfdən hücuma keçdi, bir tərəfdən 5 km, digər tərəfdən 3 km torpaqlarımızı işğalçı əsgərlərdən azad etdi”

Qarabağ məsələsinin sülh yolu ilə həlli istiqamətində diplomatik çalışmalar dalana dirənmiş durumdadır. Azərbaycanın hətta rəsmi şəxsləri ATƏT-in Minsk Qrupuna etimadsızlıq ifadə etdiyi bu günlərdə həmsədrlərin bölgəyə növbəti səfəri planlaşdırılsa da, bu kimi gəl-getlərin prosesi irəli aparmağa xidmət etmədiyi hər kəsə bəllidir. Odur ki, Qarabağ məsələsinin həlli yollarının əslən Qarabağdan olan ziyalılar, tanınmış simalarla müzakirəsini davam etdiririk. Budəfəki müsahibimizin həll modeli, dilə gətirdiyi bəzi fikirlər bəlkə də mübahisələrə səbəb ola bilər.

Xüsusilə də ermənilərin islahı istiqamətində dediyi tezislərlə razılaşmayanlar da ola bilər. Ancaq bu da bir mövqedir. Professor Rafiq Əliyev Qarabağ məsələsinin həlli üçün “beyin laboratoriyası”nın yaradılmasını, Fərhad Bədəlbəyli Qarabağ məsələsi ilə bağlı beynəlxalq aləmdə sözün yaxşı mənasında həyasız olmağımızı zəruri sayırdısa, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, yazıçı-publisist Aqil Abbasın istəyi düşməni savaş dili ilə yerində oturtmaqdır. Onun nəzərincə, ATƏT Qarabağı erməniyə təhvil vermək üçün yaradılan bir qurumdur. Qarabağ isə Azərbaycanın daxili məsələsi olduğu üçün Daxili Qoşunlarımız tərəfindən, antiterrror əməliyyatları nəticəsində azad edilməlidir:

- Rusiya-Çeçenistan müharibəsində vuruşan polis idi. Sonra ordudan kömək istədilər. Əslində bizə o kömək də lazım deyil. Mən Daxili Qoşunlarda çox olmuşam və gücünə bələdəm. Sizi əmin edirəm ki, Daxili Qoşunlar Dağlıq Qarabağı işğalçıdan təmizləyər. Yox, əgər gücümüz çatmasa, o halda Müdafiə Nazirliyindən kömək istəyərik. Biz Ermənistanın ərazisinə keçsək, bu, müharibədir. Ancaq biz torpağımızı separatçılardan və terrorçulardan təmizləmək istəyirik. O zaman Amerika, ya Rusiyanın haqqı var ki, desin sən niyə başqa dövlətin sərhədini keçirsən.

- Amma böyük dövlətlər belə hərb qərarı verməzdən əvvəl beynəlxalq aləmdə rəy aşılayırlar ki, buna ciddi etirazlar olmasın. Bu mənada Azərbaycanın günün birində savaşa başlaması heç də sakit qarşılanmayacaq.

