|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bu gün ölkədə mətbuata açıq insanlar o qədər az saydadır ki, onlardan hansı iləsə həmsöhbət olanda az qala sevincək olursan. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov da mətbuata daim açıq olan insanlardandır. Mətbuat səhifələrindən, televiziya ekranından tez-tez gördüyümüz budəfəki müsahibimizi də ölkənin məşhur simaları sırasına aid edə bilərik. Ancaq paytaxtın bu məşhur məkanındakı yeniliklər, ortaya çıxan problemlərlə bağlı ilk açıqlama üçün mətbuatın ilk üz tutduğu rəis müavininin əslində ixtisasca həkim olduğu, ara-sıra şeirlər yazdığı, hətta idarənin “Qaynar xətt”inə belə şəxsən cavab verdiyini, yəqin ki, çox az adam bilir. - Mən Tibb Universitetini bitirmişəm, ixtisasca həkiməm və 1994-cü ildən 2000-ci ilə qədər Bakı Şəhər Dəri Zöhrəvi Dispanserinin baş həkimi işləmişəm. 2003-cü ildən 2009-cu ilə qədər Respublika İdman Tibb Mərkəzinin direktoru olmuşam. Ondan əlavə, Həkimləri Təkmilləşdirmə İnstitutunun dəri-zöhrəvi xəstəlikləri kafedrasında müəllimlik etmişəm.
- Nazim bəy, tibb sahəsində çalışan adam qəfildən başqa bir sahədə rəhbər vəzifəyə irəli çəkilməsi özünüz üçün təəccüblü olmadı ki? - Yox. Ona görə ki, mən 12 ilə yaxın rəhbər vəzifədə çalışmışdım və bilavasitə təşkilatçılıqla məşğul olmuşdum. Yəni təşkilatçılıq artıq mənimçün bir peşəyə çevrilib. Bulvar İdarəsinin rəis müavini vəzifəsi də birbaşa təşkilatçılıqla bağlı vəzifədir. Onu da deyim ki, mən tutduğum vəzifənin məsuliyyətini dərk edən adamam. Əvvəllər də vəzifədə olmuşam. Amma o zaman Səhiyyə və ya Gənclər və İdman nazirlikləri tərəfindən təyin olunmuşam. Bu vəzifəyə isə məni dövlət başçısı təyin edib. Vəzifənin sanballılığını dərk edərək çalışıram ki, onu məsuliyyətlə icra edim. Bundan əlavə, ölkə vətəndaşlarının və xarici qonaqların ən çox üz tutduğu yer Bakı bulvarıdır. Ona görə də bu cür yerdə işləmək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətli və çətindir. Mən məşhurluqdan ona görə qorxmuram ki, bir var insan oturduğu vəzifədə özünü narahat hiss edə, amma bir də var insan həyat məktəbi keçib, təcrübə toplayıb. Mən Avropanı, Asiyanı gəzmişəm, elmi yolları keçmişəm. Mənimçün istər mətbuatla, istər rəhbər vəzifəli şəxslərlə ünsiyyətdə olmaq çətinlik törətmir. - Rəhbər vəzifədə olsanız da, bulvarda daim sizi mühafizəsiz görürük, çox hallarda avtomobili də özünüz idarə edirsiniz.
- Mən elə işlər görməmişəm ki, nədənsə çəkinəm, qorxam, yaxud fikir çəkəm. Axşamlar rahat yatmışam, səhərlər də rahat işə gəlmişəm. Narahat olmamışam ki, kimsə qapımı döyüb hansısa xoşagəlməzliklə bağlı nəsə deyə bilər. Cəmiyyətdə hər zaman alnıaçıq, üzüağ, insanların gözünün içinə dik baxmışam. Həyatım boyu əsas işim xeyirxahlıq olub. Odur ki, bütün günü parkda rahat gəzirəm, hər kəsə rahat cavab verə bilirəm. - Bu günlərdə mətbuat Milli Parkın ərazisində təmir işlərinin yenidən başladığı barədə yazdı və bu, xeyli müzakirələrə səbəb oldu. - Biz 2008-ci ildə döşənmiş daşları çıxardıb onu bulvarın digər yerlərində - harada ki, hələ daş vurulmayıb - orada istifadə edirik. Hansı xəttə ki, biz avtomobillərin hərəkətini nəzərdə tuturuq, ora daha möhkəm, daha qalın, ağır tona davamlı daşlar düzür, həm də onun altını bir az da bərkidirik. Yəni arxayın olmaq istəyirik ki, o yoldan tank ağırlığında da bir texnika keçsə, o, davam gətirsin. Kimsə deyə bilər ki, niyə bunu 2008-də nəzərə almamısınız. Ancaq hər şey inkişaf edir. - Bu da var ki, Bakıda təmir-tikinti işləri bitmir... - Çünki daimi heç nə yoxdur. - Ancaq bir yolu, bir binanı nə qədər təmir etmək olar?
