13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Müsahibə

“İRAN SƏFİRİNDƏN ALDIĞIM TƏBRİKİ YADİGAR SAXLAYIRAM”

2010-02-15

Yevda Abramov: “Həyat yoldaşımın yəhudi olması o demək deyil ki, mənə hökmranlıq etməlidir”
“İsrail çox gözəl bilir ki, İran nə İraqdır, nə də Fələstin”

Azərbaycan parlamentinin yeganə yəhudi deputatı Yevda Abramovla söhbətimiz nədənsə xeyli uzandı. Jurnalistlərə açıq deputatlardan sayılan deputatın qəzetimizə danışmasına mane olan səbəbi sonradan səmimi söhbəti zamanı özü açıqladı. Hər halda müsahibənin reallaşmasında yaxın dostu və həmyerlisi Vahid Əhmədovun məsləhəti az rol oynamadı... Ali məktəbi bitirəndən sonra Qubada müəllim, məktəb direktoru, qəsəbə sovetinin və bələdiyyənin sədri işləyib. Ali məktəbi əla qiymətlərlə oxuyub. APİ-nin tarix fakültəsini bitirəndən sonra onun təyinatını daxili işlər orqanlarına vermək istəyiblər. Milis olmaq şansı var imiş. “DİN-də yeniyetmələrin tərbiyəsi ilə bağlı şöbə var idi, tarixçiləri ora göndərirdilər. Müəyyən səbəblər üzündən alınmadı” - deyir.

- Səbəbi yəhudi olmağınız idi?

- (gülür) Bu gün bəlkə də bunu açıq demək olar. O vaxt “5-ci qrafa” deyilən məsələ işə mane oldu. Şükürlər olsun ki, daha belə qadağa yoxdur. Mən harda işləmişəmsə, xalqım tərəfindən yüksək qiymət almışam. Müəllimlikdə də mən bu gün qabaqcıl maarif xadimiyəm, baş müəlliməm. İcrakomda işləyəndə də rayonun bütün problemlərinin həllində birinci olmuşam. O vaxt mən işləyəndə bizim rayonun birinci katibi mənim yaxın dostum, deputat həmkarım Arif Rəhimzadə idi. Özü də mən çox çətin dövrdə, 80-ci illərin sonlarında işləmişəm. Deyim ki, Arif Rəhimzadə həm özünə, həm də işçilərə qarşı çox tələbkar idi. Tale elə gətirdi ki, rəhmətlik Məhəmməd Əsədovla da işləməli oldum. Mən bu insanlardan çox şey götürdüm. O, çox böyük insan idi, Allah ona qəni-qəni rəhmət eləsin. Onun xətrini Qubada çox istəyirlər. Hətta mənim yaşadığım Qırmızı Qəsəbənin ən böyük küçələrindən biri onun adınadır.

- Yəhudilərin kompakt halda yaşadığı ən böyük yaşayış mərkəzi Qırmızı qəsəbəyə köçün tarixi hardan başlanır?

- Burada yəhudilər 273 ildir yaşayırlar. Amma ondan əvvəl burda məskunlaşan insanlar 3-4 km yuxarıda, şimal tərəfdə yaşayıblar. Ordakı məskunlaşma 600 ilə qədər davam edib. Sonradan Nadir şahın dövründə bu millət öz namusunu qorumaqdan ötrü Hüseynəli xana müraciət edib və xan onların təhlükəsizliyini təmin etmək üçün Qırmızı qəsəbəyə dəvət edib. O vaxtdan Qubadakı dağ yəhudiləri burda yaşayır. Buranın Qırmızı Qəsəbə adlandırılmasının da maraqlı tarixi var. 1920-ci ildə Müsavatın yaratdığı respublika quruluşu süquta yetirildi. On birinci ordu Xudat stansiyasında durdu və Quba rayonuna bir alay göndərildi. O atlılar qırmızılar adlanırdı. O zaman qəsəbədəki ən gözəl evlərdən biri bunlara qərargah edilir, Qubada hakimiyyəti devirirlər. Ona görə də 1921-ci ildə bu qəsəbəyə “Qırmızı Qəsəbə” adı verilib. Bundan əvvəlki adı isə Yəhudilər qəsəbəsi olub. Quberniya sənədlərindəki möhürdən isə görmüşəm ki, buranı “Yevreyskiy Svaboda” adlandırıblar.

- Nə əcəb müstəqillik dövründə sovet rəmzindən imtina etmədiniz?

