13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Müsahibə

“BƏZƏN MANDAT ALANDAN SONRA PARLAMENTDƏ ÇAŞANLAR OLUR”

2010-02-10

İmamverdi İsmayılov: “Bu gün Azərbaycanda kim deyə bilər ki, mən Dağlıq Qarabağ probleminin həllini İlham Əliyevdən çox istəyirəm?”

Milli Məclisin deputatı İmamverdi İsmayılovun APA-ya müsahibəsini ixtisarla təqdim edirik.

- Sizdən müsahibə almaq üçün müraciət etdiyim vaxtdan gör nə qədər vaxt keçir. Nədir, müsahibə vermək istəmirsiniz?

- Həyatım boyu reklamdan uzaq qaçmışam. Düşünmüşəm ki, insan elə olduğu kimi görünsə, daha yaxşıdır. Reklam üçün mətbuata çıxmağı, nəyinsə xətrinə söz deməyi həmişə yanlış və mənasız bir iş hesab etmişəm. Sənin sözünə cəmiyyətdə ehtiyac varsa və bu söz öz içindən gələn mənəvi bir sifarişdən doğulursa, danışmağın tərəfdarıyam. Belə məqamlarda sözümü həmişə demişəm və deyəcəyəm. İctimai-siyasi proseslər, milli-mənəvi məsələlər, ümumiyyətlə, bir vətəndaş və ziyalı kimi, məni narahat edən problemlər barədə mətbuatda, televiziyada çıxışlarım olur. Axı mən də ixtisasca jurnalistəm, sözə-sənətə bağlı adamam. İmzam, qələmim kifayət qədər tanınır. Bu sənətə böyük sayğı və ehtiramım var, eyni zamanda sözün, mətbuatın da məsuliyyətini son dərəcə yaxşı dərk edirəm.
İndi min şükür, neçə ildir yaradıcı bir insan, millət vəkili olsam da, düşünürəm ki, həmişə özümə hesabat verməliyəm, unutqan olmamalıyam, şöhrətin cazibəsindən xoşallanıb, haradan gəlib, hara getdiyimi unutmamalıyam. Televiziya ekranlarına çıxmaq, danışmaq imkanlarım və şanslarım çoxdur. Mən də başqaları kimi, təşkil olunmuş verilişlərdə çiçəkləri iyləyib, əlimi çənəmə söykəyib, dəniz sahillərində xəyala gedə bilərəm. Əlimdə siqareti tüstülədə-tüstülədə, kamera qarşısında özümü düşüncələr dəryasına qərq olmuş kimi göstərə bilərəm (gülür). Ağlı-başı üstündə olan adamlar kimi mən də həmişə belə ucuz şöhrətdən uzaq durmağa çalışmışam. Bütün bu süni və qondarma jestlər kimə və nəyə lazımdır.

- Parlamentdə hərdən çıxış edirsiniz...

- Mənim üçün belə bir parametr yoxdur. Artıq on beş illik təcrübəm imkan verir deyəm ki, deputatın fəallığı seçicilərinin içində olmalıdır. O deputatlardanam ki, indiyə kimi heç bir şikayətçi, problemi olan seçici məni soraqlayıb, arxamca parlamentə gəlməyib. Harada görüşürüksə, elə oradaca söhbətləşir, həmdərd oluruq. Çünki hər gün bu xalqın içindəyəm, xeyir-şərində bir yerdəyəm. Seçicilərim doğma ev-eşiyindən didərgin düşmüş insanlardır. Zəngilan və Qubadlı camaatı harada varsa, orda mənim gedəcəyim bir ünvan, toy-düyün, xeyir-şər yeri var. Azərbaycan adlı məmləkətin başı üzərində bir Allah var, bir də ki, xalqın qayğı və problemləri ilə hər zaman yaşayan prezidentimiz. 1995-ci ildə efirdə ayrılmış beş dəqiqəlik vaxtımın cəmi bir dəqiqəsindən istifadə etdim və dedim ki, əziz seçicilərim, mənim bir qələmim var, qələmimdən və sözümdən başqa sizə heç bir vəd verə bilmərəm, baxın, seçim sizindir...