- Ola bilər ki, hansısa işi keyfiyyətsiz görürlər. Ancaq mən bulvarın rəsmisi və ikinci şəxsi kimi - bəzən də rəis burda olmayanda mən onun səlahiyyətlərini icra edirəm - məsuliyyətlə deyirəm ki, bulvarın digər xətlərində daşlar dəyişməyəcək. Bir xəttin dəyişdirilməsi planlaşdırılmış, Bulvar İdarəsi tərəfindən həyata keçirilən işdir. Bizim idarənin tabeçiliyində Kommunal Xidmətlər və Abadlaşdırma İdarəsi var, onun təmir-tikinti şöbəsi bu işi aparır. Mətbuat bu işi şişirtməyə çalışır. Ancaq bu xətt “Neftçilər” prospektinin böyründən keçir, yəni kimsə burda bircə balaca daşı da kənara qoya bilməz, çünki hər kəs görür, nəzarətdə olan yerdir. Özü də Bulvar İdarəsi Nazirlər Kabinetinin nəzdindədir və bu işlər ən yüksək səviyyədə razılaşdırılıb həyata keçirilir. - Nazim bəy, siz partiyalısınız, yoxsa... - 1994-cü ildən YAP-ın üzvüyəm. O vaxtlar idarənin baş həkimi olduğum üçün öz təşkilatımızda YAP-ın yerli təşkilatının sədri olmuşam. Yeni işə direktor təyin olunandan az sonra isə orda da təşkilat sədri oldum. Dənizkənarı Bulvar İdarəsi yaranan gündən də burda YAP-ın özəyi yaranıb və mən bu gün YAP-ın burdakı təşkilat sədriyəm.
- Bulvara üz tutan müxalifətçilərə münasibətiniz necə olur? - Mənimçün Azərbaycanda nə müxalifət, nə iqtidar yoxdur, xalqına xidmət edən və etməyən vətəndaş var. Hamımız Azərbaycan vətəndaşıyıq. Mənim qohumlarımın, yaxud dostlarımın da içərisində ölkədə gedən işlərə müxalif fikirlər ola bilər. Bunu normal qəbul edirəm, çünki ölkəmizdə demokratiya, söz azadlığıdır. Dünyanın hər yerində qəbul olunub ki, o ölkə güclü ölkəyə çevrilir ki, onun güclü müxalifəti var. Müxalifəti olmayan ölkədə inkişaf ola bilməz. - Amma YAP-ın bəzi deputatları müxalifətin getdikcə “zəiflədiyini, hətta sıradan çıxdığını” deməkdən sanki zövq alırlar... - Mənim həmin deputatların mövqeyini müzakirə etmək səlahiyyətim yoxdur. Ancaq şəxsən mən düşünürəm ki, müxalifətin dediyi fikirlərə, verdiyi ideyalara diqqətlə qulaq asmaq lazımdır. Elə məsələlər də ola bilər ki, yaxşı mənada müxalifətdən bu fikirləri oğurlamaq olar. Mən buna pis baxmıram. YAP-ın üzvü olsam da, müxalifət qəzetlərinin və partiyalarının da fikirlərini dinləmək, onlarla dialoqa girmək, bəzi məsləhət və tövsiyələrini yeri gələndə həyata keçirməyi normal qəbul edirəm. - Bulvarda sizə ən doğma ünvan haradır?
