22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Müsahibə

“BU SƏNƏDİ İLLƏR BOYU HƏYƏTDƏKİ QUYUNUN İÇİNDƏ SAXLAYIBLAR”

2011-10-17

Səidə Qocamanlı: “Mən Müsavat sevgisini daşıyan şəxslərin ruhu qarşısında olan borcumu verdim”
“İsa bəyin başqanlıqdan getməsi məni qorxutmur”

Bu dəfə onunla hüquq müdafiəçisi kimi yox, Müsavat Partiyasının üzvü kimi söhbətləşdik. Əslində bu məzmunda söhbət onunla çoxdan olmalıydı. Aylar öncə böyük Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinin ziyarəti zamanı öyrənmişdik ki, hüquq müdafiəçisi kimi tanıdığımız Səidə Qocamanlının valideynləri müsavatçı olublar və məşəqqətli həyat sürüblər.

Onunla çox maraqlı söhbətimiz oldu. Həyat yoldaşı mərhum Azad bəyin ona nə qədər mənəvi dayaq olmasından danışdı, öz atası ilə Novella xanımın atasının yaxın dostluğundan bəhs etdi. Ötənlərə qayıdarkən gah kövrəldi, gah da qürrələnərək 18 oktyabr gününü xatırladı.

- Səidə xanım, bir neçə gündür ki, 100 yaşlı partiyanın üzvüsünüz. Özünüzü partiya üzvü kimi necə hiss edirsiniz?

- Ümumiyyətlə, Müsavat sözü olan yerdə mən özümü həmişə rahat hiss etmişəm. Həm də o demək deyil ki, mən bir neçə günün müsavatçısıyam. Müsavat Partiyası bərpa olunan zaman Əski Müsavatçıların Övladları Qrupu yaradılmışdı və mən oranın üzvü idim. Sonra nədənsə, həmin qurumun fəaliyyəti olmadı. Ancaq mən Müsavatda yeni şəxs deyiləm.

- Sizə Müsavat Partiyasının yubiley tədbirindəki aura təsir etdi ki, rəsmi üzvlüklə bağlı qəfil qərar verdiniz, yoxsa əvvəlcədən götür-qoy etmişdiniz?

- Mən çox istərdim ki, sizinlə görüşüm yaşadığım evin yaxınlığındakı Hüseyn Cavid bağında olsun. Mən o bağın aurasını çox sevirəm. O bağın öz xüsusiyyəti var. Mən həmişə o bağdan keçəndə bizim cavanları göy otun üstündə oturub kitab-dəftərini vərəqləyən, oxuyan görürəm. Sanki həmin bağda Cavid əfəndinin Azərbaycanla bağlı arzuları ilə bugünkü o gənclərin siması sanki vəhdət yaradır. Ona görə də mən sizinlə Müsavatı, onun ideyalarını hər zaman sevən, hər bir əziyyətlərdən keçərək əqidəsini qoruyan Cavidin möhtəşəm heykəli qarşısında görüşmək istərdim. Amma şadam ki, bizim üçün çox əziz və doğma olan redaksiyaya dəvət olundum. Həm də ona görə şadam ki, bu redaksiyadakı qəzetin adında Müsavat var. Mənim Müsavata gəlişim təsadüfi deyil. Tale elə gətirib ki, ömrümün müxtəlif vaxt kəsimlərində Azərbaycanın keçmişi ilə bağlı olmuşam. Həm ailəmizdə, həm özüm ailə qurandan sonra, həm də özüm milli azadlıq mücadiləsinə qoşulanda bu həyat məni izləyib.

- Belə çıxır ki, Müsavatın 100 yaşında təşkilata üzv olmaq üçün həm də əhdiniz olmuşdu?

- Yox, əhd eləməmişdim. Mən eşidəndə ki, Müsavatın 100 illiyinə Türkiyədən çox mötəbər nümayəndələri, bizim dostlarımız, sevimli insanlar gəlir, mən bundan çox böyük qürur hissi keçirdim. Azərbaycanın üçrəngli bayrağını qoruyub saxladıqlarına görə bizim hər birimizin bu insanların qarşısında mənəvi borcumuz var. 2003-cü ildə biz bir qrup xanım Ankarada olduq və orda Kültür Cəmiyyətindəki görüşdə rəhmətlik Mehmet Kəngərli ilə uzun söhbətimiz oldu. Çox gözəl, alicənab və bilikli, işıqlı insan olan Kəngərliyə mən bir neçə fakt söylədim. O, bundan xeyli təəccübləndi və soruşdu ki, sən Müsavatın keçmişi barədə bütün bunları haradan bilirsən? Dedim mənim atam əski müsavatçı olub və bizim evimizdə bununla bağlı sənədlər var. Həmin sənədlər haqqında deyəndə dedi ki, doğrudan da bu faktlar Bakıda olub. Dedi ki, o sənədləri mənə gətirərsən.

