|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bazar günü olsa da, istirahətdən danışası olmadıq. Səbəbi çox sadədir: seçki qapını kəsdirib, hava sərinləşsə də, siyasi ab-hava qızışmaqdadır, bir-birinin ardınca seçki blokları yaranır. Kim indi istirahət barədə düşünər? Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevlə söhbətimizə də bu gün elan olunacaq “İslahat” Seçki Blokunun təsis olunması xəbəri bir bəhanə oldu. Görüş yerimiz isə Azadlıq meydanı idi. Hansı ki, BAXCP sədri mətbuata müsahibəsində bu meydanın xalqa qaytarılması təşəbbüsü ilə çıxış edib. Əvvəlcə elə bu mövzuda danışdı. - Bakının mərkəzində ən gözəl yer Azadlıq meydanıdır. Bu meydan boş qalıb. Yəni imkan yaradılmalı, icazə verilməlidir ki, cəmiyyətin müxtəlif təbəqələri, müxtəlif məsələlərə etiraz edən insanlar bu meydanda mütəmadi olaraq toplaşsınlar, öz etirazını bildirsinlər. Avropanın inkişaf etmiş ölkələrinin hamısında belə meydanlar, parklar var. Azərbaycanda da olmalıdır. Çünki siyasi hüquqlar insan hüquqlarının sırasında birinci yerdə gəlir. Toplaşmaq hüququ da siyasi hüquqdur. Bu, yoxdursa, demokratiya da yoxdur, digər hüquqlar da tam mənada gerçəkləşdirilə bilməz. Mən çox məmnun olardım ki, hər gün Azadlıq meydanının qarşısından keçəndə - orda həm də Hökumət Evi yerləşir - müxtəlif təbəqələrin, siyasi partiyaların aksiya keçirdiyini görək. Bu, normal məsələ, demokratik cəmiyyətin göstəricisidir. Yeni bir meydan tikmək üçün əlavə xərcə də ehtiyac yoxdur. Elə Azadlıq meydanı bizim xalqımızın istifadəsinə verilməlidir. - Amma real görünmür. - Niyə real görünmür? İnşallah bu seçkidə xalq bizə etimad göstərib, mandat verərsə, biz çalışacağıq ki, seçkidən sonra Azərbaycan prezidentinə müraciət edib onunla görüşək. Bizim qənaətimizə görə və hadisələrin gedişi də göstərir ki, müxalifətin seçkini udmaq imkanı yoxdur. Amma biz orda böyük bir fraksiya ilə təmsil olunmaq iddiasındayıq. Ümid edirik ki, bu fraksiya parlamentin idarə olunmasında da iştirak edəcək. Çalışacağıq ki, iqtidarın çox siyasi acgözlük göstərməsinə imkan verməyək. İnkişaf etmiş ölkələrdə parlamentdə təmsil olunan siyasi qüvvələr parlamentin idarə olunmasında vitse-spiker, komitə sədrləri, müavinləri səviyyəsində iştirak edir. Şərqi və Qərbi Avropada, hətta Gürcüstan, Ermənistan, Rusiyada da belədir. Bizim seçkidən sonra iqtidarla müzakirə edəcəyimiz ən vacib məsələlərdən biri də bu olacaq. Həmçinin Azadlıq meydanı xalqa qaytarılsın, heç bir icazə olmadan, sadəcə, dövlət orqanlarını xəbərdar etməklə insanların aksiya keçirməsinə imkan verilsin. - Elə bu meydanda Sabir Rüstəmxanlı ilə söhbətimizdə etiraf etmişdi ki, mitinq üçün darıxır. Sizdə belə hallar olurmu? - Yox. Sözün doğrusu, mən həmişə arzulamışam ki, biz elə bir cəmiyyət quraq ki, orda bütün qızğın müzakirələr parlament binasında keçsin. Amma demokratik cəmiyyətlərdə mitinqlərdən qaçmaq da mümkün deyil. Mitinq üçün darıxmıram, amma mən düşünürəm ki, bu gün hər bir siyasətçinin