|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Həmsöhbətimiz Azərbaycan Futbol Federasiyasının (AFFA) keçmiş prezidenti Fuad Musayevdir. Bir ara hakimiyyətlə kəskin ziddiyyətlərə getmək bahasına da olsa, mövqeyindən geri çəkilməyən və elə buna görə də mətbuatın gündəmindən düşməyən F.Musayev çoxdandır ki, proseslərdən kənara çəkilib. Ancaq görüş üçün ona müraciət edəndə mövqeyində hər hansı dəyişikliyin olmadığını bildirdi və mətbuatdan giley etməyi də unutmadı. Dedi ki, sadəcə onu yada salanların sayı azalıb. Futbol mütəxəssisi ilə siyasi məsələləri də əhatə edən söhbətimizə isə “Borussiya” - “Qarabağ” oyununun şərhi ilə başladıq. - Birinci onu deyim ki, qələbə qazanacağımıza heç bir ümid yox idi. Oyundan qabaq mənə bir nəfər zəng etdi. Soruşdu ki, sənin fikrin nədir. Dedim böyük hesabla uduzacaqlar. “Borussiya” ilə “Qarabağ” arasında göylə yer arasında fərq var. Necə ümid ola bilərdi? Komandamızın özü də, məşqçisi də bu fərqi yaxşı başa düşürdü. Hesab 8-0 da ola bilərdi. Ona görə də mən nə uşaqları, nə məşqçini qınamaq istəyirəm. Nə gücləri var idisə, ortaya qoydular. Səhvlər var idi, əsasən də qapıçının. Amma komanda nə bacarırdısa, oynadı. Bəli, mən istəyirəm ki, Azərbaycan komandaları yaxşı nəticə göstərsin. Ancaq belə getsə, mümkün olmayacaq. Komandalara legioner oyunçuları doldurublar. Nə prezident, nə federasiya fikir verir. “Qarabağ” öz gücü ilə bu səviyyəyə qalxıbsa, çox sağ olsun. Qurban, komandanın prezidenti, uşaqlar sağ olsunlar. Elə milli komandada oynayanlar da onlardır. Bu komandadan bundan artığını tələb etmək olmaz. - Burdakı qarşılaşmada hansı nəticəni gözləyirsiniz? - Alman taktikası ilə 4-0 qabaqdadırlar, burda onlara ordakı kimi oynamaq lazım deyil. Oyunu elə qurmağa çalışacaqlar ki, hesabı saxlasınlar. Bəlkə ikinci heyəti buraxacaqlar, əsas oyunçular kənarda qalacaq. “Qarabağ” uda da bilər, heç-heçə də edə bilər. Rusiyanın “Sibir” komandası öz meydanında PSV-ni 1-0 uddu. Ancaq o demək deyil ki, Sibir gedib Hollandiyada onları udacaq. Komandanın potensialı olmalıdır. Rəşad Sadıqovdan başqa bizim komandada elə böyük potensiallı oyunçu yoxdur. Deyək ki, burda qol vurdular, uddular, sonra? Məsələyə qlobal baxmaq lazımdır. İdman şərhçisi deyir ki, bizim futbolçular Avropa komandalarında nə qədər çox oynasalar, biz inkişaf edəcəyik. Mən də deyirəm ki, bizim uşaqlar xaricdə nə qədər çox oynasalar, Azərbaycan futbolu çox inkişaf edər. Amma orda oynamaq üçün futbolçular gərək klublarımızda da oynasınlar. Amma onları oynamağa qoymurlar. - Kim qoymur və burda məqsəd nədir? - Məqsəd belədir ki, bunlar pul qazanırlar. 