22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Müsahibə

İLHAM RƏHİMOVUN QIZI “YENİ MÜSAVAT”a DANIŞDI

2011-09-23

“Həmişə istəyirdim ki, şəxsi biznesim olsun, həmin biznesin də zəkat payını xeyriyyə işləri üçün xərcləyim”
Səbinə Rəhimova “Hacı Zeynalabdin Tağıyev” mükafatı alıb

Bu günlərdə hüquq elmləri doktoru, professor İlham Rəhimovun qızı Səbinə Rəhimova xeyriyyəçilik fəaliyyətinə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Hacı Zeynalabdin Tağıyev” mükafatına layiq görülüb. S.Rəhimova ilə öz ofisində görüşüb həm bu, həm də başqa mövzularla bağlı söhbət etdik.

- Öncə aldığınız mükafata görə sizi təbrik edirik. Bilirik ki, bir çox insanlara yardımlar göstərirsiniz. Bu yardımlar üçün yüksək miqdarda maddi vəsait xərclənir. Amma etdiyiniz yardımların heç biri ictimailəşmir. Bu təvazökarlığın səbəbi nədir?

- Bu mükafat mənim üçün sürpriz oldu. Heç xəbərim yox idi ki, mənə belə mükafat verilib. Həmişə medianın diqqətindən kənar durmaq istəmişəm. Xeyriyyəçi fəaliyyətimin bilinməsini istəməmişəm. İnsan çalışmalıdır ki, xeyriyyə işləri gizli qalsın. Bəlkə yardım göstərdiyiniz insan istəmir ki, ətrafdakılar ona kömək edildiyini bilsin. Bir tərəfdən də düşünürəm ki, xeyriyyə işlərinin açıq olması da yaxşı haldır. Beləliklə, başqa adamları da xeyir işlərə təşviq  etmək mümkün olur.

- Necə oldu ki, xeyriyyəçilik işlərinə başladınız? Bu ideya haradan yarandı?

- Bu istiqamətdə fəaliyyətə 5-6 il əvvəl başladım. Amma bu, bir ideya deyil. Sadəcə olaraq yardıma ehtiyacı olan insanlar bizə müraciət edir və biz də onlara kömək etməyə çalışırıq. İnsanlar həyatlarının ağır vaxtlarında, köməyə ehtiyacları olduqda bizdən kömək umurlar. Həmişə istəyirdim ki, şəxsi biznesim olsun, həmin biznesin də zəkat payını xeyriyyə işləri üçün xərcləyim. Öz işlərimdən gələn gəlirin zəkat payı ilə ehtiyacı olanlara kömək edirəm. Həyat yoldaşım Araz da ehtiyacı olanlara kömək edim deyə zəkat payını mənə verir. Kimin köməyə ehtiyacı varsa, bizə müraciət edir, biz də onlar arasında ən çox ehtiyacı olanları müəyyənləşdirərək, lazımı dəstəyi veririk.

- Seçim edərkən daha çox hansı kriteriyaları əsas götürürsünüz?

- Xəstələr arasında seçim etmək çox çətin işdir. Elə vaxtlar olur ki, eyni vaxtda eyni xəstəlikdən əziyyət çəkən iki adam bizə müraciət edir. Bir dəfə bir uşaq müraciət etmişdi, ürəyində çox yüngül qüsur var idi, müalicə edilməsə gələcəkdə ağır xəstəliyə tutulacaqdı. Həmin uşaqla eyni vaxtda 60 yaşlı bir xəstə də bizdən kömək istəyirdi, onun da vəziyyəti ağır idi. Belə hallarda daha çox uşaqlara üstünlük veririk. Düşünürük ki, uşaqlar ölkənin gələcəyi və valideynləri üçün daha önəmlidir.

- Səbinə xanım, ilk dəfə kimə yardım etdiyinizi xatırlayırsınızmı? Xeyriyyə işləri arasında ən çox yadınızda qalan hansı olub?

- Yadımda qalan xeyriyyə işləri çoxdur. Lənkəranlı bir qız var idi, onunla Mərkəzi Klinik Xəstəxanada rastlaşmışdım. Yenicə ailə həyatı qurmuşdu. Həkimlər ona demişdilər ki, ürəyində exnakok qurdu var. Təcili əməliyyata girməsi lazım idi, biz də onun əməliyyat etdirdik. Bir də Qubadan bir uşaq vardı. Bizə müraciət edəndə ağır xəstə idi, yeriyə bilmirdi. Mən də ona demişdim ki, sən Ukraynada əməliyyat olunub sağalacaqsan. Zarafatla demişdim ki, sağalandan sonra mənə gilas yığıb gətirərsən. Həmin hadisədən bir müddət sonra bir də gördüm ki, uşaq əlində bir vedrə gilasla ofisə gəlib. Çox təsirlənmişdim. Həm də sevindim ki, o uşaq tam sağalıb həyata qayıdıb. 

- Eşitdiyimizə görə, Tovuz rayonunun Cilovdarlı kəndində mərhum ananız Kəmalə Rəhimovanın adını daşıyan xəstəxana tikdirmisiniz?