qarşısında duran vəzifə cəmiyyətin dəyişməsinə, yeni mərhələyə keçməsinə nail olmaqdır. Ancaq bu, sabitlik pozulmadan, nümayiş, mitinqlərdən keçmədən, islahatlar yolu ilə baş versin. - Seçki bloku elan etdiniz. Təşəbbüs kimdən gəldi? - Bəli, biz birinci gün (bu gün - red.) saat 12.00-da niyyət protokolunu imzalayacağıq. Hər üç partiya sədrinin belə bir istəyi var idi, bu, ondan qaynaqlandı. Biz parlamentdə uzun müddətdir bir yerdəyik, İlyas müəllim, Fazil bəy, mən. Razılaşdıq ki, üç parlament partiyası belə bir seçki bloku yaratsın və blok da digər partiyalar üçün açıq olacaq. Mən əminəm ki, başqa partiyalar da qoşulacaq və biz seçkiyə “İslahat” Bloku adı altında gedəcəyik. - Blokun YAP namizədləri ilə bağlı mövqeyi necə olacaq? - Biz hələ bilmirik ki, hakimiyyətin namizədləri kimlərdir. Sadəcə, ehtimal edə bilərik ki, hansı dairədən hansı deputat namizəd olacaq. Amma biz dairələr üzrə namizədlərimizi açıqlayacağıq. - Bəs, müxalifətin namizədləri ilə bağlı nə düşünürsünüz? - Biz ölkədəki ictimai-siyasi prosesləri izləyirik. Bəzi partiyalar öz namizədlərini açıqlayıblar. Bu mənada təqribən bilirik ki, hansı dairədən digər müxalifət bloklarının namizədləri kimlər olacaq. Ancaq onlar da siyahını tam açıqlamayıblar. 125 dairədən təqribən 75 dairənin namizədi açıqlanıb. Ona görə müxalifətdəki alternativlərimizin də kimliyini dəqiq bilmirik. - Müxalifət liderlərindən, hərəkatçı yoldaşlarınızdan kimlərə güzəştə gedəcəksiniz? Bu barədə blokun razılaşması varmı? - Hələ o barədə tam razılığa gələ bilməmişik. Çünki bu, tək bizim partiyadan asılı məsələ deyil. Məsələn, bizim partiyanın fikri budur ki, biz Aqil Səmədbəylini - Bəyin kürəkənini dəstəkləyəcəyik. Biz ötən seçkilərdə də onu dəstəkləmişdik. Şəxsən mən çox istərdim ki, müxalifət düşərgəsində olan bəzi tanınmış şəxslərin, ən azından partiya sədrlərinin dairəsindən namizədlər olmasın. Sözün doğrusu, bu fikir bizim blokda müzakirə olunub, ancaq hələlik vahid qərar yoxdur. Ümid edirəm ki, 7 sentyabradək bununla da bağlı mövqe açıqlanacaq. Elə partiya sədrləri, yaxud digər şəxslər ola bilər ki, onların parlamentdə olması parlamentin nüfuzunu qaldıra, daha yüksək səviyyədə fəaliyyət göstərməsinə kömək etmiş olar. Yəni bu cür şəxsləri də müdafiə etməyimiz mümkündür. Baxmayaraq ki, həmin adam başqa blok tərəfindən və ya müstəqil şəkildə də namizəd ola bilər. Bu məsələ bizim son iki iclasda müzakirə olunsa da, hələ qərar yoxdur. - Sizin bloklaşma ilə bağlı təşəbbüsünüz mətbuatda iqtidaryönlü partiyaların bir araya gətirilməsi kimi izah olundu. - Seçki kampaniyasının başlanmasına bir həftə vaxt qaldığı bir ərəfədə rəqib siyasi qüvvələrin, yaxud onların fəaliyyətini dəstəkləyən mətbuatın “qara piar”, yaxud antitəbliğat aparması gözləniləndir. Hətta inkişaf etmiş ölkələrdə də bu baş verir. Düzdür, orda əndazə aşılmır. Amma çox təəssüf ki, biz hələ Qərbi Avropanın inkişaf səviyyəsinə qalxmamışıq. İllər keçdikcə, hər seçkidən-seçkiyə partiyalar