11 nəfər “İnter”də, 11 nəfər “Xəzər Lənkəran”da xarici futbolçular oynayır. “Bakı”nın özündə də elə. Bu, bizim uşaqlara nə verir? Olimpiya komandasında oynamayıb ehtiyatda oturan milli komandanın uşaqları nə təhər xaricdə oynayacaq? Azərbaycanda oynamayan futbolçuları kim götürəcək? SSRİ vaxtında Ponamaryov, Yunis Hüseynov, İsgəndər Cavadov da olimpiya komandasında idi. Sonradan bir Ponamaryovu apardılar, ona görə ki, rus idi. Vəli Qasımov da bombardir idi, “Dinamo” Moskvada oynayırdı. Yaxud Tərlan Əhmədov, Şahin Diniyev, Vidadi Rzayev SSRİ vaxtından xaricdə oynayırdı. 14-15 futbolçumuz xaricdə oynayırdı. Özü də o dövrdə burda çempionatı dayandırmışdılar. Elə bil faşist idilər, çempionatı dayandırmaqla nə xeyir görürdülər bunlar? Axı futbolçular Ukrayna komandaları tərkibində oynayırdılar. İndi gedib oynasınlar da. Onların prezidenti mənə zəng etmişdi ki, Samir Əliyevi “Dinamo” Kiyevə götürmək istəyir, orda Tərlanla birgə Lvovun komandasında oynayırdı. - Son vaxtlar idmana dövlət qayğısından, futbolun inkişafından çox danışılır. Futbol şərhçiləri oyun başlayandan axıradək yerli-yersiz bu mövzuya qayıdır. Varmı o qayğı? Sizin dövrdən indiyədək futbolumuz nə qədər inkişaf edib? - Nə inkişaf edib? O vaxtla indinin müqayisəsini etdim də. Lıçkin “Trabzonspor”da oynayırdı. Türkiyənin çempionu idi bu komanda. Vəli Qasımov İspaniyada oynayırdı. 16 yaşlı futbolçulara baxın. Almaniyadan gələn məşqçi var. Hamıya uduzurlar, özü də böyük hesabla. Olimpiya komandası heç bir dənə heç-heçə eləməyib. Amma bizim vaxtımızda komanda udurdu da, uduzurdu da. Avtandil Hacıyev, Samir Əliyev, Elçin Rəhmanov, Ruslan Musayev o vaxtın uşaqlarıdır. Bəs, beş ildən sonra kimlər oynayacaq? Bütün idman növlərində vəziyyət eynidir. Bizim milli idman növü güləşdir, burda da Dağıstandan gətirilən idmançıları meydana çıxarırlar. Niyə bizim məşqçimiz yoxdur, güləşçilərimiz hardadır? İşləyən yoxdur axı. Heç onlardan soruşan da yoxdur. Elə Gənclər və İdman Nazirliyini, Olimpiya Komitəsini götürün, ordan-burdan gətirib komandaya legionerləri doldururlar. Voleybol çempionatı gedir, oynayan 6 komandanın tərkibində 99 faiz xaricdən gələn voleybolçulardır. Gərək bizim azərbaycanlı qızlar oynasın axı. Bizim Azərbaycan qızları voleybolda SSRİ çempionatında ikinci-üçüncü yeri tuturdu, özü də legioner deyildilər. Kimsə də soruşmur ki, niyə belədir? Biz “Şəfa”nı yaratmışdıq. Ordakı uşaqları küçəyə atdılar, stadionu satdılar. Dedilər Fuad Musayev stadion tikib. Məgər Fuad Musayev stadionu atası üçün tikmişdi? Gördüm ki, ölkədə şərait yoxdur, o stadionu tikdik. Onun pulunu öz cibimizdən verirdik e. UEFA-dan danışırlar. Onu UEFA-zad tikməyib. Bizə 1 milyon verdi, iki ay sonra aldı. Bizə qırtım-qırtım pul verirdilər, 50-100 dollarla yaşayırdıq, amma stadionu tikirdik. 2002-2003-cü ildəki milli komanda ilə indikini müqayisə edin, heç onun yaxınlığına gedə bilməz. Hazırda yeniyetmələr arasında olimpiya oyunları keçirilir. 