|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Yeni Müsavat” ötən saylardan etibarən sizə fərqli bir layihə təqdim edir. Tanıdığınız, bildiyiniz məşhurların “gözünün işığı” olan övladlarını, varislərini söhbətə çəkirik. Maraqlıdır axı: cəmiyyətdə tanınan, populyar, reytinqli... birisi övladının gözündə necə görünür? Övladını necə yetişdirib, ona necə ata (ana) olub? Onlar sıradan gənclərdən nə ilə fərqlənir, necə həyat tərzi keçirir, valideynlərindən çoxmu fərqlidir? Rubrikanın adı “VARİS”dır. Bu adın cəmiyyətdə hansı assosiasiya yaratdığının üzərindən kinayəli bir təbəssümlə ötüb, bugünkü qonağımızın təqdimatına keçək. Biz jurnalistlər onun atasına “hocam” deyirik. Çoxumuza dərs deməsə də, jurnalistikanın incəliklərini kurslarda, söhbətlərdə zaman-zaman öyrətməyə çalışıb. Anası isə illərdir bənzərsiz səsi ilə radiodan, televiziyadan evimizə “qonaq gəlib”. Özünə gəlincə, gənc və perspektivli(hərçənd bu sözün ünvanı vaxtilə məşhur birisi olub-S.T) hüquqşünasdır. Artıq tədbirlərdən, müsahibələrdən səsi eşidilməyə başlayıb. Bir neçə əcnəbi dil bilir, maşın sürür, Amerikada təhsil alıb… Bildiyiniz 21-ci əsr gənci. Təxmin etmədinizsə, mən deyim – söhbət Zeynal Məmmədli və Sevda İsmayıllının qızı Selcan Məmmədlidən gedir. Gənc xanımla şəhərin çox gözəl məkanlarından birində oturub, varisliyin incəliklərindən danışdıq, həm atasının, həm anasının “qeybət”ini qırdıq. Sabah bu qeybətdən ən azı on minlərin xəbər tutacağını bilə-bilə həm də...
- Selcan xanım, müsahibəyə hazırlıq prosesiniz kifayət qədər ciddi keçdi. Öncədən suallarla, rubrikanın daha əvvəlki qonaqlarının müsahibələri ilə tanışlıq, düşünmək üçün vaxt, əlavə araşdırmalar... Sanki hansısa cinayət işi üzrə məhkəməyə çıxırdınız... - (gülür) Həyatda da beləyəm. Həm xarakterdən irəli gəlir, həm də peşənin təsiri oldu. Hüquqşünaslıq da bir qədər dəqiqlik, məsuliyyətlilik tələb edir. Ona görə də həssaslığım ikiqat artıb. - Ata jurnalist, ana jurnalist... Yəqin ki, gözünüzün qabağında çox müsahibələr götürülüb. - Çox olub, dəhşət olub. Uşaqlığımı, indiki dövrümü ən çox müsahibələrlə xatırlayıram. Atam işə gedəndə, evdə oturanda hər zaman müsahibələr verir. Anamı da gözümü açandan müsahibə götürən görmüşəm. - Jurnalist ailəsində hüquqşünas... Övlad valideynlərinin yolunu davam etdirməkdən niyə imtina etdi? Jurnalistikadan qorxdu, onu sevmədi, yoxsa...? - Əslində son ana qədər jurnalist, ya da şərqşünas olmağı düşünürdüm. Yəqin ki, bu, daha çox ailənin təsirindən idi. Böyüdüyüm ortam elə idi ki, mənim də jurnalistikaya meylim artmışdı. Amma sonda nədənsə fikrim