bir-birinə qarşı daha səviyyəli, etika və əxlaq çərçivəsində mübarizə aparacaq. Mən əsasən partiyamızın ünvanına xüsusən də seçkiqabağı əsassız ittihamlar səsləndirilməsindən ciddi narahat oluram. Bizim fəaliyyətimizi kimsə iqtidaryönlü, yaxud elə iqtidarın fəaliyyəti kimi də qiymətləndirilə bilər. Amma bizim fəaliyyətimiz ortadadır. Buna seçkidə xalqımız qiymət verəcək. Mən əminəm ki, haqqımızda nə yazılmasından, nə deyilməsindən asılı olmayaraq, xalqın, xüsusən də narazı elektoratın səsinin əhəmiyyətli hissəsini ala biləcəyik. - Məsələnin digər tərəfi də var. Yəni seçkidə səs almaq hələ əsas deyil, o səslərin rəsmən tanınmasına nail olmaq əsl işdir. İctimai rəyə belə bir fikir hakim kəsilib ki, “yuxarı”da razılıq olmasa, namizədə səs verməklə deyil. Bu mənada özünüzü qarantiyalı namizəd sayırsınızmı? - Mən hələ tələbəlik illərindən Azərbaycan siyasətindəyəm. Hesab edirəm ki, bizim cəmiyyətimiz inkişaf edib. Artıq əminliklə söyləyə bilərəm ki, iqtidar da onun fərqindədir ki, Azərbaycanda müəyyən islahatlar aparılmalı, cəmiyyət irəli getməlidir. Cəmiyyət inkişaf etdikcə seçkilərə müdaxilənin həcmi, miqyası da azalır. Bizim apardığımız mübarizənin hədəfi, məqsədi ondan ibarətdir ki, seçkiyə qatılan heç bir siyasi qüvvədə seçicinin səsinə müdaxilə edilə biləcəyi, nəticələrin saxtalaşdırılacağı ilə bağlı narahatlıq olmasın. Əminəm ki, bu seçkilər də cəmiyyətimizin siyasi inkişafı, böyük nailiyyətlərin əldə olunması baxımından hadisə olacaq. Fikrimcə, bu seçkilərdən sonra iqtidar-müxalifət münasibətləri də daha normal müstəviyə keçəcək. Hesab edirik ki, iqtidarın müxalifəti tanımaması, ona sayğısız münasibəti, yaxud ana müxalifətin iqtidarın legitimliyini şübhə altına alması artıq arxada qalacaq, biz bu seçkidən daha uğurla çıxacağıq. Yəni bundan Azərbaycan xalqı udacaq. Seçkinin nəticəsi olaraq ölkədə ciddi siyasi islahatları da aparmaq mümkün olacaq və Qarabağla bağlı daha ciddi qərarların qəbul olunmasına imkan yaranacaq. Nəhayət ki, Azərbaycan cəmiyyəti qarşılıqlı tanımama sindromundan xilas olacaq və iqtidar-müxalifət münasibətləri də yeni müstəviyə keçəcək. Çox istərdim ki, iqtidar da bu şansdan yararlansın. Seçkilərə də çox böyük ümidlə qatılırıq. İstərdik xalqımız, birincisi, verdiyi səsə sahib dursun, ikincisi də qorxmasınlar ki, onların səsinə kimsə müdaxilə edəcək və evlərində oturmasınlar. Şəxsən məndə o qorxu yoxdur ki, seçkinin nəticələrinə müdaxilə ediləcək, nəticələr saxtalaşdırılacaq. - Vaxtilə özünüz də hakimiyyətin yüksək dairələrində yaxın münasibətdə olduğunuz fiqurların olduğunu demişdiniz. Seçkiqabağı bir təmasınız olubmu? Yaxud qarantiya alıbsınız ki, nəticələrə müdaxilə olmayacaq? - Seçkilərin demokratik keçirilməsinə təminatı Azərbaycan prezidenti, hakimiyyət orqanları, MSK verməlidir. Düşünürəm ki, həm dövlət başçısı, həm müvafiq dövlət orqanları, MSK Azərbaycan siyasi cəmiyyətinin yeni bir mərhələyə keçməsinin fərqindədirlər və bu şansdan hamı yararlanacaq. Prezident