13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

SAKİT, DƏNİZ MƏNZƏRƏLİ, FASİLƏSİZ İŞIQ, QAZ, SU...

2010-09-02

Gələcək jurnalist şəhərciyindən ilk reportaj
Mətbuat nümayəndələri Neft Şirkətinin işçiləri ilə qonşu olacaq

“Bilmirsiniz, jurnalistlər üçün tikiləcək binanın yeri haradadır?” Eyni gündə eyni sualı ən azı 50 nəfərə ünvanlayıram. Və inanın ki, heç kəs cavab tapa bilmir. Bakının Bayıl qəsəbəsində, daha dəqiq desəm, Bibiheybət məscidi həndəvərində rastıma çıxan fəhlə, yol tikintisi işçisi, taksi sürücüsü.... sualım qarşısında çiynini çəkməklə kifayətlənir. Ətrafda neft buruqları, buldozerlər, qazılan quyular, hamarlanan torpaq sahələri bəs deyincədir. Amma “dördüncü hakimiyyət” adlandırılan kəsim üçün dövlət səviyyəsində tikiləcək binadan bir Allah bəndəsi xəbərdar deyil. Hələ torpaq sahəsindən xəbərdar olmamaları bəs deyilmiş kimi, işimi çətinə salıb, “yəqin siz jurnalistlərin iş yerini - nəşriyyatı axtarırsınız. Burdan minin avtobusa, düz nəşriyyata aparsın sizi” deyənlər də tapılır.

Qəzetimizin ötən saylarında da xəbər vermişdik ki, bu ilin iyul ayında - Milli Mətbuatın 135 illiyi münasibətilə prezident İlham Əliyev özünün ehtiyat fondundan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılmasını nəzərdə tutan sərəncam imzalayıb. Bu məqsəd üçün hər mərtəbədə 4-5 mənzil olmaqla ilk mərhələdə bir 16 mərtəbəli binanın inşa ediləcəyi bildirilir. Növbəti illərdə maliyyə ayrılarsa, binaların sayı artacaq və ərazidə jurnalist şəhərciyi tikiləcək.
Fondun prezidenti Vüqar Səfərli də bizə açıqlamasında bildirib ki, tikiləcək bina üçün Bayıl qəsəbəsində tapılan torpaq sahəsinə görə şifahi razılıq alınıb. 50 sot sahəsi olan torpağın fondun balansına keçməsi üçün edilən müraciət artıq lazımi instansiyalara göndərilib. Binanın təməlatma mərasimi bu ilin dekabrına qədər keçiriləcək.

Məsciddən aşağı, yanacaqdoldurma məntəqəsindən sağda, dənizdən yuxarıda...

Elə biz də bu informasiyanın izi ilə dünən V.Səfərlinin dediyi ərazidə jurnalistlərin potensial binasını, potensial şəhərciyini axtarmaq qərarına gəldik. Amma yazının əvvəlində də qeyd etdiyim kimi, axtarış uğurlu nəticə vermədi. Sahəni “gördüm” deyən tapılmadı. Elə “hadisə yerindən” V.Səfərli ilə əlaqə saxlayıb, ərazi barədə daha dəqiq məlumat aldım bu dəfə. Məlum oldu ki, axtarılan sahə Bibiheybət məscidindən şəhərə doğru, “Socar” yanacaqdoldurma məntəqəsindən bir qədər aşağıda, yolun sol tərəfində yerləşir. Ətrafdakı taksi sürücülərinin də yardımı və məsləhəti ilə deyilən əraziyə getdim. Xatırladım ki, Bayıl dairəsiylə sözügedən ərazi arasında 3 kilometr məsafə var. “Sahil” metrosuna qədər isə avtobusla 20 dəqiqəlik yol.
Ətrafda qu desən, qulaq tutular - bomboş sahə. V.Səfərlinin də dediyi kimi, ərazinin daha öncədən buldozerlə təmizləndiyi ilk baxışdan hiss olunur. Sahənin ətrafında mağaza, iaşə obyektləri yoxdur. Düz qarşıdan keçən maşın yolu isə müvəqqəti bağlanıb, orada təmir işləri aparılır. Bu səbəbdən də sahəyə gedən yolda ancaq traktor sürücüləri gözə dəyir. Öyrəndiyimə görə, Bakının Baş Planına əsasən, gələcəkdə Bakıya girən yolun Bayıldan keçməyəcəyi nəzərdə tutulub.