- Həmin qələm bir iş görə bilir?

- Bəli, mən sonralar ictimai-siyasi fəaliyyətimdə qələmimi və əməlimi birləşdirməyə çalışdım. Hər halda, üç dəfə eyni dairədən təkrar deputat seçilmişəmsə, deməli, əlimdəki bu qələm xalqın xeyrinə işləyib, milli ideallar naminə yazıb-yaradıb. Bizim dairədən deputat seçilmək heç də asan məsələ deyil. Qəribədir, hər dəfə an azı otuz namizəd olur. Demək istəyirəm ki, müsahibə verməklə, bir qrup insanın rəyinə hesablanmış pafoslu çıxışlar etməklə rəğbət qazanmağa ehtiyac yoxdur. Onsuz da xalq kimin kim olduğunu gözəl bilir.

- Seçiciləriniz konkret bir yerdə məskunlaşmayıblar. Onları necə qəbul edirsiniz?

- Qəbul anlayışı mənim üçün yoxdur. Kim məni harada görsə, orada da sözünü deyir. Mənim üçün müqəddəs el-oba anlayışı var və mən doğma ocağımızın tər-təmiz ətrini bu gün Azərbaycanın hər yerinə səpələnmiş köçkünlərimizin içində axtarıram. Yoxsa gedib qəbul saatı düzəldim, kimisə orada qəbul eləyim, elə şey yoxdur. Mən başqa yerdən yox, öz elimin - ölüsünü, dirisini, qəbrini, qibləsini yaxşı tanıdığım adamların seçimi ilə mandat sahibi olmuşam. Güman edirəm ki, hər zaman yanında olduğum camaatın da belə bir populizmə ehtiyacı yoxdur.

- Müşahidəmə əsasən deyə bilərəm ki, Milli Məclisdə sözü keçən deputatlardansınız. Çox vaxt parlamentdə müzakirələr zamanı Sizin maraqlı replikalarınızı eşidirik. Və qəribədir ki, hamı bunu səmimi qəbul edir və heç kim də incimir...

“Bəyəm ginekologiyadan tutmuş, seysmologiyaya qədər hər şeyə münasibət bildirmək olar?!”

- Nə deyim vallah, bəzən deputatların çıxışlarında təcrübəsizlikdən, ya başqa səbəbdən irəli gələn təkliflər çox olur. Məsələn, elə beynəlxalq konvensiyalar var ki, onlar konstitusiyanın tələblərinə əsasən ratifikasiya olunmalıdır və dövlət başçısı imzalayıb Milli Məclisə göndərir. Bir də görürsən kimsə başlayır ki, burada üç nöqtə əvəzinə vergül qoyulmalıdır, ya filan söz əlavə olunmalıdır, yaxud böyük hərflə yazılmalıdır. Fikrimcə, bunlar hamısı söz xətrinə söz deməkdir. Bəzən kimsə Qarabağ, Vətən ətrafında haylı-küylü, coşqun və eşqli çıxışlar edəndə, məcburiyyət qarşısında yerdən replikalar atmalı olursan. Bəyəm ginekologiyadan tutmuş, seysmologiyaya qədər hər şeyə münasibət bildirmək olar?! Nə etməli, hərə bir xarakterin sahibidir. Kaş hər birimiz, kimliyindən asılı olmayaraq, özümüzə kənardan baxmağı bacaraydıq...

- Yəqin ki, builki seçkilərdə namizədliyinizi yenidən verəcəksiniz?

- Mən partiya mənsubiyyəti daşıyan, partiyamızın monolit birliyinə çalışan və vahid intizam xəttinə tabe olan bir şəxsəm...

- Birdən məsləhət olmadı?

- Məsləhət bilinməməsinin özü elə məsləhətdir də... Ən əsası isə mandat qazanandan sonra heç kəs özünə vurulmamalıdır. Mən 1995-ci ildə seçkiyə müstəqil namizəd kimi qatılmışam. O vaxt çoxları mandatını alandan sonra siyasi mövqeyini dəyişib müxtəlif partiyalara qoşuldu. Mən isə qəlbimin hökmü ilə ulu öndərimiz Heydər Əliyevə ərizə yazıb, Yeni Azərbaycan Partiyasına üzv oldum. Sonralar isə iki dəfə parlament seçkilərində bu partiyanın siyahısından namizədliyim irəli sürüldü. Çox təəssüf ki, bəzən mandat alandan sonra parlamentdə çaşanlar olur. Mənə elə gəlir ki, Milli Məclisə daha çox dövlətə, dövlətçiliyə sadiq adamlar seçilməlidir.

