22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Müsahibə

“PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

2011-12-12

Mehman Əliyev: “Növbəti əfvi iqtidarla müxalifətin yaxınlaşması üçün ilk addım kimi qəbul etmək olar”
“Hakimiyyətin başqa yolu yoxdur”

Suriya diktatoru Bəşər Əsədin Rusiya ilə bağlı proqnozunun çin olmasını gözləmək üçün çox vaxta ehtiyac olmadı. Onun bir müddət öncə elə rus diplomatlarına dediyi “növbədə postsovet məkanı, həmçinin Rusiyadır” fikirləri yozulmaqda ikən Moskva və Sank-Peterburq kimi iri şəhərləri mitinq dalğası bürüdü. Görünən budur ki, inqilab ab-havası Gürcüstan olaylarından sonra növbəti dəfə Azərbaycanın sərhədlərinə yaxınlaşıb. Bəs bu vəziyyət nələri vəd edir? Budəfəki həmsöhbətimiz “Turan” İnformasiya Agentliyinin direktoru, Açıq Cəmiyyət İnstitutunun (“Soros Fondu”) Azərbaycan bölümünün İdarə Heyətinin rəhbəri Mehman Əliyevdir.

- Mehman bəy, Rusiyada baş verənlər ötəridir, yoxsa ciddi proseslərin başlanğıcıdır?

- Xeyr, ötəri proseslər deyil. Görünən budur ki, Rusiyada vətəndaş cəmiyyəti hərəkətə gəlib və bu, ayrı-ayrı müxalifət qruplarının etirazı deyil, cəmiyyətdə formalaşmış və artıq özünü büruzə verən bir hərəkatdır.

- Putin-Medvedev hakimiyyətinin iddia etdiyi kimi, bu proseslər doğrudanmı xaricdən idarə olunur?

- Bu olayların xaricdən idarə olunduğunu demək sadəlövhlükdür. Biz əsasən Rusiya hakimiyyətinin hərəkətlərinə baxmalıyıq. Yəni ötən prezident seçkiləri, hakimiyyətin Putindən Medvedevə ötürülməsi prosesi, tandemin yaradılması, əslində ölkənin baş nazir tərəfindən idarə olunması və prezident Medvedevin fəaliyyətinin ikinci planda olması və formallığı faktdır. Eyni zamanda növbəti prezident seçkisi ərəfəsində hakimiyyətin yenidən Putinə ötürülməsi ilə bağlı qərarın verilməsi, ardınca da parlament seçkilərinin saxtalaşdırılması onu göstərir ki, bu proseslərdə xariclik bir iş yoxdur. Fakt budur ki, Rusiya hakimiyyəti reallıqdan uzaqlaşıblar və böyük səhvlərə yol veriblər. Prinsipcə, bu da özünü göstərdi.

- Bir neçə istisna xaric, digər postsovet ölkələrindəki seçkiləri nəzərə alanda Rusiyadakı seçkilərdə hakim partiyanın adının qarşısına yazılan səs faizləri normal görünə bilərdi. Hansı ki, “Vahid Rusiya” daha yüksək nəticəni adının qarşısına yaza bilərdi...

- Bunu etməyə çəkindilər. Çünki cəmiyyətdə protest elektoratının rəyini bilirdi. Ona görə də vəziyyətini yüngülləşdirmək üçün belə bir nəticəni elan etdilər. Digər tərəfdən parlamendə düşən digər bir sıra partiyalar da, aydın məsələdir ki, razılaşma əsasında Dumaya düşə bilib. Bir də ki, 49 faiz o qədər də aşağı faiz deyil. Qalan 3-4 faizi də əldə etmək onlar üçün çox asan olacaq. Söhbət ondan gedir və hadisələr də göstərir ki, hakim partiya heç o səslərin yarısını da yığmamalı idi. Çünki bu partiyaya cəmiyyətdə aşkar etimadsızlıq var.

- Ötən illərdə Medvedevlə Putinin eyni ələ oynadığı barədə çox fikirlər səslənib. Ancaq nəzəri cəhətdən belə hesab etmək olarmı ki, Putinə qarşı aksiyalarda Medvedevin də hansısa formada marağı olsun?

