13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

LALƏ ŞÖVKƏTİN 200 MİN İSTƏDİYİ QƏZET...

2010-03-14

“Bizim yazıda Lalə xanımın adı çəkilməyib”
“Ölkə” qəzetinin kollektivi ALP liderinin iddiasını əsassız hesab edir

Məlum olduğu kimi, Liberal Partiyanın (ALP) lideri Lalə Şövkət “Ölkə” qəzetinin redaksiyasını, baş redaktor Rəfael Becanovu və “Orxan Sultanəli” təxəllüslü müəllifi Yasamal Rayon Məhkəməsinə verib. Lalə Şövkət iddia ərizəsində cavabdehlərin ona atılmış böhtanı təkzib etməsini, üzr istəmələrini və cavabdehlərin hər birinin 100 min manat məbləğində cərimə edilməsini tələb edib. İddia ərizəsində tələb edilib ki, cavabdehlərdən məhkəmə qərarı ilə tutulacaq bütün məbləğ Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın hesabına köçürülsün.

Bizimçün maraqlı gəldi, 200 min manat tələb olunan bir qəzetin imkanları necədir, onun kollektivi demokrat bir xanımın bu cür iddiası ilə bağlı nə düşünürlər? Kollektiv üzvlərindən kimlər 200 min manatı, lap elə 20 min manat olsun, bir yerdə görüb? Qəzet əməkdaşları nə qədər maaş alırlar? Qəzetin şəraiti və avadanlıqları necədir? Bütün bunlara aydınlıq gətirmək üçün qəzetin yerləşdiyi Azərbaycan Nəşriyyatına yollandıq.
Kasıb döşənmış, köhnə stol-stulları olan bir otaq. Deyilənə görə, bu otaq Sovetlər dönəmində “Pravda” qəzetinin Bakı redaksiyasına aid olub. Belə görünür ki, otaqdakı stol-stullar da həmin zamandan qalmadı. O da məlum olur ki, əməkdaşlardan heç biri nəinki 200 min manatı, heç 2 min manatı da bir arada görməyiblər. Həftədə bir dəfə çıxan qəzetin əməkdaşları olduqca cüzi maaş alırlar. O qədər cüzi ki, məhkəmə barələrində maliyyə cəzası kəssə, o pulu ödəmək üçün 50-60 il dayanmadan işləməlidirlər.
Sonra oturub məlum məqalədən və məhkəmə iddiasından danışırıq. “Ölkə” qəzetinin redaktoru Nicat Dağların sözlərinə görə, Lalə Şövkətlə bağlı yazılmış “Madam” ləqəbli KQB agenti" məqaləsi 4 nəfərin ərsəyə gətirdiyi yazıdır. “Lalə Şövkətin iddiası tamamilə əsassızdır. Ortada bir fakt var ki, yazıda onun şərəf və ləyaqətinə toxuna biləcək, bilavasitə onun özünə ünvanlanacaq hər hansı bir ittiham yoxdur. Müsavat Partiyasının başqanı İsa Qəmbərin məlum açıqlamaları var idi. Bu mövzu da həmin dövr üçün aktual idi. Biz də düşündük ki, həmin açıqlamalar ətrafında bir gəzişmə aparaq. Digər saytlarda da buna bənzər yazılar var idi. Əsasən İsa Qəmbərin açıqlamasından sonra, ona ilk reaksiyanın məhz Lalə Şövkət Hacıyevadan gəldiyini əsas götürərək, belə bir yazı ərsəyə gətirdik. Ancaq ”Madam ləqəbli KQB agenti" başlıqlı məlum yazıda bir kəlimə də olsun Lalə Şövkətin adı keçməyib. Yazıdan sonra isə Lalə Şövkət bizi məhkəməyə verdi. Ancaq bizim heç kimdən qorxub çəkinəcəyimiz yoxdur".
Qəzetin əməkdaşları hesab edir ki, heç bir demokrat insan Lalə Şövkətin atdığı addımı atmır: “Biz sona qədər mübarizə aparmağa hazırıq. Çox təəssüf ki, Lalə Şövkət korrupsioner, rüşvətxor məmurların seçdiyi yolu tutdu: müstəqil qəzeti məhkəməyə verdi. Halbuki, onun söz azadlığının müdafiəsi qismində çıxışları olub, özünü demokrat adlandırır və bu yöndə həmişə müxtəlif bəyanatlar verib. Bu isə o deməkdir ki, onun sözləri ilə əməlləri bir-birinə ziddiyyət təşkil edir”.
Qəzetin baş redaktoru Rəfael Becanov məhkəmələrin ədalətsiz qərar verəcəyindən ehtiyat etdiklərini bildirdi: “Lalə Şövkət bizdən 200 min manat tələb edir. Bu dəqiqə hansı qəzetin bu qədər pul ödəməyə imkanı var? Heç birinin. Bizim qarşı çıxdığımız onun tələb etdiyi məbləğ deyil. Bizi narahat edən iddianın əsassız olmasıdır. Biz Lalə xanımdan fərqli olaraq, Azərbaycan məhkəmələrinin ədalətli qərar verəcəyinə inanmırıq. Məhkəmə lehimizə də, əleyhimizə də qərar çıxarda bilər. İstənilən qərarla qarşı-qarşıya durmağa da hazırıq. Ancaq Lalə xanımın tələb etdiyi məbləğ ağlabatan deyil. Bunu o da çox gözəl bilir ki, qəzet ona 200 min manat ödəyə bilməyəcək”.
R.Becanov beynəlxalq jurnalist təşkilatlarına, “Sərhədsiz reportyorlar” təşkilatına, baş ofisi Nyu-Yorkda yerləşən “Jurnalistlərin müdafiə komitəsi”nə rəsmi müraciətlər ünvanladıqlarını qeyd etdi: “Lalə Şövkətin bu iddiasını söz və mətbuat azadlığına qarşı atılan növbəti addım hesab edirik. Biz həmin təşkilatlardan bu məsələyə müdaxilə etməsini istəyəcəyik. Bununla yanaşı biz bir neçə demokratik səfirliklərə müraciət edəcəyik.”
Qəzet əməkdaşları qəti şəkildə bildirdilər ki, “Ölkə” qəzeti bağlanmayacaq.
Qeyd edək ki, 200 min manat tələb edilən qəzetin redaksiyasının cəmi 1500 manatlıq avadanlıqları, inventarları var. Hətta burada 5 kompyuterdən yalnız biri internet şəbəkəsinə qoşulur. Redaksiyada 10 nəfər çalışır. Qalan əmlak Nəşriyyat evinə məxsusdur.
Baş redaktor bildirdi ki, Lalə Şövkəti məhkəmə iddiası qaldırmağa Əvəz Temirxan sövq edib: “Belə çıxır ki, bu adamlar sabah hakimiyyətdə olsalar, ölkədə müstəqil mətbuat olmayacaq”.
Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini dərc edərdik. Lakin təəssüf ki, “Azadlıq” blokunun digər rəhbərləri kimi, Lalə xanım da bizim qəzetimizi boykot edib.

Türkan TURAN

963 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008