 |
Media
DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB 2012-02-13 Səbəb sosial şəbəkələr, statuslar, “layk”lardır; Azərbaycanda qadağa yoxdur, amma fikir ayrılığı var...
|
Sosial şəbəkə insanların evinə girən gündən həyat öz axarını dəyişib. Kimin başı ağrıyırsa, ayaqqabısı ayağını sıxırsa, rahat şəkildə bunu yüzlərlə, minlərlə dostu ilə paylaşır. Bu durum jurnalistlər üçün bir qədər fərqlidir. Hansısa media qurumunu təmsil edən jurnalist öz statuslarında istədiyini paylaşa bilərmi bəs? Tutaq ki, qəzetin siyasətinə zidd olan fikrini, telekanalda deyə bilmədiyi radikal düşüncəsini? Dünya mətbuatında bununla bağlı çox maraqlı bir durum yaranıb. Öncə okeanın o tayına nəzər salaq, sonra qayıdarıq Azərbaycan jurnalistlərinə, onların tvitlərinə, statuslarına... BBC-də də qadağa var, “The Waşhinqton Post”da da, türkiyəli redaktorlar bu məsələdə daha radikaldır
BBC-də işləyən jurnalistlər bundan sonra “Twitter”də hansısa bir gəlişməni, aktual xəbəri paylaşmadan öncə bu barədə ofisdəki həmkarlarına xəbər verməlidir. BBC rəhbərliyi hesab edir ki, jurnalistin xəbəri öz arkadaşları ilə paylaşmasındansa, media qurumunun paylaşması daha doğrudur. BBC-nin sosial media redaktoru Chris Hamilton deyib ki, sosial media inqilabı xəbər mərkəzlərinin az qala formasını dəyişdirib: “Bu səbəbdən də əksəriyyəti gənclərdən ibarət olan jurnalistlər də istəyir ki, təmsil etdikləri media qurumlarından asılı olmadan, müstəqil şəkildə nüfuz qazansınlar. Bizə çatan önəmli xəbərləri ancaq həmkarlarla paylaşdığımız dönəmlər çoxdan geridə qalıb”. “The Washington Post” qəzetində isə çox daha maraqlı bir qadağa var. Rəhbərlik jurnalist və redaktorlara “sosial mediada siyasi dartışmalara qoşula bilməzsiniz və cəmiyyətə açıq olan dartışmalarda tərəf tutmanız qadağandır” mesajını yollayıb. Mesajda həmçinin qeyd olunub ki, “yazdığınız, tveet-lədiyiniz, ya da profilinizdə paylaşdığınız hər şey siyasi, irqi, cinsiyyətçi, dini və başqa cür tərəf tutmaq kimi qəbul edilə bilər. Bu da qəzetçi obyektivliyini zədələyən bir faktordur”. “Sky News”da qadağalar daha sərtdir. Orda da jurnalistlərə şirkətin işçiləri olmayanlara aid mesajları yenidən göndərmələri (retweet etmələri) yasaqlanıb. Bundan başqa, “Sky News”da işləyənlərin sadəcə öz profillərində status paylaşmaları və işə aidiyyəti olmayan mövzularda şərh yazmamaları barədə xəbərdarlıq edilib. “The New York Times” qəzeti rəhbərliyi isə jurnalistlərinə sosial media vasitəsilə siyasətçilərlə bağlı hansısa tərif və ya təhqir işlətməyə icazə vermir. Türkiyənin nüfuzlu “Habertürk” qəzetinin rəhbəri Fatih Altaylı bildirib ki, qəzetçilərin sosial mediadan istifadə formalarını bəyənmir. Buna görə də F.Altaylı redaksiya işçiləri üçün bu məsələ ilə bağlı etik qaydaları dəqiqləşdirəcək bir mətn hazırlayır: “Düzü, köşə yazarlarının fikirlərini və düşüncələrini ”Twitter", “Facebook” vasitəsilə yayınlamalarına tərəfdar deyiləm. Çünki bizim bunları yayımlamaq üçün bir qəzetimiz və bu qəzetlə bağlanmış bir müqaviləmiz var, Hər şeydən öncə köşə yazarlarımızın hansısa mövzu ilə bağlı fikirlərini qəzetdən öncə sosial şəbəkədə paylaşması işimizə ziyan verir. Yəni, oxucunun köşə yazarı ilə qəzet vasitəsilə qurmalı olduğu bağı zəiflədir. Bundan başqa, köşə yazarının sosial şəbəkədə yaratdığı şəxsiyyət imici ilə qəzetdəki arasında çıxa biləcək fərqliliklər oxucunu narahat edə bilər. Sosial şəbəkədə qəzetdəkindən daha cəsur yazılar yazması isə qəzetə ziyan vurur, oxucunun gözündə qəzetin azad, müstəqil imicinin sarsılmasına yol açır. Mən burada dostlarımın heç bir yazısına, fikrinə müdaxilə etmədiyim halda, sosial şəbəkədə fərqli bir fikir ortaya qoyulduğu zaman elə görünür ki, guya mən burada bir senzura tətbiq edirəm".
