22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Müsahibə

“İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİRƏM Kİ...”

2011-09-05

Mirmahmud Mirəlioğlu: “Dəyişiklik mütləq baş verməlidir”
“Ölkədə qul bazarları, səfalət var, amma bir tədbirdə milyonlar təkcə yaylım atəşinə xərclənir...”

Düşdüm xatirələr burulğanına,
Bir ömrün kitabı vərəqlənirdi...
Baxdıqca bu yolun nöqsanlarına
Üstümə dərd yağır, qəm ələnirdi...

Siz bilən bu şeir parçası kimə məxsusdur? Yəqin, bir anlıq hansısa şairlərin adını beyninizdə dolandırdınız. Ancaq yox, bu, Mirmahmud bəyin 30 il öncə yazdığı şeirdən misralardır. Təəccüblənməyin, söhbət Azərbaycan siyasətində özünəməxsus yeri olan, istiqlalçı deputat, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludan gedir. Bu barədə az sonra...
Sentyabrın ilk günü 55 yaşını tamamlayan yubilyarla gec görüşməyimizin səbəbi vardı. Ad gününü ata yurdunda 101 yaşlı nənəsi və anası, digər doğmaları ilə bərabər keçirmək üçün Yardımlının Honuba kəndinə getmişdi. Deyir kənddən kifayət qədər enerjili qayıtmışam, bir az da ruhlanmışam: “Yaş məsələsi nisbidir. Bəlkə də diqqət cəlb edən sadəcə iki 5-in yanaşı olmasıdır. Amma əslində bir ömür payıdır, adam doğulur, yaşayır, ölür... Müəyyən təsiri də olur. Hardasa 30 il bundan qabaq bir cızmaqaram var idi... Yuxarıdakı şeir parçası da ordandır. Adam xatirələr burulğanına düşür, nöqsanını görürsən. Ancaq daha çox ona fikir verirsən ki, nələrisə eləməmisən. Bir başqa təsiri də var. Bəlkə də bu, yaşın diktəsidir. Hesab edirəm ki, nəsə çatdırmaq, saata yerləşdirmək olmur. Təbii ki, onu çatdırmaq lazımdır. Ömür bir missiyadır.

- Şeir çələngindən belə başa düşdüm ki, Mirmahmud bəyin də şeir külliyyatı var imiş, amma daha çox sandıq ədəbiyyatına üstünlük verib...

- Külliyyat deməzdim. Sadəcə cızmaqaralar olub. Üzə çıxması o qədər də doğru sayılmayıb. Amma vaxtilə ədəbi birliklərdə olmuşam. Ordan siyasi fəaliyyətə keçmişik.

- Kimsə “şeir sizlik deyil” deyib, yoxsa siyasətin sizə daha çox ehtiyac olduğunu bildirib?

- Yazı-pozu işi bu gün də davam edir. Onsuz da yazdıqlarımı çapa vermirəm ki. Yazıram, qalır arxivdə. Siyasi proseslər başlayanda hər kəsə bir xüsusi baxış var idi. 30-cu illəri xüsusi xatırlayırdılar. Rəhmətlik atama deyəndə ki, sənin oğlun bu proseslərə qoşulub, atam çox təyinatlı bir söz demişdi ki, “o, öz işini bilir”. Yəni bu bir cümlə ilə mənim məsələm həll olunmuşdu. Atamın “Sənin yolun düz yoldur” dediyi də var idi. Sonra da Əbülfəz bəyin xüsusi bir təkidi var idi. Mən 1995-ci ildən sonra siyasətdən getmək qərarı vermişdim ki, siyasət mənlik deyil. Bəy dedi ki, sən mütləq siyasətdə olmalısan. Sənin siyasətə ehtiyacın yoxdur, amma siyasət sənsiz olmaz. Ona görə də dədəmin - atamın, sonra da mənəvi ata hesab etdiyim şəxsin tapşırıqlarına əməl elədim.

- Siyasətdən sonra gedəcəyiniz ünvan bəlli idi?

- Ya elmi, ya pedaqoji fəaliyyətlə məşğul olmaq istəyirdim. Amma sıravi üzv kimi qalmaq niyyətim var idi. Bəyin göstərişindən sonra xeyli düşünüb-daşındım, xüsusi razılıq oldu ki, “qalıram”.