dəyişdi. Ali məktəbə imtahan verərkən daha öncə hüquq, sonra jurnalistika fakültəsini yazdım. Jurnalistika isə hər zaman məni izlədi və izləyir. Harasa gedəndə, danışarkən məni tanımayan insanların ilk sualı belə olur ki, siz jurnalistsiniz? Mənə də qəribə gəlir ki, niyə məni hüquqşünas kimi yox, jurnalist kimi görürlər? - Valideynlərinin hər ikisi jurnalist olan birisinin uşaqlığı çox maraqlıdır. Siz nə zaman ata-ananızın işindən, müsahibəsindən, verilişlərindən, səfərlərindən, tədbirlərindən arxada, nə zaman öndə dayandınız? - Valideynlərimin dediyinə görə, çox nadinc uşaq olmuşam. Nə yemək yeyirmişəm, nə yatirmışam. O zaman “AzDrama”nın yanında yaşayırdıq. Yalnız Füzuli bağındakı pişiklərə tamaşa etməyi, “oppa” getməyi və aramsız suallar verməyi sevirmişəm. Suallarımdan birinə indiyə kimi gülürük: “Mama, inəyin xalası olur?” Məncə, hər zaman öndə dayanmışam. İstisnasız olaraq öndə. - Jurnalistikadakı məşhur lətifələrdən biridir. Daim tədbirdə, mətbuat konfransında, müsahibədə olan jurnalistlərdən birinin uşağı bir gün atasına zəng edib deyib: "ata, nə olar, bu gün bizə də gəl də". Sizin jurnalist valideynlərinizdən belə istəyiniz olubmu? Yəni, onların üzünü istədiyiniz vaxt, istədiyiniz qədər görmüsüzmü? Yoxsa onları jurnalistika ilə paylaşmaq zorunda qalıbsınız? - Əsasən uşaqlıq dövründə bu çatışmazlığı hiss etmişəm. Sovet dövründə iş rejimi daha ağır idi, sərbəstlik yox idi. Hər dəfə ya mənim valideynlər iclasıma gələndə, ya da məni məktəbdən götürəndə onların işlərində problemlər yaranırdı. Onda hər ikisi televiziyada işləyirdi. Xatırlayıram ki, qardaşımla pəncərənin qabağında dayanıb, anamın işdən gəlməsini gözləyərdik. Amma böyüdükcə adam özü də məşğul olur, evə daha gec gəlir. Ona görə o boşluğu artıq hiss eləmirsən. - Bəs jurnalist övladı olmağın üstünlüyü nədir? Tez-tezmi sizə “valideynlərinə de, bu problemdən yazsın” deyirlər? - Olur. Hansısa problem olanda bilirəm ki, böyük dairəyə, mediaya- 4-cü hakimiyyətə açılan valideynlərim var. Dostlar da bəzən hansısa hüquqi problemin mətbuatda işıqlandırılması üçün müraciət edirlər. Əslində sahələrimiz bir qədər fərqlidir. Əsasən hüquqşünaslarla çalışıram və çevrəmdə də onlardır. Hər zaman avantaj hiss etmişəm, onlarla qürur duymuşam. Valideynlərimizi özümüz seçmirik, dostlarımızı özümüz seçirik. Bəzən valideyn pis olanda övlad da bundan narahat olur və ya əksinə. Amma məndə problem olmayıb. Onları özümə dayaq hiss etmişəm. Bilmişəm ki, istənilən məsələdə yardım edə bilərlər. Sui-istifadə həddinə isə heç vaxt çatmayıb. Çalışmışam ki, istənilən məsələni özüm həll edim.
