13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

EVİ SÖKÜLƏN ƏHALİ MƏMURLARIN ÜSTÜNƏ YÜRÜDÜ

2010-08-29

Sakinlərə metro tikintisi ilə bağlı saxta sənədlər paylanıb; metropoliten rəsmisi jurnalistləri görən kimi qaçdı; köçkünlərin aksiyasının qarşısı alındı

Binəqədi rayonu, 7-ci mikrorayonda məskunlaşmış məcburi köçkünlər evlərinin sökülməsinə etiraz əlaməti olaraq dünən səhər saatlarında yürüş keçirdilər. Sakinlər adıçəkilən ərazidə metro deposunun tikilməsi ucbatından haqlarının tapdalanmasına etiraz edirdilər. Elə səhər saatlarında etirazçılar Azərbaycan Beynəlxalq Universiteti (ABU) yaxınlığında yeni tikiləcək “Müşfiq” metro stansiyasına doğru hərəkət etdilər. Əraziyə cəlb olunmuş çoxsaylı polis qüvvələri aksiyaçıların yürüşünün qarşısını almağa çalışırdı. Açılacaq yeni stansiyanın yanında qarşısı alınan sakinlər rəsmi şəxslərlə görüşmək istədiklərini diqqətə çatdırdılar. Sakinlər məmurların onları aldadaraq saxta sənədlərə qol çəkdirdiklərini də bildirdilər.