- Sizin nəhayət, bu il Cəmil Ünala təqdim etdiyiniz həmin sənədlərdə nədən bəhs olunurdu?

- O sənədlərdə çox ağır bir tale var idi. Mən fürsətdən istifadə edib həmin sənədləri Cəmil bəyə təhvil verdim. Bu, mənim Kültür Dərnəyinin, Mehmet bəyə verdiyim sözün qarşısında borcum idi. Elə bilirəm ki, o sənədlərin yeri elə Kültür Dərnəyidir. Sənədlər nədən bəhs edirdi? Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə devriləndən sonra Müsavat Partiyası gizli şəkildə fəaliyyət göstərirdi. Bilirik ki, orda fəaliyyət göstərənlərdən biri də gözəl ziyalımız Cəfər Cabbarlı olub. Amma bununla da bizim bütün bilgilərimiz bitib. 1998-ci ildə elə bu vaxtlar idi, anam məni çağırdı və dedi ki, qapını bağla, səninlə söhbətim var. Görün 37-nin ağırlığı bunun canına nə qədər sirayət etmişdi ki, evimizdə də bu barədə pıçıltı ilə danışırdı. O, bir kağız parçası çıxartdı. Yadımdadır, elə kağızlarda biz 1950-ci illərdə 1-2-ci siniflərdə yazı yazırdıq. Anam dedi xahiş edirəm bu kağızların üzünü çıxart. Bunun nə kağız olduğunu soruşanda bildirdi ki, heç vaxt bu barədə danışmamışam, amma daha deməliyəm. 1929-30-cu illərdə Bakıda Müsavatın gizli bir qrupu fəaliyyət göstərib. Orda da Müsavat ideyasını daşıyan, Müsavatı sevən, onun həsrəti ilə yaşayan insanlar bir qrupda birləşmişdilər. Mən anamın göstərdiyi rusca yazılmış siyahıdakı adları oxuyanda dəhşətə gəldim. Hər biri bu gün Azərbaycanın fəxridir. Anam dedi ki, burda bir nəfər xanımın adı yoxdur, o, qrupun əlaqələndiricisi olub, böyük mütəfəkkir, Naxçıvanda ilk dəfə məktəb açmış Məmməd Tağı Sidqinin qızı Dostu xanım. Dostu xanım ömrünün sonunadək azadlıq nəfəsi ilə yaşayıb, amma təəssüf ki, müstəqilliyimizi görə bilmədi... Yəqin ki, anamın daxilində ömrünün sonuna az qaldığı barədə hansısa bir hiss olmuşdu. Elə bizim söhbətimizdən 3 ay sonra anam dünyasını dəyişdi.

- Siyahıda başqa kimlər var idi?

- (Səidə xanım anasından yadigar qalmış həmin siyahının surətini çıxarıb bizə də təqdim edir və adları oxuyur) Üzeyir Hacıbəyov, Mikayıl Müşfiq, Abbas Mirzə Şərifzadə, Əlağa Vahid, Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Sidqi Ryhulla, Mirzəağa Əliyev, Cəfər Cabbarlı, Rəsulzadə hakimiyyətinin naziri olan Əhməd Pepinov...Hətta bir çox jurnalistlər var ki, bu gün onları tanıyanlar çox azdır. Ancaq mənim həyatda ən böyük qazancım odur ki, həmin insanların çoxunu evimizdə canlı görmüşəm. Jurnalistlərdən Süleyman Məlikov, Əsəd Tahirov, Dram Teatrının iki aktrisası - hansı ki, onlar həmişə Cəfər Cabbarlının pyeslərində baş rolların ifaçıları olub - Yevo və Şura Alenskaya, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Ordubadi kimi insanların adı var bu siyahıda. Onların hər biri Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük tövhələr vermişdi. Ümumiyyətlə, bu siyahının əldə olunmasının tarixi də qəribədir. Məmməd Tağı Sidqinin üç oğlu vardı, üçü də çox ziyalı və zadəgan idi. Üçüncü oğlu Məmmədhəsən bəy idi və bu sənəd onun evində saxlanılıb. Bir dəfə anam onlara gedib və məlum olub ki, bu sənədi illər boyu həyətdəki quyunun içində saxlayıblar. Mən o evdə çox olmuşam, indiki Abdulla Şaiq və Füzuli küçəsinin tinində yerləşirdi, indi onu söküblər. Anam həmin sənədi quyudan götürüb göz bəbəyi kimi saxlayıb. Çünki burda mənim atam Məmməd Əkbərin də adı var. Bax, 29-cu adam mənim atam olub. Sözsüz ki, sovetin ən ağır dönəmində, repressiyaların tüğyan etdiyi vaxt onlar çox iş görə bilməzdilər. Sadəcə olaraq onların bir yerdə olması bir güc nümayişidir. Bu, bir daha göstərir ki, Azərbaycanın ilk cümhuriyyətinə sadiq olan həmin insanlar öz əqidələrindən dönməyib. Çox təəssüf ki, bu siyahıda olanların bir hissəsi 37-ci ildə məhv edildilər, bir hissəsi Sibirə sürgün edildi, az bir hissəsi isə susaraq ömrünü başa vurdular. Amma yaşaya-yaşaya ürəklərində cümhuriyyət sevgisini, üçrəngli bayrağa həsrəti də yaşatdılar.

