22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Müsahibə

“DÜŞÜNMÜRƏM Kİ, KİMİNSƏ HƏDƏFİNDƏYƏM”

2011-10-03

Zahid Oruc: “Mən narahat olmalı deyiləm, kimlər susursa, onlar narahat olsunlar”
“Tanıyanlar yaxşı bilir ki, konfliktə meylli insan deyiləm, sülh şəraitinə daha çox bağlıyam”

Milli Məclisin payız sessiyasının ilk iclasında günün sitatı məhz ona məxsus oldu. Ölkədəki aktual problemlərə diqqət çəkərkən gözlənilmədən onun sözünü kəsən parlament sədrinə üz tutaraq dedi ki, əgər polemikalara imkan yaradılmayacaqsa, o halda bura yaraşıqlı muzey, yaxud arxitekturalı bina deyəcəklər, parlamentdən başqa. Bu fikirlərin müəllifi, Ana Vətən Partiyasını sədr müavini, deputat Zahid Orucla görüşdə onunla spiker arasındakı ziddiyyətin səbəblərinə aydınlıq gətirmək istədik.

- Zahid bəy, bəlkə oxuculara nələr baş verdiyini səmimi şəkildə açıqlayasınız. Spikerlə aranızda nə baş verib ki, gözlənilmədən sizin normal çıxışınıza belə kəskin reaksiya verdi?

- Səmimi deyirəm ki, şəxsi kontekstdə hər hansı problem yoxdur. Əksinə, ötən dövrdə parlament rəhbəri ilə çox normal münasibətlərimiz olub. Bir tərəfdən ona görə ki, spiker xaraktercə hər bir parlament üzvünə xoş yanaşmağa, dostluq, yoldaşlıq münasibəti qurmağa meyllidir və yeri gəlmişkən, bu, alınıb. Çoxları qeyd edir ki, keçmiş dönəmdən fərqli olaraq belə vəziyyət çox gözəl iş mühiti yaradır. Açıq qeyd edim ki, hər hansı plenar iclasındakı söz savaşından, bəzən də ciddi fikir toqquşmalarından asılı olmayaraq, o, bunu soyuq münasibətə, kin-küdurətə çevirmədən, həmçinin arada hansısa “bufer zona” yaratmadan həmişə çalışıb ki, ümumi işin xeyrinə addımlar atsın. Bu mənada məsələni parlament salonundan kənara çıxarmaq və başqa bir müstəvidə təhlil edərək üzaqgedən nəticələr irəli sürmək doğru deyil. Amma əlbəttə, parlamentdaxili mühit müxtəlif dünya görüşlü və fərqli peşə sahiblərinin ümumi toplusudur. Bəzən elə bir mühit formalaşır ki, həm zalda olanlar, həm də sədarətdəkilər sərt davranışlara əl atırlar. Açıq deyim burda demokratik düşüncə ilə sırf ideya, siyasi fikir istehsalına tərəfdar olanlar da var, başqa fikir sahibləri də. Çox zaman iclasın tez qurtarmasını istəyənlərin mənəvi təzyiqi altında oluruq. Görünür, bu hal bəzən sədarətə də təsir göstərir və belə əsəbi mühit meydana çıxır. Dünya parlamentarizm ənənəsi üçün bu, çox normaldır.

- Necə bilirsiniz, Oqtay Əsədov da belə olmasını istəyirdi?

- Belə situasiya bəzən spontan baş verir. Bir çoxlarında təsəvvür yaranır ki, guya məsələ mövzudan kənara çıxır və məhz buna görə də sədarətlə hər hansı fikir sahibi arasında anlaşılmazlıq yaranır. Amma hər kəsə aydın idi ki, söhbət payız sessiyasına təkliflərdən gedirdi. Parlament üzvü özünün mövqeyini sadəcə quru qanunvericilik layihəsi təklifi ilə məhdudlaşdıra bilməz. Gərəkdir ki, onun ideya cəhətdən önəmini vurğulayasan, hansı arqumentlərlə əsaslandırdığını göstərəsən. Bəzən elə təsəvvür yaranır ki, söhbət hər hansı gündəlik məsələnin kənarında gedir və fərqli situasiyalar meydana çıxır. Ancaq mənim aləmimdə Milli Məclis daha artıq dərəcədə ideya, siyasi fikir istehsal edən müəssisədir. O, ölkənin daxili həyatına bağlı bütün proseslərə nüfuz etməyi bacarmalıdır. Cəmiyyətdən gələn mesajlar, çağırışlar orada hiss olunmalıdır. Yalnız bu halda biz küçədən, meydanlardan, cəmiyyət mühitindən ora daxil olduğumuzu hiss edə bilərik. Vətəndaşların yanğısı, hər hansı tələbi, problemləri bizimlə bərabər o Məclisə daşınmalıdır. Məclis öz-özlüyündə sadəcə qanun istehsal edən bir zavod deyil. Əks təqdirdə qeyd etdiyim kimi, biz orda sadəcə, cansız muzey eksponatlarına çevrilərik .Tələbə və gənclərə yaxınlıq, qapıların ictimai qurumlara daha geniş açılması və siyasi dözümlülük MM-in cəmiyyət üzərində mənəvi hakimiyyətinə müsbət təsir edərdi. Mən parlamenti düşüncələrin, ideyaların, çox açıq mülahizələrin dartışıldığı yer kimi təsəvvür edirəm.