Səadət xanım adlı narazı sakin indiki vəziyyətdə ərazidə yaşamağın belə təhlükəli olduğunu söylədi: “Evlərimizin yaxınlığındakı qəbiristanlıqdakı məzarların üstünü açıblar. Burada heç bir dezinfeksiya işləri aparılmır. Bunların hamısı xəstəlik mənbəyidir. Körpə uşaqlarımız var. Barı bunu fikirləşsinlər. Qəbirlərin üstü açıq qalır. Məcbur qalıb özümüz qəbirlərin üstünü örtürük. Bundan əlavə, bizə Bakı Metropoliteni rəhbərliyinin rəsmi bildiriş sənədləri paylanıb. Orada evlərimizin qanunsuz tikili olduğu bildirilir və bir ay ərzində ərazini tərk etməyimizdən xəbərdar olunmağımızı bildirən sənədə qol çəkməyimiz tələb edilir. Bunu anlamayan və savadı olmayan sakinlər də həmin kağızlara imza atıblar. Bundan əlavə, bizim buradan köçürüləcəyimizi deyirlər. Amma hara köçürüləcəyimizi demirlər. Biz dövlətin binalarında yaşamırıq, bu evləri öz zəhmətimizlə, öz pulumuzla tikmişik. Özü də bu torpaqlar bizə sənədlər əsasında satılıb. Biz halal haqqımızı tələb edirik. Terror, dövlət çevrilişi etmirik ki, bu qədər polisi bizim üstümüzə töküblər. İstəyirik ki, rəsmi şəxslər bizim suallarımıza cavab versinlər”.
Bir neçə dəqiqədən sonra Binəqədi Rayon Polis İdarəsinin (RPİ) rəis müavini, polis işçiləri və metropoliten rəsmilərinin də iştirakı ilə narazı sakinlərlə görüş keçirildi. Polis əməkdaşları “Bizim yol” qəzetinin reportyoru Ramid İbrahimovla kobud rəftar edərək onun görüş keçirilən binaya daxil olmasına və hadisəni işıqlandırmaq üçün fotoşəkil çəkməsinə imkan vermədi. Sakinlərin müdaxiləsindən sonra iki jurnalist içəri buraxıldı.
Binəqədi RPİ-nin rəis müavini Məlikəjdər Quliyev sakinlərə səbirli olmağı məsləhət bildi: “Qəbirlərin köçürülməsi hələ 6 ay davam edəcək. Bu proses başa çatandan sonra həmin ərazidə məskunlaşmış qaçqınlar torpaqla təmin olunacaqlar. Bu torpaqların harada veriləcəyi isə hələ məlum deyil. Polis idarəsinin rəisi dünən (srağagün-red.) dedi ki, baş nazirin müavini Abid Şərifovun yanında olan söhbətə görə, bu məsələlər bağlı qalıb. Bağlı deyəndə ki, həll olunmamış qalıb, amma həll olunacaq. Kimin torpağı varsa, o, torpaqla təmin olunacaq ki, özünə ev tiksin. Yəni köçkünlər üçün dövlət ev tikəcək, digər sakinlər isə özləri ev tikməlidirlər”.
Evi plana düşən sakinlər və köçkünlər isə bu deyilənlərlə razılaşmayıb verilən vaxt müddətinin belə inandırıcı olmadığını dedilər. Onlar veriləcək torpaqlarda özlərinə təzədən ev tikmək üçün maddi imkanlarının olmadığını da nəzərə çatdırdılar.
Bakı Metropoliteninin mühəndisi Humay Hümbətov sakinlərə bildirdi ki, onların dedikləri metronun şefi Tağı Əhmədova çatdırılır. Onun bunlara necə reaksiya verəcəyi isə hələ məlum deyil. Daha sonra jurnalistlər məsələ ilə əlaqədar metropoliten mühəndisinin fikrini öyrənməyə çalışsalar da rəsmi şəxs suallara cavab verməyib aradan çıxdı. Bunun ardınca da sakinlər ərazidən polis gücünə uzaqlaşdırıldı.
Qeyd edək ki, ictimaiyyət nümayəndələr də 7-ci mikrorayonda məskunlaşmış məcburi köçkünlərin evlərinin yaxınlığındakı qəbiristanlığın sökülməsini müsbət hal kimi dəyərləndirmirlər.
“Binəqədi rayonunda yerləşən qəbiristanlığın sökülməsi prosesindən narazıyıq. Bu, çox ağrılı mövzudur”. Bu sözləri “Yeni Müsavat”a hüquq müdafiəçisi Arzu Abdullayeva qeyd olunan məsələyə münasibət bildirərkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, həmin ərazidə yaşayan və evlərinin sökülməsi təhlükəsi ilə üzləşən sakinlər məhkəməyə müraciət etməlidir: “Bu halda sakinlərin hüquqları pozulmaqla yanaşı həmin qəbiristanlıqda dəfn olunan mərhumların ruhuna da hörmətsizlik edilir. Oradakı evlərin onların sahibləri ilə razılaşdırılmadan və güc tətbiq edilməklə sökülməsi də düzgün deyil. Biz haqqı tapdanan həmin sakinlərə dəstək olacağıq”.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə qeyd olunan məsələyə münasibət bildirərkən tarixi abidələrin, ziyarətgahların sökülməsini müsbət hal hesab etmədiyini dedi. İ.Ağazadə hesab edir ki, həmin ərazidə nəzərdə tutulmuş tikinti üçün başqa bir də seçmək olardı. Millər vəkili qeyd etdi ki, məsələ ilə ciddi maraqlanacaq. O, məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət etmək fikrində olduğunu da söylədi.
Millət vəkili Arzu Səmədbəyli isə dedi ki, əgər həmin ərazinin bir hissəsi dövlət layihəsinə düşübsə, dövlət həmin prosesi həyata keçirəcək: “Amma bu proses elə həyata keçirilməlidir ki, həmin ərazidə yaşayan sakinlər narazı qalmasınlar, onlara maddi ziyan dəyməsin. Bu insanların yerləşdirilməsi üçün uyğun bir yer ayrılmalıdır. Bu da mümkündür. Dövlət əhəmiyyətli tikintilərin inşasında bu cür hallara rast gəlinir. Əsas odur ki, sakinlər narazı qalmasınlar və onları razı salacaq qərarlar qəbul edilsin. Sakinlərdən xəbərsiz onları narazı salacaq tədbirlərin biri də həyata keçirilməməlidir. Bu məsələni diqqətdə saxlayacağıq. Əlbəttə, əgər belə bir hal olarsa, biz vətəndaşlarımızın, seçicilərimizin hüquqlarının müdafiəsi istiqamətində lazımı tədbirləri görəcəyik”.
Məsələ ilə əlaqədar Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri, din xadimi Hacı İlqar İbrahimoğlunun da mövqeyini öyrəndik: “Dinimiz insanların dəfn olunduğu yerin heç bir əsas və zərurət olmadan köçürülməsini bəyənmir. Amma fövqəladə vəziyyətlər baş verəndə, insanların rifahı üçün buna zərurət yarananda belə işlərin baş verməsi mümkün sayılır. Məsələ ilə əlaqədar ən böyük problem odur ki, qəbiristanlığın köçürülməsi ilə bağlı ictimai müzakirələr olmalı idi. Müzakirələr zamanı bunun lazımlılığı və zəruriliyi müzakirə edilməli idi. Həmçinin ekspert rəyləri nəzərə alınmalı idi. Yəni inancımız zərurət olmadıqda məzar köçürməyə mənfi baxır, zərurət olduqda isə bunu mümkün sayır”.
Qeyd edək ki, söküləcək ərazi ABU-dan yuxarıdadır və yeni məhəllə kimi tanınır. Burada ev tikənlərin çoxuna torpağı Binəqədi rayon bələdiyyəsi satıb. Hətta evlərin çoxuna Binəqədi Rayon İcra Hakimiyyəti mülk kağızı (“kupça”) da verib. Amma köçkünlərə məxsus evlərin sənədləri yoxdur. Əlavə edək ki, deponun ərazisinə düşən məzarların köçürüləcəyini, ABU-nun idman klubunun və tikilən evlərin söküləcəyini Bakı Metropoliteninin rəhbərliyi, o cümlədən onun rəisi Tağı Əhmədov da mətbuata açıqlamalarında dəfələrlə təsdiqləyiblər. Plana görə, ABU-dan yuxarıda, Süleyman Sani Axundov küçəsi ilə xarici dairəvi küçənin kəsişməsi boyunca 11 hektar ərazidə inşaat işləri aparılacaq və ərazidə metropolitenin şimal deposu tikiləcək.

Elmin BƏDƏLOV, Samir KAZIMLI

1094 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008