13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Müsahibə

“MİRŞAHİN ÖZÜ-ÖZÜNÜ BİTİRDİ”

2010-08-21

Kamil Vəli: “Mirşahin fərari sözünün hərbi-terminoloji və məcazi mənalarını bilmir”

İki həftə əvvəl qəzetimizə verdiyi müsahibədə yay tətilində çoxlarının baş götürüb getdiyi və getmək istədiyi Bakıya gəlməsinin səbəbini özünəməxsus şəkildə izah eləmişdi. Onu da demişdi ki, nə qədər problemləri də olsa, Türkiyəni özcə vətəni də saysa, Azərbaycan üçün darıxdığı anlar az olmur. Ancaq istirahət etmək üçün gəldiyi bu doğma vətəndə dincliyini pozan bir vaqeə ilə qarşılaşdı. Söhbət ANS-in vitse-prezidenti Mirşahin Ağayevin məhbus baş redaktor Eynulla Fətullayev haqqındakı “Bədbəxt adam” filminə verdiyi əks reaksiyadan sonrakı proseslərdən gedir. Onun Mirşahinə ünvanladığı açıq məktuba tələbəsinin verdiyi sərt reaksiya çoxları üçün gözlənilməz oldu. Elə özü üçün də. Beləliklə, müsahibimiz professor Kamil Vəli Nərimanoğludur. İlk olaraq bu günlərdə 64 yaşını tamamlayan professordan ad gününü necə qeyd etməsi barədə soruşduq.

- Əvvəla, Ramazan ayının işığı, savabı o qədər böyükdür ki, ora ad gününü əlavə etməyə ehtiyac yoxdur. O, ailə ilə, yaxın qohumlarla bağlı olan məsələdir. Ailədə çox təvazökar bir şəkildə xatırlatdıq, dostlar, qohumlar, tələbələrim zəng edib təbrik etdilər. Bu, mənim üçün kifayətdir. Allah qoysa, mən öz adımı nəvəmin adına transfer edəcəyəm və onun ad gününü elə öz ad günüm kimi qeyd edəcəyəm ki, bir az da uzun yaşayaq. (gülür) Onun adı da Məhəmməd Kamildir. İstəyirəm mənim ad günüm onun ad günündə yaşasın.

- Tələbələrinizdən təbrik aldığınızı dediniz. Ancaq tələbələrinizdən birinin timsalında aldığınız “təbrik” tamam fərqli oldu. Mirşahinin sizə açıq məktubu elə 64 yaşınızın tamamında - 18 avqustda dərc olundu. Ad gününüzə edilən bu “hədiyyə”ni necə qarşıladınız?

“Bu cür hikkə ilə, bu cür ”qətiyyətlə" bir jurnalist başqa bir jurnalistə belə hökm verə bilməz"

- Normal qarşıladım. Düzü, mən ona məktubu xoş niyyətlə yazmışdım. Yəni o məktub nə isə acı çıxartmaq, aşağılamaq, kiminsə imicinə zərbə vurmaq mənasında yazılmamışdı. Mən o məktubu öz qanacağım, mədəniyyətim daxilində bir müəllim kimi səmimi yazmışdım. İndi o, səmimi qəbul etmədi və qeyri-səmimi cavab verdi, bu, başqa məsələ. Mənə elə gəlir ki, bəzən insanın özü-özünə elədiyini yüz adam, min adam yığışıb edə bilməz. Mən Mirşahini bu yazıda gördüyüm qədər çarəsiz, məntiqsiz, nala-mıxa vuran vəziyyətdə görməmişəm. Deyim ki, ona bir az acıdım da. Hətta o, polemikaya gəlsəydi və ya ANS-ə dəvət etsəydi, mən onunla yenə o tonda danışacaqdım. Çünki mən müəlliməm, o tonumu heç vaxt pozmaram. Çalışacaqdım ki, bir haqq yoluna qayıtsın, bir özü-özünə tənqidi baxsın, ötkəmliyi yerə qoysun. Adamın kölgəsində olduğu ağaca, dağa güvənib qarşısındakına kin püskürməsi yaxşı şey deyil. Bu, insanlıq, dilimizin şərtləri, əxlaqın bütün kateqoriyaları baxımından yaxşı bir şey deyil. Sənin müəllimin üç kəlmə söz deyirsə, onu dinlə, orda özün üçün lazım olan bir şey tap. Əgər o sənə lazım deyilsə, o şəkildə cavab yazıb öz-özünü bitirməyə ehtiyac yox idi. Mən buna ürəkdən acıdım. Azərbaycanın yeni jurnalistikasının, xüsusilə 1993-cü ilə qədərki dövr üçün mühüm simalarından olan birinin bu vəziyyətə düşməsini istəməzdim. Bəzi verilişlərində, yazılarında mən onu mütərəqqi adam kimi qəbul etmişdim. Amma əgər qəbul etməsəydim də, o məktubu yazardım. Sizi inandırıram ki, o məktubda mənim məqsədim birbaşa siyasi məhbus Eynulla Fətullayevi müdafiə etmək deyildi. Mən Azərbaycana 37-ci ilin çox mənfur, dəhşətli havasını gətirmək cəhdini gördüm. Həmin filmdə 37-ci il filmlərinin, “Pravda” qəzetinin, Stalin dövrü ideoloqlarının hikkəsini gördüm ki, bu cür adamlar psixi xəstədirlər, psixiatrik xəstəxanada yatmalıdırlar. Bu, sovet dövründə dissidentlərə tətbiq olunan cəza növüdür. Yaxud ölkədən çıxıb getməlidirlər; burada İosif Brotskiyə, Soljenitsına, kinorejissor Torkovskiyə söylənən hökmləri gördüm. Yəni bu hikkə ilə, bu cür “qətiyyətlə” bir jurnalist başqa bir jurnalistə belə hökm verirsə... Kimin nə səhvi, yanlışı var, bunu bir ədalət məhkəməsi həll edə bilər, bir də ictimaiyyət, xalq. Filmdə baş kəsməyin, hökm verməyin təhlükəsini hiss etdim. Yoxsa o məktubu yazmazdım.

