23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

2011-11-11

Burda əxlaqsızlıq yuvalarından tutmuş separatçı təşkilata, vəhhabi təriqətinə qədər hamısı məmurların nəzarətindədir

Azərbaycanın şimal regionunun böyük rayonlarından olan Xaçmazdan korrupsiya və rüşvətxorluq, habelə dövlət məmurlarının qanunsuz hərəkətləri barədə redaksiyamıza daxil olan məlumatları araşdırmaq məqsədi ilə oraya getdik. Öncə Xaçmazın Qobuqıraq kəndində yaşayan və 1993-cü ildən Müsavat Partiyasının rayon təşkilatının fəalı olan, tanınmış müəllim Söhrab Əmrahovla görüşüb danışdıq. O, 2001-ci ildən evinin tikilməsinə dair dövlət aktı ala bilmədiyini dedi.

Onun sözlərinə görə, Qobuqıraq bələdiyyəsi tərəfindən ona 1997-ci ildə prezidentin 534 saylı fərmanına əsasən torpaq verilsə də, Xaçmaz Rayon Torpaq və Xəritəçəkmə Şöbəsi aktın verilməsini ləngidir. S.Əmrahov deyir ki, Xaçmaz Rayon Torpaq Şöbəsinin müdiri Adıgözəl Tağıyev onu yanına çağıraraq dövlət aktının verilməsi üçün 2 min manat rüşvət istəyib. Xatırladaq ki, Xaçmaz rayonundan redaksiyamıza gələn çoxsaylı şikayətlərin 60 faizi məhz rayon torpaq şöbəsinin rəhbərindəndir. Dəqiqləşdirilmiş məlumata görə, Xaçmazda minlərlə hektar torpaq və obyekt sahibi olan A.Tağıyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədr müavini Ağakişi Alıyevin qudası və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yeznəsi İlham Əliyevin yaxın dostudur.

Rayonda yayılan məlumatlara əsasən, məhz prezidentin adaşı ilə dostluğu nəticəsində Adıgözəl Tağıyevin qanunsuz hərəkətlərinə göz yumulur. Adının çəkilməsini istəməyən Xaçmaz Rayon İcra Hakimiyyətinin yüksək rütbəli əməkdaşının məlumatına əsasən, A.Tağıyevin yaxın zamanlarda Xaçmaza hətta icra başçısı gətirilməsi məsələsi də gündəmə gəlib. Bu barədə A.Tağıyev məclislərin birində hətta “əmi” ləqəbi ilə adlandırılan rayonun hazırkı icra başçısı Şəmsəddin Xanbabayevə də açıq mətnlə bildirib. Bildirək ki, icra başçısı rayonda müxalifəti sıxma-boğmaya sala bilsə də, torpaq şöbəsinin rəhbəri ilə bacarmır.

A.Tağıyev bir vaxtlar icra başçısı tərəfindən işdən çıxarılıb qonşu Quba rayonuna göndərilsə də, 2006-cı ildə yenidən vəzifəsinə qaytarılıb. Rayon sakinləri deyir ki, bir sıra qeyri-qanuni hərəkətlər və addımların arxasında A.Tağıyevlə yanaşı, onun yaxın dostu olan rayon icra hakimiyyəti başçısının müavini Akif Mərdanov dayanır. Xaçmazda olarkən eşitdik ki, A.Tağıyev hətta qanuna zidd olaraq, Xudat-Bakı su kəmərinin “Xan arxı” deyilən yasaq ərazisində çayın içində “İnşaatçı” MMC adlı karxana da açıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi karxananı bağlamaq istəsə də, hələ ki, buna müvəffəq olmayıb.

Rayonun bir çox kəndlərində nə elektrik naqilli xətlər, nə də normal qaz təminatı yoxdur. Müsavatçı fəal Söhrab Əmrahovun sözlərinə görə, rayon rəhbərliyi Qobuqıraq, Mürsəliqışlaq və digər kəndlərə heç qaz çəkməyib: “Kənd sakinləri ilə atışaraq, 2006-cı ildə 3 min manata yaxın pul yığdıq və qaz boru xəttini kəndimizə çəkdirdik”, - deyə o bildirib. S.Əmrahovun sözlərinə görə, kənddə oxuyan uşaqlar artıq 15 ildir ki, damı açıq olan məktəbdə oxumalı olurlar.