- Seçicilərinizin ən çox istədiyi nədir?

“Ölülərimizin tabutunu dəmirdən düzəltdirib, içimizdəki inamla bir yerdə dəfn edirik - nə vaxtsa götürüb öz yurdumuza aparmaq üçün...”

- Əmin-amanlıq, sabitlik və bolluq... Şükür Allaha ki, bunların hamısı bizdə var. Hörmətli prezidentimizin siyasəti sayəsində sosial rifah yolunda uğurlu işlər bir-birini sıralamaqdadır. Ancaq camaatımızın ən müqəddəs və əzəli arzusu öz dədə-baba yurdlarına qayıtmaqdır ki, inşallah, bu da öz həllini mütləq tapacaq. Xahiş edirəm, diqqət yetirin, bizim evdə üç nəsil təmsil olunur: Anam, mən və oğlum. Anamla mənim, mənimlə oğlumun torpağa bağlılığı bir deyil ki? Hər bir insan doğulduğu torpağa oxşayır. Bir yurdda doğulan insanı başqa yurdda saxlamaq olmaz. Anamın övkəsi yanırdı, burada qala bilmirdi. Yaşlı adamlar dözmür. Ölülərimizin tabutunu dəmirdən düzəltdirib, içimizdəki inamla bir yerdə dəfn edirik - nə vaxtsa götürüb öz yurdumuza aparmaq üçün...Çünki ölənlərimizin çoxu doğma yurdda, atasının, anasının, əzizinin yanında dəfn olunmasını vəsiyyət edir. Təsəvvür edin ki, kim harada məskunlaşıbsa, orada bir kənd qəbiristanlığımız var. Coğrafiyası səhv düşən bu qəbiristanlığa görə tarix bizi bağışlamaz... Ən böyük arzum da bax elə budur: elə, elata qayıdaq, ölülərimizi dədə-baba qəbiristanlığında dəfn edək...

- Bəs camaat ən çox istədiyi arzularından danışanda nə cavab verirsiniz?

- Mən boyundan hündürə tullananlardan deyiləm. Yeganə ümidim göydə Allaha, yerdə Azərbaycan prezidentinədir. Son vaxtlar ümidlərim getdikcə artır. Dağlıq Qarabağ problemi beynəlxalq birliyin dəstəyi ilə, diplomatik yolla həll olunmalıdır. Hər kəs cəmiyyətdə hansı çəkidə olduğunu və bu işə necə kömək edəcəyini dəqiq bilməlidir. Biz hamımız bir nəfər kimi öz gücümüzü birləşdirib, ölkə başçısına bu məsələnin həllində dəstək verməliyik. Bu gün Azərbaycanda kim deyə bilər ki, mən Dağlıq Qarabağ probleminin həllini İlham Əliyevdən daha çox istəyirəm? Xalqımız gözəl bilir ki, Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edə biləcək yeganə lider və şəxsiyyət İlham Əliyevdir və məhz onun uğurlu siyasi, diplomatik fəaliyyəti sayəsində torpaqlarımız düşmən tapdağından azad ediləcək, prezidentin qurucu xarakterinə uyğun olaraq, bu yurdlarda əmin-amanlıq bərpa olunacaq, abadlıq işləri aparılacaq.

- İstəyirəm sualın yönünü dəyişəm. Evdə-eşikdə nə var, nə yox?

