22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Müsahibə

“BƏZƏN DEYİRƏM Kİ, GÖR ÖMRÜMÜ NƏYƏ SƏRF ETDİM...”

2011-10-31

Akif Aşırlı: “1999-2000-ci ilədək mətbuatın qızıl dövrü idi”
“Heydər Əliyev böyük siyasətçi olmaqla yanaşı, mətbuatla çox yaxşı formada işləməyi bacaran bir lider idi”

Qazax elinin nümayəndəsi olasan, sazda ifa eləyə bilməyəsən, bax bu, mənimçün gözlənilməz oldu. Ancaq sinədəftərliyi uşaqlıqdan olub, 1991-ci ilə qədər şeir yazıb. Elə öz elinin şairinin məsləhəti ilə şeirə də həmin vaxtdan vida edib.

“7 gün” qəzetində çalışarkən baş redaktor Emin Eminbəylinin tapşırığı ilə “7 günün qonağı” rubrikasında mərhum şairimiz, Aşıqlar Birliyinin o vaxtkı sədri Hüseyn Arifdən müsahibə götürür. Şair jurnalistin ləhcəsindən duyuq düşüb “qazaxlısanmı” soruşur və təsdiq cavabından sonra şer yazıb-yazmadığı barədə sual edir və “gələn dəfə bir şerini də gətirərsən, baxaram” deyir. Müsahibə uğurlu alınıbmış, dərcindən sonra Akif Aşırlı şeirlərini də aparıb Hüseyn Arifə təqdim edir. Hüseyn Arif şeirlərə baxandan sonra “görürəm jurnalistliyin şairliyindən güclüdür, elə jurnalistika ilə məşğul ol” söyləyir. O gündən də Akif bəy şeir yazmağın daşını atır.
Rubrikamızın budəfəki qonağı “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlıdır. Noyabrdın 1-də 15 yaşı tamam olacaq “Şərq” qəzeti barədə danışmaq istəyirdik. Söz-sözü çəkdi və...
İldönüm tədbirini redaksiyada, kollektiv daxilində qeyd ediblər. Deyir ki, sağlıq olsun, 20 illiyi daha geniş formada, başqa bir məkanda qeyd eləmək niyyəti var. Hələliksə, arzusu bundan sonrakı mərhələdə giley-güzar dolu müsahibələrə son verilməsi, qəzetlərin rəngli mətbəəsinin, normal rəqabət mühitinin olması, reklam gəlirlərinin artmasıdır:

- “Şərq” qəzet bolluğunda meydana çıxdı və çox keçmədi ki, özünün oxucu auditoriyasını qazana bildi. O dövr həm də xəbər məkanında informasiyaların tez-tez dəyişdiyi və cəmiyyət üçün maraq kəsb etdiyi bir dövr idi. Həmçinin biz peşəkar bir komandanı formalaşdıra bildik. Düşünürəm ki, hələ bundan sonra da neçə illər “Şərq” qəzeti meydanda olacaq. Düzdür, indi yeni media - internet jurnalistikası daha çox populyarlıq qazanmaqda, gündəmi zəbt etməkdədir. Bu, klassik medianın yaşam imkanlarına müəyyən qədər təsir etsə belə, düşünürəm ki, iki jurnalist sisteminin rəqabət mühitində ənənəvi jurnalistika qalacaq, o cümlədən də “Şərq”.

- Günəş Şərqdən çıxır, bəs bu illər ərzində “Şərq”in özünün günəşli vaxtları çox oldu, yoxsa başının üstünü buludların aldığı günlər?