- Bunu mən də bilirəm. Amerika müharibə tərəfdarı deyil, amma gəlib İraqda 1,5 milyon adam öldürdü. Budur, İraqda “çox gözəl, demokratik respublika” yaradıblar, qurd qoyunla otlayır. Həmçinin Əfqanıstanda millət xoşbəxt yaşayır. Amerikadan gəlib başqa ölkələrdə demokratiya yaradanları çox görmüşük. Biz öz torpağımızda, ev-eşiyimizdə demokratiya yaratmaq istəyirik. Stepanakertdə - indi yəqin deyəcəklər ki, Aqil Abbas belə deyir, amma biz nə vaxt o torpaqları geri qaytaracağıq, o zaman Xankəndi olacaq - bir erməninin hüququnu qorumaq da bizim vəzifəmizdir. Əgər oradakı erməni Azərbaycan vətəndaşıdırsa, o, mənim kimi deputat da seçilə bilər, prezidentliyə namizədliyini də irəli sürə, yaxud nazir, baş nazir ola bilər. Eyni zamanda necə ki, ölkənin sərvətlərindən istifadə məsələsində Azərbaycanda yaşayan digər qeyri-türklər hansı hüquqa malikdirlərsə, Dağlıq Qarabağda yaşayan ermənilər də o hüquqa malik olacaq. Yetər ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etsinlər. O halda biz onların da hüquqlarını müdafiə edəcəyik. Biz sadəcə öz dövlətimizin suveren hüquqlarını bərpa etmək istəyirik. Sizi inandırıram, orda yaşayan ermənilərin 70 faizi sevinər ki, Azərbaycan gəlib Dağlıq Qarabağda öz suverenliyini bərqərar elədi. Bu da faktdır ki, bu gün ermənilər oradan qaçırlar. Mən o sözü də qəbul etmirəm ki, guya ermənilər hamısı qaçıb gedəcək, ərazilər boşalacaq, biz gedib torpaqlarımızı alacağıq. Sadəcə olaraq oradakı ermənilər də insan kimi yaşamaq istəyir. Əgər belədirsə, biz o şəraiti onlara yaratmalıyıq. Vaxtilə bizə özəlləşdirmə çekləri vermişdilər, erməninin də o payı almaq haqqı var. Azərbaycan vətəndaşlığını qəbul edən hər bir erməni mənim qədər hüquqlara malikdir. Biz öz vətəndaşlarımızın hüququnu qoruyuruq, gedib Ermənistanda kiminləsə vuruşmuruq. Rusiya Çeçenistanda öz vətəndaşlarının hüquqlarını bərpa etdiyi kimi, biz də Dağlıq Qarabağda Azərbaycan vətəndaşlarının hüquqlarını bərqərar etmək istəyirik, başqa niyyətimiz yoxdur.

- Əgər Qarabağ ermənilərinin 70 faizi Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyirsə, onların bir qrupu qaçıb Bakıya gələ, kömək istəyə bilərdi, elə deyilmi?

- Biz açıq deməliyik ki, əgər kimsə Azərbaycan vətəndaşlığını qəbul etmirsə, Allah işini avand eləsin. Bu gün hətta azərbaycanlı var ki, ölkə vətəndaşlığını qəbul etmir, küsür Hollandiya, Fransa, Belçikaya gedir. Biz o adamlarla dava etmirik ki. Bu mənada Stepanakertdə yaşayan bir erməni Azərbaycan vətəndaşlığını qəbul etmirsə, getsin Fransada Sarkozi ilə bacanaq olsun. Ancaq əgər bir erməni “Ədalət” qəzetinə gəlib desə ki, mən Azərbaycan qanunlarına tabeyəm, bu dövlətin qanunlarını tanıyıram və sizin qəzetdə işləmək istəyirəm, mən onu işə götürərəm.

- Necə bilirsiniz, Azərbaycanın işğal olunmuş ərazilərin azad olunması ilə bağlı atılmalı olan addımları sistemləşdirmək, elə sizin də təkliflərinizi nəzərdən keçirmək üçün hansısa bir quruma, təşkilata ehtiyac yoxdurmu?

- Bu, olmalıdır. Çox təəssüf ki, hələ ki, bu, baş verməyib.

- Səbəb nədir?