Azərbaycan mediası iki cəbhədə - bir tərəfdə redaktorlar, o biri tərəfdə jurnalistlər...
“Azadlıq” qəzetinin reportyoru Ramin Deko bildirdi ki, bloqu olmadığı üçün fikirlərini bildirmək məqsədilə sosial şəbəkələrdən istifadə edir: “Buradakı imkanlardan istifadə edib özünüifadə edirəm. "Azadlıq" qəzetində hər hansı bir məsələyə münasibət bildirməyim düzgün deyil. Çünki münasibəti o jurnalistlər bildirirlər ki, kifayət qədər təcrübələri, ictimai rəyə təsir etmək imkanları var. Ona görə də bütün məsələlərə sosial şəbəkələrdə, redaktorun redaktəsi olmadan münasibət bildirirəm. Jurnalist kimi tərəfsiz olmalıyam. Hadisələrə bir tərəfli yanaşa bilmərəm. Ancaq sosial şəbəkədə öz mövqeyim var. Bir növ vətəndaş mövqeyimi ifadə edirəm. Mənim yazdığım statuslar redaksiyanın mövqeyini əks etdirmir. Ancaq elə statuslar yazmıram ki, redaksiyanın mövqeyi ilə daban-dabana zidd olsun. “Azadlıq”da mənim yazmağım üçün hələ tez olan mövzuları bir vətəndaş olaraq sosial şəbəkələrdə paylaşıram". “Kulis.az” saytının redaktoru Qan Tural isə hesab edir ki, məsələ ilə bağlı müxtəlif mövqelər mövcuddur: “Məsələn, bəziləri hesab edir ki, jurnalistin öz fikrini ifadə etmək üçün qəzeti var, orda öz fikirlərini açıqlamalıdır. Amma bəs qəzetdə öz şərhlərini vermək imkanı olmayan müxbirlər necə olsun? Ya da köşə yazarını götürək. Bir gün ərzində on tvit atan Ahmet Hakan axı bu on məsələni hamısını qəzetdəki köşəsində istəsə də yaza bilməz? Ya da mən misal üçün Kafkanın ”Qəsr" romanını oxuyuram. Bunu köşəmdə yazmağa borclu deyiləm ki". Müsahibimiz sosial şəbəkədəki aktivliyinə görə rəhbərliklə hər hansı problem yaşamadığını dedi: “Amma açıq etiraf edim ki, sosial şəbəkələrdə kəskin siyasi mövqe bildirməyin əleyhinəyəm. Bu, jurnalistin tərəfsizliyini pozur. Jurnalist siyasi partizan deyil, onun qabarıq şəkildə siyasi mövqeyi olmamalıdır. Qəzetdə də bu fərq qabarıq şəkildə sezilir. Belə ki, siyasətçilərlə, məmurlarla ya da ictimai xadimlərlə müxbirlər çalışır, amma şərhləri köşə yazarları verir. Köşə yazarı da sosial şəbəkədə özünü köşəsində hiss etdiyi qədər rahat olmalı, amma elə o qədər də media etikasına və hüquqa sayğılı olmalıdır”. “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Facebook”da 5 minə yaxın dostu olan Zamin Hacı isə hesab edir ki, bu qadağa söz azadlığının pozulmasıdır. Onun fikrincə, jurnalistin qanunu pozmayan, qəzetin adından edilməyən heç bir açıqlaması, statusu qəzetin imicinə təsir edə bilməz. Jurnalist Ekspert Mərkəzinin rəhbəri, yazar Ceyhun Musaoğlu bildirdi ki, bəzi media qurumlarında sosial şəbəkələrdən istifadə ya tam qadağan olunub, ya da ciddi məhdudiyyət qoyulub. Onun fikrincə, belə mövqe çox güman ki, mühafizəkarlıqdan irəli gəlir: “Əslində isə absurd yanaşmadı. Müasir dünyada kütləvi oxucunu yalnız sosial şəbəkədə tapmaq mümkündü. İstəməsək belə yeni əsrin quruluşu belədir. Bu mənada sosial şəbəkələrdən istifadə olunmasına qoyulan qadağa məhz həmin KİV-ə böyük ziyandı. Şəxsən mən belə qadağa ilə üzləşməmişəm. Məntiqlə sosial şəbəkələrdəki statuslarım, rəylərim işlədiyim mətbu orqanın siyasi kursuna zərrə də təsir edə bilməz”. