22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Müsahibə

“QARŞIDA ELƏ İLLƏR VAR Kİ, HƏR ŞEYİ HƏTTA SIFIRDAN DA BAŞLAYIB DÜZƏLTMƏK MÜMKÜNDÜR”

2011-11-02

Jurnalist Nazim Sabiroğlunun 40 yaşı tamam olur. 1971-ci il noyabrın 8-də Şuşada anadan olan Nazim Sabiroğlu Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Jurnalist fəaliyyətinə “525-ci qəzet”də başlayıb, daha sonra “Detektiv” qəzetində çalışıb. 2001-ci ildən “Yeni Müsavat” qəzetində çalışır. 2005-ci ildən “Yeni Müsavat”ın redaktorudur.

- 40 yaş... Bəlkə elə bundan başlayaq: yaşın nə fərqi var?

- 40 yaşa çatdığımı mənə yalnız arada çox yaxın dostlarım, bir də son günlər sizin kimi yaxın həmkarların müsahibə üçün müraciəti xatırladır. Hərdən avtobusda cavanların mənə oturmaq üçün yer təklif etdiyini nəzərə almasaq, 40 yaşın gətirdiyi xüsusi bir hiss, üstünlük, yaxud yorğunluq yoxdur.
Anam üçün yenə uşağam, bacım üçün yenə balaca qardaş. Mən hələ də xoşum gəlməyən yemək olanda küsürəm evdən. O mənada yaşın fərqi yoxdur. Mən beynimi uşaqlıqda “tez böyüyüm”, gənclikdə “50 yaşım olanda görəsən necə olacam” kimi fikirlərlə məşğul etməmişəm. Adamlar var ki, saçına düşən vaxtsız dəndən, alnının qırışından belə mütəəssir olur. Mənim üçün bu mənada da yaşın fərqi yoxdur. 25 yaşımda gecənin bir vaxtı bu ölkədən necə getmək istəmişəmsə, indi də bir gecə elə getməyə hazır və azad hiss edirəm özümü. Bu mənada da yaşın fərqi yoxdur. Daha sevgidən danışmıram ki, deyəcəklər 40 yaşı var, gör nələr düşünür. Yoxsa sizə nələr anladardım, nələr...
Yox, deyəsən, indi tapdım, yaşın fərqi var. 40 yaşında adam ürək sirlərini paylaşmaqda utancaq və xəsis olur.

- Obrazlı desək, bu 40 ilin neçə ili dava ili, dərd ili olmayıb?

- Gərək hesablayaq. 14 yaşımadək, demək olar, dərd nə olduğunu bilməmişəm. Yaylağa gələn qızlara vurulub onlar gedəndə darıxmağımı, çilingağac oynayanda başımın yarılmasını, futbolda yıxılıb qolumu qırdığımı saymasaq. Sonra cavan dayım rəhmətə gedəndə anamın dərd çəkdiyini görmüşəm, ondan bir az da mənə pay düşüb. Sonra arada atam xəstələnib, evdəkilərin necə həyəcan keçirdiyini görmüşəm. Mən də onu itirmək qorxusu ilə bir az dərdlənmişəm.
17 yaşım olanda Qarabağ məsələsi başlayıb. Bu da bir dərd. Dərd üstə dərd universitet illərində - ilk ciddi sevgimi tapanda olub. 22 yaş və Şuşa dərdi. 18 ildir davam edən itkilərimiz və dərdlərimiz. Neçə il etdi? Amma müharibə indi - 41-də başlayır. Dava və qələbələr hələ qabaqdadır - Stalinqrad, Berlin... Allah dərddən qorusun.

- Jurnalistikanı peşə seçdiyinizə görə peşmançılıq hissi olurmu heç?

- Mən jurnalistikaya gəlmək üçün uzun bir yol, hazırlıq mərhələsi keçmişəm. “Azadlıq” qəzetinin redaksiyasında bütün iş prosesi gözümün qarşısında olub. O zamanın ən məşhur imzaları ilə polemikaya, qızğın müzakirələrə də girişmişəm. Bu mühit mənə yad olmayıb yəni. Uzun müddət işsiz qalandan sonra isə qardaşım Hikmətin (Sabiroğlu) könülsüz tapşırığı ilə Rəşad Məcidin “525-ci qəzet”ində işə başlamışam. Sonra rəhmətlik Elçin Səlcuqun “Detektiv”i, sonra Rauf Arifoğlunun “Yeni Müsavat”ı. Bu illər ərzində iş şəraitində o qədər olub ki, “qəzetçilikdən gedəcəm” demişəm. Amma hara? Bax, o suala cavab və rahat iş tapanda bəlkə demək olar ki, peşmanam. İndilikdə bu sualın cavabı “yox”dur.

