23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

“BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

2011-10-29

Tatar Leysan Abdulina: “Burdakı internet problemi məni öldürəcək”

Hər gün dəfələrlə onların yanından ötüb-keçirik. Danışmadan, sorğu-sual etmədən, söhbətə tutmadan. Bəlkə bizlərdən biri olmadıqlarına, bəlkə də yad dünyalarda öz yad dillərində danışdıqlarına görə. Azərbaycanın qərib vətəndaşlarıdır onlar - yaşamları, ənənələri, yeyib-içdikləri ilə. Amma ayaqları bu torpaqlara dəyəndən bəri ortaq cəhətlərimiz də artıb. Artıq eyni torpaqlarda addımlayır, eyni rejimdə yaşayır, eyni gözəllikləri(çirkinlikləri) paylaşırıq. Bizim Azərbaycanımız onların da Azərbaycanı olub. Amma necə?

“Yeni Müsavat” “Onunla Azərbaycan” rubrikasında sizləri hər dəfə bir əcnəbi ilə görüşdürür. Ölkəmizdə yaşayan, suyumuzu içib, havamızı udan əcnəbi vətəndaşlarla Azərbaycanın həm də “qeybətini qırırıq”. Axı maraqlıdır - onlar bu məmləkətdə yaşamağı niyə seçiblər? Nəyimizi sevib, nəyimizi sevmirlər? Onların gözündə bizlər necə görünürük? Suallar artır, fərqindəyəm... Siz darıxmadan, biz söhbətə keçək...

“Bura gələndə elə bildim, qohumlarımgildəyəm”

Hələ çar Rusiyası dövründə ruslar azərbaycanlılara “tatar” deyiblər, yəqin bilirsiniz. Buna həmin dönəmə aid bədii əsərlərdə də tez-tez rast gəlmək mümkündür. Uzun illər ruslar azərbaycanlılara həm də belə adlandırıblar. Amma 21-ci əsrin Azərbaycanında tatarlar bu ölkənin qonaqları sayılırlar. Dinimiz, ortaq mədəniyyətimiz olsa da, söhbət etdikcə, sorğu-suala tutduqca fərqliliklər bir-bir üzə çıxır. Ən ağrılı olanı isə biz hələ də bir-birimizlə arzuladığımız ortaq türk dilində yox, rus dilində danışırıq.
Tatarıstandan ölkəmizə qonaq gəlmiş, bir müddət Bakıda yaşamış Leysan Abdulina da eyni təəssüfü bölüşür. O da hesab edir ki, hələlik ortaq türk dilinin olmaması türk xalqları olaraq bizim əskikliyimiz sayılmalıdır. Leysan xanım Tatarıstanda yaşayır, amma zaman-zaman yolu Azərbaycana da düşür. Azərbaycanda keçirilən türk mədəniyyət günləri çərçivəsində, habelə işlə bağlı Bakıda olmaq, buranı tanımaq imkanı olub. Müsahibimizin fikrincə, bir tatar üçün Azərbaycanda olmaq xarici ölkədə olmaq təəssüratı yaratmır. Onun dediyinə görə, ortaq mədəniyyət, İslam faktoru, habelə insanların həyata baxışı tatarlarla azərbaycanlılar arasındakı məsafə fərqini, sərhədi götürür: “Ona görə də bura gələndə düşündüm ki, hansısa xarici ölkəyə yox, qohumumgilə gəlmişəm. 3 il əvvəl ilk dəfə gələndə də eyni təəssürat idi, indi də”.

“Bakıda adamı maraqlı bir "ansambl" qarşılayır"

Leysan xanım 3 il əvvəl ilk dəfə Bakıya gələndə paytaxt ona Avropa şəhərlərini xatırladıb. Müsahibimizin sözlərinə görə, bir Şərq şəhərinin öz milli kaloritlərini saxlamaqla xarici ölkəni bu dərəcədə xatırlatması nadir hadisədir: “Bakının əsasən arxitekturasını bəyənirəm. Şəhərdə qədim izləri də saxlamaqla müasirlik öz sözünü deyib. Bir tərəfdən Avropa standartlarına uyğun yeniliklər edilib, o biri tərəfdən də İçərişəhərdə, şəhərin bəzi hissələrində qədimlik qalıb. Yəni, şəhərə gələni maraqlı bir Şərq-Qərb ansamblı qarşılayır. Təəssüf ki, bizdə bu sahədə vəziyyət yaxşı deyil. Müasirlik adına bütün köhnə abidələri, binaları sıradan çıxarıblar, arxitektura məhv olub”.
Tatar xanım hesab edir ki, azərbaycanlılarla tatarların ən böyük fərqli heç şübhəsiz çoğrafi faktorlardan qaynaqlanan məqamlardır. Onun sözlərinə görə, tatarlar bizlərdən fərqli olaraq daha çox şərqli hesab olunurlar: “Bizdə din faktoru cəmiyyətdə daha böyük yer tutur. Amma 3 il əvvəlki səfərimdən fərqli olaraq, görürəm ki, indi burada da dinə önəm çoxalıb. Məsələn, küçələrdə hicablı qızlar çoxdur, məscidlər artıb”.

