|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bir çoxları hesab edirdi ki, ötən ilin seçkilərində YAP-ın seçki siyahısından və parlamentdən kənarda saxlanılmasının kompensasiyası olacaq. Ancaq bu bir ildə nəinki ona ixtisası üzrə, hansısa post təklif olunmadı (bu barədə qeyri-rəsmi söhbətlər yayılsa da, hər halda rəsmi xəbərə rast gəlmədik), hətta ona qarşı müəyyən təzyiqlərə də rəvac verildi. Görüşüb bir sıra suallarımıza cavab almaq, planlarını öyrənmək, YAP-la əlaqələrinin hansı həddə olduğunu bilmək istədik. Söhbət əsnasında bir sıra maraqlı mesajlar, məlumatlar ortaya çıxdı deyə, daha iqtisadçı, keçmiş deputat Nazim Məmmədovla iqtisadi mövzulardan geniş bəhs edə bilmədik. Bir az xəstəhal olduğundan Bakının küləkli havasına çıxmağa ehtiyatlandığı üçün bizi evinə dəvət etdi, imtina etmədik. Keçmiş deputatın kiçik yaşlı övladları Cavid və Zeynəblə tanışlıqdan sonra çay süfrəsi və şahmat taxtası arxasındaca söhbətimizə başladıq: - Nazim bəy, bilmək olarmı, hazırda nə işlə məşğulsunuz? - Öz işlərimlə məşğulam. Elə 5 il göstərdiyim fəaliyyəti davam etdirirəm. Elə gün olmur ki, köhnə seçicilərimdən mənə zəng olmasın, yaxud hansısa xahiş etməsinlər. - Deməli, hələ də sizi deputat bilirlər... - Bir çoxları elə bilir ki, deputatam. Bu, elə başa düşülməsin ki, indiki hörmətli deputatımız rayonu yaxşı təmsil eləmir. Ona seçicilər qiymət verə bilər. Amma fakt budur ki, ola bilər, məlumatsızlıq ucbatından məni hələ də deputat sayırlar. Fakt budur ki, seçki prosesinə insanların çox az qismi qatılır. Keçənilki seçkidə də aktivlik aşağı səviyyədə olmuşdu. Belə vaxtlarda bizim insanlar Bakı, Sumqayıt və digər şəhərlərə, belə demək mümkünsə, qışlamağa gəlirlər. Çünki təbii qaz olmadığına, kommunal problemlərin çoxluğu səbəbindən, mən təxmini hesablamışdım ki, elə kənd var idi 70 faiz, eləsi 50 faiz əhalisi öz yurdunda yaşamır. Adətən, qeydiyyatda olan və öz kəndində yaşayanların da çox az qismi seçkiyə qatılır. Bu baxımdan əksəriyyəti bilmir kimdir deputatı. Ancaq mən elə öz işlərimlə məşğulam. Müraciət olunanda radio, televiziya, yazılı mətbuatda çıxışlar edirəm, insanları maraqlandıran iqtisadi məsələlərlə bağlı fikirlərimi söyləyirəm.