“Burda qaz da, işıq da, su da fasiləsiz verilir”

Ora gedəcəyimi öyrənən bir çox həmkarlarımın “boş torpaq sahəsindən nə yazmaq olar” sualının yersiz olduğu elə gəlişimin ilk dəqiqələrindən bəlli olur. Çünki sözügedən ərazidəki gecəqondu sakinləri ilə söhbətdə həmkarlarımızın gələcək şəhərciyi ilə bağlı ortaya maraqlı məqamlar çıxır. Xatırladım ki, sözügedən ərazidə 40 ev siyahıdadır. Yəni köçürüləcəkləri günü gözləyirlər. Günorta vaxtı olduğundan ev sahiblərinin çoxunu evində tapmaq olmur. Amma adının Həmayil olduğunu deyən bir ev sahibi bizi mehribançılıqla qarşılayandan sonra bu ərazi, tikiləcək bina, köçürülmələri ilə bağlı xeyli məlumat verir. Müsahibim öncə onu deyir ki, ötən ildən etibarən onların bu ərazidən köçürüləcəkləri söhbəti var. Hətta əlaqədar qurumlardan gələnlər ev-ev gəzib, siyahı da tutublar: “Ona görə də indi heç kimin əli gəlmir ki, evini yüngülvari də olsa, təmir etdirsin, Bu ərazi plana düşüb, ona görə də əhaliyə kompensasiya verəcəklər. Biz də həmin günü gözləyirik”.
Həmayil xanım deyir ki, bu ərazinin bir çox üstünlükləri var. Onun sözlərinə görə, sakinlər heç vaxt su, işıq, qaz sarıdan əziyyət çəkməyiblər: “Burda cəmi bir-iki qonşu var ki, evinə su motoru quraşdırıb. Amma fasiləsiz suyumuz olur. Kommunal xərclərimizi də vaxtlı-vaxtında ödəyirik, sayğaclarımız quraşdırılıb. Düzdü, mağaza azdı, ev üçün ”krupnı" alver etmək istəyəndə 20-ci sahəyə gedirik. Amma ətrafdakı evlərin çoxunda camaat balaca budka açıb, işlədir. Gündəlik, xırda-xuruş alveri ordan etmək olur. Bundan başqa, “Socar” yanacaqdoldurma məntəqəsinin də mağazası var, ordan da lazım olanı tapmaq mümkündü".

“Burdakı səssizlik, dinclik şəhərin heç bir yerində yoxdur”

Elnur adlı sakin də söhbətə müdaxilə edərək deyir ki, ərazinin ən böyük üstünlüyü səssizliyi, sakitliyidir. Müsahibimizin sözlərinə görə, şəhərin heç bir yerində burdakı dincliyi tapmaq mümkün deyil: “Nə gurultulu maşın səsi var, nə tikinti hay-küyü. Gördüyünüz bu yolu isə (hazırda bağlı olan maşın yolunu göstərir-S.T) təzə salıblar, evdən uzaqdır, səs evə güclü gəlmir: "Vaxtilə qabaq hissədə göl var idi, qışda oranı da qurutdular. Bu ərazi həm də ”Sədərək" yarmarkasına yaxın olduğu üçün sərfəlidir. Bizim evlərimiz alçaqdı deyə dənizi görmürük. Əgər dediyiniz kimi, burda 16 mərtəbəli bina tikiləcəksə, camaat birbaşa dənizə baxacaq. Əla mənzərədir".
Müsahibim də deyir ki, burada jurnalistlərə ev salınacağı ilə bağlı onda hər hansı məlumat yoxdur. Ərazi təmizlənəndə - bu, aprel ayında baş verib - onlara buradan köçürüləcəkləri barədə xəbərdarlıq edilib. Daha sonra isə hara köçürüləcəkləri ilə bağlı müxtəlif versiyalar səslənib: “Gah dedilər Lökbatanda, gah da dedilər Masazırda yer verəcəklər. Hələ ki gözləyirik”.

