|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bu həftə Xocalı soyqırımının 18-ci ildönümü tamam olacaq. Artıq dünya ölkələrində ötən əsrin dəhşətli qətliamlarından biri olan Xocalı hadisələri ilə bağlı silsilə tədbirlər keçirilir, erməni vəhşiliyinin dünyaya çatdırılması istiqamətində işlər görülür. Ancaq Azərbaycanın özündə hələ də bu soyqırımla bağlı suallara tam aydınlıq gətirilməyib. Yenə də Xocalı soyqırımının tanınması məsələsi müzakirə mövzusudur. Budəfəki müsahibimiz Xocalı rayon sakini, Milli Məclisin YAP-dan olan deputatı Elman Məmmədovdur. 1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranı kimi “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. - Xocalıdan sizi ayıran sonuncu gün yadınızdadırmı? - Xocalıdan ayın 25-dən 26-sına keçən gecə çıxmışam. Hansı ki, həmin gecə erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayla, həmçinin xaricdən gətirilmiş xüsusi təlim keçmiş erməni muzdlularının birgə hücumu oldu. Biz şəhəri 1992-ci il fevralın 26-sı artıq səhərə yaxın, saat 3 radələrində kütləvi şəkildə tərk etdik. Ağdama gəlişimiz bir az gecikdi. Çünki bizim elə insanlarımız oldu ki, hətta 3-4 gün, bir həftə meşələrdə qaldılar. Mən 10 nəfər döyüşçü ilə birlikdə iki gün meşədə mühasirədə qaldıq. O döyüşçülərin 5-i döyüşlərdə yaralandı. 27-si günü səhər-səhər gəlib Ağdama çıxdıq. Son dəfə Xocalını 26-sı səhər, artıq hava işıqlaşanda gördüm. Əsgəranın yanında, meşənin yanındaydıq. Ordan alova bürünmüş Xocalı görünürdü. Alovun işığı havanı da qızartmışdı. Yanan Xocalını axırıncı dəfə onda görmüşəm. - O günlərdə ən çox sizi sarsıdan hansı səhnələr olub? - Çox səhnələr olub. Təsəvvür edə bilməzsiniz amansızlıq, vəhşilik nə dərəcədəydi. Tanıdığınız adamdır, Az.TV-nin radiosunda işləyir - Ələmdar Quluzadə. Belə bir epizod oldu. Kütləvi qırğın yerində, təpənin döşündə döyüş gedir, birdən mənim gözüm Ələmdarın böyük qardaşı Yaqubun oğlu İlhama sataşdı. Yaqubun atası Allahverdi kişinin yaşı onda 80-ni keçmişdi. Mənim rəhmətlik qaynatamın əmisidir Allahverdi kişi. Allahverdi kişini atalı-balalı qoluna girib sürüyərək gətirirdilər. Bunlar da heydən düşmüşdü. Kişinin dili güclə söz tuturdu, eşitdim deyir məni qoyun gedin, daha ölürəm. Kişi elə orda canını tapşırdı. Mərhum Çingiz Mustafayevin çəkdiyi kadrlarda böyrü üstə uzanmış, əl ağacı da yanında olan başıpapaqlı qoca kişi var, həmin o kişidir. Yaxud meyitlər səpələnib, ananı vurublar, uşaq oturub anasının böyründə, anasının sinəsini açıb döşünü əmir, ağlayır. Uşaq da donmuşdu. Cavan oğlanın yanında onun həyat yoldaşını vurdular. Al qana boyanmış yoldaşını qucağına aldı, bu vaxt oğlana güllə dəydi. İkisinin də meyiti qoşa qaldı. Belə epizodlar həddən artıq çoxdur və gözümüzün qabağında olan mənzərələrdir. - Xocalını tərk edəndə güman edirdinizmi ki, geri qayıtmaq bu qədər uzun çəkə biəlr? - Mən heç ağlıma gətirməzdim ki, bu həsrət bu qədər uzun çəkə bilər. Mən xalqımızın qeyrətinə, namusuna, gücünə inanırdım. Biz elə Xocalıda ona görə son ana qədər qaldıq ki, 8 milyonluq xalqımız bizim ermənilər tərəfindən qırğına düçar olmağımıza imkan verməyəcəyinə inanırdıq. İnanırdıq ki, xalq köməyimizə gələcək, bizə bu inamı, ümidi hər an