 |
Media
“XAN SARAYI”, YOXA ÇIXAN İPƏKLƏR VƏ ADAMLAR 2010-09-08 Şəkidə gördüklərimiz və eşitdiklərimiz...
|
Seçki ərəfəsi olsa da, Bakıdan görünməyən şəhər və kəndlərimizdə bu barədə az danışılır. Şəkidə də belədir. Hamını iki sual maraqlandırır: Şəkinin "Xan sarayı" qədər məşhur olan “Marxal” istirahət mərkəzinə kim sahiblənəcək; Mədəniyyət və Turizm Şöbəsindəki milyon yarımlıq yeyinti kimin “ayağı”na yazılacaq? (əvvəli ötən sayımızda)
Şəkidə olub “Xan sarayı”na getməmək günah olardı. Saraya qala divarları ilə əhatə olunmuş yoldan keçib getdik. Yolboyu qurulan piştaxtalarda bəzək əşyaları, aksessuarlar, araqçınlar, mis qablar və Azərbaycan tarixinə aid digər əşyalar satılır. Qiymətlər isə çox baha idi. Məsələn, adi bir araqçın 10 manatdır, araqçınla şəkil çəkdirmək isə 1-2 manata başa gəlir. “Xan sarayı”na giriş 2 manatdan başlayır. Sarayın içərisində şəkil çəkmək qadağandır. Ancaq bizə nə üçün qadağan edilməsinin səbəbini demədilər. Nəzarətçi bildirdi ki, əgər sarayın içində şəkil çəkir, ya da çəkdiririksə 3 manat verməliyik: “İçəridə şəkil çəkdirirsinizsə bəri başdan 3 manat verin. Video çəkiliş üçün isə 4 manat ödəməlisiniz. Sarayın balkonuna çıxmaq istəyirsinizsə 5 manat ödəməlisiniz. 5 yaşlı uşaq üçünsə 1 manat ödəməlisiniz”. Nəzarətçidən çek tələb etsəm də o “çekimiz qurtarıb” deyə cavab verdi: “Biz bəzi hallarda çek veririk. Sizdən başqa heç kim çek tələb etməyib. Neynirsiz çeki? Gedin gəzin...” Sonradan öyrəndik ki, burada adi kağızların sürətini çıxarıb çek adı ilə verirlər. Sarayın qarşısında “Xanımın bağı” deyilən yer var. Burada da bağı gəzmək üçün ən az 1-2 manatdan keçmək lazımdır. Saraya gələnlərlə söhbətləşdik. Onlar da qiymətlərdən narazı olduqlarını dedilər: “Xan sarayı” haqqında çox eşitmişdik. Ancaq heç vaxt görməmişdik. Qiymətlər çox bahadır. Bakıda İçərişəhərdə gəzmək bundan ucuz başa gəlir. Burada gəzmək üçün gərək xan olasan. Çünki ümumi gəzinti bir nəfərə 30-40 manata başa gəlir".
Sarayın girişində 90 yaşlarında bir kişi diqqətimizi çəkdi. Qoca “pul verin, canavara baxın” deyirdi. Qocaya yaxınlaşıb, canavara baxmaq istədiyimi dedim. Adının Cumay olduğunu deyən qoca “1 manat ver bax” dedi. Pulu verəndən sonra canavarın üstündəki qırmızı örtüyü götürdü. Qoca bildirdi ki, 35-40 ildir bu canavar müqqəvasını yanından ayırmır: “Mən vaxtı ilə odunçu olmuşam. Bir dəfə qışda meşəyə odun yığmağa getmişdim. Qar yağmışdı. Yaxınlıqda it səsləri eşitdim. Gedib gördüm iki it bir-birinə qısılıb qışqırırlar. Yazığım gəldi. Dedim soyuqda qalmasınlar, həm də itdən adama ziyan gəlməz. Aparıb öz əlimlə onları bəslədim. Hər gün süd içirirdim. Artıq itlər böyümüşdü. Bir dəfə nəvəmi dişlədi. Sonra bizə məlum oldu ki, bu canavar imiş. Mən də heyvanı çölə atası deyildim ki. Həmin canavarı 14 il saxlayandan sonra öldü. Çox pis oldum. Bir gün gecə səhərə qədər canavarın fikrini çəkdim. Sonra düşündüm ki, mən bu canavarın ölüsünü atmayım. Elə də etdim. Canavarın bədənini otla doldurdum. Ayaqlarına taxta vurdum. Gördüyünüz şəklə düşdü. Artıq illərdir mən bu canavar müqəvvası vasitəsi ilə dolanıram. Hər turist buna baxmaq üçün 4-5 manat verir. Mən aldığım pensiya ilə dolana bilmərəm. Buradan qazandığım