də seçkilərin ədalətli keçirilməsini təmin etməlidir ki, yerlərdə ayrı-ayrı iş adamları, məmurlar seçkiyə müdaxilə edə bilməsinlər. Ciddi cəhd göstərilməlidir ki, xarici ölkələr ayrı-ayrı siyasi partiyaları maliyyələşdirə bilməsinlər. Bu, dövlət orqanlarının borcudur. Ümid edirəm ki, həmin qurumlar bu işin öhdəsindən gələcək və biz ölkədə normal seçkilər keçirəcəyik. Əlbəttə, mən o fikirdən çox uzağam ki, biz Qərbi Avropa standartlarına cavab verən seçkilər keçirə bilərik. Bu, artıq nə prezident, nə dövlət orqanlarından asılı məsələ deyil, cəmiyyətin siyasi inkişafına bağlı məsələdir. Hər halda indiki inkişaf səviyyəmizə uyğun ATƏT-in standartlarına cavab verən, yaxud ona yaxın seçki keçirə bilərik. Bu potensial var. - Ölkədə “Qarabağ” seçki bloku elan olunub, həmçinin digər bir blokun yaradılması istiqamətində AXCP-Müsavat danışıqları gedir. Həmin bloklarla əməkdaşlığınız mümkündür? - Biz bütün bloklarla, hətta iqtidar partiyası ilə əməkdaşlığı mümkün sayırıq. Yəni seçkilərin demokratik keçirilməsi üçün əməkdaşlıq edə bilərik. Seçkinin birgə müşahidəsi, kənar müdaxilələrin qarşısının alınması istiqamətində əməkdaşlığı nəinki mümkün, hətta vacib sayırıq. Başqa bloklar, həmçinin hakim partiya maraq göstərərsə, biz seçki ərəfəsində bu blokların, yaxud seçkiyə qatılan siyasi partiyaların rəhbərlərinin iştirakı ilə dəyirmi masa, hətta bağlı qapılar arxasında dialoqunu keçirmək olar. Yəni necə edək ki, seçkilər demokratik keçirilsin, uduzan tərəf isə artıq nəticələrə qara yaxmasın. Bizdə uduzma mədəniyyəti də bir problemdir. O baxımdan ola bilsin biz belə bir təşəbbüsdə olaq. Çünki seçki ümummilli məsələdir. Danışmaq olar ki, seçkiləri necə keçirək ki, hamı nəticələrə inansın və uduzan tərəf digərinin əlini sıxsın, seçkilər hamı tərəfindən qəbul olunsun. - AXCP-Müsavat danışıqlarını izləyirsinizmi? - Sözün doğrusu, hesab edirəm ki, AXCP ilə Müsavatın yaradacağı blok keçmişi təmsil edən blok olacaq. Fikrimcə, Azərbaycanı irəli aparacaq yeni bloklar olacaq və burda da mən yaratdığımız bloku öndə görürəm. Ola bilər insanlar fərdi keyfiyyətlərinə görə hansısa namizədə dəstək versin. Ola bilər ki, seçici “bu, Elşad Paşasoydur və buna görə səs veririk” desin. Amma filankəs Müsavat-AXCP blokunun namizədidir deyə, sizlərin geniş səs alacağına çox böyük şübhə edirəm. - Bu, sizdəki informasiyadır, yoxsa sadəcə ehtimal? Məsələ burasındadır ki, bələdiyyə seçkilərində bu iki partiyanın namizədlərinin qeydiyyatını belə əngəllədilər. O zaman hesab olunurdu ki, bu, parlament seçkilərinin anonsudur... - Yox. Səbəb vaxtilə bir-birini xəyanətdə ittiham etmiş iki partiyanın seçki qapını kəsəndə bir araya gəlməsi və Əli Kərimlinin öz müttəfiqlərini kənara qoymasıdır. Ona görə də güman etmirəm ki, bu birliyə görə Müsavata da səs verən olsun. Yəni Əli Kərimli ilə əməkdaşlığa getməklə Müsavat Partiyası da öz imicinə böyük zərbə vurdu. - Əbədi düşmənçilik olmadığı kimi, əbədi müttəfiqlik də olmur. Bilmək olmaz