- Ötən çağırışda bu kimi mübahisələr spikerlə Pənah Hüseynin arasında olurdu. Bəlkə o zaman siz və parlament çoxluğu müxalifətçinin mikrofonunun kəsilməsinə irad bildirsəydiniz, yəqin ki, indi özünüzə eyni qadağa tətbiq olunmazdı. Belə deyilmi?

- O dövrdə tabloda adını görməyən, cari müzakirələrdə ön mövqeyə çıxa bilməyənlər bunu mikrofonüstü mübarizəyə keçirirdilər. Həmin vaxtda sədarətlə, yaxud bizim özümüzlə söz duelləri baş verirdi. Pənah Hüseynə yönələn hansısa münasibət indi kimlərəsə şamil edilmir. Mən düşünmürəm ki, kiminsə hədəfindəyəm. Əksinə, bütün varlığımla Azərbaycan cəmiyyəti üçün çalışmaqdayam. Həm təmsil etdiyim bölgənin problemlərini dövlət və hökumət strukturlarına gətirməklə, eyni zamanda ölkənin siyasi həyatına bağlı məsələlərə mövqe sərgiləməklə, qanun quruculuğu prosesinə töhfə verməklə bir fəaliyyət aparırıq. Bu, kiminsə marağını nədən təhdid eləsin ki. Mən hörmətli Oqtay müəllimə münasibətdə onu da dedim ki, onun parlamentin işinin təşkilindəki fəaliyyətinə, eyni zamanda siyasi dözümlülüyünə həmişə hörmətlə yanaşmışıq. Eyni zamanda Məclis binasının kommunist libasından, bolşevik tərtibatından partkom kreslolarından xilas olmaqda, maddi-texniki bazanıın dəyişməsində cənab Prezidentin xeyir-duası ilə onun rolu inkarolunmazdir. Etiraf edək ki Məclisin beynəlxalq əlaqələri xeyli güclənib. Lakin parlament hərbi qurumlar kimi yalnız maddi resurs üzərində məhdudlana bilməz. O ilk növbədə.yaradıcı ideya və ictimai fikrə açıq olmalıdır. İclası tez qurtarmaq istəyənlər məni təəccübləndirir. Axı, sözün həqiqi mənasında, bəzən hətta səhv fikrin parlamentdə səslənmək hüququ var. Çünki bu, bütövlükdə millətin güzgüsüdür. Yalnız ağıllı və düzgün fikir onda qalib gələrdi ki, bunlar hamısı eşidilsin. Kimsə burda iştirak etmək istəmirsə, bu, onun öz işidir. Yəni başqa sənət sahibidirsə, onun da haqqı var, öz missiyasını parlamentin çölündə aparsın. Ancaq əvəzində gerçək deputat missiyasını həyata keçırənləri hədəfə çevirməsinlər.

- Bu da faktdır ki, parlamentdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, necə deyərlər, iclasboyu fikri malların yanında qalan şəxslər az deyil. Bəzən hətta siz söz alanda, çıxış edəndə replikaların atıldığını da müşahidə edirik. Sizə belə münasibət nədən irəli gəlir?

