23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

“BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

2011-11-17

Əməkdaşımız “Ritm” rəqs qrupunun üzvü olan gənc rəqqaslar barəsində yazır

Dünyada tərcümə olunmayan və hamının anladığı yeganə dil rəqs və musiqi dilidir deyirlər. Rəqs sadəcə ağla gələn bir hərəkət demək deyil. Rəqs hərəkətləri ilə insanlar bir çox məqamları üzə çıxara, içindəkiləri göstərə bilərlər.

“Rəqs insanı stressdən çıxarır”

Rəqsi həm isə insanı stressdən çıxaran vasitələrdən biri hesab edirlər. Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranan tanqo rəqsini ifa etməklə müharibə, aclıq və susuzluqdan əziyyət çəkən insanlar özlərini depressiyadan çıxarmağı bacarırlarmış. Hətta Monakonun kral ailəsinin üzvlərinə rəqs dərsi verən, rəqs müəllimi kimi tanınan Lel Roşa ağır xəstəliklərin rəqs vasitəsilə müalicə metodikasını hazırlayıb. Lelin “gimnastik rəqs” adlandırdığı bu sistem bağırsaq və bellərində ağrıları olan insanlara çox yaxşı kömək edir.
Azərbaycanda da rəqsin yaranmasının maraqlı tarixçəsi var. Rəqs hələ milli musiqi alətləri meydana gəlməzdən əvvəl tamaşaçıların çəpik çalmaları nəticəsində ritmik zərbələrin mahiyyəti ilə yaranıb. Hətta ovçuluqla məşğul olan tayfalar öz ayinlərini insanın gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər.
Azərbaycan xalq rəqsləri uzun bir yol qət edərək hazırkı vəziyyətinə çatıb. Milli rəqsimizin peşəkar səviyyədə ifasından danışılanda Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov kimi rəqs nəhəngləri yada düşür.

“Ailənin ehtiyaclarını ödəmək üçün rəqsə qayıtdım”

Tam olaraq incəsənətlə məşğul olan insanların böyük əksəriyyətinin çətin maddi sıxıntı keçirdiklərini barələrində yazılan əsər və məqalələri oxuyarkən bilirik. Musiqi və rəqsdən mənəvi qida alan sənətkarlar fəaliyyətlərinin böyük hissəsini bu sənətin inkişafı yolunda qururlar.
Bu cür sənətkarlarla yanaşı, rəqsə maddi qazanc mənbəyi kimi baxan həvəskar rəqqaslar da var.
Müsahiblərimiz çox gənc yaşlarından rəqslə məşğul olan gənc rəqqaslardır. “Ritm” rəqs qrupunun üzvləri ilə “Şərq” bazarı yaxınlığında yerləşən məşq zalında görüşdük. Qrupun üzvləri Araz Uzunalov 25, Bahar Əliyeva 22, Nəsib Cəbiyev 21, Ümid Nəsibov və Səid İbrahimli 20, Firuz Əlövsətov isə 18 yaşındadır.
A.Uzunalov 1 saylı musiqi məktəbinin tələbəsidir. Qrupun ən yaşlı üzvüdür. Əslən Gürcüstandan olan Araz Tibb Universitetinin məzunudur. İxtisasca stomotoloqdur. Deyir ki, rəqs etmək onun hobbisi olub. 17 yaşında atası dünyasını dəyişib. Anası isə bu il bədbəxt hadisə nəticəsində rəhmətə gedib. Araz dedi ki, ailəsində baş verən bu hadisələr sonradan onun rəqsə olan marağını azaldıb. Anasının ölümündən sonra bir müddət rəqsdən uzaqlaşıb. Ailənin yükü onun üzərinə düşdüyündən yenidən rəqsə qayıtmaq məcburiyyətində qalıb: “Məndən başqa bir bacım, bir qardaşım var. Ailənin ehtiyaclarını ödəmək əsasən mənim üzərimdədir”.
Araz deyir ki, indiki yaşında rəqs etməklə pul qazanmaq elə də ürəyincə deyil: “Bir az pul toplayandan sonra ixtisasım üzrə işləyəcəm. Peşəkar stomatolq olmaq bir az vaxt aparacaq. Yaxşı rəqs edə bilirəm. Hələlik bu yolla qazanıram”.
Araz dedi ki, rəqs məktəbində oxuyarkən müxtəlif müsabiqələrə qatılıb. “Yallı” rəqs müsabiqəsinin laueratı olub.
Gənclər həm də Bakı Dövlət Universitetinin (BDU) rəqs ansamblının solistləridirlər. 2010-2011-ci illərdə universitetlərarası tələbə rəqs festivallarında birinci, dördüncü Böyük Ankara festivalında ikinci yeri qazanıblar.