- Bütün bunlar çox maraqlıdır və sizi həm də Müsavat araşdırmaçısı adlandırmaq olar. Elə isə nədən Müsavata bu qədər gec gəlmisiniz?

- Mənim rəhmətlik atam 65 yaşında dünyasını dəyişdi. Bu gün mənim 65 yaşım var. Mən bu yaşımda Müsavata daxil olmaqla elə bildim ki, atamın ruhu qarşısında borcumu verdim. Əgər mən bunu etməsəydim, elə bilərdim ki, hər şeyi itirmişəm. O zaman uşaq da olsam gözümün qabağından getmir ki, atam danışanda necə pıçıltı ilə, ahəstə danışır, necə ehtiyatlanırdı. Atam 40 il “Ədəbiyyat” qəzetinin məsul katibi olub, əsl qəzetçiydi, gözəl tərcüməçiydi. Həmişə deyirdi ki, mənim dördüncü övladım “Ədəbiyyat”dır. Çox pis zəmanə idi. Atamın 90 illiyində çox gözəl ziyalımız Ağa Laçınlı atam haqqında öz xatirələrini yazmışdı. Mən o xatirələri oxuyanda çox kövrəldim. Həmin xatirələrində 1967-ci ildə Məhəmməd Əminin böyüklüyü, cümhuriyyət qurucusu olması barədə ilk dəfə atamın söhbətlərindən eşitdiyini yazmışdı. 1988-89-cu illərdə bir çox yazıçılarımız kitablar, məqalələr yazırdılar. Onların hər biri öz əsərlərini üçrəngli bayraq, Rəsulzadənin adı ilə bağlayırdı. Çox təəssüflər olsun ki, Müsavatın 100 illiyində mən həmin ziyalılarımızı görmədim. İnsan gərək öz keçmişini unutmasın. Bu gün o üçrəngli bayrağı hər bir məmur öz kabinetində qoyub. Ancaq elə üzdəniraq məmurlarımız var ki, insan hüquqlarını pozmaqla, adamlara əziyyət verməklə məşğuldurlar. Yaxud da biganəlik göstərib heç şikayətə gələnə qapını da açmırlar. Üçrəngli bayrağımızı masasının üstünə qoyub, amma keçmişimizi bəyənmir. Belə məqamlar sözsüz ki, adamın ürəyini ağrıdır. Ona görə də mən qərar verdim ki, ömrümün bu çağında bu addımı atmalıyam. Kim bilir ömrümdən nə qədər qalıb. Amma qalan zamanı atamın sevdiyi, getdiyi yolun yolçusu olmaq istədim. Atam ömrü boyu Kommunist Partiyasının üzvü olmayıb, ona görə də çox əziyyətlər çəkib.

- Heç sizi qınayanlar oldumu ki, nədən partiyalı olmağa qərar verdiniz?

- Bizim tanınmış alimlərimiz, ziyalılarımızdan eləsi oldu ki, mənə zəng edib bu addımın çox gözəl və cəsarətli olduğunu dedilər. O insanların fikri mənim üçün çox önəmli idi. Çünki onlar Azərbaycanın çox az saylı aydınlarındadır. Ancaq eləsi də oldu ki, yazdı bu, hökumətin planı imiş, Səidə Qocamanlı Müsavata daxil oldu. Başqası yazdı ki, hüquq müdafiəçisi siyasi partiya üzvü oldu.