- İnanmıram. Onlar həqiqətən də bir yerdə oynayırlar və bu oyunda da xeyli səhvlər buraxıldı. Hesab edirəm ki, Putin baş nazir olmamalı, çəkilib kənarda durmalı idi. Əgər belə olsaydı, bəlkə də indi rus xalqı özü onu yenidən prezidentliyə çağırardı. Çünki Putinin baş nazir olduğu dövr ölkədə 2008-ci ildən başlayan böhrana təsadüf etdi. Burda da əlbəttə ki, hər şey Putinlə bağlandı. Ondan başqa Rusiyada korrupsiyanın səviyyəsi artmağa başladı. İnsanlar gözləyirdilər ki, oliqarxlara, ümumiyyətlə, ədalətsizliyə qarşı mübarizə olacaq və cəmiyyətdə müəyyən tarazlıq yaranacaq. Ancaq bu, baş vermədi, əksinə, varlılarla kasıblar arasındakı məsafə daha da çoxaldı. Ümumilikdə bu böhranın Rusiya ictimaiyyətinə böyük mənfi təsiri oldu. O mənada, əlbəttə ki, insanlar bu vəziyyəti birbaşa Putinlə bağlayırdılar. Ona görə də etirazlar bu şəkil aldı.

- Vaşinqtondan, həmçinin ATƏT-dən seçkilərə verilən reaksiyalar Putinin xeyrinə olmadı. Necə bilirsiniz, beynəlxalq birliyin bu cür sərt və birmənalı münasibətinin arxasında Rusiyanın Suriya rejiminə dəstəyini kəsmək niyyəti dayanmır ki?

- Rusiya faktorunun Suriyada baş verənlərə müəyyən qədər təsiri olsa da, o qədər də ciddi deyil. Necə ki, Rusiyanın Yuqoslaviyada, İraqda, Liviyada da təsiri olmadı. Bu münasibət artıq Rusiyanın özündə dəyişikliklərə dəvət etməklə bağlı qərar və münasibət idi. Bu, ruslara çoxdan deyilirdi, ancaq onlar bunu başa düşmək istəmirdilər. Şəxsən mən Ankarada 30 sentyabr - 1 oktyabrda Rusiya prezidentinin patronajlığı altında keçirilən böyük bir konfransda çıxış etdim və ruslara dedim ki, siz gərək təcili surətdə Avropa Birliyi və ABŞ-la münasibətləri normal qurasınız, həmçinin Moskvanın Avropa dəyərlərini qəbul etməsi istiqamətində irəliləməsi lazımdır. Əgər bu olmasa, Rusiyanı çox pis günlər gözləyir və bu, qaçılmazdır. Orda Rusiya Duması, Prezident Administrasiyası, XİN-dən nümayəndələr var idi. Bu çıxışdan sonra ruslar mənə düşməncəsinə baxırdılar. Ancaq reallıqlar var. Gürcüstandakı reallıqlardan sonra bunların milli şovinizm əhval-ruhiyyəsi çox yüksəlmişdi. Sanki onların gözlərini pərdə bürümüşdü, heç nəyi görmürdülər. Hətta böhranlı vəziyyəti də görmək istəmirdilər. Ona görə də bu nəticələri Rusiya hakimiyyətinin böyük səhvlərində axtarmaq lazımdır.

- Bu ərəfədə SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun səsinin eşidilməsi sizə nə deyir? Qorbaçov ortaya ciddi siyasi iradə qoya və Rusiya prezidentliyinə iddia edə bilərmi?

- İş ondadır ki, Qorbaçov xeyli vaxtdır Rusiya hakimiyyətindəki tandemi və hərəkətləri tənqid edir. Son bəyanatı da oldu. Ancaq deməzdim ki, Qorbaçov Rusiyada böyük nüfuza malikdir və onun sözü keçərlidir.

- Parlament seçkilərinin əslində bir test rolunu oynadığı və əsl olayların prezident seçkiləri ərəfəsi və ondan sonra baş verəcəyi barədə gözləntiləri bölüşürsünüzmü?

- Şübhə etmirəm. Təbii ki, qarşıdakı prezident seçkiləri proseslərə öz təsirini göstərəcək. Məsələ ondadır ki, Rusiya hakimiyyəti parlament seçkilərindən sonrakı etirazları müəyyən dərəcədə söndürə bilsə belə, bu, yalnız ölkənin vətəndaş cəmiyyəti ilə razılığın əldə olunmasından sonra mümkündür. Əgər bu, baş verməsə, yəni cəmiyyətdə, hakimiyyətlə xalq arasında harmonik bir vəziyyət yaranmasa, onda vəziyyət inqilabadək gedə bilər.

- Bəs, bu proseslər Rusiyanın parçalanmasına qədər aparıb çıxara bilərmi?

- Apara bilər, hər şey gözləniləndir. Rusiyada bu tendensiyalar da var. Hesab edirəm ki, Rusiya çox çətin, dramatik bir dövrə keçir. Burda hakimiyyətin hərəkətlərindən xeyli şeylər asılı olacaq.