- Bu, qətiyyən məni narahat eləmir. Əksinə, normalı odur ki, son dərəcə sürətli dəyişən proseslərə adekvat mövqe ortaya qoymaq istəyənlər daha çox alqışa sahib olsun. Başqa halda insanlardan təcrid olunmuş vəziyyətdə, yalnız öz cızdığı kiçik “yol xəritəsi” ilə aparılan parlament işi milləti də qane eləməz, o insanın özü də 5 illik dönəmi başa vuranda bəlli olacaq ki, onun parlament fəaliyyətində izi və rolu qalmayıb. Çünki verilən o zaman müddəti çox sürətlə keçir. Mən fikri hardasa olanlardan yox, məhz parlament fəaliyyətinə diqqət yönəldənlərdən olmuşam. Peyğəmbərə (s.) istinad etsək, biz danışmaq lazım olan yerdəyik. Mən narahat olmalı deyiləm, kimlər susursa, onlar narahat olsunlar. Yaxud bizə kimsə ikili hislə baxacaqsa, eyni hissləri biz də onlara sərgiləyə bilərik. Ancaq biz bunu etmirik. Bizim fəal çalışmalarımız kimdəsə qıcıq doğuracaqsa, doğrusu, bu, bizi ilgiləndirmir. Bəlkə də xüsusi, əlahiddə bir aktivliyimiz o qədər də deyil, nəinki kimlərinsə passiv fəaliyyəti ortadadır. 125 nəfər ən aktiv fazada işlər görsə, Milli Məclis 125 fərqli düşüncələrin məkanına çevrilər. Lap eyni partiya təmsilçilərinin yeni qanunların qəbulunda, ölkənin maraqlarını müdafiədə görün nə qədər zənginlik yaranardı. Matviyenko Rusiya Federasiya Şurasına rəhbər seçildi. O dedi ki, Federasiya Şurası Dövlət Duması üstü bir qurum olduğundan kimsə zənn eləməsin ki, bura Azad Rəssamlar Birliyidir, nə zaman gəlib-gedəcəyini müəyyənləşdirsin, yaxud sadəcə bir oturaqlıq yaratsın. İkincisi də parlament ölkənin beynəlxalq həyatına təsir göstərməyi bacarmalıdır. Hiss olunmalıdır ki, dövlət quruculuğu prosesində mühüm yerə malikdir. Söhbət bundan gedir. Cənab prezident dəfələrlə parlament işinə özünün münasibəti ilə, Milli Məclis üzvlərinin dövlət başçısının səfərlərində protokolda yer almaqla, Azərbaycana gələn dövlət rəhbərləri və digər təmsilçilərin hər zaman parlamentdə görüşlər aparması ilə sübut edir ki, Azərbaycanda dövlət quruculuğu prosesində Məclis, qanunverici orqan mühüm yerə malikdir. Bunu cənab prezident Milli Məclisin yeni salonunun açılışında, o cümlədən parlamentin 4-cü çağırışının üzvləri ilə görüşdə bəyan etdi. Bu missiyını başa düşən, qəbul edən və bunun üçün o çağırışa özünü hazırlayan şəxslər ən üstün bir düzeydə fəaliyyət aparmalıdırlar, nəinki əksinə.

- Ancaq ortada Hüseyn Abdullayev nümunəsi var. Fərqli fikir söylədi, mandatından oldu. Belə tale sizi narahat eləmir ki?

- Qətiyyən. Hər kəsə bəllidir ki, ötən illərdə mən daşıdığım əqidəyə, ideyaya görə müxalif media tərəfindən sərt təhqir və tənqidlərə məruz qalmışam. Parlament fəaliyyətində də uzlaşma nöqtəsi mümkün olmayanda hər hansı emosional kontekstdə münasibətlərimizi ortaya qoymuşuqsa, bu, heç bir halda ümumi siyasi kursa münasibətdə bir davranış deyil. Məni tanıyanlar yaxşı bilirlər ki, konfliktə meylli insan deyiləm, sülh şəraitinə daha çox bağlıyam. Mənimçün başlıca qayə insanlarımız və dövlətimiz üçün çalışmalardır. Mən parlament daxili ərkani pis bilmirəm və daxili nizamnamə tələbləri azadfikirliliyə nəinki qadağa qoymur, əksinə, cəmiyyət üçün yaxşı dəyərləri formalaşdırmağa geniş imkan verir. Odur ki emosiyalarımızı soyuq məntiqə tabe etdirsək də mövqeyimizi təqdim etməkdən də daşınmırıq. Bu mənada Hüseyn Abdullayev hadisəsini tamam fərqli kontekstdə dəyərləndirərdim. Necə ki, həmin vaxt bu məsələyə 10 dəqiqəlik çıxışımda münasibət bildirmişdim. Zənn eləmirəm kimsə onu bəyənər ki, parlament iclasları sükutla keçirilsin və yalnız hansısa məsələlər səsə qoyulanda tabloda nə qədər deputatın iştirak etdiyini görsün. Hər kəs ideyası, düşüncəsi ilə orda hiss olunmalıdır. Biz 3 aylıq fasilədən sonra Milli Məclisin sessiyasına qayıtmışıq. Mənim qaldırdığım məsələlər, 5-ə qədər qanun layihəsinin hər biri milli maraqlarımıza, təhlükəsizliyimizə aid məsələlər idi. Bunun nəyi pis idi ki? Nə üçün mən obrazlı şəkildə buruqlar insanlar üçündür, insanlar buruqlar üçün deyil, fikrini vurğuladım. Hətta dedim ki, axtarsan Milli Məclisin də çevrəsində neft tapmaq mümkündür. Bu, o deməkdirmi ki, burda da köçürülmə aparılmalıdır? Yaxud vurğuladım ki, Azərbaycanda üç növ qaçqınlıq və ya köçkünlük var: Ermənistandan deportasiya olunmuşlar, 100 minlərlə məcburi köçkünlər, sel qaçqınları... İndi də bunun üzərinə söküntüdən yarana biləcək köçkünləri əlavə etməyə heç kəsin haqqı yoxdur. Bu dövlət ev tikəndir, necə ki cənab İlham Əliyev ölkəmizi humanitar fəlakətdən xilas edərək yüz minlərlə insana ev verib.