“Burada da səkinin bir tərəfində hicablı, o biri tərəfində isə cins şalvarlı qız gedir”

Müsahibimiz bir çox məqamlara görə tatar gəncləri ilə azərbaycanlılar arasında fərq görmür. Dediyinə görə, hər iki ölkədə yolla gedərkən səkinin bir tərəfində cins şalvar geyinən qız, o biri tərəfində isə hicablı qız görmək mümkündür: “Digər tərəfdən, indi dünya da balacalaşıb. Hər bir insan istənilən ölkədə nələrin baş verdiyini çox sürətlə öyrənə bilir. O mənada gənclər də geyim tərzi, davranışları, həyat tərzi ilə bir-birinə bənzəyirlər”.
Leysan xanımın Bakı tərifinə burada nöqtə qoymaq istəyirik. Əks halda, bu, dili, dini ortaq olan iki qardaşın bir-birini aramsız tərifləməsi söhbətinə bənzəyəcək. Tatar xanım deyir ki, Bakıya gələndə ilk şoku hava ilə bağlı olub: “Havadan dəniz, daha doğrusu, neft iyi gəlirdi. Nəfəsi ciyərlərimə çəkdim, elə bildim, neft buruqlarının düz yanındayam. Doğrudur, bura neft ölkəsidir, amma elə etmək lazımdır ki, hava ekoloji cəhətdən təmiz olsun. Eyni problem bizdə də var. Bizdə də neft var və ona görə havadan eyni iy gəlir. Mən düşünürdüm ki, Azərbaycan Tatarıstanla müqayisədə daha varlı ölkə olduğu üçün bu problemləri artıq geridə qoyub. Amma təəssüf ki, belə deyilmiş”.

“Bakıya bir də gedəcəyimə sevindim”

L.Abdulina narazılıqlarını davam etdirir. Deyir ki, Azərbaycanda onu pis mənada təəccübləndirən bir başqa məqam isə internetlə bağlı olub. Daha doğrusu, vi-fi sisteminin əksər yerlərdə olmaması, internetin sürətinin aşağı, qiymətin isə yüksək olması onu narazı salıb: “Hətta deyərdim, buranın internet problemi məni öldürəcək. Azərbaycan kimi bir ölkəyə hər gün saysız-hesabsız qonaqlar gəlir. Onların da əksəriyyəti iş üçün buranı seçirlər. Bu halda onların internet ehtiyacını maksimum ödəmək üçün lazımi strukturlar əllərindən gələni etməlidirlər”.
Tatar müsahibimiz onu da dedi ki, gələn il “Eurovision” müsabiqəsinə görə Azərbaycana saysız-hesabsız əcnəbi gələcək. Leysanın dediyinə görə, həmin vaxta qədər bu problem həll olunmasa, bu, tədbirin keyfiyyətinə mənfi mənada öz damğasını vuracaq. Bu arada gənc xanım sözügedən müsabiqədə Azərbaycanın qalib gəldiyini eşidəndə də çox sevinib: “Həmin müğənnilərin oxuduğu mahnını da bəyənirdim, özlərini də. Eşidəndə ki, qalib gəliblər, ürəyimcə olub. Həm də ona görə sevindim ki, Bakıya bir də müsabiqə vaxtı getmək şansım olacaq”.