6-7 ay qabaq Moskvada elə oyunlar keçirilirdi, bizim uşaqlar da orda iştirak edirdi. Bütün idman növləri üzrə komandaları nazirlik apardı, futbolu isə biz özümüz apardıq. Futbol komandamız 5-ci oldu, finalda oynadı. Mən özüm də getmişdim, futbolçulara yetim kimi baxırdılar. Elə bil başqa ölkənin komandası idi. - AFFA-nın prezidenti Rövnəq Abdullayevlə bağlı nə deyə bilərsiniz? - Rövnəq Abdullayevin bir konsepsiyası varmı ki, nə etmək lazımdır? Onu təyin ediblər gəlib oturub orda. Pul da verirlər. Biz 95-96-cı ildə Avropa çempionatında oynamağa başladıq. O vaxt 10-0 uduzduq, indiyədək bunu danışırlar. Biz gözümüzü yeni açmışdıq, komandamız, şəraitimiz, pulumuz yox idi. Fransa ilə oyuna 7 oyunçumuz çıxmadı. Ona görə ki, Rusiyadakı uşaqları, İsraildə Jidkovu, Kramarenko, Vəli Qasımov, Nazim Süleymanovu buraxmadılar. Oyun qabağı 7 itkimiz oldu, bunu heç kim danışmır. Bəs, yaxşı sonra? Bizə bir qəpik verən olmadı. İndi onların milyonlarla manatlıq büdcələri var. Futbola böyük pulların ayrılması yaxşı şeydir. Qoy futbolçular, məşqçilər yaxşı pul qazansın, stadionlar tikilsin. Amma başa düşmürlər ki, məktəbdə uşaq futbolu inkişaf etməlidir. Götürün institutları. Sovet vaxtında hər şey ordan başlayırdı. Görün Rusiya olimpiadada necə inkişaf edir. “Spartak”, ÇSKA komandalarında da legioner var. Amma yarısı öz oyunçularıdır. “Zenit”in oyunçularının da yarısı Sank-Peterburqdandır. Bizdə niyə limit qoymurlar? Bunlar kimi aldadırlar? FİFA legionerlərlə bağlı məsələ qaldırmışdı, amma qərarını keçirə bilmədi. Avropa İttifaqı buna qadağan qoydu ki, hər klubun öz fikridir. Amma başa düşmür ki, idman nədir? Şlaqbaum qoydular ki, FİFA bu qərarı qəbul etməsin. Ona görədir ki, İtaliya futbolu batır. “İnter”də oynayanlar da italyan deyil. - Çox da uzağa getməyək. Azərbaycanda vəziyyəti dəyişmək üçün nə təklif edirsiniz? - Prezidentin tapşırığı ilə olimpiya kompleksləri tikirlər. Bu, yaxşı şeydir, amma görək o komplekslərdə idmançı varmı? Zabrat yolundakı idman kompleksini 10 ildir tikiblər. Heç görübsünüzmü ki, orda bir idmançı oynasın? Mən görməmişəm. Yaxud Şamaxıdakı idman kompleksi söküldü. Bəs, onu tikəni niyə dama basmırlar ki, sən bunu necə tikmisən? Qubadakı kompleksdə voleybol çempionatı keçirirlər. Amma başqa idman növləri də var axı. İsmayıllının İvanovka kəndində elə cavanlar var ki, 5-6 ildən sonra milli komandada oynaya bilərlər. Amma burda şərait yoxdur. Odur ki, cavanlar içkiyə qurşanır, Rusiyaya axışırlar. - Yeri gəlmişkən, sizin övladlarınız nə ilə məşğuldur? - Oğlum Tofiq Musayev Amerikada, BMT nümayəndəliyində işləyir. Nyu-Yorkda Aqşin Mehtiyevin müavinidir. Qızım isə Bakıdadır. - Amerikaya get-gəliniz var? - Getmişdim. Bir