- Siz həm də hakim partiyanın üzvüsünüz. YAP-a sonuncu dəfə nə vaxt ayaq basıbsınız? - Mən YAP-a qəbul olunandan bəri cəmi iki dəfə olmuşam. O da YAP-ın təşəbbüsü ilə prezident seçkiləri və referendum qabağı bir toplantı var idi. Seçki dairələrində hansı işlərin görüləcəyi ilə bağlı təlimatlandırma prosesi həyata keçirilirdi, o zaman getmişəm. - Niyə az-az gedirsiniz? Yoxsa YAP-ın havası sizə düşmür? - Həmişə demişəm, mən YAP-ın ən sıravi üzvlərindən biriyəm. Hesab etmirəm ki, sıravi üzvün də YAP-ın İdarə Heyətində vaxtaşırı olmağı çox vacibdir. - Hər halda siz deputat mandatı daşıyan YAP-çı idiniz və son seçkidə taxtdan salındınız. Heç olmasa bu məsələləri çözmək üçün partiya rəhbərliyi ilə görüşə bilərdiniz... - Mən heç bir təşəbbüs göstərməmişəm. Yeri gəlmişkən, 7 noyabr seçkilər günü günorta təqribən 3-4 radələrində mənə zəng olundu. Zəng edən şəxsin adını açıqlamaq istəmirəm, o YAP-ı təmsil eləmir. Onun dediyinə görə, mənim fəaliyyətim, seçki ilə bağlı atdığım addım ən yüksək səviyyədə dəyərləndirilib. Həmin şəxs mənim narahat olmamağımı istədi və hər şeyin yaxşı olacağını vəd etdi. Açığı mən burda bir problem görmürəm, heç nə də gözləmək və ummaq fikrində deyiləm. Heç əvvəlki fəaliyyətim zamanı da belə məsələləri qarşıma məqsəd qoymamışdım. Sadəcə olaraq təqribən iki həftədən sonra 7 noyabrdır və ondan sonra siyasi fəaliyyətimizi nə cür davam etdirəcəyimizə qərar verməyə artıq bir mənəvi haqqımız olacaq. - Yəni o gün qərar vermək günüdür? - Təbii ki. Yeri gəlmişkən, onu da deyim ki, millət vəkili seçilməyəndən sonra - bilirsiniz ki, mən seçkiyə qatılmadım, geri çəkildim - dövlətdən hər hansı müavinət almamışam. Düzdür, qanunla deputatlıqdan sonrakı bir il müddətində əməkhaqqının 80 faizinin alınması əksini tapıb. Amma mən bununla bağlı müraciət etməmişəm. - İmtina etdiniz, yoxsa ehtiyac hiss etmədiniz? - Mən bunun qanunla müəyyən olunması və mexanizmini doğru hesab etmədiyimə görə müraciət etmədim. Çünki işsiz və yaxud işli olmağın bir məsələsi var. İşləyən adamın əmək kitabçası iş yerində olur. Deməli, belə olması daha məqsədəuyğun idi ki, əmək kitabçalarını Milli Məclisdən götürməyən keçmiş parlament üzvləri işsiz kimi göstərilməli və onların hamısına müavinət avtomatik təyin olunmalı idi. Ancaq deputat statusu haqqında qanunda elə müəyyənləşib ki, deputat gərək özü şəxsən Milli Məclisin sədrinə müraciət etsin və vəsait parlamentin büdcəsindən ayrılsın. Yeri gəlmişkən, mənim əmək kitabçam hələ də Milli Məclisdədir. - Niyə götürmədiniz? - Bir ilin tamamını gözləyirəm. Noyabrın 7-dən sonra, yəqin ki, müraciət edib götürəcəyəm. - Ancaq bir xeyli puldan imtina edibsiniz...
- Təbii ki, deputatın əmək haqqının 80 faizi ayda təqribən 1000 manata yaxın vəsait edir. Onu da qeyd edim ki, 5 il ərzində mən dövlətdən əməkhaqqı olaraq təqribən 150 min manat almışam. Ancaq seçicilərim və rayonun ictimai işləri üçün, həmçinin park ,körpü tikintisi, kənd yollarının bərpası, tələbələrə təqaüd, məktəblərə kompüterlərin verilməsi və s. ilə əlaqədar, təqribi hesablamama görə, aldığım əməkhaqqından iki dəfə artıq vəsait xərcləmişəm. Amma mən bunu öz dövlətimə və vətəndaşlarımıza halal edirəm. O baxımdan məqsəd hər hansı bir vəsaiti almaq deyil. Sadəcə, mən bu qənaətdəyəm ki, deputatın işlədiyini, yaxud işsiz olmağını başqa meyarlarla sübut etmək lazımdır. Yəni mən onun şəxsən müraciəti əsasında bu maaşın ona ianə kimi verilməsinin tərəfdarı deyiləm. Qanunla müəyyən olunubsa, bu adamların əməkhaqqı həmin şəxslərin hesabına köçürülməlidir. - Siz həmin batan pullarla bağlı