- Rayonda xüsusilə də qadın xəstəlikləri üzrə çox az təbliğat aparıldığı üçün insanlar nadir hallarda həkimə müraciət edirlər. Avropada belə bir qanun var ki, hər bir insan ildə bir dəfə müayinə olmalıdır. Ona görə də insanlarda ən yüngül xəstəlik olanda da ona qarşı mübarizə aparmaq mümkün olur, rayonlarda isə bu şərait yoxdur. Bəzən ağır xəstələr gəlir, məəttəl qalırıq ki, necə olub bu günə qədər insan xəstə olduğun hiss etməyib? Bu səbəbdən Tovuzda xəstəxana açdıq. Orada insanlar müayinə edilir, xəstələrin vəziyyəti ağır olduqda həkimlər onları başqa xəstəxanalara və ya həkimlərə yönəldirlər.

- Xeyriyyəçilik işi ilə məşğul olmaq bir nəfərin işi deyil. Yəqin ki, bu işləri görməkdə sizə kimlərsə kömək edir. Komandanızın fəaliyyətindən razısınızmı?

 - Köməkçilərim yaxşı işləyirlər. Biz fiziki şəxs kimi fəaliyyət göstəririk, yəni heç bir qeydiyyatımız yoxdur, təşkilat yaratmamışıq. Günay, Rufiz, İra, Zaur mənim ən yaxın köməkçilərimdir, hər kəsin öz işi var. Kimi xəstələri qəbul edir, kimi həkimlərlə əlaqə yardır, kimi də xəstələri xaricə göndərmək üçün oradakı xəstəxanalarla əlaqə saxlayır. Daha çox Ukraynadakı xəstəxanalara xəstələr göndəririk.

- Atanız İlham Rəhimovun da xeyriyyə işləri ilə məşğul olduğu hər kəsə məlumdur. O da xeyriyyə işlərinin ictimaiyyətə açıqlanmasını istəmir...

- Əslində ən böyük xeyriyyəçi atamdır. Bizim əsas sponsorumuz odur. Xırda işləri özümüz yoluna qoyuruq. Böyük işlərdə atama müraciət edirik. Atamı çox yaxşı başa düşürəm. Əgər insanın hər hansı bir məqsədi varsa, o zaman etdiyi işləri reklam edir. Ona görə də atam xeyriyyə işlərinin reklam edilməsini istəmir. Biz sakit həyat tərzini daha çox sevirik. Bacım da xeyriyyəçilik işlərində mənə yaxından dəstək verir. Hər zaman xeyriyyə məsələlərində edilən müraciətlərə cavab verir. Sevinc Moskvada yaşayır, iki övladı var. Biz bacımla bir-birimizə o qədər bağlıyıq ki, tez-tez ya mən Moskvaya gedirəm, ya da o, Azərbaycana gəlir.

- Atanızla Rusiyanın baş naziri Vladimir Putinin yaxın əlaqələri var. Tələbəlik dostudurlar. Siyasətdən kənardakı Putin sizin nəzərinizdə necədir?

- Onun qızları və yoldaşı ilə mənim münasibətim çox yaxşıdır. Mən Sank-Peterburqda oxuyanda onların evində çox vaxt keçirmişəm. Qızları tək qalmayım deyə davamlı mənimlə əlaqə saxlayırdılar. Putinin insan kimi çox gözəl xüsusiyyətləri var, yaxşı dostdur, gözəl atadır. Xasiyyəti çox sərtdir, ailə içində tərbiyə onun üçün çox önəmlidir.

- Universitetə Sank-Peterburqda daxil olduğunuzu dediniz. Bəs təhsilinizi Azərbaycanda davam etdirməyinizin səbəbi nə oldu?

- Çünki İlham Rəhimov tək qala bilmədi. Valideynlərim orada qalmağımı istəmirdilər. Atam mənim üçün çox darıxırdı deyə təhsilimi Azərbaycanda, Bakı Dövlət Universitetinin hüquq fakültəsində davam etdirdim.

- Ailə həyatınız haqqında nə deyə bilərsiniz? Həyat yoldaşınızı seçərkən atanızın tövsiyələrini dinlədinizmi?

- Atam həmişə demokrat insan olub. Heç vaxt nə mənim, nə də bacımın şəxsi duyğularına toxunmayıb. Hər zaman bizim qarşımızda seçim qoyub və bizə məsləhətlər verib. Atam həmişə deyirdi ki, sən onu öz övladlarının atası kimi görürsənmi? Ailə məsələlərində atam müəllimim olub. Şükürlər olsun ki, həyat yoldaşı seçimimdə yanılmadım. İki övladımız var. Qızımın adı Fütrə, oğlumun adı İlhamdır.

Şahnaz NOVRUZQIZI

15249 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR”

[30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK

[15.04.2012] - XİLASKAR

[26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM”

[19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...”

[17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK”

[16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR

[15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM”

[14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI

[05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM”

[27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...”

[20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ”

[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR”

[26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”

[22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM”

[21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM”

[12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

[02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

[22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...”

[21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...”

ARXIV

Yeni MÜSAVAT © 2008