- Səmimi danışaq, əgər belə bir qurum yaratsaq, mənim dediklərimi reallaşdırmaq istəsək, birinci müxalifət qəzetləri söyəcək  ki, bunlar ermənilərlə dostluq etmək istəyir. Ancaq mənim dediyim çox ciddi məsələdir. Sırf dövlətin ideoloji işi bu məsələlərin həyata keçirilməsinə yönəlməlidir. Televiziyalar, qəzetlər təbliğat aparmalıdır, ideoloji iş görülməlidir ki, erməni də inansın, görsün. Misal deyim, 7-8 il əvvəl Tatarıstanda müəllim, həkim, polisin maaşı Rusiyadakı digər subyektlərdəkinə nisbətdə iki dəfə artırıldı. Bu zaman Tatarıstanda Rusiyanın subyekti olan Gəncə boyda bir şəhər qalxdı ayağa ki, biz Tatarıstana birləşmək istəyirik. Dedilər ki, necə olur bizdə müəllim 400 dollar maaş alır, amma qonşu tatar şəhərində 800 alır. Yəni biz elə yaşayış səviyyəsi qurmalıyıq ki, erməni görsün Ermənistanda, Stepanakertdə yaşayan müəllim 200 dollar alır, amma 50 km qonşuluqdakı Ağcabədidə yaşayan müəllim 800 dollar alır. Ölkənin iqtisadi gücü artdıqca bu imtiyazlar da artmalıdır. Mən iqtidar nümayəndəsi kimi danışmıram, gəlin Ermənistanın da büdcəsinə, iqtisadi inkişafına baxaq, Azərbaycanın da. Əgər biz Ermənistanı 4-5 dəfə keçiriksə və bu şəkildə davam edəriksə, o halda Qarabağdakı erməni deyər qardaş, mən də neftdən pay, Azərbaycanın büdcəsindən maliyyə istəyirəm. Möhtərəm prezident Ağcabədi, ya Bərdədə hansısa obyektlərin tikilməsinə 2-3 milyon manat ayırır. Dağlıq Qarabağda isə 80 min erməni yaşayır. Təkcə Ağcabədinin əhalisinin sayı 120 mindir. Ağdamın işğal altında olmayan hissəsindən 90 min, Bərdədə 150 min adam yaşayır. Əgər biz Ağcabədiyə 10 milyon pul veririksə, Qarabağdakı 80 min erməni 200 min dollar aldığı üçün ürəyi partlayar. Düzdür, milli hiss, iddialar var, ancaq insanlar həm də yaşamaq istəyir. İqtisadi məsələ çox şeyi həll edir. Amerika hər il Qarabağ ermənilərinə 10 milyon pul verir. Mən bir dəfə yazdım ki, “Bin Ladenə pul verək?” Amerika Qarabağdakı erməni terrorçularına maliyyə ayırırsa, məntiqlə biz də Amerikaya qarşı olan terrorçulara pul verməliyik də.

- Vaxtaşırı belə təkliflər də səslənir ki, Azərbaycanın dövlət büdcəsində Qarabağ erməniləri üçün də vəsait nəzərdə tutulmalıdır...

- Bunun üçün gərək ermənilər Azərbaycan qanunlarına tabe olsunlar. Bizim qanunlara tabe olan kimi təbii ki, onlara maliyyə nəzərdə tutulacaq. Hətta ola bilər ki, büdcədə Ağdama nisbətən Dağlıq Qarabağ əhalisinə daha çox vəsait nəzərdə tutulsun.

- Dağlıq Qarabağa Azərbaycan ziyalılarının, ictimaiyyət nümayəndələrinin səfəri də gündəmdə olan məsələdir. Bir müddət öncə Fərhad Bədəlbəyli qəzetimizə indiki şərtlər daxilində bir daha Şuşaya getməyəcəyini deyib. Ancaq Soçi görüşündə də bu kimi səfərlərin reallaşdırılmasına çağırışlar əksini tapıb. Siz bu kimi səfərlərə necə baxırsınız?

- Mən dəfələrlə bu barədə demişəm, yenə də deyirəm: Mən Ağdama da gedəcəyəm, Şuşaya da, ancaq qalib bir xalqın qalib yazıçısı kimi. Turist kimi Antalyaya, Kiprə, Kislovodskə gedərəm, gedib orda mədəmi müalicə etdirərəm. Amma Şuşaya... Fərhad müəllim gözəl açıqlama vermişdi. Doğrudan da Polad Bülbüloğlu məcburən ora səfər etmişdi, Elə Fərhad müəllim də. Amma dövlətin qanunları işləməyən yerə mən niyə getməliyəm. Bu səfərlərin nə mənası var? Ancaq ermənilər bizim telekanallara baxırlar. Çox istərdim ki, bizim telekanallar gündə 4-5 dəfə 15 dəqiqəlik müddətində ermənicə verilişlər versinlər. Orda bizim inkişafımızı göstərsinlər. Düzdür, müəyyən kanallarda bu layihə var, amma bu işi genişləndirmək lazımdır. Qoy ermənilər görsünlər ki, Bakıda bu qədər tikintilər var, bu qədər inkişafa nail olunub. Bu gün ermənilər bizim inkişafı görmür axı. Yaşlı ermənilər Azərbaycan dilini başa düşsələr də, gənc ermənilər dilimizi bilmir. Odur ki, ermənicə verilişlərə ehtiyac var. Erməni baxıb görəcək ki, necə olur biz burda ağır vəziyyətdəyik, amma Bakıda belə inkişaf var. İnsanlar yaşamaq istəyir. Avropada sərhədlər pozulub daha. Almaniya ilə Belçikanın sərhədini bilən yoxdur. 