- Təbii ki, “Şərq”in günəşi daha çox oldu. Buludlu anlarımız, redaksiyanın sıxıntı çəkdiyi, məhkəmələrə verildiyimiz, çox gərgin, təzadlı günlərimiz də az olmayıb. Biz senzuranın ən qatı dönəmində fəaliyyət göstərdik. Bu 15 ili xatırlayanda bir qəhrəmanlıq nümunəsi ortaya qoyduğumuzu zənn edirəm. Bəzən deyirlər ki, qəzet pik nöqtəsindən müəyyən qədər geri çəkildi. Bu, hardasa yaşımızla, dünyagörüşümüzdəki dəyişikliklərlə bağlıdır. Mən 1997-98-ci il saylarımıza baxanda görürəm ki, biz həddən artıq sensasiyaya meyl etmişik. Onun özü də maraqlı dövr idi. Ancaq ola bilsin hadisələrə başqa aspektdən yanaşmağımız da “Şərq”in tirajının azalmasına səbəb oldu. Düzdür, ümumən mətbuatda tiraj azalması prosesi gedir...

- O zamanla indiki arasında fərq nə qədərdir?

- Biz “Yeni Müsavat”la paralel getmişik - 30 min idi. Bu gün isə tiraj 5-6 dəfə azalıb. Ancaq biz müəyyən bir mərhələdə düşündük ki, cəmiyyəti aldada bilmərik. Biz bəzən Qərb jurnalistikasının dəyərlərindən bəhs edirik, balanslı informasiyadan danışırıq. Bu gün Azərbaycan qəzetçiliyində balanslı informasiya siyasəti keçmir, oxucu buna hazır deyil. Biz yaxşı qəzet buraxdıq, ancaq çox təəssüf ki, istəklərimizə, düşüncələrimizə, dediyim dəyərlərə uyğun oxucu yetişdirə bilmədik. Təbii ki, müəyyən “məxfi” qrifli informasiyaları, hakimiyyətdaxili çəkişmələr, müxalifətin hakimiyyətə münasibəti, müxalifətin özündəki vəziyyətlə bağlı məlumatları dərc etməyin özü də çox normaldır. Çünki, bunlar siyasi həyatımızın bizə verdikləridir, bundan qaçmaq olmaz. Sadəcə o zaman biz düşündük ki, bu cür informasiyaların çəkisini artırmaqla cəmiyyəti aldadırıq. Deyək ki, Qərb modelinə əsaslanan qəzetlər var idi. Məsələn, Gündüz Tahirli “Yeni Yüzil” qəzetini nəşr etdi, ətrafına kifayət qədər peşəkarlar yığdı. Arif Əliyev “Gün Səhər” qəzetini nəşr etdi, kifayət qədər peşəkar komanda formalaşmışdı. Ancaq onlar bazarda duruş gətirə bilmədilər. Bunun kökündə mənim dediyim amillər dayanır.

- Deməli, bu illər ərzində itirdikləriniz daha çox olub. Belə demək mümkünsə, nə oxucudan yarımısınız, nə iqtidardan, nə də müxalifətdən...

- Təbii ki, bütün cəmiyyəti qınamaq olmaz. Amma bizim jurnalistikada görmək istədiyimiz məsələlər ki var, onları görə bilmədik. Həm də bütün cəmiyyətin özünün problemlərindən dolayı mətbuatın problemləri də ortaya çıxır.

- Çox qəribədir ki, bu qədər loyal mövqeyinizə rəğmən hakimiyyətdən də istədiyiniz münasibəti görə bilməmisiniz. Bunun səbəbi nədir, sizdən daha nə istəyirlər?

- Öncə deyim ki, mən bizim hakimiyyətlə əməkdaşlığımıza çox normal yanaşıram. Ümumiyyətlə, hakimiyyəti də cəmiyyət, xalq formalaşdırır. Düzdür, siz məsələyə tamam başqa aspektdən yanaşa bilərsiniz. Mən bəzilərindən fərqli olaraq bu əməkdaşlığa çox normal baxıram. Ancaq hakimiyyətlə əlaqələrimiz qəzetimizin hansısa bir probleminin həlli üzərində qurulmayıb. Çox səmimi deyirəm ki, hər bir qəzet kimi “Şərq”in də çox ciddi maliyyə problemləri olub. Biz bunu zaman-zaman yaşamışıq. Problem ondadır ki, biz bu gün jurnalistlərimizin imkanlarından daha düzgün, daha yaxşı istifadə edə bilmirik. “Şərq”in kollektivinin geniş yaradıcılıq potensialı var. Bu potensialın ancaq 40 faizini əhatə edə bilirik ki, bu da iqtisadi məsələlərlə bağlıdır. Əgər biz bu iqtisadi problemləri həll edib bu potensialdan yetərincə istifadə etsək, ümumiyyətlə, cəmiyyətin, eyni zamanda hakimiyyətin və müxalifətin xeyrinə olar. Mən müxalifətlə də hər zaman normal münasibətlərin tərəfdarı olmuşam, bu gün də o fikirdə qalıram.