- Mən Bakıda doğulmuşam. Bu mənada Bakı bulvarı mənim uşaqlıq və tələbəlik illərimin və sonrakı ömrümün ən sevimli məkanı olub. Uşaqlıqdan ən çox sevdiyim yerlərdən biri “Venesiya” Su Şəhərciyi, “Mirvari” kafesi, “Sadko” kafesi adlanan estakada olub. Allaha çox şükür ki, mənim bu idarədə çalışdığım illərdə “Venesiya” da bərpa olunub, bu yaxınlarda istifadəyə veriləcək. “Mirvari” kafesi çoxdan istifadədədir. “Sadko” kafesi adlanan estakada da artıq bərpa olunub və istifadəyə veriləcək. Amma “Sadko” kafesi ləğv olunub. Ola bilsin yerində nəsə bir istirahət mərkəzi olsun, lakin adı “Sadko” olmayacaq. Çünki Sadko Ukrayna qəhrəmanıdır, bizə onun heç bir aidiyyəti yoxdur. Çox sevinirəm ki, nostalji ilə xatırladığım bu obyektlərin bərpasında mənim də az da olsa, rolum var. Onu da deyim ki, bu il “Mirvari” kafesinin 52 yaşı tamam olur. Mənim də 52 yaşım var. Deməli, “Mirvari” kafesi mənimlə yaşıddır. Elə “Venesiya”nın, “Sadko”nun yaşı da təxminən mənim yaşım qədərdir. Bu, bəlkə də təsadüfdür, bəlkə də Allahın işidir. Mən buna çox sevinirəm. - Hacıbala Abutalıbovla get-gəliniz varmı? - Var. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə bizim çox sıx əməkdaşlığımız var. Bulvar da Bakının ayrılmaz hissəsidir. Bizim həm Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və bütün əməkdaşları ilə, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və onun bütün əməkdaşları ilə möhkəm əlaqələrimiz var. Bayram konsertlərini və konsertdən sonrakı atəşfəşanlığı Bakı İH təşkil edir. - Hacıbala müəllimi biz görə bilmirik, bəs siz axırıncı dəfə nə vaxt görmüsünüz? - Elə dünən. Bir yas məclisi vardı, rastlaşdıq. Amma rəsmi görüşümüzə gəldikdə, Bakıya Tiflisin meri qonaq gəlmişdi. Hacıbala müəllim onunla birgə bulvara gələndə görüşdük.
- Heç olubmu ki, bulvardakı işlərdən razılıq eləyəndə heç deyirmi ki, bir gün vəzifədən gedər olsa, sizi Bakı meri görmək istərdi? - Yox, elə söhbətlər olmur. Amma səmimi deyim ki, Hacıbala müəllim dəfələrlə bizim bulvarda gördüyümüz işləri çox yüksək qiymətləndirib. Mən də fürsətdən istifadə edib bir məsələni demək istəyirəm. Bulvarda üç fəvvarə fəaliyyət göstərir: Hökumət Evi ilə üzbəüz “Yeddi gözəl”, Muzey Mərkəzi ilə üzbəüz musiqili fontan, bir də “Azneft” meydanında olan musiqili fontan. Bunlar hamısı Bakı Şəhər İcra Hakimiyyətinin Fəvvarələrin İstismarı İdarəsinin tabeçiliyindədir. Onların həm işləməsi, həm təmiri və digər məsələlər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir, mən də buna görə təşəkkür edirəm. - Bulvarın Bayraq Meydanına doğru uzadılması istiqamətində işlər nə vaxt başa çatacaq? - Cənab prezident dəfələrlə deyib ki, Dənizkənarı Bulvar İdman Sarayından Bayraq Meydanına qədər genişləndiriləcək. O sahə genişləndirilib, amma bu gün orda təmir-tikinti, abadlaşdırma işləri getdiyinə görə, rəsmən hələ bulvara verilməyib. Amma biz gələcəkdə o hissənin abadlaşmasına, qorunmasına özümüzü hazırlayırıq. Orada bəndatmalar, bərkitmə, betontökmə işlərini onlar görür. Yeni bulvarda və bulvarın köhnə hissəsindəki yarımçıq qalan bu işlərin “Eurovision”dan daha tez, aprelin ortalarınadək başa çatdırılması gözlənilir. - Bu qədər xərclərə rəğmən “Eurovision”dan bulvarın qazancı nə olacaq? - Biz “Eurovision”dan maddi yox, mənəvi tərəfdən qazanc gözləyirik. Çünki əgər Azərbaycana gələn hər hansı qonaq, turist, müsabiqə iştirakçısı qayıdandan sonra etiraf edəcəksə ki, biz heç inanmazdıq ki, tanımadığımız bir Şərq ölkəsi inkişafa görə artıq Avropanı vurub keçib, elə o, bizim ən böyük qazancımızdır. Bir neçə il bundan qabaq prezident İlham Əliyev cənabları dedi ki, dənizkənarı Bakı Bulvarı dünyanın