- Şükür ki, hər şey yaxşıdır. Üç övladım, iki nəvəm var. Evimizdə yenicə ikinci İmamverdi İsmayılov dünyaya gəlib. Həyatdan gileylənməyə haqqım yoxdur. Dostlarımın köməyini hər zaman hiss edirəm. Bir ara çox üzüldüm, üzüntülü, kədərli anlar yaşadım. Həyatımın dərin mənası olan müqəddəs anamı itirdim. Özüm də, uşaqlarım da yamanca isinmişdik ona... İllər boyunca səsinə və nəfəsinə sığındığımız Asiya xanımsız yaşamaq çətin idi, çox çətin... Bütün analar gözəldir, ancaq tanıyanlar yaxşı bilir ki, mənim anam peyğəmbər kimi insan idi. Hər dərdini dilə gətirməyən, pərdəli, ağır taxtalı, köhnə adamlardan idi. Anam ölüm ayağında çətinliklə can verdi. Və belə bir andaca qız nəvəm dünyaya gəldi. Ona anamın adını qoyduq. Elə bil anam yol gözləyirmiş və “daha bundan sonra rahat ölə bilərəm...” deyib gözlərini yoldan çəkdi.

- Qərib yurdlarımız necə, yuxunuza girirmi?

- Mənim çətin günlərim çox olub. Uşaq vaxtı biçənəkdə, ot biçən zaman qolumu kərənti kəsdi. Hirsimdən deyinirdim ki, axı niyə bəzi qohumlarım mənə dədəmin halal biçənəyini də çox görüb, bizi daşlığa dirəyiblər. Sonralar, ad-san yiyəsi olanda da, bu hirsimi və qəzəbimi yadımdan çıxarmırdım. İndi həmin qohumlarım mənim adımdan o qədər alver edirlər ki, heç nə deyə bilmirəm. Çünki anam mənə deyərdi ki, bala, axar su ol, murdarlıq götürmə. Yadında saxla ki, yol üstündəki qarışqanın da qafiyəsini pozmaq olmaz, hər şeyi zamana burax... Uşaqlığım o dağlarda və yaylaqlarda keçib. İnsan həniri dəyməyən yurd - qəbiri olmayan ölü kimidir. Mən insanlarımıza qəbir üstündə, dəfndə yaranan səmimiyyəti tez unutmamağı və elə bu dəyərlərlə də yaşamağı arzulayıram. Unutmayaq ki, bu dünyada hər şey qurtara bilər, təkcə Allahın axtarışları davam edir... Allah amanında!...

APA

1385 dəfə baxılıb

Xəbəri paylaş

[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR”

[26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”

[22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM”

[21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM”

[12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

[02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

[22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...”

[21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...”

[16.11.2011] - TANINMIŞ HÜQUQŞÜNASDAN ATƏT-ə KƏSKİN İTTİHAMLAR

[15.11.2011] - “ZİYALI XALQIN SÖZÜNÜ DEYİRSƏ, SONUNU DÜŞÜNMƏMƏLİDİR”

[09.11.2011] - “DÖVLƏT BAŞÇISINI DEBATA ÇAĞIRIRAM”

[02.11.2011] - “QARŞIDA ELƏ İLLƏR VAR Kİ, HƏR ŞEYİ HƏTTA SIFIRDAN DA BAŞLAYIB DÜZƏLTMƏK MÜMKÜNDÜR”

[31.10.2011] - “BƏZƏN DEYİRƏM Kİ, GÖR ÖMRÜMÜ NƏYƏ SƏRF ETDİM...”

[24.10.2011] - “NOYABRIN 8-də YAP SƏDRİNƏ MÜRACİƏTİM OLACAQ”

[17.10.2011] - “BU SƏNƏDİ İLLƏR BOYU HƏYƏTDƏKİ QUYUNUN İÇİNDƏ SAXLAYIBLAR”

[10.10.2011] - “ELƏ O VAXTDAN QARA YAYLIQ MƏNİM SİRDAŞIM OLDU”

[03.10.2011] - “DÜŞÜNMÜRƏM Kİ, KİMİNSƏ HƏDƏFİNDƏYƏM”

[26.09.2011] - “ORTADA TÜRKİYƏDƏN ÜÇ, AZƏRBAYCANDAN DA BİR MƏSƏLƏ VAR”

[23.09.2011] - İLHAM RƏHİMOVUN QIZI “YENİ MÜSAVAT”a DANIŞDI

[05.09.2011] - “İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİRƏM Kİ...”

ARXIV

Yeni MÜSAVAT © 2008