“Peşəkar “oriental” rəqs edən oğlanlar da var”

Qrupun yeganə xanım üzvü olan B.Əliyeva ixtisasca gömrükçüdür. O, İqtisad Universitetinin magistratura pilləsində oxuyur. Bahar ilk dəfə rəqsə 6 yaşında getdiyini bildirdi. Bahar dedi ki, oğlanlar kimi də rəqs edə bilir.
Oğlanlar isə dedilər ki, onlar qız kimi rəqs etməyi bacarmasalar da, həmcinsləri arasında peşəkarcasına «oriental» rəqs ifaçıları da var.
Ü.Nəsibov isə BDU-nun tətbiqi riyaziyyat fakültəsində oxuyur. Ümid bizimlə söhbətində əsasən cütlüklərin rəqslərə olan marağından danışdı: “İndi bəyə gəlinin öz toyunda rəqs etməsi dəbə minib. ”Vals"la bərabər milli rəqs öyrənmək istəyənlər də var. Toya hazırlaşan cütlüklərə rəqsi 150 manata öyrədirik. Bahar qızlara biz də oğlanlara rəqsin elementlərini başa salırıq". Ümid dedi ki, oğlanlar nişanlılarının rəqsə gəlməsinə çox qısqanclıqla yanaşırlar: “Amma rəqsə gələndə burda qızların da olduğunu görəndə bir az rahatlaşırlar”.

“Toya gedəndə çəkmələrimi unutmuşdum, corabla oynadım”

Gənclər dedilər ki, el şənliklərinə gedəndə, səhnədə başlarına gözlənilməz hadisələr gəlir: “Bir dəfə oynayan yerdə Firuzun kəməri ilə bıçağı belindən açılıb yerə düşdü. Bir-birimizin çiyinlərinə çıxıb qala quranda üstdəki uşaqlardan biri tarazlığını saxlaya bilməyib yıxılıb. Bir dəfə də Bahar rəqsi bitirib geri addımlayanda ayağı donunun ətəyinə ilişib yıxılıb”.
Bahar yıxılanda çox pərt olduğunu bildirdi.
Bahar dedi ki, bir dəfə rəqs zalında indiyə qədər görmədikləri bir hadisənin şahidi olublar: “Adlarını deməyəcəyik. Bir dəfə rəqsə toya hazırlaşan qızla oğlan gəlmişdi. Onlara ”Naz eləmə" rəqsini öyrədirdik. Qızdan fərqli olaraq, oğlan rəqsi yaxşı götürürdü. Elementləri dəfələrlə qıza təkrarlatdıq. Alınmadı. Axır oğlan hövsələdən çıxdı. Bir də gördük ki, oğlan hirslənib qızın başına bir qapaz ilişdirdi. Aləm dəydi bir birinə. Gözümüzün qabağındaca dalaşdılar... (Gülürlər). Çıxıb getdilər".

“Manıs rəqqas, yoxsa...”