- Dediyiniz kimi, problemlər ümumən ölkə mətbuatına xasdır. Bu problemlərdən xilas olmağın yolunu nədə görürsünüz?

- 1999-cu ilə qədər bizim qəzetin gəlirləri təkcə satışdan deyildi. Hətta bizim səyyar satışdan başqa reklam gəlirlərimiz var idi. Bəlkə də siz bunu yazmazsınız, amma mən hesab edirəm ki, 1999-2000-ci ilədək Azərbaycan mediasının qızıl dövrü olub. Bu dövr Heydər Əliyevin mətbuat üçün açdığı geniş bir pəncərə idi. Heydər Əliyev böyük siyasətçi olmaqla yanaşı, mətbuatla çox yaxşı formada işləməyi bacaran bir lider idi. İndiki problemlər ölkədəki liberal iqtisadiyyatdakı problemlərdən, nəzarət mühitinin, sahibkarlıqda mənfəət düşüncəsinin olmamasından doğur. Əgər bazar iqtisadiyyatındakı bu problemlər həllini taparsa, bunun mətbuata çox böyük müsbət təsiri ola bilər. Digər tərəfdən, qəzetlərin yayım siyasətində çox böyük islahatlara ehtiyac var. Baxın, icra başçıları dəyişən kimi ilk növbədə qəzet köşklərini dəyişməkdən başlayırlar. Axı bu qəzet cəmiyyətin inkişafında maarifçiliyi yayan, cəmiyyətin inkişafında maraqlı olan informasiya təminatını ödəyən intellektual bir məfhumdur. Bu məfhumu istehsal ediriksə, bunun satış yerləri də olmalıdır. Üstəlik dövlət qəzetlərinin, ayrı-ayrı nazirliklərin, komitələrinin qəzetlərinin olması, bu qəzetlərə məcburən abunə yazdırılması müstəqil qəzetçilikdə problemlərin yaranmasına, tirajın azalması, iqtisadi mənfəətlərinin aşağı düşməsinə gətirib çıxarır.

- Belə demək olarmı ki, əslində ən yüksək səviyyədə azad mətbuatla bağlı siyasi qərar verilməsinə ehtiyac var?

- Hesab edirəm ki, bu siyasi iradə cənab prezidentdə var. Düşünmürəm ki, cənab İlham Əliyevin ölkədə mətbuatın inkişafında maraqlı olmayan hansısa göstərişləri, fikirləri olsun. KİVDF-nin yaranması, mətbuatın inkişafı ilə bağlı konsepsiyanın qəbulu dövlətin mətbuat siyasətinin nəticəsi kimi ortadadır. Sadəcə bu siyasətdən kim necə istifadə edir, bax, əsas məsələ budur. İndi məmurların çoxu yerində deyil. Məmurların yerində olmaması və onların ideoloji baxımdan deyil, daha çox biznes strukturlarının təmsilçisi olmağının mətbuata daha çox mənfi təsiri olur. Məsələn, Heydər Əliyevin dönəmində icra başçılarının hamısı ideoloji hazırlıqlı insanlar idi, onlar mətbuatın önəmini də bilirdilər. Başa düşürdülər ki, mətbuata məxsusi olaraq Heydər Əliyevin diqqəti var. Mən həm Ayaz Mütəllibov, həm Əbülfəz Elçibəy, həm də Heydər Əliyevin dönəmində qəzetdə işləmişəm. Təcrübədə bunu görmüşəm ki, ən kiçik informasiyalara belə, Heydər Əliyevin çox məxsusi diqqəti var idi. Onu da yerlərdə məmurlar görürdü. Bir jurnalistin döyülməsinə Heydər Əliyevin verdiyi reaksiyanı xatırlayıram. İcra başçılarından biri ANS-in əməkdaşına zor tətbiq etmişdi, onunla bağlı Heydər Əliyevin verdiyi göstərişlər faktdır. Bu gün yerlərdə məmurların intellektual olmaması, işini şəffaf aparmaması mətbuata problem yaratmaqla bərabər, reketlərə zəmin hazırlayır.

