|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ombudsmanlığının ilk 7 ilində bir neçə dəfə müxtəlif tədbirlərdə, brifinqlərdə, hesabat günlərində görüşsək də, geniş söhbət etmək imkanı olmamışdı. Bir neçə dəfə konkret görüş gününü təyin etsək də, müsahibə baş tutmamışdı. Növbəti dəfə seçilməyinin həyəcanını yaşayırdı deyə, sözümüzü yerə salmayacağına əmin idim... - Elmira xanım, təbrik edirik. Parlament növbəti dəfə sizə etimad göstərdi. Nəticəni adi qarşıladınız, yoxsa gözlənilməz oldu? - Xeyr, bir o qədər də adi hal deyildi. Amma hər halda ən əvvəl bu, çox böyük məsuliyyət hissi idi. Bu seçkilərdə məni dəstəkləyən millət vəkilləri fəaliyyətimi də nəzərə aldılar. Bu, çox önəmli idi ki, bizim fəaliyyətimizi dəyərləndirdilər. Mənim fikrim belədir ki, ombudsman hər hansı məsələyə müstəqil qaydada, tam qərəzsiz olmaqla yanaşmalıdır. Ona görə də millət vəkillərinə minnətdaram. Komitədəki müzakirələrdə də həm iqtidar, həm də müxalifət deputatları çıxış edərkən əsasən bunu vurğuladılar ki, fəaliyyətim dövründə heç kəsə hər hansı bir müstəvidə ayrı-seçkiliyə yol verməmişəm. - Heç özünüz özünüzə hesabat verdiyiniz anlar olubmu? Əminliklə bacardığınızı etdiyinizi deyə bilərsinizmi? Məsələn, bəzən deyilir ki, Azərbaycan reallığında bundan artığını etmək mümkün deyil və sair. Bu iddialarla razılaşırsınız? - Bacardığım deyəndə ki, səlahiyyətlərim çərçivəsində üzərimə düşənləri etmişəm. Bəziləri ombudsmanın səlahiyyətlərini başqa cür qəbul edir və daha çox nəsə gözləyirlər. Amma hər vəzifənin öz səlahiyyətləri var. O səlahiyyətlər çərçivəsində çalışmışam. - Tanıdığımız Elmira Süleymanova ilə yanaşı, tanımadığımız da var. Bəlkə bu dar macalda tanımadığımız Elmira xanım haqqında bir az danışardınız. - Mən gənc yaşlarımdan həmişə əhali arasında olmuşam. Əvvəla, alim kimi məni təkcə həmkarlarım yox, Elmlər Akademiyasında çox yaxşı tanıyıblar. Çünki orda nəinki alim kimi bir çox əsərlərin, ixtiraların müəllifi kimi, eyni zamanda idarəetmədə artıq gənc yaşlarımdan iştirak etmişəm. 7 il kimya bölməsinin elmi katibi olmuşam, Əlaqələndirmə Şurasının sədr müavini kimi çalışmışam. Bir çox bu kimi ictimai vəzifələrdə fəaliyyət göstərmişəm. Neft Kimya prosesləri İnstitutunda işlədiyim vaxt yenə də təkcə institut həyatına qapanıb qalmamışam. Xüsusilə də 1988-ci ildən başlayaraq ətrafımda çoxsaylı qadınlar toplandı. Elə bil ki, hər kəs ürək yanğısını mənə ötürmək istəyirdi. Çünki mən bir neçə xarici dil bilirəm. Ürəkləri yanırdı ki, baş verən hadisələri beynəlxalq miqyasda əcnəbilərə izah etmək üçün xahişlər edirdilər. Çevrəmdəki qadınlar deyirdilər xahiş edirik ki, bizim də səsimizi öz səsinə qatasan. Mən həmişə əhali arasında, ictimai işdə olmuşam. - Sizi bu vəzifəyə layiq bilənlər xarici dilləri bilməyinizi də əsas üstünlüklərdən sayırdılar. İngilis və rus dilindən başqa hansı dilləri bilirsiniz? - Deyə bilmərəm ki, tam mükəmməl bilirəm. Amma vaxtilə ingilis dilindən daha yaxşı alman dilini bilmişəm. Çünki kimyaçı olaraq bir neçə dəfə Almaniyada alman dilində məruzələr etmişəm. Almaniya həm də kimya ölkəsidir. Demirəm ki, ingilis dilini tam mükəmməl bilirəm. Amma BMT səviyyəsində, sənədlər qəbul olunan səviyyədə hər zaman öz müdaxiləmi edə bilmişəm. Məsələn, Cenevrədəki İnsan Hüquqları üzrə Ali Komissarlığın sessiyasında bir material müzakirə olunurdu. Orda mən ilk dəfə belə bir fikir irəli sürdüm ki, zaman dəyişdikcə köhnə konvensiyaların icrasına