- Mirşahini debata dəvət etsəniz də, bunu qəbul etmədi.

- Azərbaycan ictimai fikrini  istər xaricdə, istərsə burda təmsil edənlər ona kifayət qədər  cavablar verdilər. Hətta mən yenə də bir az acıdım. Mən insanam. Acıdım ki, bu karyerasını qurub, şirkəti, maşınları, özünə görə hörməti, ailəsi var. Yəni bu qədər yanlış addımlardan aldığı zərbələr məni acıtdı. O mənimlə debata gələ bilməz. Ona görə yox ki, mən dahiyəm, tutaq ki, onu biabır edəcəyəm. Bilir ki, mən haqqın yanındayam, sadəcə haqqı deyəcəyəm. Haqqı da belə deyəcəyəm: bir, iki, üç... beş. Digər tərəfdən o mənim ardımca danışa, ünvansız sözlər, yerli-yersiz ifadələr işlədə bilər. Bu da onun qanacağı ilə bağlıdır, nə istəyirsə, yazsın, pozsun. Amma mənimlə kişi kimi danışmaq istəyirsə, bu meydan, bu şeytan, nə zaman istəyir, gəlsin. İstəyir onun işlədiyi ANS-də, istəyir onların himayəsində olan başqa televiziyalarda, istəyir bu mübahisəni açan “Yeni Müsavat”da, başqa qəzetlərdə. Mən hər zaman hazıram. Mən ona çox şey deməyəcəkdim. Deyəcəkdim ki, 37-ci ilin havasını niyə gətirirsən? Niyə bir dənə həbsdə yatan, ailəsindən uzaq düşən adama hökm kəsirsən və ona zülm edirsən, ona qarşı haqq-nahaq iddialarla çıxış edirsən? O mənim başqa yazılarımdan çıxış edərək bəzi artıq-əskik şeylər yazıb. Məsələn, guya bu, bunun jurnalist addımıdır; bizim ikimizin də bir müəllimi var - Şirməmməd Hüseynov... Yox. Şirməmməd müəllimə Azərbaycanın tarixini, siyasi irsini öyrəndiyi üçün təşəkkür edirəm. Amma biz oxuyan zaman Mirşahinin və başqa tələbələrin müəllimi olan hörmətli Şirməmməd müəllim bolşevik mətbuatı tarixindən dərs deyirdi. Mən isə jurnalistika fakültəsinin tələbəsi deyildim. Mənim müəllimim Əbülfəz Elçibəy, Xudu Məmmədovdur. Bizim üzünü görmədiyimiz müəllimlərimiz var: Üzeyir bəy, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Sabir... Amma üzünü gördüyümüz və ilk dəfə bu insanların adını çəkən, onları təbliğ edən Əbülfəz Elçibəy idi, Xudu müəllim idi. Mən heç vaxt onları itirmərəm. Universitetdə Səfər İbrahimov var idi, o, Müsavatın tarixindən, Məhəmməd Əmin Rəsulzadədən, Xoyskidən, Rəfibəylidən danışanda ağlayırdı, əli əsirdi. Bizi çəkib kənarda danışırdı ki, kimsə eşitməsin. Yaxud Azərbaycanda Müsavat ideyalarının yenidən təbliğində rəhmətlik Mövsüm Nağıyevin çox böyük xidmətləri olmuşdu. Mən onları özümə həmkar, müəllim hesab edirəm. Eyni zamanda mən Şirməmməd müəllimin son 20-25 ildə topladığı, çap etdirdiklərini də dəyərləndirirəm. Mirşahin o kişinin adından qarşıdurma elementi kimi istifadə edir. Amma hər kəsin öz yeri var.