iddia qaldıra bilərsinizmi? - Həmkarlarınızdan biri bu barədə mənə sual edən zaman yarızarafat-yarıgerçək “alın, özünüzə lazım deyilsə, jurnalistlərə verin” dedi. Doğrusu, bu ideya mənim xoşuma gəldi və bunu nə cür etməklə bağlı maraqlandım. Köməkçi vasitəsilə mənə dedilər ki, müraciət olunan vaxtdan bu vəsait hesablanır. Yəni mən indi müraciət etməli olsam, bir ay ərzində ala bilərdim. Mən bunu qanundakı boşluq kimi hesab edirəm. Əslində belə olmamalı idi. - Deyək ki, iki həftə keçdi və siz noyabrın 8-də qərar verməli oldunuz. Əgər YAP rəhbərliyindən hər hansı mesaj olmasa, dediklərinizə reaksiya gəlməsə, yaxud ötən il verilən vədə əməl olunmasa, qərarınız nə ola bilər? - Mənim bunu heç də ictimai polemikaya çevirmək fikrim yoxdur. Sadəcə olaraq, bir daha düşünüb-daşınacağam. Əgər YAP bir il ərzində öz keçmiş deputatı ilə maraqlanmayıbsa... Mən bu illərdə təkcə teledebatlarda 36 dəfə müxalifətin aparıcı şəxsləri ilə YAP-ın adından çıxış etmişəm və hakim partiyanın siyasi və iqtisadi mövqelərini kifayət qədər arqumentlərlə müdafiə etmişəm. Mənim üçün də qaranlıq qalır ki, əgər YAP, onun rəhbərliyi - mən burda cənab prezidenti, partiya sədrini nəzərdə tutmuram - bu dövr ərzində heç olmasa etik nöqteyi-nəzərdən mənimlə maraqlanmayıblarsa, onda mən də düşünməliyəm ki, bəlkə elə partiya üzvü olmasam daha məqsədəuyğundur. Debata çıxdığım şəxslər üzümə deməsələr də hiss edirəm ki, başqaları ilə söhbətdə məni misal çəkirlər ki, Nazim Məmmədov kimi onları arqumentli müdafiə edən birisinin qədrini bilməyirlərsə bu hakimiyyətdən nə gözləyəsən. Necə deyərlər məni bir “gözü çıxan qardaş göz qabağındadır” misalına çeviriblər. Ancaq deyim ki, bundan mənim imicimə yox YAP imicinə ziyan gəlib.
- Tədbirlərin birinə YAP təmsilçisi kimi dəvət almışdınız. Ancaq partiya bəyanat yayıb açıq şəkildə bildirdi ki, Nazim Məmmədov YAP-ı təmsil edə bilməz. - Əslində etirazın bu formada verilməsinin mənə deyil partiyaya ziyan vurduğunun qənaətindəyəm. Mən heç vaxt YAP-ı təmsil etmək iddiasında olmamışam. Çünki YAP-ı təmsil edən şəxslər ictimaiyyətə məlumdur. 1999-cu ildə Heydər Əliyev ikinci dəfə prezident seçildikdən sonra Moskvada azərbaycanlı iş adamları ilə görüşərkən Azərbaycana dəvət etdi. Mən Azərbaycana qayıtdıqdan sonra YAP -ın icra katibinin tövsiyyəsi ilə partiyaya üzv olmuşam. Hesab etmişəm ki, Azərbaycanın siyasi stabilliyi artıq bərqərar olub və bu siyasi stabillikdən sonra biz ölkədə iqtisadi stabilliyə öz töhfəmizi verməliyik. Bu mənada edilən tövsiyəyə adekvat, ancaq öz təşəbbüsümlə Heydər Əliyevin qurduğu və sədr olduğu partiyaya üzv olmuşam. Amma mən sıravi üzv kimi fəaliyyət göstərmişəm, heç vaxt YAP-ın təmsilçisi, YAP funksioneri qismində özümü görməmişəm. Düzdür, təmsilçiliklə bağlı YAP-ın bəyan etdiyi fikirlər həqiqətdir. Ancaq YAP tərəfindən ictimaiyyətə canfəşanlıqla bir ne?ə dəfə həmin məlumatın belə təqdim olunmasını doğru saymadım. Hesab etdim ki, bu, lazımsız addım idi. - Siz özünüzü nə vaxtsa müxalifət partiyasının üzvü kimi görürsünüz? - (Gülür) Yox. Bir dəfə siravi üzv olmağım yetər. - Bəlkə özünüzün partiya yaratmaq fikriniz var? Məsələn, Azad Sahibkarlar Partiyası... - Bu, daha maraqlı ideyadır. Düzdür, sahibkarların hüquqlarını qoruyan kifayət qədər qurumlar var və bu qurumların yaxşı-pis işləməyindən asılı olmayaraq, güman edirəm ki, sahibkarlar gələcəkdə ölkənin əsas aparıcı qüvvələrinə çevrilməlidir. - Kifayət qədər qurumlar olsa da, həm ölkədəki sahibkarlar, həm də xarici ölkələrə mühacirət edən bəzi iş adamları onlara məxsus əmlakın zorla əllərindən