- Mətbuat da neçə vaxtdır söküntü köçkünlərindən yazırdı və siz də artıq bu fəlakətdən danışdınız. Heç olmasa araşdırma apara bildinizmi ki, bu qədər insanı narazı salmaqda məqsəd nədir?

- Görünür “görüm səni keçid dövründə yaşayasan” yanaşması Azərbaycanda bir sıra məsələlərdə öz fəsadlarını göstərib. Nəzərə alın ki, bu gün istər Bakıda, istər bölgələrdə bir çox quruculuq işləri həyata keçirilir. Faktiki olaraq sovet dövründə qurulmuş infrastruktur büsbütün yeniləşir. Bu isə şübhəsiz ki, insanların mülkiyyəti, əmlakı, yaşayış yeri ilə bağlı problemləri meydana çıxarır. Qanunverici orqanın işi ondan ibarətdir ki, dəyişən situasiyanı qiymətləndirərək ona adekvat addım ata bilsin. Bu gün cəmiyyətin ağrılı nöqtələri sosial kontekstdə ödəmələrlə bağlıdır ki, o, ünvanlı baş versin, cənab prezidentdən başlayan, həm də humanizmə söykənən addımlar sonuncu Azərbaycan insanına gedib çıxsın. Belə ola bilirdimi? Bir sıra hallarda xeyr. Açıq şəkildə sosial sektorda ünvanlı yardım siyasətinin bəzən ünvansızlığını görürdük . Bu ünvansızlıq cəmiyyətdə də söz-söhbətə, dedi-qodulara, parlamentin özünə etimadla bağlı fikirlərə, bəzən də dövlətə münasibətdə dəyişikliyə səbəb olur. Çox açıq deyək, müxtəlif maraqlar tapdanan kimi orada elə ajiotaj və gərginlik yaradılır ki, bəzən həqiqətin kimin tərəfində olduğu müəyyənləşdirilə bilmir, bəzən də cəmiyyətin üzərinə yıxırlar. O cümlədən biz iqtisadi sferada mülkiyyət toxunulmazlığının əlahiddəliyinə, müqəddəsliyinə tam nail ola bilməmişik. Onun üçün də mən sosial amil məsələsini gündəmə gətirdim. Prezident vətəndaşların sənədsiz evləri ilə bağlı göstəriş verib. Üstündən 7-8 ay keçib, müvafiq qurumlar niyə hərəkət eləmirlər, nəyi gözləyirlər? Düşünürlər ki, kimlərsə ayrı-ayrı dövlət qurumları ilə toqquşacaqlar və bu mühitdə onlar öz maraqlarımı sürdürəcəklər? Mənim yanaşmam budur ki, onların hamısının mülkiyyət haqqı tanınmalıdır. Əgər kimsə köçürüləcəksə, xüsusi ödəmələrlə məsələ tənzimlənməlidir. Bunun üçün xüsusi dövlət komissiyasına ehtiyac var. Söhbət təkcə ondan getmir ki, vətəndaş dövlətindən narazı düşür. Bütün bunların hamısı olur. Amma ən başlıca məsələ odur ki, yük yenə dövlətin üzərinə düşür. Evi sökülmüş şəxs ya Prezident Administrasiyasının qarşısına gələcək, ya da Milli Məclisə üz tutacaq, onu təmsil edən məmurlardan kömək diləyəcək. Belə olmasın deyə, məsələ başqa səviyyədə tənzimlənə bilməzmi? Əlbəttə ki, mürəkkəb məsələdir. Amma bunların da üzərinə sadəcə, inzibati qərarla getmək doğru olmazdı...

Elşad PAŞASOY

3062 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR”

[30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK

[15.04.2012] - XİLASKAR

[26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM”

[19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...”

[17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK”

[16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR

[15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM”

[14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI

[05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM”

[27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...”

[20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ”

[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR”

[26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”

[22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM”

[21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM”

[12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

[02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

[22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...”

[21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...”

ARXIV

Yeni MÜSAVAT © 2008