- Mətbuatda dərc olunan bir neçə yazınızı oxudum. Uğurlu və fərqli yazılar idi. Genlər öz sözünü deyir yəqin ki. Bəs davamı gələcəkmi? - Əslində o yazıları yazanda qəribə dövr idi. İşləmək həvəsim zəifləmişdi, sadəcə yazmaq istəyirdim. Hansısa mənəvi ehtiyac idi. Dalbadal iki yazı yazdım, abzas.net saytında çıxdı. Yazı yazmaq fərqli bir hissdir. Hüquqşünaslıq bir qədər quru, jurnalistika isə yaradıcı və bir az sulu sənətdir. (gülür) Ona görə də yazı yazanda qəribə duyğular keçirir insan. Yazıdan sonra gözləmədiyim həddə reaksiyalar oldu. Tanımadığım adamlardan məktublar, tanınmış adamlardan rəylər aldım. Özümçün çox xoş oldu. Hətta zarafat edirdim ki, artıq mən hüququ atmalı oldum, jurnalistikaya keçirəm. - Valideynlər nə dedi? - Çox duyğulanmışdılar ikisi də. Xüsusən də atam. Hətta “Yuxu” yazımın təsiri altında idi. Dedi, mənim gəncliyimdə yazdığım bir fikri təkrarlamısan. Bakı haqqında yazmışdım ki, bütün paytaxtlar kimi, Bakı da xəyanətə və unutqanlığa meyllidir. Böyük şəhərləri həyəcanlı edən də elə budur. Atam dedi ki, o fikri mən də gəncliyimdə yazmışam, onu sənin təkrarlamağın mənə təsir etdi. - Jurnalistləri amansızcasına tənqid edən Zeynal Məmmədli öz qızına qarşı “silah”ı yerə qoydu, hə? - Yox, əslində məni də tənqid edən sözləri xeyli olur. Amma yazılarımı çox xoşlamışdı. - Əsasən hansı məsələlərə görə tənqid edir sizi? - Çox kritikdir. Hətta 2003-cü ildə magistraturada oxuduğum vaxt atamın iş yerinə getmişdim. Onda “İnternyus”da işləyirdi. Düzdü, ondan əvvəl də bilirdim tənqidçi olduğunu. Amma oradakı tələbələrlə, jurnalistlərlə danışıqdakı tənqidin hansı həddə olduğunu görəndə dəhşətə gəlmişdim. Tənqid əslində yaxşıdır, insanı düşündürür, inkişafa aparır. Buna görə yəqin tələbələri onu çox sevirlər. - Sizi daha çox Zeynal Məmmədlinin, yoxsa Sevda İsmayıllının qızı kimi tanıyırlar? - Əslində qarışıqdır. Çevrə eyni olduğu üçün bu suala cavab vermək bir qədər çətindir. (düşünür) Hesab edirəm, atama görə daha çox tanıyırlar. Düzü, bunu daha çox məktəb dövründə hiss edirdim. Valideynlər iclasına ata-anam gedirdi, televiziyada işləyirdilər deyə onları tanıyırdılar. Amma tələbəlik dövründə bir çox müəllimlər heç bilmirdilər ki, mən universitetdə işləyən müəllimin qızıyam. Yadımdadır, bir imtahana cavab verdim, müəllimim mənə yüksək qiymət yazdı. Sonda da dedi ki, universitet müəllimi qızının imtahana belə hazırlaşması və tapşırılmadan qiymət alması məni çox sevindirdi. Tendensiya belə idi ki, müəllim uşağı olanda tapşırırdılar. - Atanızın həmkarları heç sizə universitet həyatınız boyunca güzəşt etməyib? - Bir çox hallarda onun qızı olduğumu bilməyiblər. Amma belə bir xüsusi münasibət hiss eləməmişəm. Özüm hazırlaşırdım axı.