ən gözəl bulvarıdır. Biz artıq bu statusu almışıq. İndi bizim üçün ən çətini bunu qoruyub-saxlamaqdır. Bulvarımızı elə abad saxlamağa çalışırıq ki, deyilməsin ki, dünyanın ikinci bulvarıdır. Mən sizə bir disk hədiyyə edəcəyəm, onun adı “Bakı Bulvarı”dır. 4 dəqiqədən bir az artıq klipin musiqisini Vüqar Camalzadə bəstələyib, oxuyur Ayaz Qasımov, mahnının sözləri isə Nazim Məcidovun, yəni mənimdir (Ardınca Nazim bəy müəllifi olduğu şeiri səsləndirir və deyir ki, ailə üzvlərinə ünvanlı yazdıqları olsa da, bu, vətənpərvərlik mövzusunda yazdığı yeganə şeirdir - E.P.) - İdarənin iki “Qaynar xətt”i var. Biri mobil operatordur: 055 282 70 00. Digəri isə şəhər telefonudur: 480 18 36. Mobil telefon mənim özümdədir, 24 saat ərzində hər bir insan o nömrəyə zəng edib Bulvar İdarəsinin rəis müavininə öz şikayətini və ya arzusunu deyə bilər. Gecə saat 3-də, 4-də də mənə bulvardan zəng olur, amma mühafizə xidmətçisi tərəfindən. Digər insanlar isə gün ərzində zəng edirlər və daha çox pulsuz attraksionların nə zaman keçiriləcəyi, gəmilərin, fəvvarələrin iş qrafiki ilə maraqlanırlar. - Gecənin bir aləmi olsa da, hələ ki, evə getməyə tələsmirsiniz. İş qrafikiniz belədir, yoxsa bu gün istisnadır? - Mən hər səhər saat 8-9-da işə gəlirəm. Axşam isə 11-dən tez bulvardan çıxmıram. Qışda 11, 12-nin yarısında, amma yayda 1-ə qədər işdə oluram. - Övladlarınız böyükdür? - İkisi də tələbədir. - Belə çıxır ki, atalarını görmək üçün bulvara gəlməli olurlar. - Deyim ki, məni doyunca görmək intizarındadırlar. Amma mən bir şeylə təsəlli tapıram ki, mənim Bulvar İdarəsinə vəzifəyə təyin olunmağım artıq onların ali məktəbə daxil olmaq ərəfəsinə düşdü. Yəni onların başı kifayət qədər təhsilə qarışır. Həm oğlum, həm də qızım paralel olaraq ingilis dili və kompüter kurslarına gedirlər. Ona görə də uşaqların məndən ötrü darıxmalarına bir o qədər də vaxtları qalmır. Mənim də onlar üçün darıxmağa ona görə vaxtım olmur ki, təkcə onların yox, bütün Azərbaycan gənclərinin gələcəyi üçün çalışıram. - Bəs, xanımınız? - Xanımım evdə az tapılmağımdan bir qədər narazılıq edir. Ancaq o da başa düşür ki, bu da bir mərhələdir. Ailə qurandan evdar xanım idi, ancaq ikinci uşaq da tələbə adını qazanandan sonra qərara gəldim ki, ali təhsili olduğuna görə xanımım da işləsin. Sizə deyim ki, mən həyatımdan çox razıyam və həyatımı çox uğurlu sayıram. Elşad PAŞASOY 3217 dəfə baxılıb
|
[14.05.2012] - “AZƏRBAYCANI AXŞAM BAZARINA DÖNDƏRİBLƏR” [30.04.2012] - “TAKTİKAMIZA YENİDƏN BAXMAQ MƏCBURİYYƏTİNDƏYİK [26.03.2012] - “HAKİMİYYƏT 500 NƏFƏR VERSİN, KƏLBƏCƏRİ İŞĞALDAN AZAD EDİM” [19.03.2012] - “VAQİF NOVRUZOV DƏFƏLƏRLƏ DİZ ÇÖKÜB, MƏNİM QARŞIMDA AĞLAYIB...” [17.03.2012] - “İSA QƏMBƏRİN HƏBSDƏN ÇIXMASI ÜÇÜN HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT ETDİK” [16.03.2012] - VAQİF NOVRUZOVDAN SENSASİYA YAĞMURU DAVAM EDİR [15.03.2012] - “ELDAR HƏSƏNOVUN GƏTİRDİYİ İSMARIŞDAN SONRA İŞDƏN ÇIXDIM” [14.03.2012] - KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI [05.03.2012] - “DEDİM NOBEL MÜKAFATI LAUREATI OLMAQ İSTƏYİRƏM” [27.02.2012] - “EVİM ONA GÖRƏ YOXDUR Kİ, RƏSMİ MAAŞ ALMIŞAM...” [20.02.2012] - “MÜXALİFƏTİ OLMAYAN ÖLKƏ İNKİŞAF EDƏ BİLMƏZ” [28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR” [26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...” [22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM” [21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM” [12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR” [02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ [22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...” |
| Yeni MÜSAVAT © 2008 |
|