verirdilər. Deyirdilər möhkəm durun, qorxmayın, gəlirik. Biz də deyirdik ki, gələcəklər. Ancaq heyf ki, harayımıza çatan olmadı. - Statistikaya görə, Xocalıdan olan itkinlərin sayı 150-dir... - Mən icra başçısı işlədiyim dövrdə taleyi məlum olmayanların sayını 150 nəfər vermişdik. Amma sonra əsir və girovluqdan gələnlərimizlə apardığımız dəqiqləşmələr nəticəsində məlum oldu ki, itkin sayılan bəzi şəxslər güllələnib. İndi bizim Dövlət Komissiyasında da bu rəqəm var, 132 nəfər Xocalı sakininin taleyi bu günədək məlum deyil. Rəsmi siyahıya görə, həlak olanların sayı 613-dür. Amma məncə, biz Xocalıda 1000 nəfərdən artıq insan itirmişik. Çünki 91-ci ilin yaz-yay aylarında Xocalıya o qədər ordan-burdan köçüb gələnlər var idi ki. Bizim də başımız müharibəyə qarışdı, heç çoxu siyahıya alınmırdı. Yəni qırılanların sayı çoxdur. - Xocalı soyqırımı ilə bağlı bir qisas gününün gələcəyi ilə bağlı bir zamanlar tez-tez səslənən fikirlər artıq sanki unudulmaqdadır və mənasızlığını bildiyimiz halda danışıqlara diqqət kəsilmişik. Necə hesab edirsiniz, artıq ortaya qəti mövqe qoymağın vaxtı deyilmi? - Əvvəlcə qisas məsələsinə qayıtmaq istəyirəm. Biz adətən deyirik ki, adam kin saxlamaz, qisasçı olmaz, biz gərək uşaqlarımızı qisasçılıq hissi ilə böyütməyək. Mən belə deyənlərə nifrət edirəm. Biz bir-birimizə qarşı qisasçı olmamalıyıq, barışmağı bacarmalıyıq. Ancaq düşmənə qarşı kinli-kidurətli olmalı, qisasımızı almaq üçün çalışmalıyıq. Məncə, kişi olan kəs belə fikirləşməlidir ki, mən ermənidən qisasımı almalıyam. O ki qaldı danışıqların uzanmasına, çoxdan ortaya mövqe qoymağın vaxtı çatıb. Azərbaycan artıq 90-cı illərin əvvəllərindəki ölkə deyil, ordusu da həmin dövrdəki ordu deyil. Bu gün biz ordumuzu nə üçün gücləndirmişik? Ona görə ki, torpaqlarımızı düşməndən azad edək. Mən danışıqların kəsilməsinin tərəfdarı deyiləm. Qoy danışıqlar davam etdirilsin. Siyasətçilər, rəhbərlər danışıqları davam etdirə-etdirə sözünün kəsəri olmaqdan ötrü mütləq hərbi gücü göstərməlidir. Göstərməlidir ki, bax, mən bu gücə malikəm və bu ordu İrəvana qədər, ordan da o tərəfə gedib çıxmağa qadirdir. O zaman sözünün kəsəri olacaq, səninlə hesablaşmağa məcbur olacaqlar. Artıq düşmənə sözü bu yolla deməyin vaxtı çoxdan çatıb. - Xocalı soyqırımına hüquqi qiymətin verilmədiyi barədə vaxtaşırı fikir dartışmaları olur. Hətta bu günlərdə rəsmi şəxslərdən biri də bu barədə danışdı. - Bu barədə fikirlərdə yanlışlıq var. Xocalı ilə bağlı Ali Sovetdə ilk müzakirələr 92-ci ilin mart ayında oldu və qərar qəbul olundu. Orda da yazıldı ki, Xocalıda baş verən qırğın, erməni vəhşilikləri genosid, soyqırım adlandırılsın. 1993-cü ildə müzakirələr oldu, yenə bu qərar verildi. Nəhayət, mərhum Heydər Əliyevin rəhbərliyi ilə Milli Məclisdə 1994-cü il 24 fevralda çox geniş müzakirələr keçirildi, Xocalı soyqırımının tanınması haqqında qərar qəbul olundu, beynəlxalq təşkilatlara müraciət edildi. Bu, soyqırıma siyasi qiymətin verilməsi idi. Mərhum Heydər Əliyev xocalılarla görüş keçirəndən sonra yenidən hüquq-mühafizə orqanlarına, istintaqa tapşırıq verdi ki, Xocalı ilə bağlı istintaq materiallarına yenidən baxılsın, daha ciddi araşdırmalar aparılsın və tədbir