23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

2012-02-02

16 mərtəbəli binanın 5-ci qatı...
146 jurnalistin mənzil alacağı kitab formalı binada işlər sürətləndirilib: amma Vüqar Səfərli deyir ki, mənzillərin paylanması ilə bağlı kriteriyalar hələ müəyyənləşdirilməyib

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bugünlərdə mətbuata verdiyi açıqlamada demişdi ki, jurnalistlər üçün tikilən binanın 5 mərtəbəsi artıq hazırdır. Dünən sözügedən tikinti ilə maraqlanmaq üçün əraziyə baş çəkdik.

Bibiheybət məscidinin yanına çatıb, taksi sürücülərindən jurnalistlər üçün tikilən binanın hansı həndəvərdə olduğunu xəbər aldım. “Ora çox dolaşıq bir yerdədir. İki tərəfdən yol olsa da, avtobusdan düşüb xeyli piyada yol getməlisiniz”- deyə taksi sürücülərindən biri üz-gözünü turşutmuş cavab verdi. Rastıma çıxanlardan soruşa-soruşa, nəhayət, 35 dəqiqəyə kələ-kötür yollarla gəlib çatdım “hadisə yerinə”. Ərazidə xeyli həyət evləri var. Sakinlərin bir neçəsi ilə həmsöhbət oldum. 10 ildən çoxdur burada məskunlaşdıqlarını deyən Aydın Rüstəmov adlı sakinin sözlərinə görə, ərazinin bir hissəsi Bayıl, digəri isə Bibiheybətə aiddir: “Buradakı evlərin hamısı söküləcək. Deyilənə görə, 26-ya yaxın hündür mərtəbəli bina tikiləcək. Burada bizə də ev versələr, jurnalistlərlə qonşu olacağıq”. Sakinlər deyir ki, jurnalistlər üçün tikilən binanın ərazisi Dövlət Neft Şirkətinə aiddir. “Deyirlər, bu ərazinin hamısı Neft Şirkətinindir. Burada da elə neftçilər üçün yaşayış binaları ucaldılacaq”- bunu da başqa bir sakin dedi. Sakinlərlə söhbətimi burada yekunlaşdırıb, tikilməkdə olan mətbuat şəhərciyinə yollanıram. Tikinti gedən ərazidə kran, ağır tonnajlı maşınlar gözə dəyir. Tikintinin yan tərəfində isə hasara alınmış ərazinin kənarı ilə iri arx axır. Bura taxta “körpü” qoyulub. 

Kitab şəkilli binalar, qala kimi qorunan ərazi və tenderdə “qalib gələn” şirkət

Hasardan içəridə gərgin iş gedir. Adının çəkilməsini istəməyən fəhlə bizimlə söhbətində bildirdi ki, tikintidə çalışan fəhlələrin maaşı çox aşağıdır: “Günümüzə 13-15 manat pul verirlər. Soyuq havada işləmək çox çətindir”. Fəhlələr deyir ki, havalar şaxtalı keçdiyi üçün iş dayandırılıbmış. Fəhlələrin narazılığını dinlədikdən sonra iş icraçısını danışdırdıq. Adının Mütəllim olduğunu deyən iş icraçısı bildirdi ki, tikintini “Ports” MMC aparır. Tikinti gedən əraziyə heç kimin buraxılmadığını deyən iş icraçısı binanın şəklini çəkməyə də icazə verilmədiyini söylədi: “Hazırda iki binanın hər ikisinin 5 mərtəbəsi tikilib. Artıq 6-cı mərtəbədə iş gedir. 2-3 otaqlı mənzillər tikilir. Biz işimizi sürətlə görürük. Ancaq bizə tapşırıq verilib ki, burada çəkiliş aparmağa kiməsə icazə verməyək”.
Tikilməkdə olan binaya gəlincə, 16 mərtəbəli binanın 2 mərtəbəsi qaraj kimi nəzərdə tutulub: “Tikinti işlərinin yay aylarına kimi yekunlaşdırılması planlaşdırılır. Binalar da kitab şəklində tikilir. Bir hissəsi Neft Şirkətinin tikildiyi binalara, bir hissəsi isə dənizə baxacaq”- deyə fəhlələrdən biri söylədi. Fəhlələr tikintinin yüksək səviyyədə görüldüyünü desələr də, qazıntı işləri aparılarkən yerdən su çıxdığını da dilə gətirdilər: “Binanın təməli qoyulan zaman da narazılıq yaranmışdı. Hətta yerin dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Amma sonradan dedilər ki, buradan axan çirkab su qurudulacaq”. Onu da öyrəndik ki, hazırda ərazidə Dövlət Neft Şirkətinin işçiləri üçün heç bir tikinti getmir.

146 evsiz jurnalist ev ala biləcək: bəs seçim necə aparılacaq?

Qeyd edək ki, Prezident İlham Əliyev 2010-cu il iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan KİVDF-yə  5 milyon manat vəsait ayrılıb. Ev üçün yeri Dövlət Neft Şirkəti ayırıb və Bakı Şəhər İcra Hakimiyyəti bunun üçün sərəncam verib. Həmin bina da ayrılan vəsait hesabına tikilir. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tikinti gedən ərazidə iki deyil, bir bina tikilir: “Bina 16 mərtəbəli, 2 blokludur, 2-3 otaqlı, 146 mənzildən ibarət olacaq. Binanın mənzilləri 2013-cü ilin sentyabr ayına qədər tam təmir olunmuş şəkildə jurnalistlərin istifadəsinə veriləcək”.

İndi evsiz jurnalistləri bir məsələ düşündürür: 146 xoşbəxt jurnalist necə seçiləcək?

V.Səfərli deyir ki, bu, tikinti işləri yekunlaşdıqdan sonra bilinəcək. “Bunun üçün kriteriyalar hələ müəyyənləşdirilməyib. Kriteriyalar müəyyənləşdiriləndən sonra bu, mediaya açıqlanacaq və o zaman bəlli olacaq ki, hansı jurnalist mənzil almaq üçün sənəd verə biləcək, hansı jurnalist yox. Təbii ki, komissiya yaradılacaq və qəzet redaktorları, jurnalist təşkilatlarının sədrləri ilə danışıqlar aparılacaq”. “Bəs jurnalistlərdən gələcək təklif məsələsinə baxılacaqmı?” sualına onun cavabı belə oldu: “Jurnalistlər nə təklif verə bilər ki? Əlbəttə yox”.

Günay MUSAYEVA

1555 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008