Jurnalistlər Neft Şirkətinin işçiləri ilə qonşu olacaq?

Yerli əhali ilə söhbət zamanı onu da öyrəndik ki, jurnalistlərin hələlik binası, sonra isə şəhərciyi olacaq ərazi Azərbaycan Dövlət Neft Şirkətinin balansındadır. Şirkət də jurnalistlərin binası üçün ayrılmış sahənin yaxınlığında öz işçiləri üçün bina tikməyə hazırlaşır. Bir sözlə, jurnalistlərin yeni qonşuları neftçilər olacaq. Amma həmsöhbət olduğumuz Elnur, habelə digər sakinlər ərazinin çoxmərtəbəli bina üçün yararsız olduğunu düşünür. Hər nə qədər mütəxəssis olmasalar da, əhali hesab edir ki, bura bataqlıq olduğundan binanın bünövrəsi zəif ola bilər: “Amma jurnalistlər üçün tikirlərsə, yəqin bütün detalları nəzərə alarlar”.
Həmsöhbətlərim yarızarafat-yarıciddi “özünüz bura köçməmiş bizim də problemimizi həll edin, yoxsa qapınızı yağır edəcəyik” dedilər. Biz də ümid edirik ki, jurnalistlər ora köçənə qədər gecəqondu sakinləri də şəhərin gözəl yerlərində, gözəl mənzillərlə təmin olunacaqlar.

Ərazi barədə bilib-bilmədiklərimiz...

Bu arada... Bilməyənlər üçün sözügedən ərazi ilə bağlı kiçik arayış. Ərazi Səbayel rayonunda yerləşir. Rayon mərkəz hissədən, iki qəsəbə - Badamdar və Bibiheybət qəsəbələri, Bayıl və 20-ci sahə adlanan yaşayış massivlərindən ibarətdir.
Bibiheybət qəsəbəsi - XX əsrin əvəllərinə qədər Şıx kəndi kimi tanınan bu yerə 30-cu illərdə Stalinin göstərişilə onun silahdaşı olmuş Xanlar Səfərəliyevin adı verilmiş və ərazi qəsəbə statusu alıb. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli 112 saylı qərarına əsasən Xanlar qəsəbəsi Bibiheybət qəsəbəsi adlandırılıb.
Qəsəbənin 1941 nəfər əhalisi var və orada 238 nəfər məcburi köçkün yaşayır. Sözügedən ərazidə 50 saylı orta məktəb, 70 saylı uşaq bağçası və körpələr evi, Bibiheybət qəsəbə kitabxanası, Mədəniyyət Evi, Şıx sanatoriyası, Respublika Elmi Artroloji Mərkəzi, 1 saylı Tammüalicə xəstəxanası, Dostluq parkı, Şıx çimərliyi kimi obyektlər yerləşir.

Və sonda...

Bu reportajı “məscid tikilməmiş kor əsasını dirədi...” kimi qəbul edə bilənlərə yazı müəllifi kimi, “öz evim var, tikiləcək binada gözüm yox”, redaksiya adından isə “jurnalistlərin potensial şəhərciyindən reportaj hazırlamaq bizim qəzetçilik vəzifəmizdir” cavabını vermək istəyirəm. Ortada böyük plan, yüzlərlə evsiz jurnalistin arzusu varsa, hələ daşı daş üstünə qoyulmamış boş ərazidən də yazı yazmaq olar.
Ərazi isə... Yuxarıda da dediyim kimi - sakit, səliqəli, dəniz mənzərəli. Ömrü boyu dinclik həsrəti çəkən evsiz qələm əhlinə burada rahat, xoşbəxt, firavan yaşam arzulayırıq. Dəniz mənzərəli balkonunuzda işıqlı, pozitiv, hətta deyərdim, romantik yazılar yazmanız arzusuyla.
Eviniz tikilsin, həmkarlar. Bizim ayağımız yüngüldür, əmin ola bilərsiniz...

Sevinc TELMANQIZI

870 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008