Gənclər dedilər ki, müxtəlif festivallarda iştirak etməklə yanaşı, onları həm də el şənliklərinə dəvət edirlər. Onlar bu yolla həm də pul qazanır və təhsil xərclərini ödəyirlər. Gənclər bildirdilər ki, el şənliklərinə oğlanlardan ibarət qrup halında gedirlər.
Ümid isə dedi ki, səhnədə rəqsləri olduğu kimi, el şənliklərində isə rəqsləri “hobi-klass” stilində ifa edirlər. Bu zaman həm də rəqs paltarında yox, adı geyimdə olurlar: “Elə rəqslər var ki, əl hərəkəti az olur. Əsasən ayaqları oynadırıq. Amma el şənliklərində bu əl vermir. İnsanlar daha hərəkətli olmağımızı gözləyirlər. Bu zaman əl hərəkətlərini artırırıq”.
Gənc rəqqaslar bildirdilər ki, adətən şadlıq saraylarına gedən, əndirəbadi mahnılar oxuyan müğənniləri manıs adlandırırlar. “Qorxmursunuzmu ki, peşəkar rəqqaslar sizi ”manıs" rəqqas adlandırarlar" sualına gənclərin reaksiyası fərqli oldu. Araz dedi ki, hazırda onu rəqsin maddi tərəfi maraqlandırır. Ümid isə bildirdi ki, həmin müğənnilərə manıs deyən müğənnilərin özləri də toylara gedirlər: “Bayaq da dedik ki, biz toylarda ”hobi-klass" üslubu ilə rəqs edirik. Bu, səhnədə bizim milli rəqs elementlərini itirməyimizlə nəticələnmir".

“Bizi bəyin dostları kimi qəbul edənlər də olur”

N.Cəbiyev BDU-nun coğrafiya fakültəsinin magistratura pilləsində oxuyur. O həqiqətən də rəqs həvəskarı olduğunu dedi. Nəsib bizimlə söhbətində daha bir maraqlı məqamı açıqladı. O bildirdi ki, el şənliklərinə həm rəqqas, həm də “bəyin dostları” kimi dəvət olunurlar: “Elə toy sahibi olur ki, məclisin maraqlı keçməsi üçün bizi bəyin dostları kimi təqdim edirlər. Biz də toya adı paltarda gedirik. Rəqqas paltarında olanda rəqsimiz məclis iştirakçılarını elə də təəccübləndirmir. Bilirlər ki, rəqqas rəqs edə bilir. Amma ”qrajdanski" paltarda olan adamların həqiqi rəqqas kimi oynaması hamı tərəfindən maraqla qarşılanır. Axı indi çox az adamlar yaxşı oynaya bilirlər. Yaxşı rəqs edə bilməyən insanları qınamırıq. Yaxı rəqs etmək üçü həm də yaxşı musiqi duyumun olmalıdır".
BDU-nun kimya fakültəsinin üçüncü kurs tələbəsi olan Səid İbrahimli ilə geyimləri barəsində danışdıq. O bildirdi ki, əyinlərində olan milli geyimləri özləri tikdiriblər: “Bu paltarları çox baha tikirlər. Tanışlıq, dostluq vasitələri ilə bunları 100 manata tikdirmişik”.

Teoloq rəqqas

Qrupun ən maraqlı üzvü isə F. Əlövsətovdur. Firuzu maraqlı adlandırmaqda sözümüzün canı var. Firuz BDU-nun ilahiyyat fakültəsinin tələbəsidir. İxtisasca teoloqdur. Dində rəqslə bağlı müəyyən məhdudiyyətlərin olduğunu deyəndə Firuzun bizə cavabı qısa oldu: “Mən bu məsələni araşdırmışam. Rəqsi əylənmək, zövq almaq üçün yox, pul qazanmaq üçün edirəm”.

Leyla İLQAR

4665 dəfə baxılıb

Xəbəri paylaş

[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT...

[14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR”

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

ARXIV

Yeni MÜSAVAT © 2008