- Rəhmətlik Heydər Əliyevin dövründə adını dəyişib Fətəli xan qoymuşdular. Amma sonradan həm xaricdə yaşayan, həm də yerli yəhudilər referendum vasitəsilə yenidən bu addan imtina etdilər. Çünki bura Fətəli xanın adının verilməsi birmənalı qarşılanmadı. Məsələ burasındadır ki, Fətəli xan rusları Azərbaycana dəvət edən şəxsdir. Mən bələdiyyə sədri idim, referendum keçirib adı dəyişdik. Bütün dünya bizi “Qırmızı Qəsəbə” kimi tanıyır.

- Dünyada yəhudilərin söz sahibi olması məlumdur. Bəs Azərbaycanda yəhudi olub yaşamağın hansı üstünlükləri var?

- Mən bunu üstünlük kimi qəbul etməzdim. Yalnız onu deyə bilərəm ki, MDB məkanında yəhudilərin Azərbaycan qədər sakit, rahat yaşadığı ikinci yer tanımıram. Tarix göstərir ki, dağ yəhudiləri Azərbaycanda 2400 ildən çoxdur məskunlaşıb. Ən çox məskunlaşma eramızın 4-cü əsrində Sasanilər dövründə olub. Sonradan İran qoşunları Azərbaycana gələndə o qoşunlarla da Azərbaycana gələn yəhudilər olub və geri qayıtmayıblar. Yəni tarix boyu yəhudilər bu etnosun daşıyıcısı olduğu üçün nə dini, nə məişət zəminində heç bir diskriminasiyaya, təzyiqə, qətliama məruz qalmayıblar. Budur Azərbaycanın üstünlüyü. Hər bir yəhudi Azərbaycanda yaşadığı üçün xoşbəxtdir. Azərbaycanlılar tarixən bizi çox gözəl qəbul ediblər. Özümüz də yaşadığımız yerdə aparıcı millət üçün bir problem yaratmırıq. Mən erməni deyiləm ki. Biz yaşadığımız yerdə millətin mentalitetini qəbul edirik. O millətlə birgə yeriməyə, addım atmağa çalışırıq.

- Qız verib, qız alırsınız?

- Bəli. Mənim həyat yoldaşım yəhudidir, amma qohumlarımın gəlinləri azərbaycanlıdır.

- Övladlarınız necə, azərbaycanlı ilə ailə qurub?

- Övladlarım da yəhudi qızı alıb. Qız məsələsi bizdə niyə ağırdır? Çünki yəhudilərdə milliyyətin təyin olunması ana qanı ilə hesab olunur. Sən öz qızını hansı millətə verirsənsə, ondan törənmiş nəsl yəhudi adlanır. Ona görə də qızı vermək rahatdır, nəinki başqa qızı almaq. Yəni millətin milli tərkibini saxlamaqdan ötrüdür. Qızı alanda millətdə qan qarışığı əmələ gəlir. Bu da matriarxatlıqdır.

- Bu, ailədə xanımın hökmranlığı anlamını vermir ki?

- Yox. Bu, o demək deyil ki, həyat yoldaşım yəhudidirsə, mənə hökmranlıq etməlidir. Hər bir ailənin özünə görə spesifik xüsusiyyətləri var. Onu da deyim ki, bu gün Qubada elə mərasim yoxdur ki, orda Qırmızı Qəsəbədən yəhudilər iştirak etməsin. Yaxud Qırmızı qəsəbədə elə tədbir olmur ki, Qubanın ağsaqqalları orda olmasınlar. Xarici qonaqları aparanda göstərirəm ki, baxın, görün sinaqoq, onun 100 metrliyində isə böyük məscid. Ordan azan səsi, burdan da ibadət səsi gəlir. Bunu yalnız dünyada bir yerdə - Yerusəlimdə görmək olar. İkinci isə Azərbaycanda. Hətta vaxtilə xristian kilsəsi də vardı.

- Özünüz ibadət edirsiniz?

- Mən Tövratı əslindən oxuya bilmirəm. Amma ruscasını oxuyuram. Hər bir insan kimi mən də öz dinimə hörmət edirəm. Lakin peşəkar dindar deyiləm.

- Keçən il İsrailin prezidenti, bu il isə xarci işlər naziri Bakıya gəldi. Görüşdünüzmü?