ki, sabah sizinlə İlyas İsmayılov və ya Fazil Mustafa arasında münasibətlər necə olacaq. - Sabah partiyaların yolları ayrıla, yaxud hansısa partiya parçalana bilər. Bizdə anormallıq odur ki, məsələn, kim indiyə qədər hansı partiyanın üzvü olubsa, deməli, ölənə qədər o partiyanın üzvü olmalıdır. Sən həmin partiyadan ayrılsan, xəyanətdə ittiham olunacaqsan. Təəssüf ki, hələ də bu fikir şüurlara hakim kəsilib. AXCP-Müsavatla bağlı vəziyyət başqadır. Ötən seçkidən sonra iki partiya Əli Kərimlini müdafiə edib. Deyiblər ki, İsa Qəmbər yox, Əli Kərimli haqlıdır. Bura qədər onlar Əli Kərimli ilə birgə gəliblər. Ancaq növbəti seçkiyə çatanda Əli Kərimli onunla gələn adamları qırağa qoyub özünün də haqsız saydığı Müsavatla seçkiyə gedir. Siz bu əməkdaşlığın nəticəsini görəcəksiniz. Bu, hansısa informasiya deyil, istənilən siyasətçinin proqnozlaşdıra biləcəyi və real faktlara söykənərək gəlinən nəticədir. Hər halda siz öz fikrinizdə qala bilərsiniz, bu, mənim fikrimdir. - Belə başa düşdüm ki, müdafiə edə biləcəyiniz namizədlər sırasında Əli Kərimli olmayacaq. - Sözsüz. - Özünüz hansı dairəni seçirsiniz? - Goranboy-Ağdam-Tərtər dairəsindən qatılmaq niyyətindəyəm. Amma öz rayonumdan, Culfadan da namizəd ola bilərəm. - Deməli, Naxçıvana könüllü gedən partiya sədri kimi tarixə düşə bilərsiniz. Deyirlər oralar çox qorxuludur... - (Gülür) Heç bir qorxusu yoxdur. O da ayrı-ayrı məmurların sifariş etdiyi bir antitəbliğatdır, bu yolla insanları çəkindirirlər. Mən oradan da seçkilərə qatıla, seçicilərin etimadını qazana bilərəm. Amma son qərarı, yəqin ki, seçki ərəfəsində verəcəyik. Elşad PAŞASOY 2890 dəfə baxılıb
|
[28.01.2012] - “AVTORİTAR LİDERLƏR SİYASİ SƏHNƏDƏN BİRDƏFƏLİK ÇƏKİLƏCƏKLƏR” [26.01.2012] - “MƏN HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...” [22.12.2011] - “METRODAKI TİCARƏTDƏN AYDA 100 MİN MANAT GÖTÜRÜRƏM” [21.12.2011] - “ANAM “CAN BAKI” DEYƏNDƏN SONRA RAHAT YATIRDIM” [12.12.2011] - “PROSESLƏR RUSİYANIN DAĞILMASINADƏK DƏ GEDƏ BİLƏR” [02.12.2011] - HACI İLQAR İBRAHİMOĞLU İNSAN HAQLARI, “500 NÜFUZLU MÜSƏLMAN” VƏ AŞURA DÖNƏMİ BARƏDƏ [22.11.2011] - “BORCUMU YERİNƏ YETİRMƏK ÜÇÜN GETDİM...” [21.11.2011] - “BUNLARIN NADANLIĞI ONDADIR Kİ...” [16.11.2011] - TANINMIŞ HÜQUQŞÜNASDAN ATƏT-ə KƏSKİN İTTİHAMLAR [15.11.2011] - “ZİYALI XALQIN SÖZÜNÜ DEYİRSƏ, SONUNU DÜŞÜNMƏMƏLİDİR” [09.11.2011] - “DÖVLƏT BAŞÇISINI DEBATA ÇAĞIRIRAM” [02.11.2011] - “QARŞIDA ELƏ İLLƏR VAR Kİ, HƏR ŞEYİ HƏTTA SIFIRDAN DA BAŞLAYIB DÜZƏLTMƏK MÜMKÜNDÜR” [31.10.2011] - “BƏZƏN DEYİRƏM Kİ, GÖR ÖMRÜMÜ NƏYƏ SƏRF ETDİM...” [24.10.2011] - “NOYABRIN 8-də YAP SƏDRİNƏ MÜRACİƏTİM OLACAQ” [17.10.2011] - “BU SƏNƏDİ İLLƏR BOYU HƏYƏTDƏKİ QUYUNUN İÇİNDƏ SAXLAYIBLAR” [10.10.2011] - “ELƏ O VAXTDAN QARA YAYLIQ MƏNİM SİRDAŞIM OLDU” [03.10.2011] - “DÜŞÜNMÜRƏM Kİ, KİMİNSƏ HƏDƏFİNDƏYƏM” [26.09.2011] - “ORTADA TÜRKİYƏDƏN ÜÇ, AZƏRBAYCANDAN DA BİR MƏSƏLƏ VAR” [23.09.2011] - İLHAM RƏHİMOVUN QIZI “YENİ MÜSAVAT”a DANIŞDI |
| Yeni MÜSAVAT © 2008 |
|