- Mətbuat Şurasının rəhbərliyi hesab edir ki, reket mətbuatının bir hissəsinin də arxasında məmurlar dayanır.

- İndi belə deyirlər. Ancaq gərək biz ümumi fikirdən konkretliyə keçək. Konkret göstərilməlidir ki, bu mətbu orqanın arxasında kim dayanır. Ümumi fikirlərlə biz heç vaxt nə mətbuatın, nə də cəmiyyətin problemləri ilə bağlı irəliləyişlərə nail ola bilmərik.

- Ölkə prezidenti hər hansı mətbu orqanı məhkəməyə vermədiyini deməklə məmurları da bu yoldan çəkinməyə çağırır. Ancaq bu gün azad mətbuata qarşı növbəti məhkəmələr dalğası başlayıb. “Şərq” qəzetinin məhkəmələrlə bağlı vəziyyəti necədir?

- Bu 15 il ərzində çoxsaylı məhkəmə proseslərimiz olub. Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərovdan tutmuş digər iri çaplı məmurlara qədər, iqtidar və müxalifət düşərgəsinin təmsilçisi olan siyasətçilərin bəziləri bizi məhkəməyə çəkiblər. Bu mənada uzun-uzadı məhkəmə çəkişməsinin nə olduğunu mən yaxşı bilirəm. Mən bilən bu gün “Yeni Müsavat”ın məhkəmə çəkişmələri var. Bir faktı deyim. Zamanında Murtuz Ələsgərov bizi məhkəməyə verdi və 2 aylıq çəkişmədən sonra Murtuz müəllim ağsaqqallıq elədi. Gördü ki, bizim yazımız sifariş deyil, sadəcə jurnalistin düşüncələrinin məhsuludur. Odur ki, məhkəmədə geri çəkildi, barışdı. Mən istərdim ki, o məmurlar da Murtuz Ələsgərovun həmin dövrdəki müdrikliyini nümayiş etdirsinlər. Məmurlar da, onların düşüncələri də müxtəlifdir. Necə ki, daş karxanasından çıxan daşın ölçüsü, keyfiyyəti eyni deyil. Məmurların içərisində çox intellektual, mətbuata açıq olanlar da var. Bu mənada bütövlükdə məmurları qaralamağın da tərəfdarı olmamalıyıq. Ancaq istərdim ki, səmimi addım atılsın, o məhkəmə çəkişmələri sona yetsin. Mətbuatın özü də faktları təqdim edəndə dəqiqləşdirməlidir.

- Mətbuatın bir problemi də informasiyanı rəsmi qurumlarla dəqiqləşdirməsi ilə bağlıdır. “Şərq” qəzetinin bu sahədə imkanları nə dərəcədədir?

- Hansı məmurlar ki, mətbuata açıq deyil, onların özlərinin qəzeti var. Belə düşünürlər ki, gördükləri işi həmin qəzetdə çap etdirmək yetərlidir. Əslində istənilən məmur mətbuata açıq olmalıdır. Məmura ünvanlanan kəskin suallar da ola bilər, ancaq o, həmin suallardan qaçmamalıdır. Dövlət məmuru ona görə həmin vəzifəyə təyin olunub ki, xalqa xidmət eləsin və xalqa hesabat versin. Bu hesabat da mətbuatın vasitəsilə olur.