- Azərbaycana istər prezident, istər baş nazir, istərsə də parlament xətti ilə səfər edən bütün insanların görüşlərində iştirak etmişəm. Prezident Şemon Peres gələndə də, bu yaxınlarda nazir Liberman səfər edəndə görüşümüz olub. Azərbaycanın İsraillə münasibətləri çox sıcaqdır.

- Bəs heç Azərbaycandakı iranlı diplomatlarla münasibətləriniz olubmu?

- Yox, açığı, mənim hər hansı İran diplomatı, yaxud İrandan gəlmiş insanlarla görüşüm olmayıb. Ancaq yadımdadır ki, 2005-ci ildə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani deputat seçilməyim münasibətilə məni təbrik edib. Bu gün də mən İran səfirindən aldığım həmin təbriki yadigar kimi saxlamışam. Amma ondan sonra İsrail-İran münasibətləri soyudu.

- İsrailin Fələstinə qarşı tutduğu sərt mövqe, dinc sakinlərin öldürülməsi Azərbaycanda da sərt qarşılanır. Bu cür mövqelərə haqq qazandırırsınızmı?

- Hər hansı dövlət haqqında müəyyən fikir deyəndə düşünmək lazımdır ki, görəsən bu gün Azərbaycana hansı dövlət daha yaxındır? Yəni hansı dövlət Azərbaycanın problemlərinin həllində ona tərəfdaş ola bilər, beynəlxalq aləmdə onun mövqeyini müdafiə edə bilər. Hər bir azərbaycanlı düşünməlidir, İsrail Azərbaycana daha çox lazımdır, yoxsa İran? Mən bilirəm ki, İsrail bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Azərbaycanda ilk diplomatik missiyasını açan, 20 yanvar hadisəsinə qarşı ilk etiraz notasını verən, öz etiraz səsini rus səfirliyinə çatdıran ölkələrdən biridir. Unutmaq lazım deyil ki, bu gün 100 min keçmiş Azərbaycan vətəndaşı İsraildə yaşayır. Diasporu incitmək, küsdürmək Azərbaycana yaxşı heç nə vəd etmir.

- Heç olubmu ki, şəxsən siz Yevda Abramov öz soydaşlarınızla müzakirələrdə hansısa fələstinli uşağın, qadının məhv edilməsi səhnəsinə etiraz edəsiniz və göz yaşı axıdasınız?

- Bəli, düz deyirsiniz, mən özüm də razı deyiləm ki, müharibədə uşaqlar, günahsız insanlar ölsün. Amma bu, müharibədir. Bilmək lazımdır ki, bu uşağı İsrail əsgəri tutub yerindəcə qəsdən güllələyir, yoxsa o, atılmış bombanın təsirindən ölür? Bu müharibə Fələstinə qarşı yox, “Həmas”a qarşı idi. Məsələn, uşaq bağçalarının biri vuruldu, biz də təəssüfləndik. Amma sonra bütün dünya bildi ki, bağçanın həyətindən İsrail tərəfə raket atılıb. Ancaq bəzən keçmiş kadrları da çəkib gündəmə gətirirlər.

- İran-İsrail münasibətlərində dərinləşməkdə olan ziddiyyətlər müharibə ilə nəticələnə bilərmi?

- Bu gün müharibə aparmaq elə də asan deyil. İsrail çox gözəl bilir ki, İran nə İraqdır, nə də Fələstin. İrana qarşı müharibə aparmaq əslində çox ciddi məsələdir. İsrail o vaxt İrana müharibə edər ki, yüz faizlik qalibiyyət imkanı olar. Bu gün qüvvələr nisbəti ona imkan verməz ki, İsrail İrana qarşı müharibə aparsın. Bununçün dünyanın böyük güc dövlətləri var, o dövlətlər birgə qərar verərsə, İranı hədəfə alarlar. Özü də bu hədəfə alma İran xalqına qarşı olmamalıdır. Elə cənab Libermanın səfəri zamanı da bu məsələ müzakirə ediləndə ona xatırladıldı ki, İranda 30 milyon azərbaycanlı yaşayır. Müharibə böyük qaçqın ordusuna səbəb olacaq. Onsuz da biz 1 milyonun əlində girinc vəziyyətdəyik. Azı 500 min də İrandan gəlsə, Azərbaycanın halı necə olacaq? Lidermanın səfəri də bölgədə vəziyyəti öyrənmək, beynəlxalq münasibətləri yenidən saf-çürük etmək, həm İsrailin, həm də dünya ölkələrinin təhlükəsizlik məsələləri ətrafında məsləhətləşmək məqsədi daşıyırdı. İrana qarşı müharibə çox böyük faciələrə səbəb ola bilər.