da yeni bir nəfəs gətirilməlidir ki, günün tələbatına uyğun olsun. Təklif etdim ki, yalnız irqi ayrı-seçkiliyə, köləliyə yox, etnik təmizləməyə münasibət bildirilsin. Etnik təmizləmə dağıdıcı qüvvədirsə, bu, özünü Azərbaycana qarşı daha güclü tərzdə göstərdi. Əslində dünya da bunu yaxşı bilir. Dünyanın 200 dövləti arasında Ermənistan yeganə ölkədir ki, monoetnik massiv yaratmağı qarşısına məqsəd kimi qoydu və buna nail oldu. Bu nə BMT-nin siyasətinə, nə də ümumiyyətlə dünyanın davamlı inkişaf strategiyalarına uyğun gələn bir şey deyil. Mənim bu təklifim qəbul olundu və sənədə salındı. Deməyim odur ki, xarici dil bilməyim hər zaman köməyimə çatır. - Fəaliyyətinizin ötən mərhələsində ünvanınıza çox ittihamlar, qınaqlar, tənqidlər səsləndi, yazıldı. Onlara münasibətiniz necədir, heç haqq qazandırdığınız olubmu? - Fəaliyyətimlə bağlı deyilənləri hər zaman oxuyuram, diqqət yetirirəm. Doğrudur, bəzən əsassız da ittiham edirlər. Amma mən onları tənqid kimi qəbul edirəm. Əlbəttə, şər, böhtan, hansısa qərəzli münasibət başqa bir şeydir. Hər halda mən heç kəsə qarşı nə açıq şəkildə, nə ürəyimdə kin-küdurət saxlamamışam. Bunu siz də müşahidə edirsiniz. Çalışmışam ki, o insanı başa düşüm, aydınlaşdırım ki, nədir onu buna vadar edən. - Həbsxana divarları arasında çoxsaylı insanlarla, həmçinin vicdan məhbusları, jurnalistlərlə görüşləriniz olub. Olubmu ki, ürəyinizdə həmin şəxslərdən kiminsə haqsız yerə azadlıqdan məhrum edildiyini düşünübsünüz? Bir ana kimi öz aləminizə qapılıb ağrıdığınız anlar olubmu? - Hər biz cəzaçəkmə müəssisəsində olanda ən əvvəl ona görə ağrıyıram, özlərinə də bunu deyirəm ki, cinayətlərin çoxunu törətməyə bilərdi. Ən əvvəl istəyirəm bu amilə toxunum. Çoxları peşmançılıq çəkir. Mən çalışıram ki, vaxtı yetişəndə, müvafiq qanunlara, hüquq normalarına uyğun olaraq o şəxslərin əfvini istəyim. Çünki bir nəfərin əfv olunması yalnız onun taleyini dəyişmir. Onun əfvi ailə üzvlərinin, qohumlarının, dostlarının da taleyini dəyişir. Hətta həmin şəxsə bütövlükdə el-obanın münasibəti və əhval-ruhiyyəsi də dəyişir. - Cinayətkarlar məlum məsələdir, bəs bu gün həbsdə olan iki baş redaktorla görüşdən sonra təəssüratlarınız necə olur? - Onlar görüş zamanı nə saxlanma şəraiti, nə onlara rəftardan narazılıq etmirlər. Biz isə məhkəmə qərarına qarışa bilmərik. - Amma jurnalistlərin, həmçinin iki bloggerin müxtəlif ittihamlarla azad həyatdan təcridi elə çox şey deməkdir...
- Fəaliyyətiniz göz önündə oldu. Növbəti 7 ildə bundan artıq nəsə edə biləcəksizmi? - Hər halda çalışacağam. Səlahiyyətimə nə aid olubsa, bir dəfə də olsa, mən o işdən qaçmamışam. Amma bundan artığını da edə bilərəm. İnşallah, qanuna təkliflər hazırlamışıq. Qanuna əlavələr edəndən sonra təbii ki, ona uyğun olaraq, fəaliyyət göstərə bilərəm. - Siz artıq ictimai xadim olduğunuzdan yaşınızla bağlı sualı vermək olar. Adətən deyilir ki, müəyyən bir yaşda insanın, xüsusilə qadının istirahətinə diqqət ayırması və yaxud nisbətən yüngül işlə məşğul olması daha məqsədəuyğundur. Amma siz 73 yaşında daha 7 ilin məsuliyyətini üzərinizə götürdünüz. Heç özünüz götür-qoy etdinizmi? Düşündünüzmü ki, bəlkə bundan sonra missiyanı başqasına həvalə edəsiniz? - Kiməsə həvalə etmək mənim ixtiyarımda deyil. Mənə etimad göstərən ölkə prezidentinə də təşəkkür edirəm ki, üç namizəd arasında mənim də adım çəkildi. Artıq bu, böyük etimaddır. Elə millət vəkillərinin çox böyük üstünlüklə səs verməsi də