- Üstündən illər keçəndən sonra siyasətdə qaldığınızdan dolayı peşmançılıq varmı?

- Yox. Mən işlərimi elə görürəm ki, bəzən xırda-para, bəzən böyük nöqsanlar olmaq şərtilə peşmançılıq hissi olmur. Düzdür, bəzən deyirlər ki, mən bədahətən deyirəm, gözlənilməz addımlar atıram. Amma bunların hamısı düşünülmüş olur. Ona görə də öz seçimimə görə peşmançılıq ola bilməz. 

- Ata yurdunda sizi özünə çəkən daha çox hansı ünvandır?

- Birinci dədə ocağıma gedirəm. Orda həm də mənim 100-dən artıq yaşı olan nənəm, anamın anası Sabahnisə nənə yaşayır, onu canlı olaraq ziyarət edirəm. Dil açanda bizə danışmağı o öyrədib, ilk şeirləri də ondan öyrənmişik. Anamı ziyarət edirəm və ayağım dədə ocağına dəyəndən, salamlaşandan sonra digər doğmalarımı, müqəddəs yerləri, dədələrimin qəbirlərini ziyarət edirəm. Bu, mütləqdir. Qarda-boranda da belədir, yol olmayanda da. Çox vaxt cığırı da özüm açıram. Onda daha rahat oluram.

- Sizin kənd Honuba həm də Azərbaycanın güney və quzeyinin kəsişməsində yerləşir. Yəqin zirvələrdən güney tərəfə baxdığınız da çox olub. Elçibəyin dediyi kimi, bütün yollar bizi Savalana nə zaman aparacaq?

- Artıq o yallar var, sadəcə gedən yoxdur. Dünyanın siyasəti, düzəni imkan vermir. Amma bu gün Urmiyada baş verənlərdən bir neçə saat sonra biz də xəbərdar oluruq. Bəyin dediyi kimi, 22 avqustda Savalan ziyarəti günü, Bəzz qalasına ziyarət varsa, demək, aparan yollar var. Elə olur biz 50 km yol qət edib Qaraqayanın üstündəki Çiçəkli yaylağına, Qəhrəman yurduna çıxırıq. Ordan çox möhtəşəm mənzərə alınır, düz Savalanla üzbəüz qalırsan. Mənim qohumlarımın bir hissəsi Şura hökuməti ilə mübarizədən sonra artıq yaşaya bilməyib Güneyə köçüblər. Ayrı-ayrı vaxtlarda qayıdanlar da olub, üsyanlarda iştirak ediblər. Ancaq bizim yarımız orda, yarımız burdadır. Kəndimizin Bazar yeri adlanan ərazi ilə Güney lap yaxındır. Neytral zona var, orda bizim kəndin yerləri qalıb. Şələ, Ləzran, Eçara kimi köçürülən kəndlər olub, onların bəziləri yenidən qayıdıb. Əslində bu hisslər bizi bütövləşdirməyə aparır.

- Heç İranda olubsunuz? Sizin kimi düşünən və danışanlar, təbii ki, bu ölkə üçün arzuolunan deyil.

- Ordan keçib Kərbəla ziyarətinə getmişəm. Amma çətinlik indi də qalır. Azərbaycandan Naxçıvana getmək istəyənlər Biləsuvardan rahat keçə bilirsə, bizim üçün çətindir. Elə dediyim səfər vaxtı bizim 105 nəfərlik heyəti İran İslam Cümhuriyyəti adlanan ərazidə təkcə mənə görə ancaq gecə səfərinə icazə verirdilər. Gündüz isə avtobusları hərəkətsiz saxlayırdılar. Ancaq bunun fərqi yoxdur. Ordakı insanımızın haqqını müdafiə etməliyik. 

- Elçibəyin sağlığında, hətta sovet dövründə Güney məsələsinə Azərbaycanın quzeyində diqqət indiki kimi zəif deyildi. Səbəb nədir? 