- Sizə ünvanlanmış məktuba növbəti cavab yazmaq fikriniz varmı?

- Yox, ehtiyac qalmadı. Hər şey aydındır. Elə sizin suallara verdiyim cavab yetərlidir və mənim üçün bu məsələni bitmiş saymaq olar. Çünki camaatı da çox yormaq olmaz. Düzdür, reaksiya doğurub və nə üçün belə böyük reaksiya olduğuna toxunmaq istəyirəm. Amma ehtiyac qalsa, Mirşahinin bu məsələdə iddiaları olsa, mən yenə qarşılıqlı söhbətə, yazıya həmişə hazıram.

- Sizin qəzetimizə “Mən belə vətənə qayıtmaq istəmirəm”, sözləriniz də Mirşahinin yazısında xatırlanmışdı və əks arqumentlərlə əhatə olunmuşdu. Bu barədə nə deyə bilərsiniz?

Bizim Rəsulzadədən, ondan da əvvəl Əli bəy Hüseynzadədən, Əhməd Ağaoğludan, Əhməd Cəfəroğludan başlayan çox böyük  siyasi mühacirətimiz var

- Mirşahin elə jurnalistlərdəndir ki, o, bir adam üçün, bir adamın zövqü ilə yazır. Bu adam birinci adamdır. Onun zövqünü, fikrini ifadə etməyə çalışır. Burda da o elə detallara toxunub ki, burada möhkəm şəkildə büdrəyib və azıb. Mən elə hesab edirəm ki, onun Azərbaycandan olan siyasi köçlərə, mühacirətə, çörək üçün xaricdə işləməyə gedənlərə və beyin köçlərinin təbii məhsulu olan elm adamlarının, universitet müəllimlərinin dünya universitetlərindəki fəaliyyətinə ləkə atması, fərari deməsi... Əvvəla, belə anlaşılır ki, o, fərari sözünün hərbi - terminoloji, nə də məcazi mənasını bilmir. Əslində, məhkəməlik bir söz işlədərək fərari iddiasını ortaya atır. Bu, həm savadsızlıqdan irəli gəlir, həm də bu məsələdə onun çox ehtiyatsız hərəkətini ortaya qoyur. Heç təsadüfi deyil ki, bizim Məhəmməd Əmin Rəsulzadədən, ondan da əvvəl Əli bəy Hüseynzadədən, Əhməd Ağaoğludan, Əhməd Cəfəroğludan başlayan çox böyük siyasi mühacirətimiz var. Orda Almas İldırım kimi şairləri, alimləri, jurnalistləri də qeyd etməliyəm. Onlar öz ölkəsində yaşamaq haqqını itirən, ölümlərinə qədər çox böyük məşəqqətlər yaşayan tarixi insanlardır... İndi də çörək dalınca Rusiyaya, Avropaya və Türkiyəyə gedən 3 milyona qədər azərbaycanlı var. Bunlar balalarını saxlamaq, minimum həyat şərtlərini ödəmək üçün didərgin olublar. Didərginlik heç yaxşı şey deyil. Mən Türkiyəni burda istisna hesab edirəm. Çünki Türkiyə də bizim vətənimizdir, Türkiyə bizə doğma yerdir. Amma hər halda biz - mən də xanımım da, iki övladım da, Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Düzdür, mən Türkiyənin ən yüksək elmi adlarını, fəxri şərəf və ləyaqət nişanını almışam. Həm də mən Türkiyəyə çörək dalınca getməmişəm. Məsələnin bu şəkildə qoyuluşu yanlışdır. Mən Türkiyəyə Azərbaycanda aldığım yaralarımı sağaltmağa, övladlarımın, ailəmin qarşısında borcumu yerinə yetirməyə və daha çox yaradıcılığımı davam etdirməyə, yazı yazmağa getmişəm.
Amma mən Azərbaycan vətəndaşıyam və bununla qürur duyuram. Bu rejim mahiyyətini dəyişərsə, bu hakimiyyət bu siyasətini dəyişərsə, mən gəlib vətənimdə lap təqaüdçü kimi də yaşamağa hazıram. Amma söhbət ondan gedir ki, bu dəyişmə yoxdur, Azərbaycan dəyişməyə hazır deyil. Rəsmi Azərbaycan dəyişmək istəmir. Mirşahin kimi adamlar da buna don geyindirilər, rəng vururlar. Amma başa düşmürlər ki, hipnozla, sözçülüklə, söz oyunları ilə xalqı aldatmaq olmaz. Mirşahin gərək bunu dərk edə ki, xalq ancaq əmələ inanır. Əməl - Qarabağ  - qaytarılmır. Bu da deyir ki, Qarabağ qaytarılana qədər hakimiyyətin dəyişməməyin tərəfdarıyam. Əvvəla, hakimiyyətin dəyişməyindən yox, demokratik seçkidən söhbət gedir. Söhbət insafdan, mürüvvətdən, demokratiyadan, xalqa tolerant münasibətdən, qanunların işləməyindən gedir. Biz deyirik ki, bu saat hökuməti dəyişək? Biz deyirik ki, hakimiyyətdəkilər qanuni və ədalətli seçkiyə imkan versin. Xalqın iradəsi hökumətdə, parlamentdə təmsil olunsun, qanunlar işləsin, özbaşınalığa son qoyulsun. Bu mənada Mirşahin hökumətin əlində müxalifətə, əslində xalqa qarşı bioloji silahdır. Bu silahı o biri silahlardan fərqləndirmək lazımdır. Bioloji silah çox təhlükəlidir. Mən onun ayrı-ayrı zamanlardakı intervülərini xatırlayıram. Surət Hüseynovla, Rövşən Cavadovla, Heydər Əliyevlə, Elçibəylə, İsa Qəmbərlə... Həmin televiziya söhbətlərində onun nə qədər qurşaqdan aşağı zərbələr vurduğunun, söhbəti fırlatdığının, o zamankı birinci adamın zövqü ilə plan qurduğunun, danışdığının, nə qədər böyük qəbahətlərə yol verdiyinin şahidiyəm. Vaxtı ilə istedadlı bir jurnalist kimi bizim media həyatına gəlmiş adamın bu şəkildə dəyişməsi və şirkətlər qrupunun nümayəndəsi kimi amiranə danışması, hökm verməsi, ehkam kəsməsi heç bir normal jurnalistə yaraşmadığı üçün mən etiraz səsimi müəllim kimi qaldırdım. O, “uşaqlarını da qaçırıb” ifadəsi ilə nə qədər böyük qəbahət işlətdiyinin fərqində deyil...