görülsün. Nəticədə bir il ərzində yenidən istintaqa qayıdıldı, 2 mindən çox Xocalı sakini dindiriləndən sonra 1997-ci ilin may-iyun aylarında Ali Məhkəmənin Hərbi Kollegiyasında hakim Qüdrət Paşayevin sədrliyi ilə Xocalı soyqırımına həsr olunmuş iki aylıq məhkəmə prosesi keçirildi və məhkəmənin müvafiq qərarı çıxarıldı. Bu da Xocalı soyqırımına verilən hüquqi qiymətdir. Yəni Azərbaycanda Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilib. Mən bunu sənədlərə əsaslanıb deyirəm. Məhkəmə qərarında da Xocalı soyqırımının törədilməsində iştirak edən erməni canilərinin, 366-cı alayın komandir heyətinin adı sıra ilə qeyd olunmuşdu. - Bəs, belə olan təqdirdə Azərbaycan nədən Beynəlxalq Məhkəməyə müraciət etmir? - Siz bu sualı mənə verirsiniz, mən də eyni suallı sizə ünvanlayıram. Mən də bir maraqlı tərəf kimi sizdən xahiş edirəm ki, bu sualı o işlə məşğul olmalı olan aidiyyəti qurumlara verəsiniz. Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin sədrinə, baş prokurora, xarici işlər nazirinə, digərinə bu sualı ünvanlayasınız ki, niyə bu məsələni Beynəlxalq Məhkəməyə çıxartmırıq? Bir Xocalı sakini kimi mən də bu məsələdə maraqlıyam. Biz iki il əvvəl İqdır bələdiyyəsi ilə birlikdə gedib Haaqada, Amsterdamda böyük tədbir keçirtdik. Həmin Beynəlxalq Məhkəmənin önünə yürüş edib Xocalı ilə bağlı materiallar yaydıq. Mən oranın nümayəndəsinə qətnaməni verib bura nə səbəbə gəldiyimizi izah etdim. Ancaq bu gün dünyanın müxtəlif ölkələrində yüzlərlə, minlərlə tədbir keçirilir. Bəla ondadır ki, avropalı, amerikalının, dünyada sözü keçən böyük təşkilat və dövlətlərin özlərinə məxsus baxışı var. Bunlar özlərinə sərf edən məsələlərə baxırlar. Onların əksəriyyəti bəlkə də azərbaycanlıdan da dəqiq bilir ki, Xocalıda nə baş verib və kimlər tərəfindən törədilib. Yadınızdadırsa, Köçəryan Ermənistan prezidenti olarkən Avropa Şurasının tribunasından çıxış edib dedi ki, mən bir erməni kimi Xocalı əməliyyatında komandir olaraq iştirakımla fəxr edirəm. Bu, bütün türk dünyasına meydan oxumaqdır. Bilirdi ki, onun xristian dayaqları, havadarları ona heç nə deməyəcək. Bəlkə bunun müqabilində Avropa Şurası Köçəryana bir danlaq, məzəmmət elədi. Həm də Beynəlxalq Məhkəməyə sənədlərin göndərilmə mexanizmi var. Elə bilirsiniz göndərilən hər sənədləri onlar qəbul edirlər? Xocalı soyqırımından bir həftə sonra dünyaya haqq-ədalətdən danışan Amerika Azərbaycana qarşı 907-ci maddəyə əlavə kimi sanksiya tətbiq etdi. Bax, dünyada bizə münasibət belədir. - Çox zaman təkliflər səslənir ki, Qarabağ məsələsi ilə bağlı vahid mövqe ortaya qoymaqdan ötrü Azərbaycanda vətəndaş barışının əldə olunmasına, iqtidar-müxalifət anlaşmasına ehtiyac var. Ancaq bu sahədə vəziyyət heç də ürəkaçan deyil. - Mənim fikrimcə, hüquqi dövlət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyiriksə, biz həmişə konstruktiv, düzgün, savadlı, yaxşı təşkil olunmuş müxalifətə malik olmalıyıq. Ancaq siz deyən kimi mən də deyirəm ki, Qarabağ məsələsində, torpaqların azadlığı məsələsində iqtidar-müxalifət mövqeyi üst-üstə düşməlidir. Burda ayrılığa yol vermək olmaz. İqtidar və müxalifət birləşib torpaqların azad olunmasına çalışmalıdır. Cənab prezidentimizin dediyi kimi, artıq