- Yəhudi lobbisinin dünyada gücü bəllidir. Elə isə nədən onun Azərbaycanın haqq davasında yetərincə dəstəyi hiss olunmur?

- Lobbiyə kömək lazımdır. Təəssüf ki, bəzən elə insanlar ezamiyyətə gedir heç lobbi üzvləri ilə tanış da deyillər. Ora elə şəxslər getməlidir ki, lobbi üzvlərinin hərəkətlərinə təsir edə bilsinlər. Dünyada Qarabağ problemini anlayan yəhudi lobbisi dəfələrlə bəyan edib ki, bu işdə Azərbaycanı dəstəkləyəcəyik. Ancaq bəzən görürsən ki, bəzi müsəlman ölkələrinin İsrailə olan soyuq münasibətləri, aqressiv addımları Amerika Konqresində, Fransa Lordlar Palatasındakı tanınmış yəhudilər tərəfindən qəbul olunmur. Ona görə də Azərbaycan üçün lobbinin dəstəyini, hörmətini qazanmaq çətin olur. Bu mənada deyirəm ki, adam danışanda danışığına fikir verməlidir. Qəzetdə bir yazı yazmaq, televizorda özümüzü göstərmək xatirinə pislənməyə layiq olmayan dövləti pisləyirik, tərifə layiq olmayanı isə tərifləyirik. İsraili faşizmlə bərabər tutur, sionizmi qorxulu ideologiya kimi təqdim edirlər. Daha bilmirlər ki, Azərbaycan televiziyasına dünyanın yarısı baxır. Yaxud film çəkib İsrail əsgərinə aid olmayan süjeti verirlər. Bu da qazandıqlarımızı itirməyə gətirib çıxarır. Amerikada Azərbaycanı sevən kifayət qədər yəhudi konqresmen, senatorlarla işləyir, onlara materiallar göndəririk. Amma məsələn, “Xəzər” TV-də bir emosional çıxış bütün qazandıqlarımızı itirir. Belə şeylərdə həssas olmaq lazımdır. Ən azı Qarabağ dərdimizi unudana qədər dostlarımızı incitməməliyik.

- İran daim Azərbaycanı ittiham edir ki, o, niyə dinc fələstinliləri qətlə yetirən İsraillə münasibətlər qurur...

- İran özü bilməlidir ki, əgər o, özü Ermənistana bu münasibəti göstərməsəydi, təcavüzkarın üzünə sərhədləri bağlasaydı, dəstək verməsəydi, bu gün biz Qarabağ problemini həll edib qurtarmışdıq. İran bunu desin.

- Milli Məclisdə tək yəhudi deputatsınız. Təklik sizi darıxdırmır?

- Qətiyyən. Mən dostlarımın əhatəsindəyəm. Sevimli müəllimim Yaqub Mahmudov mənə dərs deyib, mən də onun sevimli tələbəsi olmuşam.

- Hökumətdə yəhudi əsilli məmurlar varmı?

- Vaxtilə Dövlət Plan Komitəsində, Nazirlər Kabinetində var idi. Amma Azərbaycan səhiyyəsində yəhudilərin çox böyük rolu var. Bunu dəfələrlə Heydər Əliyev də demişdi. Bütövlükdə götürəndə yəhudilər Azərbaycan əhalisinin 1 faizi deyil. Amma hindular Amerikanın 1 faizidir. Lakin indiyədək bir amerikan prezident hindulara baş çəkməyib. Cənab prezidentimiz 3 dəfə Qırmızı Qəsəbəyə gəlib.

- İş adamlarının da sayı az deyil...

- Bəli, Moskvada aparıcı biznes sahələri yəhudilərin əlindədir. Özü də Quba yəhudilərinin. Onlar azərbaycanlılara ciddi dəstək verirlər.

- “AST Telman”la münasibətləriniz necədir?

- Heç vaxt ona müraciət etməmişəm. Amma hər dəfə o, Azərbaycanda olanda elə-belə bir insan kimi görüşmüşəm. Onu da deyim ki, deputat həmkarım Həvva Məmmədovanın çağırışı ilə Xocalıdan olan bir qızın müalicəsi üçün yəhudi iş adamlarından 30 min dollar hesaba köçürdüm. Gön-Dəri Zavodunun prezidenti, hazırda Moskvada olan məşhur iş adamımız İliyev kömək etdi.  