(Davamı var)

E.PAŞASOY

6862 dəfə baxılıb

Xəbəri paylaş

[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR”

[26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”

[22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM”

[21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM”

[12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR”

[02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ

[22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...”

[21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...”

[16.11.2011] - TANINMIŞ HÜQUQŞÜNASDAN ATƏT-ə KƏSKİN İTTİHAMLAR

[15.11.2011] - “ZİYALI XALQIN SÖZÜNÜ DEYİRSƏ, SONUNU DÜŞÜNMƏMƏLİDİR”

[09.11.2011] - “DÖVLƏT BAŞÇISINI DEBATA ÇAĞIRIRAM”

[02.11.2011] - “QARŞIDA ELƏ İLLƏR VAR Kİ, HƏR ŞEYİ HƏTTA SIFIRDAN DA BAŞLAYIB DÜZƏLTMƏK MÜMKÜNDÜR”

[31.10.2011] - “BƏZƏN DEYİRƏM Kİ, GÖR ÖMRÜMÜ NƏYƏ SƏRF ETDİM...”

[24.10.2011] - “NOYABRIN 8-də YAP SƏDRİNƏ MÜRACİƏTİM OLACAQ”

[17.10.2011] - “BU SƏNƏDİ İLLƏR BOYU HƏYƏTDƏKİ QUYUNUN İÇİNDƏ SAXLAYIBLAR”

[10.10.2011] - “ELƏ O VAXTDAN QARA YAYLIQ MƏNİM SİRDAŞIM OLDU”

[03.10.2011] - “DÜŞÜNMÜRƏM Kİ, KİMİNSƏ HƏDƏFİNDƏYƏM”

[26.09.2011] - “ORTADA TÜRKİYƏDƏN ÜÇ, AZƏRBAYCANDAN DA BİR MƏSƏLƏ VAR”

[23.09.2011] - İLHAM RƏHİMOVUN QIZI “YENİ MÜSAVAT”a DANIŞDI

[05.09.2011] - “İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİRƏM Kİ...”

ARXIV

Yeni MÜSAVAT © 2008