23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

KƏRPİCKƏSƏN QADININ DASTANI

2011-10-06

O, yükün ağırlığından arabir müvazinətini itirsə də tez özünü toplayır və işinə davam edir...

Kərpickəsən dəzgahların gurultusu, qalaq-qalaq yığılmış qırmızı kərpiclər, cərgələnmiş uçuq tikililər. Külək ətrafı bürümüş qırmızı kərpic tozunu tikililərə çırpıb onları boyayır, toz-dumandan nəfəs kəsilir. Binanın şüşəsi qırıq pəncərəsindən içəri baxanda yarıqaranlıq otaqda nimdaş geyimli bir qadının kərpic daşıdığını görərsiniz. Orta yaşlı qadın əyilib kərpicləri qucağına yığır, sonra dikəlib bir qədər aralıdakı dəmir arabaya tərəf gedir. Kərpiclərin ağırlığından arabir müvazinətini itirsə də tez də özünü toplayır və kərpicləri cərgə ilə arabaya düzür. Sonradan öyrənirik ki, bu ağır iş neçə illərdir onun həyat tərzidir.

Kərpic daşımağa fasilə verməsindən istifadə edib ona yaxınlaşırıq. Əvvəl danışmaq istəməsə də sonra nədənsə razılaşır. Və danışır. Oxuyun, bu kərpickəsən qadının kədər və əzab dolu həyat hekayəsini.

Yaşı 50-ni haqlamış Sənəm xanım ailəsi ilə birgə Bakıda yaşayır və Suraxanı rayonundakı kərpic zavodunda işləyir. İllər əvvəl yaşadığı Beyləqan rayonundan bura gəlməsinin səbəbi isə balasının ağır xəstəliyi və imkansızlıqdır. Deyir, bir neçə il əvvəl qızının səhhətində yaranan problemlər onları paytaxta üz tutmağa məcbur edir: “Həm qızımı müalicə etdirirdik, həm də yoldaşımla, oğlumla işləməyə başladıq. Fəhləlik, xadiməlik edib birtəhər dolanırdıq. İki ilə yaxın onu müalicə etdirdik. Qəflətən qızımın səhhətində problemlər artmağa başladı. Gözləri zəifləyib tutuldu. Bir neçə həkimə aparandan sonra məlum oldu ki, başında şiş var. Həkim dedi şiş əvvəl kiçik imiş, yanlış müalicə şişin böyüməsinə səbəb olub, nəticədə gözü tutulub. Təcili əməliyyat olunmalı idi, əks halda, öləcəkdi. Mərkəzi Klinik Xəstəxanada əməliyyat üçün 7500 manat istədilər. Bu qədər pulumuz yox idi. Rayondakı evimizi satdıq, qohumlar da kömək elədi, pulu düzəldib verdik”.

Sənəm xanımın qızı Ülviyyənin başındakı şişi isə vaxtaşırı mətbuatda adı xəstə ölümündə günahkar kimi hallanan Kamal Erkünc adlı türk həkim edib. Xanım deyir ki, həkim xeyli pulun qarşılığında əməliyyatın normal keçəcəyinə təminat da verməyib: “Bizə dedi, balam əməliyyatdan ayılmaya bilər. Sonradan öyrəndik ki, şişin hamısını götürə bilməyib. İndi 21 yaşlı balam ömür boyu dərmana möhtacdır. Müntəzəm dərmanlardan istifadə edir, dərmanlara ayda 50-100 manat lazımdır. Həmişə ala bilmirik, ancaq bəzən tanıyanlar kömək edirlər. Çünki müalicəni saxlamaq olmaz”.

Elə Sənəm xanım da bu pulu tapmaq üçün gecə-gündüz işləməyə məcburdur. Çünki artıq onun həyat yoldaşı da bu dərddən ağır xəstəlik tapıb, iş qabiliyyətini itirib: “Yoldaşım qızımın dərdinə dözməyib iki dəfə infarkt oldu, yataq xəstəsidir. Onun dərmanlarını isə çox vaxt ala bilmirik. Qızımın taleyinin necə olacağını hələ bilmirik, onun daimi həkim müayinəsinə ehtiyacı var”.
Sənəm xanımın kərpic zavodunda gərgin işinin aylıq qiyməti isə 100-120 manatdır - qızının aylıq dərman pulu qədər. Oğlunun fəhləliklə qazandığı məvacib isə 7 nəfərlik ailənin dolanışığına çatmalıdır, başqa əlac yoxdu çünki. Sənəm xanım deyir ki, indi ailəsi evsiz-eşiksiz və ehtiyac içində yaşayır: “Kirayə qalmaq imkanımız da yoxdur. Küçələrdə qalmışdıq, kərpic zavodunun rəhbərliyi burada bizə yer verdi. İndi heç olmasa küçədə deyilik, buna da şükür”.

Onlara verilən yer isə zavodun həyətindəki köhnə və uçuq tikililərdən biridir. Otaqlar nəm, işıqsız və soyuqdur. Bunu Sənəm xanım da bilir, deyir, burada yaşamaqla sağlamlıqlarını addım-addım itirirlər: “Ancaq başqa əlac da yoxdur. Üstəlik, burada havanın çirkli olması da tez-tez xəstələnməyimizə səbəb olur. Biz cəhənnəm, indi iki nəvəm də var. Onlar da burada yaşadıqlarından tez-tez xəstələnir”.
Sənəm xanımın oğlunun iki azyaşlı körpəsi də yaşadıqları zirzəmiyə bənzər nəm otaqda idi. Köhnə adyala bükülmüş altı aylıq körpə şirin yuxudadır. 2 yaşlı balaca Tural isə maraqla nənəsinə və bizə baxır. Şəklini çəkməyimizə də nənəsindən fərqli olaraq etiraz etmir. Qapının arasından boylanır. Yəqin böyüyəndə biləcək ki, nənəsi heç kimə əl açmamaq üçün gecə-gündüz kərpic daşıyır - lap “Kərpickəsən kişinin dastanı”ndakı kimi.
Ehtiyac dolu həyat hekayəsini dinləyib təsəlli verəcək söz də tapa bilmirik. Getmək istədiyimizi deyirik, Sənəm xanım nəvəsi ilə birlikdə yola qədər bizi ötürür. Kərpic zavodunun qapısında onlardan ayrılıram. Soyuqdan üşüyən nəvə nənənin ayaqlarına sarılır. Nənə isə onun çiynindən tutub özünə sıxır. Soyuq külək kərpic qırıntılarını toz qarışıq havaya qaldırıb üzümüzə çırpır. Boz çöllükdəki nənə ilə nəvənin yalqızlığını sahibsiz itlərin ulartısı daha da dəhşətli edir...

Röya RƏFİYEVA

921 dəfə baxılıb

Xəbəri paylaş

[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT...

[14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR”

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

ARXIV

Yeni MÜSAVAT © 2008