İşsizlik məsələsi Xaçmaz şəhərində, bütün rayonlarda olduğu kimi, qlobal xarakter daşıyır. Rayon Məşğulluq İdarəsi (RMİ) isə qorxuducu real rəqəmləri ictimaiyyətdən gizlətmək üçün işsizlərin sayını qeydə almır. Biz çalışdıq RMİ-nin rəisi ilə görüşüb söhbət edək. Lakin məlum oldu ki, dövlət qulluqçusu qanuna zidd olaraq YAP-ın yerli təşkilatının konfransındadır. Rayondakı özbaşınalıqlar bununla bitmir. Fikirləşmək lazım deyil ki, rayonda məhz Torpaq Şöbəsinin müdiri “at oynadır”.

Xaçmazda “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin də çoxsaylı villa, torpaq və obyektləri mövcuddur. Sakinlər dedi ki, rayonda polis rəisi də digər məmurlardan geri qalmır. Xaçmazın polis rəisi Şəhriyar Şəmşirli “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun doğma qardaşıdır. Yerli mənbələrin iddialarına görə, digər gəlir mənbələrindən başqa, rayonda fəaliyyət göstərən məşhur “Şəfəq” və “Alpançay” restoranları kimi tanınan əxlaqsızlıq yuvaları da RPİ rəisinin nəzarətindədir.
Polis orqanları yerli əhaliyə kobudcasına yanaşır. Şikayətçi Fəridə Həsənovanın sözlərinə görə, Xaçmaz RPİ-nin Yalama bölməsinin Ləcət kəndi üzrə sahə müfəttişi Zahid adlı zabit onu sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qoymur, mağazasına gələn malları satması üçün rüşvət istəyir. Maraqlısı odur ki, sahə müfəttişi yerli əhalini milli və regional qarşıdurmaya səsləyir: “Ay ləzgilər, bu yerazı qudurtmayın” (Fəridə Həsənova əslən Ermənistandandır - H.Ə.).
Yeri gəlmişkən, yerli hakimiyyət və hüquq-mühafizə orqanları regionda vəhhabiliyin yayılmasına göz yumaraq buna təkan verir. Düzdür, bizimlə söhbətdə Xaçmaz məscidinin imam-xətibi Şahsəddin Mikayılov müvafiq cavablardan boyun qaçırsa da, məscidə cümə namazına gələn dindarların böyük hissəsinin vəhhabi olduğunu və son zamanlar bu istiqamətin rayonda sürətlə yayıldığını etiraf etdi. İmam-xətibdən fərqli olaraq vəhhabi-dindar Eyvaz Səmədzadənin sözlərinə görə, vəhhabilərə qarşı heç bir mənfi addımlar atılmır: “Namaz qılmaq və ibadətimizi həyata keçirmək üçün bizə bütün imkanlar yaradılır”.
Müsavat Partiyasının Xaçmaz təşkilatının sədri Ramazan Əliyevin sözlərinə görə, rayonda vəhhabiliyin yayılması birbaşa rayonun keçmiş icra başçısı, hazırda Ağdaşda eyni vəzifədə işləyən Rafiq Niftəliyevlə bağlıdır. R.Əliyevin sözlərinə görə, R.Niftəliyev separatçı “Sadval” Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatının rəhbəri olmaqla yanaşı vəhhabi məscidlərinin açılmasına birbaşa xeyir-dua vermişdir". Bu barədə daha ətraflı növbəti sayımızda.
Yazıda adları keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Hamlet ƏRƏSTUNOĞLU Bakı-Xaçmaz-Bakı

1641 dəfə baxılıb

Xəbəri paylaş

[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT...

[14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR”

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

ARXIV

Yeni MÜSAVAT © 2008