az qalıb gəldim. Nəvələrimin üçü ordadır. - Bir vaxtlar sizə qarşı ciddi təzyiqlər var idi. Heç burdan birdəfəlik getmək haqqında düşünübsünüzmü? - Niyə getməliyəm? Təzyiq edənlər getsin də. Mən Azərbaycanda canımı qoymuşam, onlar indi gəliblər. Ölkə üçün nə ediblər? Götürüb baxsınlar mənim tərcümeyi-halıma, görsünlər Azərbaycanda hansı işlərim olub. Götürün baxın, görün mənə yaxın bir adam varmı? - Bəlkə özünüz haqda bizim bilmədiklərimizdən danışasınız. - Mən Bakıda doğulmuşam, baxmayaraq ki, atam Şuşadan, anam Gəncədəndir. 6-cı rus məktəbini qurtarmışam, institutun inşaat fakültəsini oxumuşam. 12 yaşımdan idmanla məşğul idim. 52-ci ildən futbol və voleybol oynamağa başlamışam. Özü də 12 yaşında bir uşağa topu necə vurmaq lazım olduğunu öyrətmirdilər. Bizi bu gün məktəbdən gətirirdilər, səhər çempionatda oynayırdıq. Heç bilmirdim butsini ayağıma necə geyinim, ancaq komandaya daxil etdilər. 55-ci ildə məşqçilər gəlib məni məktəb çempionatında, zalda gördülər və milli komandaya götürdülər. İndi məktəbdə idman var? 47-ci ildə düşərgələrdə futbol, voleybol oynayırdım. - İdmandan siyasətə keçid etmək istərdim. Qarşıda seçkilər var. Seçki mübarizəsinə qatılmaq istəmirsiniz? - Vallah heç fikir vermirəm. Siyasi proseslərlə maraqlanıram, oxuyuram, baxıram ki, nə var, nə yox. Amma vaxtı deyil ki, seçkiyə gedim. Hesab edirsiniz ki, seçkilər düzgün gedəcək? Seçkilər düzgün keçirilsəydi, mən indi yox, on il bundan qabaq seçkiyə gedərdim. Bilirəm ki, seçkilərin hamısı yalan-palan olacaq. Kimi istəyəcəklər, onu da seçəcəklər. Mübarizə başqa şeydir. Məsələn, biz alman komandası ilə oynayırıq, kim güclüdür, o da udur. Seçkidə də kimə səs verirlərsə, kim güclüdür, o da seçilməlidir. Amma Azərbaycanda elə şey olar? Mən o biri respublikalara gedəndə utanıram. Bu yaxınlarda Estoniyada idim. Bazarda qiymətlərə baxıram, Estoniya kimi Avropanın mərkəzi şəhərində - Tallində qiymətlər bizdən ucuzdur. Qiymət artımı barədə bizdə nə qədər danışılır, deyilir, xeyri yoxdur. O gün qəzetdən oxuyuram ki, Ramazan ayında bütün müsəlman ölkələrində qiymətləri ucuzlaşdırırlar, pulsuz ərzaq verirlər, bizdə əksinədir. - Günahkar kimdir? - Satan edir də. Mən Bakıda 1-ci katib olanda bazarı yoxlayırdım. Qiymət 10 qəpik qalxanda dünyanı dağıdırdım. Bir dəfə bazarı bağlatdırdım, dedim çıxın gedin hamınız. Qiymətə nəzarət edirdik. İndi deyirlər, kim nə istəyir o qiyməti qoyur. Bütün ölkələr bananı ərəb, ya Afrika ölkələrindən alırlar da. Niyə onlardan fərqli olaraq bizdə banan həmişə bahadır? - Necə dolanırsınız? - Sağ olsun, pensiyamız yaxşıdır. Uşaqlar özlərini dolandırır. Yoldaşım işləyir, mən də pensiyamı alıram. Bizə heç nə lazım deyil. - Bu yaşda daha çox istirahətə üstünlük verirsiniz, yoxsa əlavə