- Sirr deyil ki, ayrı-ayrı media rəhbərlərinin “stavka” elədiyi, yaxud normal münasibətdə olduğu məmurlar var. Sizin necə, məmur dostlarınız varmı?

- Əlbəttə, var. Mənim Nazim İbrahimovla çox yaxşı münasibətlərim var. Düzdür, son bir-iki ildə adətən dövlət tədbirlərində görüşürük. Misir Mərdanovla salamımız var. Hüseyn Bağırovla münasibətlərimizdə heç bir problem görmürəm. Bu insanlar həm də mətbuata kifayət qədər açıq insanlardır. Məmurdur deyə, ondan məsafə saxlamağın özünü də doğru saymıram. Məmur da Azərbaycan vətəndaşıdır, onun da amalında millətə xidmət var. Biz onu da müsbət dəyərləndirməliyik.

- Mətbuatın problemlərindən ayrılıb tarixi araşdırmalarla məşğul olduğunuz vaxtlar da oldu. Buna görə hətta tənqidlərə də tuş gəldiniz.

- Tənqiddən çox təqdir olunmuşam. Bir neçə il əvvəl özəl ali məktəblərin birindən jurnalistika fakültəsindən dərs demək təklifi aldım. Gedib gördüm ki, bizim jurnalistika təhsili alan tələbələrimizin heç oxumağa dərsliyi yoxdur. Fikir verin ki, Azərbaycan mətbuat tarixi sonuncu dəfə 1972-73-cü illərdə çıxıb. Mən götürüb Azərbaycan mətbuat tarixini iki cilddə yazdım. İlk cild 1875-1920-ci illəri, ikinci cild isə sovet dövrünü və müstəqillik dövrünü əhatə edir. Orda “Yeni Müsavat” qəzeti, o cümlədən qeyri-leqal qəzetlər də var. Mən özümdən nəsə kəşf etmədim, mənbələri göstərdim. Sadəcə kitab yazmaq ümumiləşdirmə bacarığı deməkdir. Bizim bəzi alimlərimiz isə sanki bundan çəkinirlər. Sonrakı kitabım Qafqaz İslam Ordusu ilə bağlı oldu. O kitab keçmiş səfir Hüseyn Avni Qarslıoğlunun zamanında Türkiyədə də çap olundu. Daha sonra 31 mart soyqırımı ilə bağlı kitab yazdım. Hansı ki, bu soyqırımından ən çox əziyyət çəkən elə bizim mətbuatımız olub, redaksiyalarımız yandırılıb, jurnalistlərimizə terror olub. Odur ki, “31 mart soyqırımı Azərbaycan mətbuatında - 1918-20-ci illər” kitabını yazdım. Müəyyən boşluqları görəndə yazıram. Kimsə bunu qəbul etməyə bilər. Ancaq qəbul etməyənlər ortaya bundan yaxşısını qoysunlar.

- Bu illərdə yorulmadınız ki?

- Açığını deyim ki, bezdiyim vaxtlar olub. Bəzən deyirəm ki, gör ömrümü nəyə sərf etdim...
Sonda planları barədə soruşdum. Cavab konkret oldu: “Bilsəm ki, ”Şərq" öz ömrünü rahat şəkildə davam etdirə bilər, o zaman kollektivin özü kimi istəyər, seçər, baş redaktor qoyar, mən də gedib kitablarımı yazaram, BDU-da müəllimliyimi davam etdirərəm".

Elşad PAŞASOY

3054 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR”

[30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK

[15.04.2012] - XİLASKAR

[26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM”

[19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...”

[17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK”

[16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR

[15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM”

[14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI

[05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM”

[27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...”

[20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ”

[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR”

[26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”

[22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM”

[21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM”

[12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

[02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

[22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...”

[21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...”

ARXIV

Yeni MÜSAVAT © 2008