- BDU məzunu, Ohaya Şimal Universiteti magistri...Qızlarının Amerikada təhsilinə razı olan ailələr o qədər də çox deyil Azərbaycanda. Sizin ailədə bu qərar necə qarşılandı? - Əslində 2001-ci ildə BDU-nun hüquq fakültəsinin bakalavrını bitirdim. O zaman magistraturaya qalmaq istəyirdim. Atam isə israrla magistraturanı ya Amerikada, ya da Türkiyədə oxumağımı deyirdi. O vaxt mənim BDU-ya olan qəribə bir sevgimdən dolayı magistraturanı da orada oxudum. Sonra gərgin iş həyatı başladı. Amerikada oxumaq xəbəri Londonda 3 aylıq staj keçən vaxt gəldi. Evdən hər zaman böyük dəstək aldım bu məsələdə. - Bəs tək yaşamaq necə idi? - Tək yaşamağın məsuliyyəti böyük idi. Bazarlıq etmək, yemək bişirmək, texniki avadanlıqların iş rejimini öyrənmək... (gülür) Bununla paralel, təhsil özü çox ağır idi. Hər gün nəyinsə “deadline”ı idi. Hərdən zarafatla deyirəm ki, BDU-da oxuduğum 6 il Amerikada oxuduğum bir günə bərabərdir. Çox gözəl təcrübə idi. - Zeynal Məmmədliyə sizdən müsahibə almaq istədiyimi deyəndə gülə-gülə "çox şöhrətpərəstdir, mütləq müsahibə verəcək" dedi. Valideynləriniz sizə qarşı çox tənqidi yanaşır deyəsən... - (ürəkdən gülür) Doğurdan elə dedi? Hərdən özümə də deyir ki, sən şöhrətpərəstsən. Atam çox təvazökardır, yəqin ona görə. Hərdən onu bu cəhətinə görə tənqid də edirəm. Hər halda, peşə də öz sözünü deyir. Hüquqşünaslıqda ortam da, tələblər də fərqlidir. Özümü şöhrətpərəst kimi görmürəm, dəfələrlə müsahibə təkliflərindən imtina etmişəm. Amma atam belə görürsə, yəqin həqiqət payı var. (gülür)
- İngilis, rus, fransız dillərini bilirsiz. Əcnəbi dil öyrənmək xobbiyə çevrilib, yoxsa işiniz üçün vacibdi? - Yox, birmənalı xobbi deyil. Çünki dil öyrənmək insandan enerji, vaxt tələb edir. Təbii, zövq alıram dil öyrənməkdən. Hazırda fransız dilini öyrənirəm. Bu, daha çox tələbatdan irəli gəlir. İngilis dilini bilmədən hüquq sahəsində yaxşı iş tapmaq və irəli getmək şansı çox aşağıdır. Sırf zərurətdən irəli gəlir. - Səhərlər ananızın radiodan "Can Bakı" dediyini eşidəndə nə hisslər keçirirsiz? - Nə hisslər? Anamı və “Can Bakı”nı nə qədər çox sevdiyimə bir daha əmin oluram. Amma ABŞ-da oxuyarkən xüsusilə dərin duyğular keçirirdim. 9 saat zaman fərqi var idi. Həmin il anam hər günorta saat 12-də canlı yayıma çıxırdı. Bu, Amerika vaxtı ilə gecə saat 3 edirdi. Mən də hər gecə 3-ü gözləyirdim, anamın “can Bakı” dediyini eşidəndən sonra rahat yatırdım. Bilirdim ki, canlı yayıma çıxıbsa, salamatçılıqdır. Ona görə də “can Bakı” sözünün mənimçün xüsusi yeri var. - Atalarına bənzəyən qızlar xoşbəxt olurlar deyirlər... Sizin səsiniz ananızı, xarici görünüşünüz isə daha çox atanızı xatırladır. Bu halda... xoşbəxtliyə bir addım qalıb? - Oxşamaq baxımdan heç kimi incitməmişəm. (gülür) Hüquqşünas kimi bərabərlik prinsipinə əməl etmişəm. O ki qaldı, xoşbəxtlik məsələsinə, məncə, bir addım qalıb deyə bilərik. - Xoşbəxtlik demişkən, deyirlər, toy olacaq.... - Olacaq, olacaq...