pulla ailəmi saxlayıram”. Cumay kişidən ayrılıb, Şəkinin dolanbac yolları ilə mərkəzə doğru irəliləməyə başladıq. Diqqətçəkən yerlərdən biri də Şəki İpək Kombinatı oldu. Kombinatın vaxtı ilə çox gəlirli yer olduğunu və Şəki camaatının çoxunun burada işlədiyini dedilər: “Şəki ipəyi dünyada məşhur olub. Bu kombinat bağlanandan sonra şəhərdə aclıq başladı. Daha sonra gənclər xaricə, Bakıya işləməyə getdilər. İndi nəinki gənclər, hətta orta yaşlı adamlarda Rusiyaya gedirlər.” Şəki əslində kiçik şəhər olsa da yan-yana üç məscidi var. Şəkililər bildirir ki, burada hər kəsin öz məscidi var: “Bu məscidlərdən biri sünnilərin, biri şiələrin, digəri isə türklərindir. Heç kəs bir-birinin məscidinə gedə bilməz. Şəkililər kimi ikinci dindar bir camaat çətin ki, olsun”. Müsahibim doğru deyirdi. Şəhərdə kiminlə söhbət etdiksə hamısı oruclu idi. Axşam vaxtı isə məscidlər namaz qılmağa gələn qadın və kişilərlə dolu olurdu. Şəkinin kasıb yer olmasına baxmayaraq, buradan çox savadlı gənclər çıxır: “Hər il 700 bal toplayan tələbələrin bir neçəsi Şəkidən olur. Gənclərimiz təhsilə xüsusi maraq göstərirlər. Çoxu gedib xaricdə oxuyur”. Sakinlərlə söhbətdə icra başçılarından şikayətləndilər: “İcra başçıları gəlib rayonu soyub talayırlar. Ancaq ortaya bir iş çıxarmırlar. Murad Cabbarlı hələ gözə gələn bir iş görməyib. Yollar, küçələr pis gündədir. Camaat yenə ac-yalavac dolanır. Ondan öncə Nazim İbrahimov idi icra başçısı. İllərlə daşı-daş üstünə qoymadı. İndi gələn də ondan fərqlənmir.” Şəkidə olarkən Müsavat Partiyasının rayon təşkilatının sədri Həbibulla Manaflı ilə görüşdük. H.Manaflı bildirdi ki, rayonda seçki əhval-ruhiyyəsi hiss edilmir: “ Adamlar seçkilərə elə maraq göstərmirlər. Kimi dindirirsən deyir ki, ”bizim səsimizi kimdir eşidən". Heç əziyyət çəkib seçkiyə gəlməyi də düşünmürlər. Hər yerdə olduğu kimi, burda da müxalifətçiləri sıxışdırırlar. Adama düşmən kimi yanaşırlar." H.Manaflı bildirir ki, seçki şəffaf keçirilsə müxalifətin namizədləri qalib gələcək: “Bizim namizədlər Hikmət Hacızadə və Adil Qeybulladır. Adil Qeybullanın namizədliyini irəli sürdüyü 115-ci dairədə əgər 5 min nəfər seçici varsa, onun 4 mini professora səs verəcək. Çünki onu burada dəstəkləyən çoxdur. Düzdür, buna mane olmağa çalışırlar. Ancaq mümkün olmayacaq. Seçki saxtalaşdırılsa da biz öz mübarizəmizdən dönməyəcəyik”. Digər müxalifətçilərlə söhbət zamanı bildirdilər ki, vaxtı ilə Müsavat Partiyasının üzvü olanları zorla YAP-ın üzvü olmağa məcbur ediblər: “Müsavatçılara çox təzyiqlər edirdilər. İşləməyə imkan vermirlər. Adamları zorla YAP-a üzv olmağa vadar edirlər”. Sakinlərlə söhbət zamanı onlar şəhərin məmurlar tərəfindən özəlləşməsindən ehtiyat etdiklərini dedilər: “Biz istəmirik şəhərimiz Qəbələ kimi olsun. Bəzən Qəbələdən adamlar gəlir, deyirlər ki, ora Naxçıvanı ötüb keçib, sərbəst gəzib- dolaşmaq mümkün deyil.” Bacara bildiyimiz qədər Şəkinin problem və qayğılarını qabartmağa çalışdıq. Bizim öhdəmizə problemi araşdırıb yazmaq onu həll etmək isə aidiyyəti qurumların öhdəsinə düşür. Türkan TURAN 1432 dəfə baxılıb
|
[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... [02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ ARXIV
|