“Azərbaycan mətbəxində daha çox rus yeməkləri var, nəinki milli yeməklər”

Leysan xanım tatarların Bakı, Azərbaycan haqda təsəvvürlərinin də kasad olduğunu dedi. Onun sözlərinə görə, tatarlar üçün Azərbaycan neft və Xəzər dənizi deməkdir: “Bu mənada sizin bəxtiniz gətirib. Bizim heç elə böyük dənizimiz yoxdur. Ancaq çaylarımız çoxdur”.
Söhbət zamanı rubrikamızın ən sevimli suallarından olan kulinariya fərqinə də toxunuruq. Məlum olur ki, fərqlər hədsiz dərəcədə çoxdur. Üstəlik, Leysan xanım Azərbaycandakı restoranlarda milli yeməklərdən daha çox xarici mətbəx nümunələrinə rast gəldiyi üçün bizim mətbəxin “öldüyü” qənaətinə varıb bir ara: “Daha sonra burdakı dost-tanış mənə bunun belə olmadığını sübutlarla, əyani şəkildə göstərdilər. Sizin məclislərdə süfrəyə gələn salatlar, qəlyanaltılar rus mətbəxinin nümunələri olur. Ancaq isti yeməklər - dolma, aş, kabab milli mətbəxdəndir. Deyəsən, cəmi bir ortaq yeməyimiz var, o da şaurmadır”.
Müsahibimizə şaurma ənənəsinə Türkiyədən gələn aşbazların, dönər ustalarının sayəsində yiyələndiyimizi xatırladıb, süfrələrimizi incələməyə davam edirik. Leysan xanım deyir ki, türklərin ət yeməklərinə meylliliyi hər iki xalqın mətbəxində özünü göstərir: “Bizdə də, sizdə də qonağa hörmət, ehtiram onu ət yeməklərinə qonaq etmədən keçir. Amma xaricilər qonağa hörmət edirlərsə, ona daha çox tərəvəz yeməkləri, salatlar verir. Yəni, bununla da onun ömrünün daha uzun olmasını arzuladıqları mesajını verirlər. Amma bizdə qonağa ət yeməyi verməsən, onun arzuedilən olmaması barədə təəssürat yaradırsan. Bizim mətbəxin inciləri arasında kazan aşı, çibriklər, eçpoçmakam və ərik şərbəti xüsusi yer tutur. Tatar mətbəxini bunsuz təsəvvür etmək olmaz”.

“Toyu restoranda keçirmək bədxərclikdir”

Yemək deyəndə, toy məclisini də yaddan çıxarmaq olmaz. Leysan deyir, toyöncəsi ənənələr hər iki xalqda eynidir. Elçilik, toydan öncə xonçaların aparılması, toy günü oğlan evinin qıza gəlinlik paltarı, fata, ayaqqabı verməsi, qız evinin də oğlana dəst kostyum, ayaqqabı... hədiyyə etməsi az-çox bir-birini xatırladır. Amma tatarlar bizdən fərqli olaraq məsrəfli, dəbdəbəli toy mərasimlərini sevmir. Toylar isə bir qayda olaraq restoranda yox, oğlanın evində keçirilir. Süfrədə quş südündən başqa hər şey tapmaq olar, amma... az məsrəflə yüksək nəticə əldə etməkdir tatarlar üçün məqsəd: “Toy süfrəsində tatarlar mütləq yağ-bal, çak-çak, qubadiya, quş dili təqdim edirlər. Bundan başqa, xüsusi plemenlər, oladinlər, blinçiklər hazırlanır. İçki kimi də ya təzə meyvələrdən şirə, ya da balla qatışdırılmış su verirlər. Tatar toyunun vazkeçilməz atributu şirin-acı piroq olan qubadiyadır”.
Müsahibimiz toy mərasiminin evdə keçirilməsinin məntiqli olduğunu deyir. Çünki gənc ailənin daha sonra pula daha çox ehtiyacı olur. Toy günü bədxərclik etmək doğru sayılmır. Amma Bakıda toylar həddən artıq dəbdəbəli keçirilir ki, bu da problemdir. Məncə, pis bir ənənədir. Kaş tezliklə aradan götürülsün".
Sonda... Leysan - yeri gəlmişkən, tatar dilində də leysan elə bizim dildəki anlama gəlir - Bakı narazılıqlarını leysan kimi başımıza tökdü. Söhbəti bitirəndə isə “bağışlayın, dost acı söyləyər” deyib, inciməməyi xahiş etdi. İncidikmi? Neft qoxulu Bakı, internet problemi, bədxərc toylar... Bütün bunları biz çoxdan bilirdik, Leysan. Dəfələrlə, həm də xarici qonaqların dilindən səsləndirməkdə isə bir məqsədimiz var. Hamısı tezliklə düzəlsin. Axı deyirlər, arzular tez-tez təkrarlayanda həyata keçir...

Sevinc TELMANQIZI

2837 dəfə baxılıb

Xəbəri paylaş

[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT...

[14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR”

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

ARXIV

Yeni MÜSAVAT © 2008