- Parlamentdə Qarabağ dinləmələrinin keçirilməsini niyə tələb eləmirsiniz? Ekspertlərin, mütəxəssislərin, güc strukturlarının iştirakı ilə nədən bir qapalı toplantı keçirilməsin?

- Bu barədə Fərəc Quliyev tez-tez məsələ qaldırır. Bizim deputatlar Qarabağla bağlı nə varsa, hamısını deyirlər. Yəni bu dinləmələr məsələsi bir az şouya oxşayacaq. Hesab etmirəm ki, Qarabağ məsələsində populist çıxışlara ehtiyac var. Qarabağ məsələsi ilə dövlət məşğuldur. Deyək ki, biz iclas təyin etdik və müdafiə naziri Səfər Əbiyevi parlamentdə deputatlara məlumat verməyə çağırdıq. Axı, müdafiə nazirinin parlamenti məlumatlandırması nəzərdə tutulmayıb. O, yalnız Ali Baş Komandana hesabat verməlidir. Məsələnin başqa tərəfi var. Deyək ki, müdafiə naziri gəlib 125 nəfərin qarşısında məlumat verir. Ancaq belə olmaz axı. Deyək ki, Türkiyədə qanuna görə deputatlar məxfi dinləmələri nəzərdə tutulan müddətdən qabaq açıqlayarsa, o halda məsuliyyət daşıyırlar. Bizdə də əvvəlcə qanunda bu nəzərdə tutulmalıdır, ondan sonra parlamentdə qapalı Qarabağ dinləmələri keçirək.

- Bir dəfə ANS-in efirindən təmas xəttini keçib xalqı Qarabağı azad etməyə çağırmışdınız. Ancaq bu çağırışdan sonra da ermənilər Ağdamda hərbi təlimlər keçirir, qanunsuz məskunlaşmanı davam etdirir...

- Mən sizə ilk dəfə bir sirr açıram. O zaman mən təmas xəttini keçib gedəndən sonra Azərbaycan ordusu iki tərəfdən hücuma keçdi, bir tərəfdən 5 km, digər tərəfdən 3 km torpaqlarımızı işğalçı əsgərlərdən azad etdi. Bu əməliyyatın biri Qərvənd tərəfdən, digəri isə həmin mən keçdiyim tərəfdən həyata keçirilmişdi. Yəni bizim əsgərlərimiz həmin çağırışdan ruhlanaraq postlarımızı bir neçə kilometr qabağa çəkdilər. Mən bunu faktla deyirəm, gedib əlimlə də o ərazini göstərə bilərəm. Bu gün erməni İrəvanda belə tapılmır. Ağdamda, Şuşada erməni nə gəzir? Ermənistan Silahlı Qüvvələrinin Ağdamda uzaqbaşı 200-250 əsgəri var. 20 dənə erməni postunun hərəsində 10 erməni əsgəri dayanıb. Arxada da 100 əsgər dayanıb, vəssalam. Sabah Ağdamın bizdəki ərazisindəki polisimizə əmr etsələr, polisimiz 20 dəqiqədən sonra Ağdamın mərkəzində oturub çay içər. Gözünüzün qabağına işğal olunmuş ərazini gətir və cəbhəboyu Ermənistanın ərazisini 20 metrdən bir düz, gör çatacaqmı.

- Ancaq fakt budur ki, biz Qarabağsızıq, insanlar öz torpağında dəfn olunmaq arzusunu belə reallaşdıra bilməyərək dünyadan köçür, o yerlərin izinə bələd olanlar azalır. Deməli, nəhayət ki, qərar vermək lazımdır, deyilmi?

- Bunu kim danır ki? Onu da deyim ki, mən iqtisadi yolla Qarabağın azad edilməsinin tərəfdarı deyiləm. Gözləyək ki, ermənilər acından öləcək, ya ağıllanacaq və biz gedib Qarabağda oturacağıq, mən bu varianta ümid etmirəm. Bəzən məni ittiham edirlər ki, guya Qarabağı unudan adamam. Atəşkəsə qədər mən Qarabağda vuruşmuşam. Sabah da Ali Baş Komandan əmr versə, gedib torpaqlarımızın uğrunda vuruşacağam. Amma bu gün kimsə icazəsiz gedib təmas xəttini keçsə, ona cinayət işi açılar. Darıxmayın, Allahın köməkliyi ilə vuruşub torpağımızı alacağıq. Mən həmişə nikbinəm.

