 |
Media
AZƏRBAYCAN MƏTBUATINI CİDDİ TƏHLÜKƏ GÖZLƏYİR
Milli Məclis media qanunvericiliyinə mürtəce dəyişikliklər etməyə hazırlaşır; deputatlar qanunlara antidemokratik əlavələrə qarşı çıxacaq
|
Hakimiyyət bir neçə qanuna əlavə və dəyişiklik etməyə hazırlaşır. Prezident Administrasiyasından Milli Məclisə “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək azadlığı haqqında” qanunlara əlavə və dəyişikliklər təklifi gəlib. Dövlət quruculuğu və hüquq siyasəti və İnsan haqları daimi komitələrinin iclasında həmin əlavə və dəyişikliklər müzakirə də edilib və Milli Məclisin 12 fevralda keçiriləcək iclasının gündəliyinə daxil olunub. Adıçəkilən qanunlara belə bir əlavənin daxil edilməsi təklif olunur: əməliyyat axtarış halları istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq izlənilməsi, video və fotoçəkilişi, səs yazısı, KİV nümayəndələri tərəfindən izlənilməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Media mütəxəssisləri “KİV haqqında” Qanuna edilməsi gözlənilən dəyişiklikləri azad jurnalistika üçün təhlükə hesab edirlər. Artıq Media Hüququ İnstitutu media qanunvericiliyinə hazırlanan əlavə və dəyişikliklərə etiraz olaraq bəyanat yayıb. Bu barədə “Yeni Müsavat”a təşkilatın rəhbəri Rəşid Hacılı məlumat verib. “Jurnalist fəaliyyəti könüllü verilən bilgiləri yaymaqla məhdudlaşdırıla bilməz” - deyə R.Hacılı vurğulayıb. Qurumun yaydığı bəyanatda isə bildirilir ki, “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərini pozan Milli Məclis administrasiyası bu təklifləri parlamentin saytı vasitəsilə zamanında açıqlamayıb: “Özündə ifadə azadlığı üçün ciddi təhlükələri daşıyan bu qanunvericilik təklifinin qeyri-şəffaf şəraitdə, ictimai müzakirələr olmadan, tələm-tələsik qəbul olunması heç bir halda məqbul sayıla bilməz”. MHİ belə dəyişikliyin qəbul edilməsinin jurnalistlərin məlumat toplamaq və yaymaq azadlığına ağır zərbə vuracağını düşünür: “Jurnalist fəaliyyəti təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla məhdudlaşdırıla bilməz. Jurnalistin məlumat toplamaq hüququ sadəcə gözlə müşahidə etməklə də məhdudlaşdırıla bilməz. Araşdırma aparan jurnalist nəinki hər hansı şəxsi izləmək haqqına, eləcə də hər hansı məlumatları texniki vasitələrdən istifadə etməklə dinləmək və yazmaq haqqına sahib olmalıdır. Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz”. MHİ belə dəyişikliyin konstitusiyanın 47-ci və 50-ci maddələri ilə yanaşı, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə zidd, ifadə azadlığına qeyri-adekvat müdaxilə olduğunu bildirir. Qurum həmçinin parlamenti bu qanun layihələrinin ictimai müzakirələrdən keçirilməsi üçün imkanlar yaratmağa və ifadə azadlığına zərər vuran müddəaları təkliflər layihəsindən çıxarmağa çağırır. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynli də “Yeni Müsavat”a bildirib ki, qanunlara azad mətbuatın məhvini nəzərdə tutan əlavənin edilməsi yolverilməzdir: “Amma biz həmin dəyişikliklərdən tam məlumatlı deyilik. Bir-iki günə dəyişikliklərlə tanış olub bununla bağlı rəyimizi bildirəcəyik”. Deputat Pənah Hüseyn qanunlara belə əlavənin edilməsinin Azərbaycanda azad jurnalistikaya birdəfəlik son qoyulması olduğunu bəyan edib: “Bu əlavənin edilməsi Azərbaycanda söz və mətbuat azadlığının faktiki olaraq bitirilməsidir. Müasir jurnalist fəaliyyətinin mövcudluğunu foto, videoçəkilişdən, səs yazısından istifadə etmədən təsəvvür etmək mümkün deyil. Qanunlara həmin əlavənin edilməsi jurnalistləri həmin imkanlardan məhrum edir”. P.Hüseyn deyib ki, təcili olaraq söz və mətbuat azadlığı ilə bağlı olan şəxslər, bütün KİV nümayəndələri toplanıb prezidentə müraciət etməli və həmin düzəlişin geri çəkilməsinə mütləq nail olmaq lazımdır. Xatırladaq ki, 2000-2001-ci illərdə də mətbuat azadlığı tamamilə sıradan çıxmaq üzrə idi. Son dərəcə ağır situasiya yaranmışdı. Belə bir vəziyyətdə heç kimin gözləmədiyi halda ölkə prezidenti Heydər Əliyevlə redaktorların görüşü təşkil edildi. Məhz bu görüşdən sonra vəziyyət xeyli yumşaldı. Media kapitanları ilə dövlət başçısı səviyyəsində görüşün keçirilməsinə yenə zərurət yaranıb. Belə bir görüşün baş tutması isə hakimiyyətdən asılıdır. Qanunlara azad mətbuatı bitirəcək əlavənin edilməsini digər millət vəkilləri də yolverilməz hesab edir. Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli qanunlara öncə onun və həmkarı İltizam Əkbərlinin adından İnsan haqları komitəsində saxtakarlığa yol verilməsindən danışdı: “Mən komitənin həmin iclasında xəstə olduğum üçün iştirak etməmişəm. İltizam Əkbərli isə rayonda olub. Təbii ki, iclasda iştirak eləmədiyimiz üçün səs də verməmişik. İclasın stenoqramı, videogörüntüləri var. Bunlar vasitəsilə də sübuta yetirə bilərik ki, biz o iclasda iştirak etməmişik. Həftənin ikinci günü parlamentə gedəcəm və bu məsələni aydınlaşdıracam ki, iştirak etmədiyim iclasın protokoluna mənim iştirak etdiyim və səs verdiyim necə qeyd edilib. Bir müddət əvvəl də buna bənzər hadisə baş vermişdi. Mən etirazımı bildirdim, izahat tələb etdim. Bildirdilər ki, texniki səhv baş verib”. A.Səmədbəyli Müsavat deputat qrupunun qanunlara təklif olunan həmin əlavəyə Milli Məclisin plenar iclasında sərt münasibət bildirəcəyini dedi: “Mövqeyimizin mənfi olacağı şübhəsizdir. Çünki jurnalistlərin azad fəaliyyətinə təhlükə yaradacaq bir düzəlişə biz müsbət mövqedə ola bilmərik. Hakimiyyət azad jurnalistikanın, azad mətbuatın son işartılarını da məhv edib sıradan çıxarmaq istəyir. Qanunlara o cür düzəlişlərin başqa adı yoxdur. Müsavat deputat qrupunun və Müsavat Partiyasının buna kəskin münasibəti olacaq. Ölkədə azad medianın tamamilə bitirilməsini istəməyən bütün qüvvələr, təşkilatlar, şəxslər bu məsələyə etiraz səsini qaldırmalıdır”. Deputat İqbal Ağazadə də qanunlara belə bir əlavənin edilməsinin ölkədə söz azadlığına daha bir zərbə olacağını bildirdi: “2009-cu ilin martında keçirilən referendumda konstitusiyaya jurnalistlərin azad fəaliyyətinə qarşı olan maddənin daxil edilməsi digər qanunlara da belə bir antidemokratik düzəlişlərin olunmasına yol açıb. Qanunları konstitusiyaya uyğunlaşdırırlar. Biz referendumun, konstitusiyaya məlum dəyişikliklərin əleyhinə həm də buna görə çıxırdıq ki, o dəyişikliklər digər qanunlara da təsirini göstərəcək və ölkədə media azadlığına dəhşətli zərbə dəyəcək. Çox təəssüf ki, bizim bir il öncə etdiyimiz çabalara baxmayaraq referendum keçirildi və ölkənin ana qanunda antidemokratik dəyişikliklər edildi. İndi bəzi qanunlara etmək istədikləri əlavələr prosesin davamıdır. Bu əlavə və dəyişikliklər parlamentin iclasında müzakirəyə çıxarılarkən əleyhinə çıxış edəcəyəm. Referendumda hansı mövqe sərgiləmişəmsə, eyni mövqedə olacağam”. Röya RƏFİYEVA, Etibar SEYİDAĞA 859 dəfə baxılıb
|
[29.07.2010] - AĞ EVİN ŞƏKLİNİ ÇƏKƏNLƏRİ DÖYMÜRLƏR... [29.07.2010] - ƏFLATUN AMAŞOV ZAKİR QARALOVLA GÖRÜŞÜB [28.07.2010] - “YENİ AZƏRBAYCAN” HAKİMİYYƏTİN MEDİA İLƏ BAĞLI DÜNYAYA YENİ MODEL TƏKLİF ETDİYİNİ YAZIB [28.07.2010] - QƏZETLƏR 20 MİN MANATI NECƏ XƏRCLƏYƏCƏK? [28.07.2010] - EYNULLA FƏTULLAYEV MƏHKƏMƏ QƏRARINI GÖZLƏYİR [28.07.2010] - AVROPA KOMİSSİYASI JURNALİSTLƏR ÜÇÜN MÜSABİQƏ ELAN EDİB [28.07.2010] - “EV ÜÇÜN YER AXTARIRIQ” [27.07.2010] - İLHAM ƏLİYEV ÇAP MEDİASININ REKLAM PROBLEMİNİ HƏLL EDƏCƏKMİ? [27.07.2010] - ƏMƏKDAR JURNALİSTLƏR PUL DA ALACAQ [27.07.2010] - EYNULLA FƏTULLAYEVİN İŞİ İLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ VERİLDİ [25.07.2010] - 5 MİLYONA 450 MƏNZİL TİKMƏK OLAR [25.07.2010] - “ŞİKAYƏTƏ BÖYÜK PALATADA BAXILMAYACAĞINA ƏMİNƏM” [24.07.2010] - ALİ MEDİA MÜKAFATININ QALİBLƏRİ BƏLLİ OLDU [24.07.2010] - JURNALİSTLƏR ÜÇÜN MƏTBUAT ŞƏHƏRCİYİ TİKİLƏCƏK [24.07.2010] - JURNALİSTLƏR PREZİDENTİN MƏTBUATA MÜNASİBƏTİNİ TƏQDİR EDİR [23.07.2010] - "MEDİA AÇARI" MÜKAFATI VERİLDİ [23.07.2010] - ƏFLATUN AMAŞOV MEHMAN ƏLİYEVƏ CAVAB VERDİ [23.07.2010] - İLHAM ƏLİYEVİN MƏTBUATA DAİR ÇIXIŞI [23.07.2010] - TÜRKİYƏLİ JURNALİSTLƏR BAKIDADIR [23.07.2010] - YUBİLEYDƏ ƏFV OLMADI ARXIV
|