- Siyasi partiyaya üzvlüyünüz gələcək fəaliyyətinizə mane olmayacaq ki?

- Mən bu partiyaya daxil olmaqla heç də öz işimdən çəkilməyəcəyəm, fəaliyyətimi davam etdirəcəyəm. Müsavata üzvlüyüm o demək deyil ki, gecə-gündüz partiyanın işində iştirak edəcəyəm və hüquq müdafiəçisi kimi çalışa bilməyəcəyəm. Hamı bilsin, mən atamın, bu siyahıda adı olan insanların, Müsavat sevgisini daşıyan şəxslərin ruhu qarşısında olan borcumu vermək üçün partiyaya üzv oldum. O siyahıda elələri var heç onların övladları da sağ deyil. Amma mən nə qədər sağam, bunu etməli idim. Mən yenə də həmin yerimdəyəm, öz hüququnu müdafiə edə bilməyən insanların müdafiəsindəyəm. Mən qərəzçiliyə yol verməyəcəyəm, mənim üçün haqqı pozulan YAP-çı ilə müsavatçının fərqi yoxdur.

- Bəs, sizin Müsavat üzvü olmağınız indiyədək qapısını ərklə aça bildiyiniz təşkilatların qapılarının açılmasına mane olmayacaq ki?

- Yox. Mən bundan sonra da o qapıları açacağam. Bu hakimiyyətdə də zəkalı, ağıllı insanlar var. Ümumiyyətlə, mən düşmənçiliyin əleyhinəyəm. Cəmil Ünalın dediyi bir söz mənə xoş gəldi. Hesab edirəm ki, bundan sonra biz o sözləri özümüzün həyat kredomuz etməliyik. Dedi ki, mən arzulayıram ki, Məhəmməd Əmin Rəsulzadəyə Bakının ən möhtəşəm yerində heykəl qoyulsun və o, bir əli ilə Elçibəyi, bir əli ilə Heydər Əliyevi qucaqlasın. Bu olardı bizim ölkəmizin, dövlətçiliyimizin təməli. Biz bir daha dünyaya göstərə bilərdik ki, gözəl, cazibəli ölkəyik, öz problemlərimizi həll etməyə qadirik və tariximizə sayğılıyıq.

- Siz partiyaya gəldiniz, amma Müsavat başqanı görəvindən uzaqlaşmağa hazırlaşır.

- İsa bəyin çox yaxşı sözü var, deyir heç kəs bu partiyanı inhisara almayıb ki. Bu, belə olmalıdır, zaman-zaman hər şey dəyişməlidir. Əsas o deyil ki, masa arxasında oturub rəhbərlik edəsən. Əsas odur ki. qəlbində o ideyanı yaşadasan, ideologiyanın daşıyıcısı olasan, toxumlarını səpəsən. İdeologiyamız da üçrəngli bayrağımızda əksini tapıb. Mən jurnalistikaya da, hüquq müdafiəsinə də, siyasətə də yeni nəfəs gəlməsinin tərəfdarıyam. Amma bu, çox sivil, mərifətli yolla olmalıdır. İsa bəyin başqanlıqdan getməsi məni qorxutmur. Müsavatda çox layiqli, gözəl, əqidəli şəxslər var.

- İsa bəyin bir fikri də var ki, Müsavat başqanının xanım olmasını istəyir. Bu mənada namizədliyinizi...

- Yox. Qətiyyən. Mənim işim insanlara yardım etməkdir. Mən orta məktəbdə 30 il müəllim işləmişəm, kimyadan dərs demişəm. Tələbələrim bu gün dünyaya səpələnib. Kimsə öz var-dövləti, maşını, villası ilə fəxr edirsə, mən keçmişimlə fəxr edirəm.

- Yeri gəlmişkən, çox fəal işgüzar xanımsınız, nə əcəb maşınınız yoxdur?

- Var, niyə yoxdur. Mənim oğlum Milanda oxuyub, memardır. Elə orda işləyib, halalca pulu ilə maşın alıb. Amma mən o maşına minmirəm, mənimki avtobusdur. Hətta Novella xanımın (Cəfəroğlunun) qızları mənə həmişə gülürlər ki, “lider xanım da avtobusda gəzər?”...

Elşad PAŞASOY

5011 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR”

[30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK

[15.04.2012] - XİLASKAR

[26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM”

[19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...”

[17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK”

[16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR

[15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM”

[14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI

[05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM”

[27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...”

[20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ”

[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR”

[26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”

[22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM”

[21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM”

[12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

[02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

[22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...”

[21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...”

ARXIV

Yeni MÜSAVAT © 2008