|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Fantastik film ssenarisi deyil. Heç seriallara mövzu olmağa da vaxt tapmayıb. Bu, reallıqdır. “Ölüb qallam burda mən” deyibən, yaşamla, həyatla heç cür vidalaşmaq istəməyənlərin tapıntısı da demək olar buna. Əbədi həyat, yox, yox, fasiləli, proqramlı, eyni zamanda əbədi həyatdır bunun adı... Qarışıq giriş oldu, fərqindəyəm. Amma prosesin özü də bunun qədər qarışıqdır. Məsələn, bilirdinizmi ki, hazırda bütün dünyadan 230 nəfərin cansız bədəni içi natrium mayesi ilə dolu metal silindirlər içərisində, mənfi 196 dərəcədə “gözləyir”? Tibb irəliləsin və onları yenidən diriltsin deyə. Möcüzədir, deyilmi? Biz də bu möcüzənin detallarını və ilginc yönlərini sizlər üçün araşdırdıq. Ortaya maraqlı məqamlar çıxdı... Xərçəngə yaxalandı, 50 il sonra dirilmək üçün müqavilə imzaladı Hər şey ondan başladı ki, Amerikadakı Oakland Citidə yaşayan 71 yaşlı psixiatr Eugene Donovan qida borusu xərçənginə tutuldu. Bu xəstəlikdən qurtula bilməyəcəyini anlayan psixiatr dondurulmağa qərar verdi. Onsuz da hər zaman əbədi həyat arzusunda olan birisiydi. İnanırdı ki, elm və tibb bir gün ölümsüzlüyü kəşf edəcək, amma onun ömrü buna çatmayacaq. Ona görə də "Alcor Life Extension Foundation" adlı şirkətlə bir razılaşma imzaladı. Eugenenin dörd doğma, üç ögey övladı vardı. Ögey uşaqları belə bir arzuya düşüb, hansısa “fırıldaq şirkət”lə saziş imzalamağı ağılsızlıq, pulu küçəyə atmaq hesab edirdi. Düşünürdülər ki, ögey atalarının ölümündən sonra onlara bir qəpik də pul qalmayacaq. Beləcə, ailə iki yerə ayrıldı. Doğma uşaqlar atalarının dondurulmasına razı, ögeylər isə narazı idi. Hətta sonunculardan biri Eugenenin əqli durumunun yerində olmadığını ortaya atdı. Digər qardaşlar da dərhal hərəkətə keçib, bunun əksini sübut edən bir arayış aldılar. İlk təcrübə uğurlu olub - iti öldürüb, sonra da həyata qaytarıblar Maraqlıdır ki, əslində bu sayaq bir qərar da risk sayılır. Ölümdən sonra nə risk deməyin. Bir var, dədə-baba qaydasında öləsən, qəbrin, baş daşın, yaxınlarının ziyarət edəcəyi bir yer ola. Bir də var, tibbin nə vaxtsa inkişaf edib, səni dirildəcəyinə inanaraq bədənini dondurasan. Bu termin ilk dəfə 1965-ci ildə istifadə olunub. Bundan əvvəl isə 30-cu illərdə Neil R. Jones yazdığı bir romanda insanların dondurulmasından bəhs edib. Məşhur fizika alimi Robert C. W. Ettinger də 1964-cü ildə işıq üzü görən “Ölümsüzlük ehtimalı” adlı kitabında yazırdı ki, insanları dondurub gələcəkdə canlandırmaq mümkündür. Dünyada dondurulan ilk adam 73 yaşında ağciyər xərçəngindən dünyasını dəyişən amerikalı psixoloq Ceyms Bedforddu. O, 1967-dən bəri buzlar içində dirildiləcəyi günü gözləyir. Bütün bədənin dondurulması 150 min, təkcə başın dondurulması 80 min dollardır Ən böyük cryonics şirkəti ABŞ-dakı "Alcor Life Extension Foundation" adlanır. Onu nüfuzuna və populyarlığına görə Amerikanın "Cryonics Society", "Cryonics Institute" ve "Trans Time" adlı şirkətləri izləyir. Bu üç şirkətdə hazırda dondurulmuş olaraq bir gün dirildilməyi gözləyən 230 xəstə var. Ölərkən dondurulmaq üzrə anlaşmaya imza atmış insan sayı isə 900 nəfərə yaxındır. Keçək qiymət məsələsinə. Bütün bədənin dondurulma xərci 150 min, təkcə başın dondurulması xərci isə 80 min dollardır. Ödəmə üçün bəzi güzəştlər də nəzərdə tutulur. Əvvəlcə bir həyat sığortası hazırlatmaq mümkündür. Onun kreditlərini isə ölənə qədər sistemli ödəmək. Ölümdən sonra qalacaq miras isə yaxınlara verilmir. Onun bir hissəsi dondurulma məsrəflərinə yönəldilir. Yerdə qalanı isə faiziylə birgə “mərhum”un yenidən həyata qayıdacağı, buzlarının çözüləcəyi günə qədər onun adına yığılır. Dondurulmaq istəyənlərin çoxu adını məxfi saxlayır Türkiyədə bu dondurulma anlaşmasını imzalayan şəxslərdən biri Günər Qurbandır. O da sözügedən qərarını “artıq kəfənin də cibi var” deyə şərh edir. Siyahıdakı azəri türkü: “İşlərimi qurtaran kimi öncə evtanaziya etdirəcəm, sonra dondurulacam” Keçək həmyerlimizə. G.Qurban "Alcor" firması ilə 1992-ci ildə dondurulma sazişi imzalayıb. Elə həmin vaxt şirkətin Türkiyə təmsilçiliyini də alıb və o zaman 16 nəfər türk anlaşma üçün ona müraciət edib. Amma hazırda həmin türklərin adları cəmiyyətə açıqlanmır. G.Qurban özünün dondurulma istəyini isə belə izah edir: “Mən başqa insanlar kimi yaşamağı çox sevdiyim və ya əbədi həyatdan zövq aldığım üçün bu anlaşmanı imzalamamışam. Tək istəyim qısa müddətə də olsa gələcəkdə dünyanın necə olduğunu görə bilməkdir. Texnologiyanın inkişafını, şüalanmanı, zaman maşınının icadını, insanların beynini 100 faiz istifadə edəcəyini, eləcə də digər Günəş sistemlərinin kəşfini görmək istəyirəm. 80 il ərzində insanların yenidən həyata qayıda biləcəyiniə inanıram. Çünki texnologiya inanılmaz sürətlə irəliləyir. Bu inkişaf nəticəsində siz istədiyiniz yaşda da oyana bilərsiniz. Mən 17 yaşımda oyanmaq, daha doğrusu, oyandırılmaq istəyirəm. 50 ildə bir neçə həftəliyinə oyansam, bu, mənə bəs edər”. Sevinc TELMANQIZI 5474 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” |
| Yeni MÜSAVAT © 2008 |
|