Azərbaycanın səbir kasası dolub. Daha heç kim bizə deməsin ki, Allah sizə səbir versin. Mən deyirəm ki, Allah bizim səbrimizi kəssin və səbir kasası dağılsın ki, torpaqlarımızın azadlığı uğrunda əməli fəaliyyətə keçək. Bu gün hər bir qarabağlı torpağına qayıtmaq arzusundadır və “nə zaman qayıdacağıq” sualına cavab istəyir. Mən 4 il müharibə həyatı yaşamışam. İki böyük oğlum da mənimlə bərabər döyüşüb, müharibə veteranıdır. Müharibə qan-qadadır. Ancaq torpaq müqəddəsdir, anadır, vətəndir. Bəli, sən əzab-əziyyət, ölmək, yaralanmaq istəmirsənsə, onda torpağından əlini çəkməlisən. Bir türk şairinin belə bir sözü var, deyir:
Torpağı azad etmək üçün hər şeyi qurban verməyə hazır olmalısan. Hər bir azərbaycanlı belə düşünüb son döyüşə hazır olmalıdır. - Bu seçki ilində savaş qərarı verilsə, Elman Məmmədov silaha üstünlük verər, yoxsa mandata? - Elman Məmmədov hər zaman əsgərdir. O, əlində silah torpağını azad etmək üçün döyüşə atılmağa hazırdır. - Ordumuz hazırdır, xalq torpağını istəyir, ölkəmiz də Ermənistandan üstündür. Bəs, döyüş qərarı verməyə mane olan nədir? - Maneə dünyanı riyakarlıq, saxtakarlıq, haqsızlıq, ədalətsizliklə idarə edən böyük dövlətlərin məsələyə münasibəti, BMT kimi ən böyük dünya təşkilatının özünə qarşı hörmətsizliyidir. Bu təşkilatın 4 qətnaməsini bir cırtdan dövlət icra etmir. - Bir gün o riyakar güclər Azərbaycan rəhbərliyini Qarabağın təsliminə vadar etmək istəsələr, onda... - O riyakar qüvvələr artıq 10 ildən çoxdur ki, Azərbaycan rəhbərliyinə o təzyiqi göstərirlər, müxtəlif yollarla təhriklər edirlər. ATƏT-in Minsk Qrupundakı aktyorlar, artistlərlə müxtəlif fırıldaqlara əl atırlar. Ancaq Azərbaycan rəhbərliyi birmənalı olaraq bütün görüşlərdə Azərbaycan xalqının mövqeyini ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt danışıqlar mövzusu ola bilməz. Azərbaycan xalqını və prezidentini heç bir qüvvə belə bir şeyə təhrik edə bilməz. Elşad PAŞASOY 3597 dəfə baxılıb
|
[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR” [26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...” [22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM” [21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM” [12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR” [02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ [22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...” [21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...” [16.11.2011] - TANINMIŞ HÜQUQŞÜNASDAN ATƏT-ə KƏSKİN İTTİHAMLAR [15.11.2011] - “ZİYALI XALQIN SÖZÜNÜ DEYİRSƏ, SONUNU DÜŞÜNMƏMƏLİDİR” [09.11.2011] - “DÖVLƏT BAŞÇISINI DEBATA ÇAĞIRIRAM” [02.11.2011] - “QARŞIDA ELƏ İLLƏR VAR Kİ, HƏR ŞEYİ HƏTTA SIFIRDAN DA BAŞLAYIB DÜZƏLTMƏK MÜMKÜNDÜR” [31.10.2011] - “BƏZƏN DEYİRƏM Kİ, GÖR ÖMRÜMÜ NƏYƏ SƏRF ETDİM...” [24.10.2011] - “NOYABRIN 8-də YAP SƏDRİNƏ MÜRACİƏTİM OLACAQ” [17.10.2011] - “BU SƏNƏDİ İLLƏR BOYU HƏYƏTDƏKİ QUYUNUN İÇİNDƏ SAXLAYIBLAR” [10.10.2011] - “ELƏ O VAXTDAN QARA YAYLIQ MƏNİM SİRDAŞIM OLDU” [03.10.2011] - “DÜŞÜNMÜRƏM Kİ, KİMİNSƏ HƏDƏFİNDƏYƏM” [26.09.2011] - “ORTADA TÜRKİYƏDƏN ÜÇ, AZƏRBAYCANDAN DA BİR MƏSƏLƏ VAR” [23.09.2011] - İLHAM RƏHİMOVUN QIZI “YENİ MÜSAVAT”a DANIŞDI |
| Yeni MÜSAVAT © 2008 |
|