- Redaktor Nazim Sabiroğlunun “Yeni Müsavat”ın qurucusu və dəyişməz baş redaktoru Rauf Arifoğlu ilə işbirliyi necə mümkün olur? O mənada ki, xeyli fərqli adamlar təsiri bağışlayırsınız...

- Dünyada nə qədər insan varsa, o qədər də fərqli xarakter var. Rauf Arifoğlu ilə artıq 10 ildir işləyirəm. Uzun müddət bizim münasibətlərimiz yalnız “salam, bəy”, “sağ ol, bəy” səviyyəsində olub, o illər aramızda xüsusi bir gərginlik olduğunu da xatırlamıram. Heç bir yerdə nə çörək kəsmişdik, nə çay içmişdik. Ta o zamana kimi ki, 2003-də Rauf bəyi həbs etdilər. Bu zamandan sonra bizim münasibətlərimiz daha səmimi və isti məcraya yönəldi.
2005-ci ilin yanvarında həbsxanada görüşümüz bizim münasibətlərimizin yeni mərhələsi oldu. “Yeni Müsavat”ın baş redaktoru həbsxanadan redaktor olmağımla bağlı, belə deyək də, şifahi əmr verdi. Sonra azadlığa çıxdı və biz artıq birgə işləməyə başladıq.
Rauf bəylə işləməyin əslində xüsusi çətinliyi yoxdur desəm, səmimi olmaz. Amma “onunla işləmək mümkün deyil və ya çox çətindir” deyənlər varsa, bu da qərəzdir. İşini təmiz gör, ol gözünün işığı. Amma elə ki bir “ÇP” oldu... Yaxşı məşqçi komanda üzvlərini təriflədiyi kimi hərdən hövsələdən çıxanda danlayır da. Rauf Arifoğlu “Yeni Müsavat”ı kompüter kimi sxemləşdirib və o sxem pozulanda qardaşına (fərqi yoxdur biz olduq, yoxsa doğma qardaşı Azər Ayxan) güzəştə gedən deyil. Bu, Rauf bəyin xarakteridir.
Mənim xarakterimə də yaxşı bələd olduğunu aradabir söyləyən Rauf bəylə gərgin söhbətlərimiz də olub, amma bu illər ərzində nə o mənə sabah üz-üzə gələ bilməyəcəyimiz qədər adamı qıran söz deyib, nə də mən ona. “Yeni Müsavat” müxtəlif xarakterlərin üzərində qurulmuş qəzet deyil, Rauf Arifoğlunun özünün xarakteri üzərində qurduğu qəzetidir. Xarakteriniz düz gəlmirsə, qəzetdən sən getməlisən, necə olsa da.

- Adətən yaşca böyük nəsil arxadan gələn nəsillərdən narazı olur və yeni nəslin nöqsanlarından danışmağa həvəs göstərir. Amma biz sizdən jurnalistikaya yeni gələn adamların qüsurları yox, üstünlükləri haqqında soruşmaq istərdik. Onlarda hansı üstünlükləri müşahidə edirsiniz?

- Tam doğru deyirsiniz ki, mən indiki gənc jurnalistlərdən redaktor kimi çox narazıyam. Digər redaktor dostlarımla müqayisədə onları mən daha çox danlayıram. Hətta o qədər çox narazıyam ki, indi üstünlükləri barədə düşünəm gərək. Üstünlükləri bilirsizmi nədir? Meydanın boş olması. Meydan boş olduğundan onlar çox sərbəstdir. Biz qəzetdə bir xırda yazımızın çıxması üçün nə həyəcan keçirərdik. Bunlar isə əl-qollarını sallayıb ən tirajlı qəzetlərə imza qoyurlar. Üstünlükləri?.. Çalışqandırlar deyərdim. Amma bu da bir az qonorar almaq, bir az tanınmaq iddiasından o tərəfə keçmir. Əksəriyyətinin bu peşəni sevmədiyi göz önündədir. Bu, mənim subyektiv fikrimdir. Bunu gəncləri incitmək üçün yox, silkələmək üçün deyirəm.

- Belə bir rəy də var ki, jurnalistikadakı yeni nəsil mətbuatdan çox televiziyaya meyllidir. Siz bu rəylə razısızmı? Səbəbi nədir?