məşğuliyyətiniz var? - Bəs nə etməliyəm? Bir soruşan varmı? Koloskov 25 il federasiyanın (Rusiya Futbol Federasiyasının - E.P.) prezidenti oldu. Ondan qabaq harda işləyib, bilinmir. Axı mən federasiyadan qabaq şəhərin 1-ci katibi, ondan qabaq Mərkəzi Komitənin katibi olmuşam. Ondan qabaq dövlət plan komitəsində birinci müavini, tikinti nazirinin 1-ci müavini işləmişəm. Həmçinin 10-12 il bütün mikrorayonları tikmişəm. Mən lazım deyiləm? Kim məndən soruşursa, futboldan soruşur. Niyə heç kim soruşmur ki, şəhərin bu vəziyyəti barədə nə deyə bilərsiniz. Mən Mərkəzi Komitənin binasında oluram. Ramiz Mehdiyevlə qonşuyam. İstilik olmayanda küçələrə düşürəm, bilmirəm gedib kimə müraciət edim. Özüm “katelni”yə gedirəm, hərəsi bir səbəb gətirir. Hacıbaladan hər şeyi alıblar, ona heç nə baxmır. Hələ bizim evdə vəziyyət belədirsə, görün ölkədə vəziyyət necədir. - Mehdiyev necə qonşudur? - Qonşu kimi görüşmürük. Maşınına minir gedir. Yayda da evdə yaşamır, deyəsən bağda qalır. Amma biz bir yerdə işləmişik. Özü də mən Lenin meydanının yaxınlığında dördotaqlı mənzil almışdım. Rəhmətlik Heydər Əliyev 1981-ci ildə məni bu evə köçürtdü. Hakimiyyətdə hamısını tanıyıram, amma əlaqəm yoxdur. Mən də elə adam deyiləm ki, kiməsə zəng edim. Onlar soruşsunlar da hardayam, acam, toxam. Keçmiş işçilərdən soruşan yoxdur ki, necə yaşayırlar. Çoxu ölüb gedir, yasına gedirik. Ancaq Rəhim Hüseynovla, Nadir Əhmədovla, digərləri ilə zəngləşib ayda bir dəfə görüşürük. Elşad PAŞASOY 6660 dəfə baxılıb
|
[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR” [26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...” [22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM” [21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM” [12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR” [02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ [22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...” [21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...” [16.11.2011] - TANINMIŞ HÜQUQŞÜNASDAN ATƏT-ə KƏSKİN İTTİHAMLAR [15.11.2011] - “ZİYALI XALQIN SÖZÜNÜ DEYİRSƏ, SONUNU DÜŞÜNMƏMƏLİDİR” [09.11.2011] - “DÖVLƏT BAŞÇISINI DEBATA ÇAĞIRIRAM” [02.11.2011] - “QARŞIDA ELƏ İLLƏR VAR Kİ, HƏR ŞEYİ HƏTTA SIFIRDAN DA BAŞLAYIB DÜZƏLTMƏK MÜMKÜNDÜR” [31.10.2011] - “BƏZƏN DEYİRƏM Kİ, GÖR ÖMRÜMÜ NƏYƏ SƏRF ETDİM...” [24.10.2011] - “NOYABRIN 8-də YAP SƏDRİNƏ MÜRACİƏTİM OLACAQ” [17.10.2011] - “BU SƏNƏDİ İLLƏR BOYU HƏYƏTDƏKİ QUYUNUN İÇİNDƏ SAXLAYIBLAR” [10.10.2011] - “ELƏ O VAXTDAN QARA YAYLIQ MƏNİM SİRDAŞIM OLDU” [03.10.2011] - “DÜŞÜNMÜRƏM Kİ, KİMİNSƏ HƏDƏFİNDƏYƏM” [26.09.2011] - “ORTADA TÜRKİYƏDƏN ÜÇ, AZƏRBAYCANDAN DA BİR MƏSƏLƏ VAR” [23.09.2011] - İLHAM RƏHİMOVUN QIZI “YENİ MÜSAVAT”a DANIŞDI |
| Yeni MÜSAVAT © 2008 |
|