 |
Media
BÖLGƏ TV-lərinin BİRLƏŞDİRİLMƏSİ İDDİASI BÖYÜYÜR 2010-08-29 Ələsgər Məmmədli: “Bu proses bir neçə ildir gedir və artıq yekunlaşıb” Rüstəm Əliyev: “Heç kimin əlindən televiziya alınmayıb, ”Reg TV" adlı şəbəkə isə mövcud deyil"
|
Qəzetimizin ötən sayında xəbər vermişdik ki, hakimiyyət bölgə telekanallarını əvvəlki sahiblərindən alaraq, bir əldə cəmləşdirilir. Məlumata görə, onlar tanınmış televiziyaçı Rüstəm Əliyevin sahibi olduğu “Reg TV” adlı şəbəkənin üzərinə alınır. Lakin bu telekanallar birbaşa Prezident Administrasiyasının tabeçiliyinə keçirilir, onlara ideoloji nəzarət isə hər bölgədən olan inanılmış şəxslərə həvalə edilir. Bu barədə məlumat verən mənbəmiz qeyd edib ki, bölgələrdəki bəzi telekanalların Qərb təşkilatları ilə əməkdaşlığına da son qoyulub. Hansı ki, həmin telekanallar böyük qrantlar əsasında bəzi layihələr həyata keçirirdilər. Bizə məlumatı verən mənbənin iddiasına görə, bu proses birbaşa seçkilərlə bağlıdır və müxalifətdən olan namizədlərin bölgə telekanalları ilə təbliğat kampaniyası aparmasının qarşısını birdəfəlik almağa hesablanıb. Bölgə telekanalları vasitəsilə təbliğat kampaniyası aparmaq Bakıya nisbətən xeyli ucuz başa gəlir və əvvəlki seçkilərdə bir sıra bölgələrdə müxalifətdən olan namizədlər onların efirindən yüksək səviyyədə istifadə ediblər. Dünən bu məlumatın izi ilə bir neçə mənbəyə baş vurduq. Adının çəkilməsini istəməyən bəzi bölgə telejurnalistləri məlumatı təsdiqlədilər. Onlar sözügedən prosesə bir neçə il öncədən hazırlıq getdiyini bildirdilər. Media məsələləri üzrə araşdırmaçı - hüquqşünas Ələsgər Məmmədli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sözügedən proses artıq yekunlaşıb. Onun sözlərinə görə, bir il öncə bölgə telekanallarının bir əldə cəmləşməsi prosesi öz həllini tapıb. Müsahibimiz telekanalların hər birində hakimiyyətin müəyyən payı olduğunu dedi: “Qeyri-rəsmi məlumatlara görə, artıq 5-6 telekanal birləşdirilib. Daha öncə hakimiyyət dairələrində də açıq şəkildə bildirilib ki, 2010-cu il seçkilərində regional televiziyalara üstünlük veriləcək. Bu məqsədlə də 2007-ci ildə Xaçmazda, 2008-ci ildə isə cənubda televiziyalar açıldı. Elə həmin il ”Kəpəz" TV-nin sahibi dəyişdirildi. Bildiyim qədər nəzarətdən kənarda heç bir bölgə televiziyası yoxdur". Ə.Məmmədlinin sözlərinə görə, maraq yalnız parlament seçkiləri ilə bağlı deyil. Medianın gücünün fərqində olan hakimiyyət onu nəzarətdə saxlamağa çalışır: “Layihə tam bitmiş hesab oluna bilər. Doğrudur, bundan sonra yeni regional televiziyaların açılması da mümkündür. Məsələn, İmişlidə yeni telekanalın açılması gözləniləndir. Amma bütün bölgə televiziyaları tam nəzarət altında olacaq. İdarə olunmalarına da vəsait ayrılır. Hələlik Dövlət Neft Şirkətinin vəsaitlərini bu işə həsr edirlər. Gələcəkdə necə olacağı bilinmir”. Adı bu məsələdə hallandırılan Rüstəm Əliyev isə “Yeni Müsavat”a açıqlamasında yazılanları təkzib etdi. Onun sözlərinə görə, regional televiziyalar hər zaman mövcud olub. Onların yaradılması, fəaliyyəti də normal axınla baş verib: “Mənim bu işə başlamağım 2006-cı ilə təsadüf edir. Amma sizin yazdığınız kimi, ”Reg TV" adında nə hüquqi, nə də faktiki baxımdan bir şəbəkə mövcud deyil. Sadəcə olaraq, bu işi bilən bir mütəxəssis kimi bir neçə televiziyanın yaranmasında iştirak etmişəm. Amma məndə olan məlumata görə, bu günə qədər Azərbaycanda heç kimin əlindən heç bir televiziya alınmayıb və heç kim məcbur edilməyib ki, televiziyasını satsın". R.Əliyev onu da dedi ki, haqqında yazdığımız proses 2010-cu ilə özəl deyil. Onun dediyinə görə, bölgələrdə hər zaman televiziyalar açılıb. O, bu proses zamanı daim məsləhətçi rolunda çıxış etdiyini vurğuladı: “Məndən məsləhət alınıb ki, bu televiziya necə qurula bilər, burda hansı televiziya yayım sistemi tətbiq olunsa daha yaxşıdır, mütəxəssislər haradan toplana bilər, treninqlər harada keçirilə bilər və s. Bunların hamısında iştirak etmişəm. Bu televiziyaların heç biri nə bu gün, nə də sabah keçiriləcək seçkilərə görə birləşdirilməyib. Onların proqram siyasətinə baxsanız, görərsiniz ki, fərqli və özlərinə məxsus proqramları var. Hamısının fərqli xəbər siyasəti var. Biri gündə 6, o biri 2 dəfə xəbər proqramı yayımlayır. Bölgə televiziyaları arasında yaradıcılıq baxımından əməkdaşlıqlar isə mövcuddur. Onlar öz aralarında istehsal etdikləri proqramları dəyişirlər, film alıb göstərməkdə əməkdaşlıq edir, bir-birinə reklam baxımdan köməklik göstərirlər. Bu, onların yaşaması üçün vacibdir”. R.Əliyev bölgə telekanallarının bəzi Qərb təşkilatları ilə əməkdaşlığına son qoyulması məsələsini də təkzib etdi. Bu qisimdə İREX-in adını çəkdiyimizdə isə bildirdi ki, sözügedən təşkilat ötən ilədək bölgə televiziyaları ilə əməkdaşlıq edib və əksər bölgə telekanallarına Azərbaycan dilində dublyaj filmləri və teleötürücülər verib: “Ola bilər ki, bu təşkilatın layihəsi artıq başa çatıb. Amma bildiyimə görə beynəlxalq təşkilatların dəstəyi ilə bir çox tok-şoular, sorğular, proqramlar yayımlanıb və bu, bəzi televiziyalarda indi də davam edir. Bu sahədə də, məncə, hər hansı məhdudiyyət yoxdur. Seçkiqabağı təbliğat kompaniyasına gəldikdə isə bölgə televiziyaları müstəqil olduqlarından qanunvericiliyə müvafiq olaraq ödənişli əsaslarla namizədlərin seçkiqabağı təbliğatını həyata keçirə bilərlər. Sevinc TELMANQIZI 598 dəfə baxılıb
|
[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB [12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... ARXIV
|