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də əcnəbi həmkarlarının fikri ilə qismən razıdır. Deyir ki, qəzetlərin məşhur imzalarına, brendlərinə belə yasaqlar qoyması başa düşüləndir. Onun fikrincə, məşhur qəzetin əməkdaşının sosial şəbəkədə yazdıqları həm də o media orqanının fikirləri kimi qəbul oluna bilər: “Mən bir redaktor olaraq, işçilərə belə qadağa qoymamışam. Amma hansısa əməkdaşın fikri qəzetin ümumi prinsiplərinə xələl gətirərsə, iradımı deyə bilərəm”. “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu isə sosial şəbəkələrdən istifadə etmədiyi üçün mövzuya tamam fərqli prizmadan yanaşır. Həmkarımız jurnalistin sosial şəbəkədə olmasını o qədər də faydalı iş hesab etmir. Onun fikrincə, aktiv jurnalist kompüter masasından kənarda, yəni aktiv həyatdan yazdığı yazılarla oxucuya daha çox xeyir verə bilər: “Mən də qadağaları dəstəkləyirəm. Hətta qeyri-rəsmi şəkildə bir neçə dəfə redaksiya rəhbərliyi qarşısında məsələ qaldırmışam ki, sosial şəbəkəni redaksiyada yasaqlayaq”. N.Sabiroğlu deyir ki, sosial şəbəkə istifadəçiləri olan jurnalistlər burada xəbərləşmə adına faydalandıqlarını arqument kimi irəli sürsələr də, buna konkret misal gətirə bilmirlər. Müsahibimizin fikrincə, jurnalistin sosial şəbəkədə fəallığı ancaq bir məqamda qəzetə faydalı ola bilər: “Tutaq ki, jurnalist yazdığı, sabah qəzetdə çap olunacaq hansısa yazısı ilə bağlı öz statusunda anons verirsə, bu, müsbət haldır. Bu zaman qəzetin də tirajına və müəllifin reytinqinə müsbət təsir göstərər. Amma sosial şəbəkənin faydaları ilə bağlı deyilən arqumentlərlə də razılaşmaq zorundayam”. Sonda... Hamı öz fikrində qaldı. Jurnalistlər sosial status, tveet atmağa davam, redaktorlar isə düşünməyə. “Like” edib-etməmək sizin ixtiyarınızda... Sevinc TELMANQIZI 382 dəfə baxılıb
|
[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ [23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA [23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB? [23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI [23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR” [23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA [22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA [22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR” [22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ [21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM [20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ [20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ [20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ” [19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU [19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ [18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR [18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ [18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?” [18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI [17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ ARXIV
|