böyük etimaddır. Amma eyni zamanda xalqın etimadı çox vacibdir ki, mən regionlarda, rayonlarda olanda çox alqışlar eşitmişəm, təşəkkür məktubları qəbul etmişəm. Yaşa gəldikdə, bu, çox subyektiv meyardır. Mən özüm müşahidə etmişəm ki, istər cavan əməkdaşlarım, istərsə də media nümayəndələri ilə hər hansı bir yüksəkliyə qalxanda baxıb görürəm ki, mən bir az daha çevikəm. Şükür Allaha ki, yaşın ağırlığını hiss etmirəm. - Özünüzü belə gümrah halda necə saxlayırsınız? - Zəhmətlə. Məktəbdə, institutda birgə oxuduğumuz yaşıdlarım mənə çox sual verirlər ki, necə olur sən özünü belə qoruyub saxladın? Dedim ondan oldu ki, mən özümü qorumamışam. İnsan gərək zəhmətə qovuşsun ki, daha gümrah, enerjili olsun. - Yəni pəhriz, idman və sair bir əfsanədir? - Onlara fikir verməmişəm. Elə bilirəm insan özünə çox fikir verdikcə özünü məhdudlaşdırır. Hər bir şey təbii olmalıdır. - 8 Mart təbrikini ilk olaraq kimdən gözləyirsiniz? - (Nədənsə dərindən ah çəkir) Mən bilirəm ki, ünsiyyətdə olduğum insanların çoxu təbrik göndərəcək. Demək çətindir. - Sizə səs verməyən 7 nəfərə nə demək istərdiniz? - Onlara da böyük hörmətim var. Hər kəs gərək öz əqidəsinin arxasında dura. Ümumiyyətlə, mənin müxalifətlə heç bir problemim olmayıb. - Özünüz də partiyalı olmayıbsınız? - Mən vaxtilə Kommunist Partiyasının üzvü olmuşam. Özü də Kommunist Partiyasına çox ürəkdən inananlardan olmuşam. Mən nə işi görsəm, ürəkdən görərəm. Amma şükür Allaha ədalət prinsipi hər zaman ürəyimdədir. Soruşursan ki, niyə qocalmırsan - birinci hər zaman zəhmətlə məşğulam. Sizə də hər zaman çalışmağı tövsiyə edirəm. Boş vaxtın olmayanda pis niyyətlərə yönəlmirsən. Bu, təbiidir. Hər zaman yaradıcılıqla, xoş niyyətli əməllərlə məşğul olun və hətta sizə pis münasibətdə olana pis münasibətdə olmayın. Pisliyə pisliklə cavab verməyin. - Nəvələr yəqin böyük olar. - Böyükdürlər. Amma onlar da öz işləri ilə məşğuldur. Oğul nəvəm tələbədir, qız nəvəm isə şagirddir. Hər ikisini canım qədər sevirəm. - Heç sizə giley edən olurmu ki, ay nənə, niyə bizə vaxt ayırmırsan? - Giley eləmirlər, çünki başa düşürlər. Zəmanə uşaqlarıdır, insan hüquqlarını uşaqlıqdan öyrənirlər. Elşad PAŞASOY 4169 dəfə baxılıb
|
[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR” [26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...” [22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM” [21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM” [12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR” [02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ [22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...” [21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...” [16.11.2011] - TANINMIŞ HÜQUQŞÜNASDAN ATƏT-ə KƏSKİN İTTİHAMLAR [15.11.2011] - “ZİYALI XALQIN SÖZÜNÜ DEYİRSƏ, SONUNU DÜŞÜNMƏMƏLİDİR” [09.11.2011] - “DÖVLƏT BAŞÇISINI DEBATA ÇAĞIRIRAM” [02.11.2011] - “QARŞIDA ELƏ İLLƏR VAR Kİ, HƏR ŞEYİ HƏTTA SIFIRDAN DA BAŞLAYIB DÜZƏLTMƏK MÜMKÜNDÜR” [31.10.2011] - “BƏZƏN DEYİRƏM Kİ, GÖR ÖMRÜMÜ NƏYƏ SƏRF ETDİM...” [24.10.2011] - “NOYABRIN 8-də YAP SƏDRİNƏ MÜRACİƏTİM OLACAQ” [17.10.2011] - “BU SƏNƏDİ İLLƏR BOYU HƏYƏTDƏKİ QUYUNUN İÇİNDƏ SAXLAYIBLAR” [10.10.2011] - “ELƏ O VAXTDAN QARA YAYLIQ MƏNİM SİRDAŞIM OLDU” [03.10.2011] - “DÜŞÜNMÜRƏM Kİ, KİMİNSƏ HƏDƏFİNDƏYƏM” [26.09.2011] - “ORTADA TÜRKİYƏDƏN ÜÇ, AZƏRBAYCANDAN DA BİR MƏSƏLƏ VAR” [23.09.2011] - İLHAM RƏHİMOVUN QIZI “YENİ MÜSAVAT”a DANIŞDI |
| Yeni MÜSAVAT © 2008 |
|