(gulur) - Zeynal müəllimin baba həsrətinə də son qoyulacaq. Baba olmaq istədiyini hər fürsətdə deyir az qala... - Hə, onun xüsusi, qeyri-adi uşaq sevgisi var. Mən evin ilk uşağı olmuşam, xüsusi çəkim olub. Baxmayaraq ki, ikinci uşaq olanda arxa plana keçib unudulmuşam. (gülür) Qardaşım olandan sonra qısqanclıqdan bir şeir də yazmışam. Anam deyir ki, atan səni o qədər sevirdi ki, hətta işə gedəndə papağını cibində gəzdirirmiş. İşdə mənim qoxumu alsın deyə. Hətta yaxın dostlarından birini küçədə görəndə cibindən papağımı çıxarıb deyib ki, “Selcanı iyləmək istəyirsən?” - Zeynal Məmmədli tələbələri ilə danışanda, dostcasına söhbət edəndə adamda elə təəssürat yaranır ki, o, ailədə də super demokratdır. Bəs övladına qarşı eyni dərəcədə demokratdırmı? Tutaq tipik azərbaycanlı ata tərəfi nə zaman, hansı məqamda özünü göstərir? - Mən deyərdim, super demokratdır. Xasiyyəti ağır olsa da. Hər zaman insanın seçim azadlığına, fərdi seçiminə böyük sayğı duyur. Deyir, bir özü seçən ağlamaz, bir də özü sevən. Onun prinsipi belədir. - Valideynlərlə sözünüz nə zaman çəp gəlir? Hansı məqamda toqquşursuz və bunu necə həll edirsiz? - Məncə elə bir xüsusi mübahisələrim olmur. Əslində konflikt elədir ki, burada udan tərəf olmur, hər iki tərəf uduzur. Ona görə də konfliktdən qaçmağa çalışıram. Anam ümumiyyətlə, mübahisə etməyi sevmir, sülhsevərdir. Amma mübahisələrimiz gülməli məsələlərdə olur. Tutaq ki, evə girərkən ayaqqabıları silmək məsələsində. Mən hər zaman evə girərkən ayaqqabımı silməyi unuduram, amma evdən çıxarkən mütləq silirəm. Maraqlısı odur ki, qardaşım da eyni mənim kimidir. (gülür) - Ananızın sizdən götürdüyü müsahibəni oxudum. “Can Bakı” verilişində. Maraqlıdır, bu, daha çox sizin piarınız üçün lazım idi, yoxsa verilişin maraqlı alınması üçün? - Piar deyildi. Sadəcə, o zaman 20 Yanvar ərəfəsi idi, repressiya qurbanlarının hüquqlarının müdafiəsi “Can Bakı”nın mövzusu olmalıydı. Mən də həmin ərəfədə keçid ədaləti mövzusunda araşdırma hazırlamışdım, çap olunmuşdu. Gündəm məni dəvət etdi studiyaya. Canlı yayım idi, özüm də narahat idim ki, birdən çaşıb, aparıcıya “ana” deyəcəm. - Qızlar daha çox atalarına bənzəyən kişi, oğlanlar isə analarına bənzəyən qadınla ailə qurmağa çalışırlar. Sizinçün də bu aksioma keçərlidir? - Mən o misalda yetərincə həqiqət payı görürəm. Məncə hə… - Müsahibəmizi yekunlaşdıra bilərik prinsipcə. Necə düşünürsüz, valideynləriniz bu müsahibəni oxuyanda bir professional olaraq nə düşünəcəklər? - Yəqin ki, özlərini qızlarının gözündə görəcəklər. - Söhbətdən məlum oldu ki, sizə gerçək varis demək olar… - Əslində “varis” sözünün anlaşımı fərqlidir, demokratiyanın bir çox prinsiplərinə ziddir. Amma yumşaq dillə desək, yəqin demək olar (gülümsünür) Sevinc TELMANQIZI 4637 dəfə baxılıb
|
[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR” [30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK [26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM” [19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...” [17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK” [16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR [15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM” [14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI [05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM” [27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...” [20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ” [28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR” [26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...” [22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM” [21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM” [12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR” [02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ [22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...” |
| Yeni MÜSAVAT © 2008 |
|