- Yəqin, deyəcəksiniz “Mardan-Palaz”da olmamısınız...

- Yox, olmamışam. Bakıda olsaydı, yəqin, gedərdim.

- İstirahətinizi necə keçirirsiniz?

- Mən istirahət eləmirəm. Yayda bir qayda olaraq məktəblərin təmiri ilə məşğul oluram. Çox sağ olsun təhsil naziri. Bu gözəl insan haqqında çox şey deyirlər. Amma mən ondan çox razıyam. Azərbaycana gələn 14 min məktəbli partasının elə minini Quba məktəblərinə apardım. (Gülür)

- Deputatlığa namizədliyinizi verəcəksiniz?

- Sərbəst olaraq namizədliyimi vermərəm. Ancaq əgər YAP mənim fəaliyyətimi bəyənib namizədliyimi irəli sürərsə, o zaman öz rayonumun təmsilçisi olmaq istərdim.
Ayrılarkən söhbət yenə Fələstindən düşür. Qəzzada olub-olmadığını soruşuram. Cavabında “yox, olmamışam, amma Qəzzaya durbinlə baxmışam” deyir. Nə hisslər keçiribsiniz soruşanda cavabı belə olur: “Mən də insanam. Heç kəs istəməz ki, insanın qurduqlarını hansısa silahla dağıtsın. Amma necə bizim bölgədə Qarabağ problemi həll olunmur, orda da problemin həllini istəməyən qüvvələr çoxdur. Belə konfliktlərdən qazanan böyük dövlətlər istəmirlər ki, bu konfliktlər qurtarsın. Yəhudilər həmişə sülhün tərəfdarı olub. Mən istərdim bütün dünyada sülh olsun. Çünki bizim millət Xolokostu görüb. 6 milyon 150 min insan 2-ci Cahan müharibəsində qırılıb. Tövrat da icazə vermir ki, bir yəhudi kiminsə burnunu qanatsın. Mən İsraildə görmüşəm ki, İsrail əsgəri müharibə vaxtı ərəb uşağını qucağına alıb ki, qəlpə dəyməsin. Əsgər məhv olub, uşaq sağ qalıb. Bir də ki, müharibənin amansız qanunları var, bunu başa düşmək lazımdır...”
Hər halda bu da onun mövqeyidir...

Elşad PAŞASOY

2361 dəfə baxılıb

Xəbəri paylaş

[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR”

[26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”

[22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM”

[21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM”

[12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

[02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

[22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...”

[21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...”

[16.11.2011] - TANINMIŞ HÜQUQŞÜNASDAN ATƏT-ə KƏSKİN İTTİHAMLAR

[15.11.2011] - “ZİYALI XALQIN SÖZÜNÜ DEYİRSƏ, SONUNU DÜŞÜNMƏMƏLİDİR”

[09.11.2011] - “DÖVLƏT BAŞÇISINI DEBATA ÇAĞIRIRAM”

[02.11.2011] - “QARŞIDA ELƏ İLLƏR VAR Kİ, HƏR ŞEYİ HƏTTA SIFIRDAN DA BAŞLAYIB DÜZƏLTMƏK MÜMKÜNDÜR”

[31.10.2011] - “BƏZƏN DEYİRƏM Kİ, GÖR ÖMRÜMÜ NƏYƏ SƏRF ETDİM...”

[24.10.2011] - “NOYABRIN 8-də YAP SƏDRİNƏ MÜRACİƏTİM OLACAQ”

[17.10.2011] - “BU SƏNƏDİ İLLƏR BOYU HƏYƏTDƏKİ QUYUNUN İÇİNDƏ SAXLAYIBLAR”

[10.10.2011] - “ELƏ O VAXTDAN QARA YAYLIQ MƏNİM SİRDAŞIM OLDU”

[03.10.2011] - “DÜŞÜNMÜRƏM Kİ, KİMİNSƏ HƏDƏFİNDƏYƏM”

[26.09.2011] - “ORTADA TÜRKİYƏDƏN ÜÇ, AZƏRBAYCANDAN DA BİR MƏSƏLƏ VAR”

[23.09.2011] - İLHAM RƏHİMOVUN QIZI “YENİ MÜSAVAT”a DANIŞDI

[05.09.2011] - “İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİRƏM Kİ...”

ARXIV

Yeni MÜSAVAT © 2008