- Şimal qonşumuzda kommunistlərin hakimiyyətə qayıdışı və hər şeyin yaxşılığa doğru dəyişəcəyini gözlədiyimiz halda, proseslərin əksinə cərəyan etməsi nə dərəcədə ehtimal olunandır?

- İnanmıram ki, kommunistlər hakimiyyətə gələ biləcək. Ola bilsin koalisiya yaradılsın. Ancaq bu, yenidən keçirilən seçkilər nəticəsində baş verə bilər.

- Belə demək olarmı ki, Rusiyada yaşananlar İran olaylarını önləyə bilər?

- Bu proses var. Fakt budur ki, İranda hələ seçkiqabağı proses yoxdur. Rusiya elə bir mürəkkəb fazaya girib ki, bu fazanın seçkiləri hələ bitməyib, qarşıda prezident seçkiləri var. Bu mənada sözsüz ki, Rusiya bu məsələdə İrandan qabağa düşüb.

- İranla bağlı qərar nədən ibarət ola bilər: müharibə qərarı olacaq, yoxsa ölkə daxilində protest elektoratına ümid bəslənəcək?

- Məncə, hələ ki, amerikanlar İranla bağlı tələsməyəcəklər. Diqqət daha çox İranın daxilindəki prosesləri tezləşdirməyə, xalq hərəkatını hərəkətə gətirməyə yönələcək. Belə görünür ki, dünya gücləri buna iqtisadi təzyiqlər nəticəsində, İranı iqtisadi sıxıntıya salmaqla nail olmaq istəyirlər. İranda bu problem var və ümumilikdə Rusiya və digər ölkələrdəki proseslər, əlbəttə ki, İrana ciddi psixoloji təsir edəcək. Məncə, burada müharibə yolu əsas məsələ deyil.

- Həm şimalında, həm də cənubunda qaynar proseslər cərəyan edən Azərbaycan üçün proqnozunuz nədir?

- Təbii ki, baş verənlər hamısı Azərbaycana müsbət perspektiv vəd edir. Azərbaycan Rusiya və İrandan fərqli olaraq kiçik bir dövlətdir. Bu cür hadisələr, təbii ki, bizə təsir edəcək. Odur ki, hakimiyyət ciddi düşünməli və çevik addımlar atmalıdır. Əks təqdirdə proseslərin təsiri qaçılmazdır. Biz şimalda, şərqdə, cənubda gedən böyük bir prosesin içindəyik və biz indiki vəziyyətdə durub qala bilmərik.

- Ancaq hakimiyyət sanki nəyəsə arxayındır və çağırışlara məhəl qoymayaraq islahatlarla bağlı heç bir addım atmır. Bu arxayınçılığın səbəbi nə ola bilər?

- Arxayınçılıq yoxdur, sadəcə, müqavimət var. Jurnalistlərə, cəmiyyətə qarşı sərtləşən addımlar ancaq köhnə üsullarla idarə etmək niyyətindən irəli gəlir. Ancaq son Aşura mərasimi də onu göstərdi ki, cəmiyyətdə çox böyük protest elektoratı formalaşıb və vətəndaş cəmiyyəti ilə dialoqa getmək, cəmiyyəti narahat eləyən problemləri aradan qaldırmaq lazımdır. Əks təqdirdə hakimiyyətin başqa çarəsi yoxdur.

- Son zamanlaradək deyilirdi ki, Azərbaycan hakimiyyəti idarəçilik məsələlərində, siyasi opponentlərə qarşı mübarizədə Rusiya metodlarına istinad edir. Ancaq bu gün Rusiya hakimiyyəti özü çıxılmazda qalıb. Belə olan təqdirdə Azərbaycan hakimiyyəti hansı addımları atmalıdır ki, vəziyyəti yaxşılığa doğru dəyişə bilsin?

- İlk növbədə vətəndaş cəmiyyəti ilə, siyasi partiyalarla, QHT-lərlə dialoqa girməlidir. Mən bu vəziyyəti 1991-ci illə müqayisə edərdim. O zaman da müxalifət çox sıxışdırılırdı, döyülürdü. Rusiyadakı “QKÇP”dən sonra vəziyyətin necə dəyişdiyi də yadımızdadır. Yəni Rusiyada demokratlar hakimiyyətə gələndən sonra burda Mütəllibov və onun tərəfdarları geri çəkilməyə başladılar, demokratik qüvvələr hərəkətə keçdi, Milli Məclis formalaşdırıldı. Rusiyada yaşananların buna dəstək olduğunu inkar edə bilmərik. Bu, böyük proses idi. Ancaq paralel olaraq daxildəki qarşıdurmalar sonralar Qarabağ məsələsində pis nəticələrə də gətirib çıxartdı. Ona görə də biz burda çox ayıq olmalıyıq və bu acı təcrübəni yada salıb müvafiq addımları atmalıyıq.