- Bu, Təhlükəsizlik və müdafiə komitəsinin nümayəndəsinin nikbinliyidir, yoxsa yazıçı Aqil Abbasın?

- Yazıçı nikbinliyidir. Mən qarabağlı Aqil Abbas olaraq hesab edirəm ki, Ağdamı, Şuşanı - onu deyim ki, Ağdamı görməyim elə də çətin deyil, uzaqbaşı ağdamlıları ayağa qaldıraram, gedib Ağdamı azad edərəm, buna da gücüm çatar, müharibə dostlarım məni çox istəyir - amma Şuşanı görə bilməsək, Ağdam mənə lazım deyil. Şuşasız Ağdamın mənimçün heç bir dəyəri yoxdur. Əgər Şuşanı görə biləcəyimə inanmasam, iki balamın canı üçün o dəqiqə özümü asaram. Şuşanı görməsəm nəyə yaşayıram...

Elşad PAŞASOY

1525 dəfə baxılıb

Xəbəri paylaş

[20.05.2012] - ERMƏNİLƏRİN QARABAĞDAKI ARXEOLOJİ SAXTAKARLIĞI GÜCLƏNİR

[19.05.2012] - “ARTIQ ERMƏNİSTAN KƏNDLƏRİ BOŞALIRDI”

[18.05.2012] - ERMƏNİ DƏRSLİKLƏRİNDƏ TÜRKLƏR DÜŞMƏN ROLUNDA

[17.05.2012] - PUTİNİN YENİ QARABAĞ KURSUNUN TƏHLÜKƏLİ KONTURLARI GÖRÜNÜR

[15.05.2012] - MOSKVADA PUTİNLƏ ÇƏTİN QARABAĞ SÖHBƏTİ GÖZLƏNİLİR

[14.05.2012] - SƏRKİSYAN PAYIZDA İSTEFA VERƏ BİLƏR

[13.05.2012] - ERMƏNİLƏR XOCALI AEROPORTUNU İŞƏ SALMAQ NİYYƏTİNDƏN ƏL ÇƏKMİR

[11.05.2012] - İŞĞALÇILARIN BOĞAZINDA QALAN QƏLƏBƏ

[10.05.2012] - XANKƏNDİNDƏ ERMƏNİSTANIN GÜLÜNC GÜC NÜMAYİŞİ

[08.05.2012] - BU GÜN ŞUŞANIN İŞĞALINDAN 20 İL KEÇİR

[07.05.2012] - ERMƏNİ TERRORU BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA

[07.05.2012] - HƏMSƏDRLƏRİN QARABAĞA MAY GƏZİNTİSİ OLACAQ

[06.05.2012] - “ERMƏNİLƏR DƏ BİLİR Kİ, ORDA MÜVƏQQƏTİDİRLƏR”

[05.05.2012] - “AZƏRBAYCAN YALNIZ MİNSK QRUPUNA İNAMINI İTİRSƏ, MÜHARİBƏ VARİANTINA ƏL ATA BİLƏR”

[05.05.2012] - ERMƏNİLƏR ŞUŞANIN İŞĞAL GÜNÜNƏ XARİCDƏN MUZDLULAR GƏTİRİR

[04.05.2012] - “RAMİZ GEDƏNDƏN SONRA ŞUŞA DA GETDİ...”

[02.05.2012] - NOVRUZ MƏMMƏDOVDAN QƏRBƏ İLGİNC QARABAĞ ŞƏRTİ

[02.05.2012] - SƏRKİSYAN ERMƏNİLƏRİ MÜHARİBƏ TƏHLÜKƏSİ İLƏ QORXUDUR

[01.05.2012] - ALMAN JURNALI AĞDAM HAQDA YAZIB

[01.05.2012] - ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ GƏRGİNLİK SƏRKİSYANIN SEÇKİ OYUNUDUR

ARXIV

Yeni MÜSAVAT © 2008