- Bunun bir səbəbi yeridilən siyasətdir. O zaman bu məsələ ilə məşğul olan konkret şəxsiyyət, Əbülfəz bəy var idi. İndi cəmiyyət başqasını görə bilmir. Olsun ki, o adam görünə də bilmir. Baxmayaraq ki, Dünya azərbaycanlılarının qurultayı da keçirilir. Günlərin bir günü İlham Əliyev “mən 50 milyonluq xalqın prezidentiyəm” də dedi. Ancaq ondan sonra bu mövzuda danışılmadı. Vaxtilə bu problemə sahib duran, yolunu göstərən var idi. Sadəcə olaraq bu yol boş qalıb, gedənlər yoxdur. Bu gün Azərbaycan polisinin, hakimiyyətinin məsələyə münasibəti də fərqlidir, milli münasibət deyil. Amma elə çanaq da öz başlarında çatladı. Necə ki, İrandan Azərbaycana böyük təpki oldu, milləti və dövlətin təmsilçilərini təhqir etdilər.

- Arazın bu tayında da problemlər az deyil. Müstəqil Azərbaycandakı mövcud vəziyyət yaxşılığa doğru nə zaman dəyişəcək?

- Bir məsələni də deyim ki, ayrılmış xalqlara, dövlətlərə münasibət bir başqadır, bizə bir başqa. Hətta BMT yaradılanda belə, qurumun gündəliyindəki ilk məsələlərdən biri Güney Azərbaycan məsələsi olub. Üstündən 66 il keçib, bu günə qədər ona baxılmayıb. Bizə başqa münasibətin olmasının da ilk səbəbkarı özümüzük. Biz hələ millətimiz və dövlətimizin adını düz demirik. Amma bu, çox çəkməyəcək. Bir dəfə Həzrəti Musadan soruşdular ki, artıq 39 ildir bütün insanları səhrada gəzdirirsən, çoxmu çəkəcək? Dedi bir köləmiz, bir ilimiz qalıb. İndi mən bilmirəm bizim neçə köləmiz qalıb. Amma illərimizin sayı da çox azdır. Azərbaycanda bu problem uzun sürə bilməz. Həm dünyada baş verənlərə görə, həm haqq-ədalətin gec də olsa mütləq və mütləq bərpasına inandığımıza görə, həm dini inanclarımıza görə bu baş verəcək.

- Son vaxtlar yenidən müxalifəti birləşdirməyə təşəbbüslər olsa da, nəticə yoxdur. Bu ayrılıqlar necə, çoxmu çəkəcək?

- Bunun da səbəbi biz özümüzük, bizim xarakterlərimiz, məsələlərə baxışlarımızdır. Bir qisim adam belə düşünür ki, ancaq kampaniyalarda, müəyyən mərhələlərdə bir yerdə olmaq lazımdır. Bu da həmin ərəfədə çox vaxt aparır. Biz hələ bir-birimizi inandıra bilmirik. Bizim səhvlərimiz, nöqsanlarımız var, özümüz nəticə çıxartmalıyıq. Birlik baş tutmasa belə, bu, o demək deyil ki, prinsiplərimizdən imtina edəcəyik. Bizim belə düşünən siyasətçilərimiz də var ki, gün gələr cəmiyyət özü axtarar ki, bizim siyasətçilərimiz hardadır, o zaman gəlib bizi birləşdirəcəklər. Bu, ola da bilməz. Məncə, əvvəl-axır birləşmə olmalıdır.

- 2013-lə bağlı gözləntiləriniz necədir?

- Təbii ki, 2013-ə az qalır. 2011-ci ildə görünən budur ki, Azərbaycan paytaxtı başdan-ayağa şumlanır. Bu gün daxili siyasət yürüdənlər o qədər həvəslidirlər ki, hətta öz tikdiklərini də sökürlər. Dəniz, yol kənarları hamılıqla hasara alınıb. Biz 2012-də nə olacaq, 2013-də nə edəcəyik kimi məsələləri birgə müzakirə etmək üçün bir arada olmağı düşünürük. Fəaliyyətimiz də bu istiqamətdə köklənib ki, məsələləri fundamental olaraq birgə müzakirə edək, birgə çıxış yolu axtaraq. Təəssüflər olsun ki, hələ o istiqamətdə bir nəticə yoxdur. Azərbaycan siyasəti ona görə belədir ki, dünyanın nə fikirləşməsinə köklənənlərin sayı çoxdur. Bir adam 20 ilə yaxın nazir olar? Birinin cəsarəti çatmır ki, istefa versin. Bu adamlar haqqında bizim bildiklərimiz çox azdır, Allahın bildikləri daha çoxdur. Amma bu adamlar bizim və cəmiyyətin bildiklərindən qat-qat özləri haqqında çox bilirlər. Bunlarda insani hisslər bu qədər tükənib, abır-həya hissi bu qədər yoxdur ki, çıxıb getsinlər? Ölkədə qul bazarları, səfalət var, amma bir tədbirdə milyonlar təkcə yaylım atəşinə xərclənir. Yaxud yola asfalt çəkirlərsə, az sonra qazıb təzədən çəkirlər. İlham Əliyevin bir maraqlı ifadəsi var, son vaxtlar deyir “mənə verilən məlumatlara görə...” Deməli, məlumatlar düz deyil. Bir dəfə də demişdim. Azərbaycanın xəzinəsini dağıdırlar, qurtarmır, kürüyürlər qurtarmır, yapışdırırlar, qurtarmır. Bu ağılla, bu yanaşma ilə idarə eləmək olmaz. Bütün bunlar onu diktə edir ki, dəyişiklik mütləq baş verməlidir. Bu kurs davam etdiriləcəksə, Azərbaycan sosial partlayış həddinə çatacaq.