- Dünyada cərəyan edən ovqat, ərəb dünyasında, yaxın qonşularımızda baş verənlər hakimiyyətin 2013-lə bağlı ciddi götür-qoy etməsinə gətirib çıxara bilərmi?

- Əlbəttə ki. Əgər Rusiyada vəziyyət dəyişsə, bu, Azərbaycana çox ciddi təsir edəcək. O halda bizə demokratik təzyiqlər şimaldan da gələcək. Yəni bu təzyiqlər artıq konservativ, ya avtoritar yox, demokratik təzyiqlər olacaq. Bu vəziyyət isə Azərbaycan hakimiyyətini demokratik seçkilərə getməyə vadar edəcək.

- Hakimiyyətin atdığı addımlardan danışarkən müxalifət haqqında nə demək olar? Demokratik düşərgə nələri etməlidir?

- Mətbuatda oxudum ki, İsa Qəmbər İctimai Palatada Rusiyanın demokratik qüvvələrinə müraciət edib və dəstək verib. Belə getsə, əlbəttə ki, Azərbaycanın demokratik qüvvələri Rusiya demokratik qüvvələri ilə daha sıx əlaqəyə girəcək. Bu da öz növbəsində Rusiyanın mənfi təsirlərini Azərbaycana azaldacaq. Çünki Rusiya demokratik qüvvələrinin ölkə daxilində təsirləri artacaq.

- Demokratik düşərgənin, ziyalıların, vətəndaş cəmiyyəti institutlarının birgə tədbirinin keçirilməsinə və hakimiyyətə dialoqla bağlı növbəti mesajların verilməsinə ehtiyac varmı?

- Cəmiyyət həmişə addım atmağa hazırdır. ABŞ, ATƏT vaxtaşırı bu məsələdə vasitəçilik etmək istəyir. Ancaq təəssüf ki, hər zaman hakimiyyət bu prosesi boykot edir. Hesab edirəm ki, artıq hakimiyyətin dialoqla bağlı ilk addımı atması çox vacibdir. Hazırda bunu gözləmək lazımdır.

- Demokratikləşmə dalğası Rusiyanın qapısının kandarında ikən ənənəvi imperiya metoduna əl atıla, Qarabağ da daxil olmaqla münaqişə bölgələri alovlandırıla bilərmi?

- Hesab etmirəm ki, proses müharibənin alovlanmasına gətirib çıxaracaq. Rusiyadakı proseslər, təbii ki, Ermənistanda da durumun dəyişməsinə təsir edəcək və daha çox daxili-siyasi problemlər önəm kəsb edəcək, nəinki Qarabağ məsələsi. Heç kəs də indiki vəziyyətdə müharibənin başlanmasını istəməz, çünki bu, çox pis nəticələr verəcək. Necə ki, belə vəziyyət 1991-92-ci illərdə yaranmışdı və nəticə çox pis oldu.

- Bakı ilə Tehran arasındakı gərginlik hələ ki səngimək bilmir. Müsəlman qonşumuzun təhdidləri haradək davam edə bilər?

- İran çox gərginlik içindədir və ağır vəziyyətdədir. Gündən-günə bu ölkənin vəziyyəti pisləşir. Ona görə də bu ölkənin davranışlarında əsəbilik artır. İranda vəziyyət dəyişənə qədər bu vəziyyət qalacaq. Rəsmi Bakının taktikası ondan ibarətdir ki, heç bir təxribata yol verilməsin, konfrontasiyadan qaçılsın. Bu siyasət nə qədər uğurlu olacaq, onu zaman göstərər.

- Sizdə məlumat və gözlənti necədir, növbəti əfv fərmanı 2 aprel məhbuslarını da əhatə edəcəkmi?

- Rusiyadakı olaylara qədər vəziyyət bir qədər stabil idi. İndiki durum, əlbəttə ki, təsirsiz ötüşməyəcək. Mümkündür ki, Rusiyada baş verənlərlə əlaqədar hakimiyyət öz mövqeyini müsbət istiqamətdə dəyişsin. Növbəti əfvi iqtidarla müxalifətin yaxınlaşması üçün ilk addım kimi qəbul etmək olar.

Elşad PAŞASOY

4315 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR”

[30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK

[15.04.2012] - XİLASKAR

[26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM”

[19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...”

[17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK”

[16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR

[15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM”

[14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI

[05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM”

[27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...”

[20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ”

[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR”

[26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”

[22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM”

[21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM”

[12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

[02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

[22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...”

[21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...”

ARXIV

Yeni MÜSAVAT © 2008