- Əlbəttə, razıyam. Çünki istedadsızlığı televiziyada gizlətmək daha asandır. Hazır mətni titrdən oxumağa vərdiş etdinsə, bir az da yaraşığın varsa, oldun teleulduz. Televiziyanın mətbəx proqramlarında yemək bişirənləri hər yerdə tanıyırlar. Hətta dükan-bazarda onlara qiymətdə güzəşt də edirlər ki, birdən onları televiziyada biabır edərlər. Rusiya televiziyalarında müəllif proqramlarına baxın, bizimkilərlə müqayisə edin. ANS-dəki bir-iki bu tipli layihəni çıxmaq şərtiylə televiziyalar indi istedadsızlarla doludur. Üç-beş istedadlı orada batıb gedir. Televiziyaya həvəslənmənin başqa bir səbəbi də çap mediasında işləməyin təhlükəli olmasıdır. İndi hətta iqtidar qəzetində də günlərin birində şərlənərək qandallanmayacağına təminat yoxdur. Televiziyada isə bu təhlükə yoxdur.

- Sizcə, azadlığın, belə demək mümkünsə, elə bir növü, elə bir azadlıq varmı ki, söz azadlığı onunla bağlı olmasın?

- Söz azadlığı o qədər geniş məfhumdur ki, onu hakimiyyətlər bir cür, sadə adamlar başqa cür, jurnalistlər tam fərqli başa düşür. Hakimiyyətlər onu özünə təhlükə bilir, bu azadlığı maksimum məhdudlaşdırmağa çalışır. Sadə camaat bunu ürəyini boşaltmaq imkanı kimi anlayır və son illər ancaq ya dodağının altında, ya evində, ya da ürəyində daşıyır o azadlığı. Jurnalistlər isə daha üzdədirlər deyə cəmiyyətdə söz azadlığının yükü onların çiynindədir. Söz azadlığı olmayan ölkədə düşüncə azadlığı yoxdur, yaşamaq azadlığı yoxdur, vətəndaş yoxdur, heç möhkəm dövlət də yoxdur. Azadlıqlar bir-birinə bağlıdır, biri qırıldısa, o biri də gec-tez qırılacaq.

- Medianın əsası mətbuatla qoyulub. Bu özülün nə vaxtsa sıradan çıxıb tarixə çevrilməsi mümkündürmü? İnternetin qəzetləri sıradan çıxaracağı haqda arabir səslənən proqnozları nəzərdə tuturuq...

- Dünya gözümüzün qarşısında elə sürətlə dəyişir ki... Son vaxtlar elektron mediaya maraq o qədər artıb ki, bunun qarşısını nə hakimiyyətin resursları, nə də texnikanın imkanları ilə almaq mümkündür. Doğrusu, mən anlamıram ki, xüsusən Azərbaycanda niyə bununla bağlı suallar və ciddi narahatlıqlar ortaya çıxır, ciddi-ciddi müzakirələr, forumlar keçirilir. Əgər dünyanın hər gün milyonlarla tirajla çıxan qəzetlərin sahiblərini, media maqnatlarını bu qədər ciddi narahat etmirsə, bizim balaca məmləkətin imkansız qəzet və internet saytları niyə təlaşlanır - bunu anlamıram.
Mən narahat deyiləm. Mobil telefon artıq həyatımızın bir parçasına çevrilib, amma heç kim evindəki kabel telefonunu çıxarıb atmır. DVD-lər çoxdan var, amma kinoteatrları sıradan çıxara bilmir. Bir də nə qədər ki kağız pul çap edilir, çap mətbuatı da olacaq. Hələ ki, qəzeti köşkdən alanlar var, deməli, mən iş yerimi itirməyəcəm. Dostlara da məsləhət görürəm ki, dərin düşünməsinlər.

- 40 yaşdan sonra nəyi düzəltməmək mümkünsüzdür? Ümumiyyətlə insan üçün və konkret sizin üçün...

- 40 yaşdan sonra sınmış beli düzəltmək mümkün deyil. Allaha şükür, elə səhvlərim olmayıb ki, onları düzəltmək mümkünsüz olsun. Qarşıda elə illər var ki, hər şeyi hətta sıfırdan da başlayıb düzəltmək mümkündür. Mən heç vaxt bu qədər optimist olmamışam... 40 yaşın gözəlliyinə bax...

mediaforum.az

1764 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR”

[30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK

[15.04.2012] - XİLASKAR

[26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM”

[19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...”

[17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK”

[16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR

[15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM”

[14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI

[05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM”

[27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...”

[20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ”

[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR”

[26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”

[22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM”

[21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM”

[12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

[02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

[22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...”

[21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...”

ARXIV

Yeni MÜSAVAT © 2008