alınmasından dad eləyir. Deməli, bu sahədə vəziyyət heç də yaxşı deyil... - Siz partiyadan danışdınız, bir məsələni deyim. Ölkədə mövcud olan iqtidaryönlü partiyaların bir neçəsi məni sədr kimi dəvət edib. Yəni belə təkliflər də var. Ancaq bu gün mən sadəcə olaraq düşünməliyəm ki, əgər partiyaya lazım deyiləmsə...Yəni mənim bu barədə düşünməyim üçün kifayət qədər mənəvi əsasım var. Düzdür, mən deyə bilmərəm ki, 8 noyabrda nə baş verəcək. Ancaq həmin gün mənim partiya sədrinə müraciətim olacaq. Yəni olan işlərlə bağlı, gələcəkdə atacağım addımlar haqqında partiya sədrini məlumatlandırmaq fikrim var. - 1999-cu ildə Azərbaycana dəvət olundunuz, qayğı ilə qarşılandınız. Bəlkə bu gün Azərbaycanın milyardlarla neft pulları olduğu üçün iqtisadçılara, sahibkarlara münasibət dəyişib. Bu münasibət haradan qaynaqlanır? - Məncə, Azərbaycanın xaricində və daxilində yaşayan hər bir azərbaycanlıya Azərbaycanın ehtiyacı var. Bizim neft pullarının çox olmasından asılı olmayaraq vətəndaşların imkanlarının daha geniş olmasına diqqət yetirmək lazımdır. Çünki bu, daha önəmlidir. Şəxsən mən bilmirəm üzləşdiyim münasibət haradan qaynaqlanır. Fikrimcə, iş adamları öncə özlərinə baxmalıdırlar ki, nə cür iş adamı olublar. Yəni əgər dövlətin kifayət qədər dəstəyi, onun resursları ilə kimsə iş adamı olubsa, sonradan problemi yaranıbsa, problemi özündə axtarmalıdır. Sovet vaxtı kazinolar yox idi, ancaq idman-loto var idi. Orda oynayan insanlara həmişə məsləhət edirdilər ki, dövlətlə qumar oynamaq olmaz, çünki istənilən halda sən uduzan tərəf olacaqsan. Məncə, dövlət sahibkarların işinə qarışmamalıdır, sahibkar da dövlətdən ayrılmalıdır. Bu gün Azərbaycanda oliqarxlar və vəzifəlilər eyniləşdirilir. Hesab edirəm ki, o adamlar ya vəzifədən, ya da sahibkarlıq fəaliyyətindən getməlidir. Əks təqdirdə bu adamlar heç vaxt uzun yol gedə, məmur-sahibkar kontekstində birgə addımlaya bilməyəcək.
- Ancaq sahibkarların bir çoxu deputat olmağa can atır. - Bu, istənilən vətəndaşın haqqıdır. Elə sahibkarın deputat olması daha məqsədəuyğundur, nəinki universitet rektorunun. İlk öncə sahibkarın parlamentə can atmasının kökünü araşdırmaq lazımdır. Yaxud niyə prezidentin vəzifəyə qoyduğu şəxslər, rektorlar, şirkət rəhbərləri konstitusiyaya zidd olaraq deputat olur, bunlarla bağlı düşünmək lazımdır. Hesab edirəm ki, gələcəkdə parlamentin proporsional əsaslarla formalaşdırılmasına qərar verilməlidir. Elşad PAŞASOY 2856 dəfə baxılıb
|
[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR” [30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK [26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM” [19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...” [17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK” [16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR [15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM” [14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI [05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM” [27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...” [20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ” [28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR” [26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...” [22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM” [21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM” [12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR” [02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ [22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...” |
| Yeni MÜSAVAT © 2008 |
|