- Müstəqilliyimizin bərpasının 20 illiyi ərəfəsindəyik. İstiqlalçı deputat kimi yubiley yaşında ali mükafatlara layiq görülənlər sırasında olmamağınız sizi narahat etmir ki?

- Yox.

- Düzdür, həbsə məhkum edilmiş Arif Hacılı ilə müqayisədə sizin durumunuz elə də ağır deyil...

- Arif bəyin və digər məhbusların Allah qapısını açsın! Amma Arif bəyin vəziyyəti əslində bizimkindən qat-qat yaxşıdır. Onun haqqında hər gün məlumatlar verilir. Mənim bildiyimə görə, hardasa 18-20 min nəfər amnistiyaya düşəcək. Amma bunu qəbul edəcək şəxslərə, parlamentdə oturanlara - mən onlara millət vəkili deyə bilmirəm, çünki içərisində çox az millət vəkili var - müraciətlə o amnistiyanın istiqlalçı deputatlara da şamil olunmasını istəyirəm. O amnistiyanı qəbul edənlər fərqində olsunlar ki, vaxtilə həmin 50 nəfər istiqlala səs verməsəydi, Heydər Əliyev də ona səs verməyəcəkdi. Çünki Heydər Əliyev burada 51-ci olub. Mən “Yeni Müsavat” qəzeti vasitəsilə İlham Əliyevə müraciət edirəm ki, amnistiyanı həm də istiqlalçı deputatlara şamil eləsin. Bunlar var, yaşayırlar. Yox, əgər gözləyirlərsə ki, bunlar hamısı dünyasını dəyişsin, buna onların hakimiyyət ömrü çatmayacaq. Siz yəqin ki, “İstiqlal” ordeni verilməsini nəzərdə tuturdunuz. Bizə o, lazım deyil. Baxmayaraq ki, bu ordeni də biz təsis etmişik. Oxuculardan çox-çox üzr istəyirəm, hətta istiqlaliyyətin əleyhinə hürməkdən belə çəkinməyən adamlar indi “İstiqlal” ordeni daşıyırlar. Yəni əlindən heç nə gəlmirdi, amma hürə bilirdi, ona “İstiqlal” ordeni veriblər. Nə qədər olacaq ki, milli mənşəyi bəlli olmayan “İstiqlal” ordeni alacaq, şərəfdən, namusdan, qeyrətdən, mənəviyyatdan uzaq olan adam  “Şərəf” ordeni daşıyacaq? Bu qədər allahsızlıq, ədalətsizlik olmaz! İqtidarın içərisində də yəqin yaxşı, ağıllı adamlar var. Bəzən görürsən ki, hə, orden verilən adam layiqdir.
Sonda Mirmahmud ağadan yazdığı son şerini deməsini xahiş etsək də, razılaşmadı. Əvəzində başqa xahişimizə əməl etdiyini deyib fotoşəkillər olan diski təqdim elədi. Bizim xahişimizi nəzərə alıb ata yurdunda çəkdirdiyi fotoşəkillər idi...

Elşad PAŞASOY

8577 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR”

[30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK

[15.04.2012] - XİLASKAR

[26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM”

[19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...”

[17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK”

[16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR

[15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM”

[14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI

[05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM”

[27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...”

[20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ”

[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR”

[26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”

[22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM”

[21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM”

[12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

[02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

[22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...”

[21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...”

ARXIV

Yeni MÜSAVAT © 2008